Qarabağ mövzulu filmlərin istehsalına diqqət artırılıb

 

 

“Azərbaycanfilm” kinostudi­yasında yeni filmlərin istehsalı davam edir. “Fəryad-2” filminin çəkilişi başa çatıb. Ekran işinin rejissoru Vaqif Mustafayevdir.

 

Kinostudiyadan bildiriblər ki,bu ekran əsərinin çəkilişləri üç ay davam edib. Baş rolun ifaçısı D. Samxarad­zenin dediyinə görə, film Qarabağda çəkilib və buna səbəb orada yaşanan­ları hiss etmək idi: “Biz əsgərlərlə bir yerdə qaldıq və orada baş verənlərin hamısını gördük”. Filmin əsas möv­zusu dostluqdur. O, filmdə baş rola çəkilməyin çətin olduğunu bildirib: “Çünki ciddi mövzusu olan filmdə ilk dəfə çəkilirdim. Ekran əsərində yer alan digər gürcü aktyorlar mənə çox dəstək oldular”.

 

O, Azərbaycan xalqının Qarabağ məsələsinə münasibətinə də toxunub: “Mən Azərbaycana səfər edəndə biletin üzərində “Qarabağ Azərbaycandır!” yazısı var idi. Aldığm su qabının üzərində də bu yazını görmək mümkün idi. Azərbaycanda aparılan siyasət çox fərqlidir. Qarabağın Azərbaycan ərazisi olduğu çox yerdə vurğulanırdı. Düşünürəm ki, Gürcüstanda da eyni yanaşma çox yaxşı olardı. Çünki vaxt keçdikcə, insanların düşüncəsində işğal mövzusu aktuallığını itirir”.

 

Aktyorun sözlərinə görə, film XaçikaVaçika adlı iki erməni qardaşın taleyindən bəhs edir: “Onlar vətənlərini sevirlər, lakin döyüşmək üçün təcrübələri yoxdur və bir-biriləri ilə daimi münaqişədədirlər”.

 

Film Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin ildönümündə təqdim olunacaq.

 

Qeyd edək ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə isteh­sal olunub.

 

“Azərbaycanfilm” kinostudiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lətif Lətifsoy bildirib ki, sözügedən filmin ikinci hissəsi “Həyat, deyəsən, gözəldir” adlanır.

 

Bundan əlavə, “Azərbaycanfilm”də daha iki tammetrajlı bədii film isteh­salı davam etdirilir. Bunlardan ssenari müəllifi və rejissor Elçin Musaoğlunun “Məryəm” filminin çəkilişləri tamam­lanıb və istehsal sonrası (post-production) mərhələsindədir.

 

Ssenari müəllifi və rejissor Asif Rüstəmovun “Mərmər soyuğufilminin çəkilişləri isə davam edir”. Eyni zaman­da, rejissor Mirsadıq Ağazadə “Köşk” adlı 5 hissəli bədii televiziya filmi çəkir.

 

Həmçinin, Rüfət Rayın “Quyu” qısametrajlı bədii filmi istehsal sonrası (post-production) mərhələsindədir.

 

Bununla yanaşı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Görünməyən qəhrəmanlar” adı ilə 44 günlük Vətən müharibəsində müxtəlif qo­şun növlərinin qəhrəman əsgər və zabitlərinin şərəfli və şücaətli döyüş yolundan bəhs edən hər biri 44 dəqiqə olmaqla 5 filmdən ibarət silsilə sənədli film hazırlanır.

 

Şöbə müdiri qeyd edib ki, Mədəniyyət NazirliyininBöyük Qayı­dış” müsabiqəsinin qalibləri arasında yer alan “Müharibə uşaqları” sənədli filmi çəkilişə hazırlıq mərhələsindədir. “Fulyafilmi yaxın vaxtlarda tamaşaçı­lara təqdim ediləcək.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti .- 2021.- 16 oktyabr.- S.10.