“Miçman Səfərov, atəşi susdur!”

 

44 günlük II Qarabağ müharibəsində xalqımızın qəhrəman oğulları riyakar və namərd qonşumuzun illərlə üstümüzə atdığı çamur, yalan və böhtanları döyüş meydanında nümayiş etdirdikləri qətiyyətləri, əzmkarlıqları və sınmayan döyüş ruhu ilə əsrlər, minilliklər boyu sahib olduğumuz şərəfi, qüruru özümüzə qaytardılar. Üç mindən çox igidimiz Vətən naminə canlarını qurban verdi. Şəhidlikləri ilə Zəfər tarixi yazan bu qəhrəmanların ön sırasında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının – SAT-ın miçmanı Elvin Ramiz oğlu Səfərovun adı da iftixarla çəkilir.

 

Elvin Səfərovun həyat yoluna nəzər salanda, görürsən ki, o, gənc olmasına baxmayaraq, çox ləyaqətli və şərəfli bir ömür yolu keçib. 1989-cu il dekabrın 10-da Lerik rayonunun Sori kəndində sadə və halal bir ailədə dünyaya göz açmışdı. Atası Ramiz kişi 3 oğul övladına, hələ yetkinlik yaş­larında olanda, dönə-dönə halal dolanmağı, kimsənin malına göz dikməməyi, elin ağır günündə onun yanında olmağı təlqin edirdi. Öz həyatı isə söylədiklərinin ən canlı nümunəsi idi. Kənddə ona böyük ehtiram göstərir və gənc yaşla­rından el ağsaqqalı kimi hesab­laşırdılar. Bütün bunlar Elvinin və onun qardaşlarının üzərinə böyük məsuliyyət qoyurdu və onlar bu yükü şərəflə daşıyırdılar.

 

...Elvin 2007-ci ildə orta məktəbi bitirir. Bir il sonra – 2008-ci ildə hərbi xidmətə yollanır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunla­rının “N” saylı hərbi hissəsində xüsusi təyinatlıların tərkibində xidmət keçir. Elvin xüsusi xidmət qüvvələrində ilyarımlıq borcunu yerinə yetirərkən bu sahəyə daha böyük sevgi ilə bağlanır və bu bağlılıq ona sonrakı həyat yolunu müəyyənləşdirməkdə ciddi təsir göstərir.

 

Xidmətdən sonra Bakıda qalıb özünə münasib iş tapsa da, fikri daim xüsusi təyinatlıların yanında olur. Hətta yüksək fiziki hazırlı­ğını və təlimlərdə öyrəndiklərini eyni səviyyədə saxlamaq üçün məşqlərini davam etdirir. Bir çox ölkələrin ordularının xüsusi təyinatlı qüvvələri, onların hazırlıq prose­si və təlimləri haqqında müxtəlif mənbələrdən çoxlu materialları mütaliə edir. Bir müddət sonra isə həyatını hərbi qüvvələrin elit sahəsi, xüsusilə Hərbi Dəniz Qüvvələrinin “dəniz pişikləri” adı ilə dünyada tanınan xüsusi təyinatlılarda – SAT-da xidmətlə bağlamaq qərarını qətiləşdirir.

 

Bu məramla da Elvin 2014-cü ildə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin müvafiq idarəsinə müraciət edir. Bura üz tutanda görür ki, SAT-da xidmət etmək istəyində olan təkcə o deyil. Bəlkə yüzlərlə gənc hərbi qüvvələrin bu elit bölməsinə düşmək üçün onun kimi ərizə ilə müraciət edir. Hətta az olsalar belə, son dərəcə böyük dözüm, təmkin və qətiyyət tələb edən seçim üçün hazırlıq kursundan keçmək lazım gəlir. Elə birinci cəhddə o, Hərbi Dəniz Qüvvələrinin müddətdən ar­tıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə qəbul edilir. Bundan dərhal sonra arzusunda olduğu “dəniz pişikləri” (tam adı təqribən dənizdə döyüş fəaliyyəti aparmaq üçün xüsusi metodlarla işləyən qrup) –SAT qrupunda hazırlıq kurslarına başlayır. Bu təlim sınaq kursların­dan da böyük uğurla keçir.

 

…Elvinin qardaşı, həm onunla bir yerdə SAT-da xidmət edən, həm də Qarabağ müharibəsində döyüş yoldaşı olan Pərvinlə görüşdə qəhrəman miçmanın keçdiyi döyüş yolu haqqında çox maraqlı məqamlar eşitdim. İlk ba­xışdan düşündüyüm kimi cüssəli, enlikürək, şişkin əzələləri və zəhmli baxışları olan birisi deyil Pərvin. Sadə, səmimi və heç nə ilə diqqət çəkməyən bir gəncdir.

 

– Qardaşım Elvin sanki bütün ömrü boyu bu müharibəyə hazırlaş­mışdı, deyə Pərvin təmkinli olmağa çalışır. – 2014-cü ildə xidmətə başladığı qısa müddətdə, çoxlarının keçə bilmədiyi sınaqlardan uğurla keçdi. Xidmət etdiyi hissədə onu öz işinin ustası hesab edirdilər.

 

2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlayanda Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları – SAT-ın taboru da döyüşlərə qoşulur. Onlar döyüşlər başlayan ilk gündən cəbhənin ən ağır mövqelərində görünür və ən mühüm tapşırıqların icrasını həyata keçirirdilər…

 

Elvinin olduğu qrup əksər hallarda təmas xəttini keçmədən döyüş aparsa da, o, düşmənin arxasında həyata keçirilən “klas­sik” tapşırıqların icrasında da çox uğurla iştirak edirdi…

 

İndi Xudafərin istiqamətində döyüşmüş əsgərlərimiz qeyd edirlər ki, Xudafərinin alınma­sında Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları şir kimi döyü­şür və sözün həqiqi mənasında peşəkarlıqları ilə adamı heyran edirdilər. Xəlil bildirir ki, bu əraziyə ilk daxil olan da SAT-ın taboru olub. Tək ora deyil, Arazın sahili, sərhədlərimiz boyu Zəngilana qədər olan ərazilərin düşməndən təmizlənməsi bilavasitə bu ta­bora həvalə edilmişdi. Başqa snayperlərimizlə yanaşı, Elvin də həmin qrupda çox böyük şücaət nümayiş etdirdi və düşmənin canlı qüvvəsinə böyük tələfat verdi. Bir gülləsi belə boşa getmədi.

 

– Növbə Mübariz postunun alınmasına çatmışdı, – deyə Pərvin söhbətə davam edir. –SAT-ın bu postu ələ keçirməsində Elvinin xüsusi xidməti oldu. Eşitməmiş deyilsiz, Mübariz postu beton plitələrlə əhatələnmiş, son dərəcə möhkəmləndirilmiş bir post idi. Bu postun ələ keçirilməsinin bizim döyüşçülər üçün həm mənəvi-psixoloji, həm də döyüş mövqeyi baxımından xüsusi önəmi var idi. Postda oturan erməni əsgərləri avtomat və iri çaplı pulemyotlardan aramsız atəş açaraq bizim döyüşçülərin onların müdafiə səddinə yaxınlaşmasına imkan vermirdilər. Elvin qənimət snayper silahını götürüb, postdan xeyli aralıda özünə mövqe seçib komanda gözləyirdi. Komandir döyüşçülərin itki verə biləcəyini görüb, rabitə ilə hiddətlə Elvinə səsləndi: “Miçman Səfərov, düşmən atəşini dərhal susdurun!” Bu komandanı gözləyirmiş kimi Elvin zirehdələn güllələri bir-bir snayperə dolduraraq, 3-4 sərrast atəşlə həmin postu darmadağın etməyə müyəssər olur. Yalnız bundan sonra döyüşçülərimiz həmin postu ələ keçirə bilirlər…

 

***

 

Pərvin qardaşı, miçman Elvin Səfərovun şəhid olduğu günü tam təfsilatı ilə danışmağa çalışır:

 

– Oktyabrın 31-də mən Füzuliyə yola düşdüm, – deyə söhbətə başlayır. – Şükürbəylidən bir neçə kənd o tərəfdə dislokasiya olunan hərbi hissələrə yetişdim. Həmin məntəqədən Elvinlə da­nışdıq. Həmişəki kimi dönə-dönə tapşırdı ki, özündən muğayat ol. İki gündən sonra biz görüşməli idik. Onun getdiyi qrup da müəyyən qədər irəliləyəndən sonra bizim qrupla birləşməli və Şuşaya hü­cuma keçməliydik. Mən öz tabo­rumuzun başqa bir qrupu ilə Şuşa istiqamətində gedirdim. Müəyyən edilmiş məntəqəyə çatmamış geri qayıtmaq əmri aldım.

 

Bunu deyib Pərvin söhbəti kəsdi və gözlərini bizdən gizlətdi. Onun danışmağa çətinlik çəkdiyini görən döyüş yoldaşı Xəlil söhbəti həmin yerdən davam etdirdi. Özü həmin əməliyyat tapşırığının icra­sında iştirak etmişdi:

 

– Taborumuz, nəyin bahasına olur-olsun, düşmənin əlində olan Xocavəndin Qızılqaya yüksəkliyini ələ keçirmək tapşırığı almışdı. Bizdən əvvəl ordumuzun başqa hissələrindən olan əsgərlərimiz oranı ələ keçirməyə bir neçə dəfə cəhd etmişdilər. Lakin betondan qurulmuş dzotlara yaxın düşmək olmurdu. Snayperlərimiz həmin yüksəklikdə 20-dən artıq erməni döyüşçüsünü məhv etmişdilər.

 

Qrupumuzun tərkibində Qızıl­qaya yüksəkliyinə ilk həmlədə mən yaralandım və geriyə qayıdırdım. Elvin bu vaxt maşına minib tapşırı­ğa gedirdi. Bütün döyüşlər öncəsi olduğu kimi sağollaşdıq. Çünki bizim getdiyimiz yolun gedişi bəli olsa da, dönüşü bəlli deyildi. Mən inana bilməzdim ki, Elvin şəhid ola bilər. Çünki o, çox mürəkkəb və təhlükəli əməliyyatlardan bir adi zədə belə almadan çıxmış bir döyüşçü idi.

 

Oktyabrın 31-də həyata keçirilən hücum əməliyyatı zamanı bizim döyüş yoldaşımız baş leyte­nant Elnur Zeynalov atəş xəttində həlak olmuşdu. Kapitan-leytenant Fərrux Həşimov onu atəş xəttindən çıxarmaq istəyərkən özü də şəhid olub döyüş meydanında qalmışdı.

 

Düşmən mövqeyi çox yaxında olduğu üçün Elvin snayperdən istifadə edə bilmirmiş. Çünki bizim mövqeyimizlə onların istehka­mı arasında məsafə 30-40 metr ancaq olardı. Hətta düşmən əsgərlərinin atdığı əl qumbaraları belə gəlib bizim səngərə, bizim atdığımız qumbaralar isə onla­rın səngərinə düşə bilirdi. Elvin komandirə bildirir ki, Fərrux mənə yaxındır, onu götürə bilərəm. Bunu deyib, cavab gözləmədən çevik hərəkətlərlə Fərruxa yaxınlaşıb zirehli gödəkçəsindən tutur və öz mövqelərinə tərəf çəkməyə başlayır. 3-4 metr çəkəndən sonra snayper Elvini də vurur. Güllə onun baş nahiyəsindən dəyib beynində ilişib qaldığından yerindəcə canını tapşırır…

 

Dərindən ah çəkən Xəlil sözünə davam edir:

 

– Təbii ki, bunu hər adam bacarmaz. Şəhid ola biləcəyini dərk edəsən və şəhid olmuş döyüş yoldaşını çıxarmağa gedəsən. Fərrux, Elvin, Zaur da bunu bilməmiş deyildilər. Ən azından Elvin özü snayper idi. Amma buna baxmayaraq, qüruru ona silahdaş qardaşının nəşini döyüş meydanın­da buraxmağa imkan verməmişdi. Bu gün fəxrlə deyə bilərəm ki, 432.90 yüksəkliyi, yəni Qızılqaya yüksəkliyi bizim şəhidlərin qanı bahasına ələ keçirilib. Mən tam məsuliyyətimlə bildirirəm ki, orada döyüşmüş hər bir şəhid, hər bir əsgər və zabit qəhrəmandır.

 

***

 

…Pərvin bir qədər fikrə dalıb, yenidən asta-asta, amma içindəki yanğının atəşi qatılmış nəfəslə danışır:

 

– Elvinin nəşini götürmək üçün hospitala getmişdim. Eyni bir yerdə, müəyyən dəqiqə fərqilə şəhid olan SAT-ın beş döyüşçü­sünün nəşi də burada idi: Elnur, Fərrux, Elvin, Zaur və Ruslan. Elvindən sonra onlarla halallaşma­ğa keçdim. Ayrı-ayrılıqda hər biri ilə vidalaşdım…

 

Bir doğma qardaş, dörd can bir döyüş yoldaşının itkisinə içim yandığı bir vaxtda Füzuli hospi­talında qarşılaşdığım bir hadisə mənim qardaş itkimə də, dostla­rımın itkisinə də sanki bir təsəlli oldu. Qapıda durub siqaret çəkir, Elvinlə keçirdiyimiz günləri, şəhid döyüş dostlarımla yaşadığım xidmət günlərini təkrar-təkrar xəyalımda canlandırırdım. Bu zaman əynində nimdaş kostyum və baxışlarında sanki bir dünya dərd olan sısqa, yaşlı bir kişi mənə yaxınlaşdı. Əynimdəki forma­dan məni zabit bilib ərklə dedi: “Komandir, olar sizdən bir xahiş edim?” Elə başa düşdüm, çəkməyə siqaret istəyəcək. Əlimi cibimə atıb dedim: “Buyur, ağsaqqal, eşidirəm sizi”. Kişi yalvarıcı tərzdə dedi: “Komandir, neçə gündür oğlumun döyüşlərdə itkin düşdüyü xəbərini almışıq. Arayıb-axtarıram, gördüm deyən yoxdur. Hospitalları bir-bir gəzmişəm, hamı buranı nişan verir. Arvad məni evdən qovub ki, get, heç olmasa balamın bir barma­ğını tap gətir...”. Kişi bunu deyib, hönkür-hönkür ağlamağa başladı və mənim az qala ayağıma yıxılıb boğuq səslə “yalvarıram, oğlum, kömək elə”, - deyə məndən imdad dilədi. Həyatımın ən ağır iztirabını və qəmini, qardaş itkimi belə unut­dum. Aciz idim. Gücüm qolların­dan tutub onu qaldırmağa və göz yaşlarımı içimə axıdıb ona təsəlli verməyə çatdı…

 

Bundan sonra Xəlil də, mən də, gözləri qızarmış Pərvin də uzun-uzadı susub heç nə danışmadıq.

 

***

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Ramiz oğlu Səfərov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Amma ən böyük təltif və ən ali ad Elvinin Vətən uğrunda qazandığı şəhid adıdır. Bu ad hamımızın qarşısında səcdəyə getdiyimiz bir zirvədir. Müqəddəs, şərəfli, şanlı adın mübarək, şəhidim!

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti .- 2021.- 23 oktyabr.- S.10.