Zəfər tarixinin xronikası:
30 oktyabr 2020-ci il
Həmin gün:
– Prezident İlham Əliyev özünün “Twitter” hesabında bildirib: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”;
– Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar xalqımızın üzüntü hissi keçirdiyini vurğulayıb, bu hadisə ilə bağlı “keçmiş olsun” deyib.
Prezident İlham Əliyev xalqımızın bu gün də Türkiyənin yanında olduğunu qeyd edərək bildirib ki, Azərbaycan dost və qardaş ölkəyə hər cür yardım göstərməyə hazırdır.
Prezident Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib:
– Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün Baş Prokurorluqda təşkil olunan brifinqdə deyib: “Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparıb. Yaxın Şərqdən olan erməni əsilli şəxslər işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırılıb. Bunların hər biri müharibə cinayətləri kimi təsnif edilməlidir”;
– Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev “Ermənistan Gəncə, Tərtər və Bərdənin mülki əhalisinə qarşı törətdiyi terrora görə cavab verəcək” sərlövhəli məqaləsində bildirib: “Azərbaycan əzəli və əbədi torpaqlarından bir qarış belə güzəştə getməyəcək! Xalqımız olduqca məğrur, dözümlü və bir qarış torpaqdan belə vaz keçməyəcək qədər qətiyyətli və əzmlidir. Heç bir düşmən həmləsi və hiyləgərliyi mülki vətəndaşlarımızı çaşqın vəziyyətə salmayacaq və xalqımız Ali Baş Komandanımızın ətrafında daha sıx birləşərək, qələbə qazanacaqdır”.
Cəbhədə son vəziyyət
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən, artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Ermənistanın dinc əhalimizə qarşı
cinayətlərinin son statistikası
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin bildirdiyinə əsasən, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın yaşayış məntəqələrini, mülki şəxsləri atəşə tutması nəticəsində indiyədək 7 ailə tamamilə məhv olub. Bundan başqa, 4 uşaq hər iki valideynini itirib.
Ermənistan silahlı qüvvələri oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərində dinc əhalini ağır artilleriya və raket atəşinə tutması nəticəsində 26 nəfər, o cümlədən 10-qadın və 6 uşaq həlak olub, 57-si qadın, 32-si uşaq olmaqla 142 nəfər yaralanıb. Bərdə rayonunda isə 27 dinc sakin (8 qadın və 1 uşaq) həlak olub, 101 nəfər, o cümlədən 26 qadın və 14 uşaq xəsarət alıb.
Düşmənin raket və ağır artilleriya atəşləri nəticəsində Tərtər rayonunda 17 (1 uşaq, 1 qadın), Goranboy rayonunda 8 (2 qadın, 5 uşaq), Ağdam rayonunda 7 (1 qadın), Füzuli rayonunda 3 nəfər, Beyləqan rayonunda 2 qadın və Ağcabədi şəhərində 1 uşaq həlak olub.
Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş vermiş meşəlik ərazi oktyabrın 30-da səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb.
Həmçinin Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib.
Ermənistan işğal etdiyi ərazilərimizdə mədəni sərvəti məhv edib
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində işğal edilmiş ərazilərdəki yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən ümumilikdə 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.
Xalq qəzeti
.- 2021.- 30 oktyabr.- S.5.