Zəngilandan Naxçıvana, Türkiyəyə yol görünür...

 

Tanrımızdan, taleyimizdən, dövlətimizdən, ordumuzdan çox razıyıq – torpaqlarımızın işğaldan azad olunduğu günlər ard-arda düzülüb: hər gün bir bayramdır! Dövlət başçımız – müzəffər Ali Baş Komandan İlham Əliyev əks-hücumun başlandığı 27 sentyabrda, şəhidlərimizi möhtəşəm anma tədbirində – yürüşdə iştirak etdi. Cənab Prezident Vətən Müharibəsi Qəhrəmanının, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Gəncədə şəhid olmuş körpənin portretini götürmüşdülər. Bütövlükdə, Vətən müharibəsinin bütün şəhidləri dərin ehtiramla yad edildi. Sonrakı günlərdə isə xüsusi strateji önəmi olan böyük yaşayış məntəqələrinə səfər edən ali dövlət rəhbərliyi, məhz o torpaqların azad olunmasının birinci ildönümünü yerində qeyd etdi. Hər səfərdə ötən illərə qiymət verildi, bugünümüz dəyərləndirildi, gələcək planlar açıqlandı. Suqovuşan, Talış, Ağoğlan (Hadrut), Tuğ, Cəbrayıl, Füzuli... İşğaldan azadlığa, azadlıqdan abadlığa, zülmətdən işığa sürətli və keyfiyyətli keçid necə olur? – Bunu Azərbaycan göstərir, qurur yaradır.

 

Oktyabrın 20-si Zəngilan şəhərinin azad olunduğu gündür! Ermənistanla dövlət sərhədi boyu azad olunan ilk şəhərimiz də, ilk rayonumuz da məhz Zəngilan oldu. Üstəlik, Zəngilan İranla da dövlət sərhədimiz üzərində yerləşən son rayonumuzdur. Zəngilanın azad olunması fövqəladə önəm daşıyırdı. Həm İranla dövlət sərhədinə nəzarət tam bərpa olundu, həm də Ermənistanla dövlət sərhədinə yetişdik!

 

Yeri gəlmişkən, oktyab­rın 20-də dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilana səfər edərək, bir sıra infrastruktur layihələrin açılışında və təməlqoyma mərasimlərində işti­rak etdilər. Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi: “Xoş gəlmisiniz Zəngilana. Uzun fasilədən sonra – 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı, qaytardıq. Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi məhz düz bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qo­yuldu. İndi mən “Xoş gəlmisiniz!” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz!” deyəcəklər”.

 

Dövlət başçısı Zəngilana keçən ilin dekabrında gəldiyi zaman əzəmətli dağlar, çaylar olan bu diyara heyran olduğunu bildirdi. Zəngilanın yeni dövrünün başladığını, şəhərin baş planı­nın artıq hazırlandığını diqqətə çatdırdı və dedi: “Bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Sizbilirsiniz ki, azad edilmiş bütün torpaqlar­da birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Aprel ayında Ağalı kəndinin təməli qoyuldu. Bu gün mən buraya gəlməzdən əvvəl işin gedişatı ilə tanış oldum. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.

 

Biz də, öz növbəmizdə, Zəngilanın azad olunmasının birinci ildönümündə, ilk sıra­da, zəngilanlıları, respublika­mızın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını, Azərbaycansevərləri, haqq-ədalətin təntənəsinə xidmət edən hər kəsi ürəkdən təbrik edir, alqışlayırıq! Əlbəttə, ən böyük alqışımız şəhidlərimizin ruhları­nadır! Şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik! Yaralı qazilərimizə şəfalar, müharibənin bütün iştirakçıları­na möhkəm cansağlığı, uğurlar diləyirik! Dövlətimizə, dövlət başçımıza, silahlı qüvvələrimizə sayğımız sonsuzdur!

 

Zəngilan şəhərinin azad olunmasının birinci ildönümü ərəfəsində baş vermiş önəmli hadisələrə qısaca diqqət yetirək:

 

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2021-ci il 15 oktyabr tarixində keçirilmiş icla­sında tarixi çıxış etdi. Prezidentin çıxışının əsas müddəalarını bu şəkildə sıralaya bilərik:

 

– “Dağlıq Qarabağ münaqişəsi” artıq keçmişdə qalıb. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edib. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən (dərhal, qeyd-şərtsiz və tamamilə!) çıxarıl­masını tələb edən qətnamələrini Azərbaycan Ordusu özü yerinə yetirib. Ermənistanın 30 illik işğalı­na hərbi-siyasi yolla son qoyulub;

 

– 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin imza­ladığı üçtərəfli bəyanat 44 günlük müharibənin bitməsinin elanı oldu. Bəyanat hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan yaratdı. Bu sənədə uyğun olaraq Ermənistan öz işğalçı qüvvələrini Ağdam, Laçın və Kəlbəcər ərazisindən çıxarmaq haqqında öhdəlik götürdü, interval verdi və onu 1 dekabradək icra etdi.

 

– Azərbaycan qalib ölkədir və bir qalib ölkə olaraq keçmiş işğalçı ilə qonşuluq münasibətlərini nor­mallaşdırmağa hazırdır. Bundan ötrü uğursuz dövlət – məğlub Ermənistan öz üzərində düşən tarixi öhdəlikləri yerinə yetirməli, qacılmaz çağırışlara olumlu cavab verməlidir. Məsələn, azad edil­miş ərazilərin minalardan daha sürətlə təmizlənməsi üçün mina xəritələrini təxirə salmadan və əskiksiz verməlidir. Azərbaycan ərazisinə əsassız iddialardan, bəhanələrdən tam imtina etdiyini ərazi bütövlüyünü tanımaqla aydın ifadə etməlidir.

 

* * *

 

Digər önəmli hadisə 2021-ci il oktyabrın 11-də Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı ilə bağlıdır. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev toplantıda çıxış edərək, bütün dünyaya mühüm ismarıclar verdi. Buraya, ilk sırada dayanıqlı sülhü və ölkələrarası dialoqu təşviq edən təşəbbüslər və onların dəyərləndirilməsi daxildir. “Dağlıq Qarabağ münaqişəsi”nin keçmişdə qaldığı bu platformada bir daha bildirildi. Azərbaycan Prezidenti respub­likamızın ərazi bütövlüyüsuverenliyinin QH-yə üzv dövlətlər tərəfindən daim dəstəklənməsini münasibətlərimizin davamlı olması üçün zəmin adlandırdı. 44 günlük müharibə zamanı BMT TŞ-nin qeyri-daimi üzvləri olan yeddi QH üzvünün Azərbaycana verdiyi dəstək unudulmaz, tarixi önəm daşıyan hadisədir. Prezident belə xarakterizə etdi: “Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşul­mama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”.

 

* * *

 

Prezidentin İtaliyanın nüfuzluLa Repubblica” qəzetinə 2021-ci il 7 oktyabr tarixli müsahibəsi də iki mühüm platformada – MDB və QH toplantılarındakı isma­rıclarla səsləşir. Dövlət başçısı postmüharibə dövrüyeni gerçəkliklər, Rusiya sülhməramlı qüvvələri ilə bağlı həllini gözləyən müəyyən məsələlər barədə fikirlərini bölüşüb: “Hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dır­naqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanları­nın, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır”.

 

PrezidentLa Repubblicaya daha nələr deyib?

 

Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutul­muş məbləğ təqribən 1,3 milyard ABŞ dolları təşkil edir.

 

İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir;

 

– Azərbaycan əsasən diqqətini Cənub Qaz Dəhlizinin sonun­cu hissəsi olan TransAdriatik boru xəttinin başa çatdırılmasına yönəldib;

 

– Azərbaycanın xarici siyasətinin başlıca prinsi­pi müstəqillikdir. Heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılma­sını istəyir;

 

Avropa Birliyi ilə əməkdaşlıq perspektivlərinə gəldikdə isə Avropa Birliyi ilə işbirliyimizin enerji kimi ənənəvi sahələri var. Güney Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa Birliyinin rolu gündəlikdə olan məsələlərdəndir.

 

– Əldə olunan uğurları və Azərbaycanın artan nüfuzunu qəbul etməyən qüvvələrin infor­masiya təxribatları mövcuddur. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün müxtəlif iftiralardanböhtanlar­dan istifadə etməyə çalışır. Lakin “Mən Azərbaycanı, onun suve­renliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm!”

 

MDB və QH toplantılarında çıxışlarda, nüfuzlu italyan nəşrinə müsahibədə (eləcə də, ötən günlər Füzuli şəhərinin təməl daşının qoyulma mərasimində) verilən ismarıclar fonunda yenidən Zəngilana qayıdaq.

 

Zəngilan rayonu

 

Zəngilan rayonu Ermənistanın silahlı qüvvələri tərəfindən (əlbəttə, güclü havadarlarının hərbi-siyasi dəstəyi ilə) 30 oktyabr 1993-cü ildə işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət olub. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, gündoğardan Cəbrayıl rayonu, güneydən Araz çayı bo­yunca İran, günbatan səmtdənsə, Ermənistanın (102 il öncəyədək Azərbaycana məxsus olan tarixi torpaqlarımız) MehriQafan rayonları ilə həmsərhəddir. Rayon dağətəyi ərazidə yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuşdur. Zəngilanın işğalı nəticəsində dağıdılmış tarixidini memarlıq abidələrinə nəzər salaq.

 

Tarixi-dini abidələr: İmam Hüseyn məscidi (XVII yüzil), Məscid (XIX yüzil) – Malatkeşin kəndi, Məscid (XIX yüzil) – Qırıq Muşlan kəndi, Məscid (XIX yüzil)– Muşlan kəndi, Məscid (XIX yüzil)– Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri;

 

Ziyarətgahlar: Səkkizguşəli türbə (XIV yüzil) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bar­taz kəndi, Xanazor piriBartaz yaxınlığında, Soltan Heydər piriBartaz dağında, Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi– Hacıllı kəndi, Buqakar piriLeyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piriPirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri– Vejnəli kəndi, Yel piri– Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri– Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi;

 

Tarixi memarlıq abidələri: Şərifan abidələri (IX – XVI yü­zil) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta yüzillər) – Ha­callı kəndi, Ağca Aşıq yaşayış yeri (orta yüzillər) – Qumlaq kəndi, Qız qalası (orta yüzillər) – Qumlaq kəndi, Qəsr qalası (orta yüzillər)– Oxuçuçayı, Sərdabə (XIII yüzil)– Şərikan kəndi, Sərdabə (XIV yüzil) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV yüzil) – Hacallı kəndi, Körpü (XIX yüzil) – Hacallı kəndi, Hacalı qülləsi (XIV yüzil)– Məmmədbəyli kəndi, Nekropol (b.e.ö. VI – IV yüzillər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ö. IV – II yüzillər) – Yeməzli kəndi, Koroğlu daşı (VII – VIII yüzillər)– oyuq düzü, Bartaz Qız qalası (XIV yüzil) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII yüzil) – Şərifan kəndi, Tağlı körpüsü (XVI yü­zil) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi...

 

Zəngilan uğrunda döyüşlər

 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Zəngilan rayonunun gündoğanın­da yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə aığr zərbələr vurularaq 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, şanlı hərbçilərimizin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına imkan yaratmış oldu. Silahlı qüvvələrimiz 18 oktyabrda Zəngilan rayo­nunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan uğrunda döyüşlər Sərhəd Qoşun­larımızın komandanlığı ilə aparı­lırdı. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti dəfə müraciət etdi: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhəri işğaldan azad edilmişdir! Zəngilan döyüşlərinin nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Dövlətimiz Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaətini yüksək qiymətləndirib.

 

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunması­na görə” medalı təsis edildi. Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbçilərimiz bu medala layiq görülür. Bugünədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu Prezidentin sərəncamları ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Prezident Zəngilanda

 

2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər etdi. Prezident Zəngilan şəhərində müqəddəs Azərbaycan Bayra­ğını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna 4 dəfə səfər etmiş ölkə Prezidenti, aparı­lan bərpa və quruculuq işlərinə bilavasitə nəzarət edir.

 

Əvəzsiz layihələr

 

İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr bölgənin sosial-iqtisadi inkişafın­da çox önəmli rol oynayacaqdır. Prezidentin səfərləri onu göstərir ki, “Böyük qayıdış” üçün respub­likamızda mövcud olan poten­sial gərəyincə səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keç­miş köçkünlər yerləşəcək. Belə ki ilk bərpa edilən kəndlər Zəngilanın I, II, III Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı kənd” pilot layihəsi çərçivəsində yenidən qurulur. Ərazidə ilkin olaraq 200 fərdi ev olacaq. Bu “ağıllı kəndlər”də çağ­daş məktəb, uşaq bağçası, polik­linika tikiləcək, yerləri yaradıla­caq. Zəngilanın Ağalı kəndi yalnız Azərbaycanda deyil, bütövlükdə, Qafqazda çağdaş standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Kənddə layihənin icrası əsasən 5 komponenti özündə da­şıyacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri.

 

Layihələrin icrasında qar­daş Türkiyə ilə yanaşı, Çin, İsrail, İtaliya şirkətləri də iştirak edəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yara­dılaraq “ağıllı tədris” və “ağıllı səhiyyə” sistemləri də həyata keçiriləcək. Necə deyərlər, ağılsız düşmənin vandallığı, işğalçılıq mədəniyyətsziliyi öz yerini ağıllı kəndlərə verir... Bir sözlə, azad­lıqdan sonra abadlıq, quruculuq çox sürətlə və keyfiyyətlə yerinə yetirilir.

 

Zəngilanda həyata keçirilən önəmli layihələrdən biri Heydər Əliyev Fondu tərəfindən icra olu­nur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə fond məşğuldur.

 

Zəngilandan keçən logistik layihələr

 

Zəngilan “ağıllı kənd”, “ağıllı şəhər” layihələri ilə yanaşı loqistik layihələrlə də zəngindir. Horadiz – Zəngilan – Ağbənd dəmir yolunun inşasının böyük strateji önəmi var. Bu dəmir yolu azad edilmiş tor­paqlara vətəndaşlarımızın gəlməsi üçün də, yüklərin daşınması üçünböyük önəm daşıyacaq. Zəngilanda tikiləcək hava limanı bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün geniş imkanlar yaradır. İşğaldan əvvəl Zəngilan ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmiryol vağzalı fəaliyyət göstərib.

 

Bəlli olduğu kimi, yenidən qurulan Zəngilandan dəmiryolu və avtomobil yolları da keçəcək və daha da mühümü: Naxçıvana yol açılacaq! Zəngilanı Naxçıvandan 40 kilometrlik Zəngəzur dəhlizi ayırır. Bu dəhlizin bərpa olun­ması yeni iqtisadi perspektivlər yaradacaq. Zəngilandan yalnız Ordubada, Naxçıvana deyil, eyni zamanda qardaş Türkiyəyə də yol görünür... Bax, bu, həm Zəngilanın, həm də, Zəngilanın azadlığını təmin etmiş tarixi zəfərimizin önəmini parlaq şəkildə göstərməkdədir. Azadlıq əvəzsiz nemətdir!

 

Zəngilana həyat qayıdır, mədəniyyət, mənəviyyat qayıdır, insanlıq, insaf (vicdan) qayıdır, inkişaf qayıdır!

 

Qənirə PAŞAYEVA,

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

Xalq qəzeti  2021.- 23 oktyabr.- S.8.