“Vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq”

 

 İşğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Bir ildir ki, torpaqlarımız işğaldan azad edilib. Bir cümlə ilə ifadə edə bildiyimiz bu Zəfər döyüş mey­danında əsgər və zabitlərimizin canı, qanı bahasına qazanılıb. Əlbəttə, aradan keçən bir il müddətində istər müharibə zamanı baş verən döyüş əməliyyatları, istərsə də ordumuzun şəxsi heyətinin göstərdiyi qəhrəmanlıq haqqında xalqa geniş məlumat verilmişdir. Bu haqda yazılan məqalələr, televiziyaradiolarda təqdim edilən verilişlər də kifayət qədərdir. II Qarabağ müharibəsi Azərbaycan tarixinin ən önəmli dönüş nöqtələrindən biri, dövlətçilik fəaliyyətimizin ən şanlı səhifəsidir. Bu, elə bir dönüşdür ki, bizdən əvvəlki nəsilləri məzarlarında rahatlığa, hüzura qovuşdurub, gələcək nəsillərə isə qəhrəman bir xalqın qürurverici tarixini miras qoyub.

 

Vətən müharibəsi xalqın yaddaşına 44 rəqəmini həkk etdi. 44 gün davam edən döyüşlər düşmənin 30 ildə yarat­dığı bütün müdafiə sədlərini darmada­ğın etməyə yetdi.Yaratmaq demişkən, ermənilərin Qarabağımızda yaratma­ğa çalışdığı yeganə struktur müdafiə istehkamları, güclü və “keçilməz” sədlər – xülasə, müdafiə infrastrukturu idi. Otuz il bu sistemi yaratmaq, onu möhkəmləndirmək üçün olduqca geniş zamandır. Lakin II Qarabağ savaşı onu göstərdi ki, ermənilər heç bunu da bacarmırmış. Azərbaycan Ordusunun ayaq səsləri düşmənin beton sədlərini titrətməyə, çat verməyə kifayət etdi. Hər halda ordumuz düşmənə elə bir məğlubiyyət yaşatdı ki, bunun təsiri işğalçı ölkənin bütün sahələrində nəzərəçarpacaq dərəcədədir.

 

Bütün bunların davamında sıra Ermənistana ikinci bir dərs olan

 

bir mədəniyyət necə qurulmalı­dır?” dərsindədir. Bir il ərzində işğaldan azad edilən ərazilərdə görülən işlər, hazırlanan və icra edilən layihələr onu deməyə əsas verir ki, Azərbaycan bu istiqamətdə də qəflət yuxusundan ayıla bilməyən düşmənə lazımi dərsi vermək gücündədir. Ermənilərin bu dərsdən nələri qavrayacağını isə zaman göstərəcək.

 

Bərpa-quruculuq işlərindən danışarkən, ilk növbədə, düşmənin ərazilərimizdə törətdiyi vəhşiliyin miq­yasına və öz xislətlərinə uyğun olaraq qoyub getdikləri minalardan bəhs etmək lazımdır. Çünki düşmən nəinki ərazidə mövcud olan infrastrukturu məhv edib, hətta torpaq sahələrini də yandırıb-ya­xıb, yararsız hala salıb. Əslində, bütün bu faktlar qarşımızda dura bilməyən düşmənin qorxaqlığını, acizliyini göstərir.

 

İşğaldan azad edilən torpaqlarımızda görülən işlər xarici media qurumları­nın da diqqətindən yayınmır. Belə ki, bölgəyə səfər edən əcnəbi jurnalistlər qısa zaman ərzində görülən işlərdən heyrətlənir, dünya standartlarında belə bir təcrübənin olmadığını dilə gətirirlər. Çünki minalanmış ərazilər, eləcə də törədilən vəhşiliklərin miqyası çox bö­yükdür. Prezident İlham Əliyevin dediyi kimi, bu vəhşiliklərin böyük hissəsi I Qarabağ müharibəsi zamanı yox, daha sonra törədilib.

 

Bu səbəbdən görülən işlərin əhatəsi daha genişdir. Ölkəmizin başçısı çıxışla­rından birində Qarabağda davam edən bərpa-quruculuq işlərindən danışarkən vurğuladı ki, bizim bu ərazilərdə gör­düyümüz işlər apardığımız müharibəyə layiq olmalıdır. Əlbəttə, bunun üçün çox çalışmaq lazımdır.

 

Prezidentimizin sözləri həm indiyədək görülən, həm də bundan sonra görüləcək işləri əhatə edir. Aydın məsələdir ki, quruculuq işlərinə birinci növbədə insanların yaşaması üçün zəruri olan sahələrdən başla­maq lazım idi. Təbii ki, bu mənada ən önəmli məsələlərdən biri minaların təmizlənməsidir. Daha sonra həyata keçirilən ilk icraatlardan biri də bölgənin elektrik enerjisi ilə təminatıdır. Hazırki dövrdə bütün sahələrin elektrik ener­jisi ilə əlaqəli olduğunu nəzərə alsaq, deyə bilərik ki, fəaliyyət istiqamətinin ən mühüm sahəsi məhz elektrik infras­turkturunun yaradılmasıdır. Qeyd edək ki, qısa zaman kəsiyində işğaldan azad edilən bütün rayonlarda yarımstansiyalar yaradılıb ki, bununla da yerli əhalinin ehtiyacları tam şəkildə ödəniləcək.

 

Ərazinin qazsu ilə təmin edilməsi də vacib amillərdəndir. Ümumiyyətlə, postmüharibə dövrünün ilk günlərində ölkə başçısının göstərişi ilə işğal­dan azad edilən ərazilərin bərpası üzrə xüsusi qərargah yaradıldı. Bu qərargahın üzərinə düşən əsas vəzifə bərpa-quruculuq işlərində iştirak edəcək bütün aidiyyəti qurumları, mərkəz və təşkilatları, icra hakimiyyəti orqanalarını vahid bir sistemdə birləşdirməkdir. Yara­dılan əlaqələndirilmiş fəaliyyət isə işlərin daha sürətli və kompleks şəkildə icrasını təmin edir.

 

Prezident İlham Əliyevin müharibədən qısa müddət sonra işğaldan azad edilən bütün şəhər mərkəzlərinin baş planının hazırlan­masına dair göstəriş vermişdi. Bir neçə şəhərin baş planı artıq təsdiq edilib. Qalanlarında isə tamamlama işləri aparılır. Əlbəttə, tələsmək olmaz. Ölkə başçısının dediyi kimi, bizim əsas rəqibimiz zamandır. Lakin görülən işlərin keyfiyyəti, qeyd olunduğu kimi, Vətən savaşına uyğun aparılması məsələsi də ən az sürəti qədər önəmli məsələdir. Baş planların hazırlanması ondan xəbər verir ki, bu ərazilərdə həyatın tam bərpa olunması uzaqda deyil.

 

Qarabağda inşa edilən hava limanları quruculuq işlərinin ən önəmli istiqamətlərindən biridir. Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq statuslu üç hava limanı fəaliyyət göstərəcək. Füzuli Beynəlxalq Hava Limanı cari ilin sentyabr ayından istismara verilib. Xatırladaq ki, ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birbaşa Ankara – Füzuli reysi ilə Azərbaycana gəldi. Prezidenti­miz qardaş ölkə liderini hava limanında qarşıladı. Daha sonra iki lider birlikdə hava limanının açılışını etdilər. Bu, həm Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma idi.

 

Əlbəttə, bu hava limanları ölkə iqti­sadiyyatına da müsbət töhfələr verəcək. Lakin aeroportlar təkcə iqtisadi tərəqqi baxımından deyil, eləcə siyasi hərbi baxımdan önəmlidir. Həmçinin beynəlxalq statuslu, müasir standartla­ra uyğun hava limanının 8 ayda tikilib istismara verilməsi Azərbaycanın istisadi gücünün göstəricisidir.

 

Xatırladaq ki, Qarabağda yol infrastrukturunun yaradılması və bərpa edilməsi istiqamətində görülən işlər də sürətlə davam etdirilir. Bütün bunlar onu göstərir ki, uzun illər işğal altında qalan torpaqlarımızda həyatın bərpası, müasir normalara uyğun infrastruk­tur layihələrinin reallaşdırılması üçün lazım olan bütün işlər ən sürətli şəkildə davam edir. Pandemiya dövrünün bütün çətinliklərinə baxmayaraq, intensiv davam etdirilən işlər hələ postmüharibə dövrünün ilk günlərində Prezident İlham Əliyevin xalqa müraciəti zamanı söylədiyi bu fikirlərin təsdiqidir: “Qara­bağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayaca­ğıq”.

 

İmran ƏLİYEV

 

Xalq qəzeti .- 2021.- 30 oktyabr.- S.1.