İllərə sığmayan Qələbə
sevincimiz
Biz bir daha gücümüzü göstərdik,
xalqımızın birliyini göstərdik.
Göstərdik ki, heç
bir qüvvə bizim
qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan
döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri,
Azərbaycan giziri, Azərbaycan zabiti icra edib.
Əlbəttə ki, bizim
güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Xalqımızın 30 il gözlədiyi Qarabağ Zəfərinin sevincini və şükranlığını qədərincə yaşamağa ötən bir il qətiyyən bəs etmədi. Bu Qələbə miqyası və önəmi ilə çoxəsrlik milli hərb tariximizin ən möhtəşəm savaşı olduğuna görə onun məna və mahiyyətini anlamağa, nəticələrini və tarixi çəkisini sonacan dəyərləndirməyə bundan sonra da neçə-neçə illər bəs etməyəcək.
Hələlik isə ötən 1 ildə duyub-düşündüklərimizi, sözə çevirdiklərimizi tarixi zəfərin qazanılmasının ildönmü günlərində ən qısa şəkildə belə ifadə edirik: Cənnət Qarabağ uğrunda təcavüzkar və işğalçı Ermənistanla 30 ildən çox davam edən qanlı münaqişənin ikinci müharibə mərhələsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı. Bu tarixi əhəmiyyətli sonluq Azərbaycan xalqının sonsuz yurd sevgisini, hədsiz dözümünü, dəmir iradəsini, və ölüm-dirim mübarizəsində yenilməzliyini bütün dünyaya bir daha sübut etdi. Ordumuz bu qələbəni ən yeni tarixə şəhid döyüşçülərimizin qanı ilə həkk etdi. Buvaxtadək sivil xalqı, zəngin ölkəsi, müstəqil dövləti, döyüşkən ordusu ilə tanınan Azərbaycan çatmayan bir dəyərini – pozulmuş ərazi bütövlüyünü hərbi yolla, qəhrəmanlıqla bərpa elədi.
Millətçi başbilənlərinin tarixən uydurduğu yalanlara inanan erməni toplumu isə zəmanəmizin pozulmaz sayılan qadağasına-- özgə torpağına yiyələnməyin mümkünlüyü xülyasına qapılaraq, özünə havadarlar taparaq bütün hiylə, xəyanət və vəhşiliklər hesabına tarixlərdən qoruyub bugünə çatdırdığımız müqəddəs torpaqlarımızın 20 faizini işğal etdi, 1 milyon soydaşımızı öz tarixi yurdunda qaçqın-köçkünə çevirdi.
Beynəlxalq hüquq, BMT qətnamələri bu qəsbkarlıq və işğalın yolverilməz olduğunu birmənalı olaraq bəyan etsə də, ağlını və milli ləyaqətini itirib kütləvi quldurlar səviyyəsinə enmiş ermənilər bütün bunları anlamayıb 30 il çal-çağırla özünü qalib saydı, sivil dünyaya hədyanlıq, yavalıq göstərdi. Torpaqlarımızın işğaldan azad edilməsini sülh yolu ilə həll etməli olan ATƏT-in BMT mandatlı Minsk qrupunun bu missiyasi isə fəaliyyətsizlikdən iflasa uğradı.
Zaman keçdikcə şairanə deyilmiş “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” həqiqəti gündəmə gəldi, nəhayət, aktuallaşdı və qətiləşdi. Bəli, bu gün qazandığımız Qələbəni sentyabrın 27-dən başlanmış 44 günlük İkinci Qarabağ savasında xalqımıza Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bəxş etdi. Xalqımızın mənəviyyat beşiyi, Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi ilə ikiqat bayrama çevrilmiş 9 Noyabr– Dövlət Bayrağı Gününün səhərisi azğın və qüduzlaşmış işğalçıya Azərbaycan Ordusunun vurduğu son sarsıdıcı zərbə-- daha 72 yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi və quldur yuvası Xankəndinin mühasirəyə alınması ilə xain düşmənin yenilməz hesab etdiyi Ermənistan ordusu müqavimət qabiliyyətini itiririb diz çökdü.
Ermənistan rəhbərliyinin gecəyarısı inadı yerə qoyub ölkəmizin şərtlərini qəbul etməsini və imdad diləməsini, Rusiyanın işğalçı dövləti məhv olmaqdan xilas etmək məramını anlayışla qarşılayan Azərbaycan rəhbərliyi Şimal qonşunun iştirakı ilə düşmənin kapituliyasiyası anlamına gələn üçtərəfli bəyanatı zəfər aktı kimi imzaladı.
Doğrudan da, Azərbaycan Ordusunun ayyarımlıq zəfər yürüşünün – apardığı ağır və uğurlu döyüş əməliyyatlarının yekunu olan, əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılan böyük Qələbəni tarixə həkk edən bu təslimolma sənədinin imzalanması ilə uzun illər davam edən nisgilli işğal epoxasına son qoyuldu. Prezident İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, bu qələbəni Azərbaycana yurd sevgili, qorxubilməz döyüşçülərimiz bəxş elədilər. Bu döyüşlərdə canını qurban vermiş şəhidlərimiz xalqımızın mənəvi dünyasında ən yüksək məqamda qərarlaşdı.
Ümummilli lider Heydər Əliyevin yenidən formalaşdırdığı Silahlı Qüvvələrimiz Prezident İlham Əliyevin çoxillik ciddi səyləri ilə elə bir güc və imkah qazanmışdı ki, Ermənistan ordusunun məğlubedilməzliyi mifini asanlıqla puç etdi, bu quldurxislət, talançı silahlı bandaları qısa müddətdə darmadağın etdi. Bütün bunların nəticəsi olaraq xalqa Qələbə müjdəsi verən Prezident İlham Əliyev dedi: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.
Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi. Bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirlər ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Prezident İlham Əliyevin dediyi kimi, xalqımız bu güc və qüdrəti qazanmaqla tarixi ədaləti bərpa etdi: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik”.
Ali Baş Komandanın dönə-dönə bildirdiyi kimi, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur: planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.
Ancaq bu Qələbəni xalqımıza qazandıran texniki vasitələrin üstünlüyündən daha artıq əsgər və zabitlərimizin peşəkarlığı, Vətənə məhəbbəti və milli qeyrəti oldu. Ali Baş Komandan da bütün bunları yüksək dəyərləndirərək vurğuladı: “Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq”.
İkinci Qarabağ savaşının iştirakçıları böyük əksəriyyətlə münaqişədən sonra doğulub-böyüyən nəslin nümayəndələridir. Onlar sərrast həmlələrlə, yüksək peşəkarlıqla, hədsiz vətənpərvərlik ruhu və psixoloji mətinliklə vuruşdular. Bu döyüşlər Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hərb tarixinin ən mükəmməl səhifələrindən biri və zamanın ölçüləri baxımından ən yüksək səviyyəli müharibə aparmaq nümunəsi oldu. Xalq – Lider – Ordu birliyinin gücü Qarabağı geri qaytardı. Bizi vaxtilə məğlub hala gətirən də məhz bu birliyin yoxluğu olmuşdu.
Hər bir dövlət özünü müdafiə etməyi bacarmalıdır. Azərbaycan ordusunun da əsas vəzifəsi Azərbaycanı müdafiə etmək, işğaldakı torpaqları azad edərək ərazi bütövlüyümüzü bərpa etməkdir. Əsgər, gizir və zabitlərimiz bu tarixi missiyanı yüksək peşəkarlıq, Vətənə sadaqət və ləyaqətlə gerçəkləşdirdi. Qarabağın azad edilməsi Azərbaycan hərb tarixinin ən paraq hadisəsidir. Ermənistan kimi namərd, kəmfürsət bir düşmənin İkinci Qarabağ savaşında məğlub edilməsi müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, həm də dünyada sülh və əmin-amanlıq işinə ciddi bir töhfədir.
Britaniyalı jurnalist, Qafqaz üzrə ekspert Tomas De Vaal isə Qarabağla bağlı əldə olunmuş son razılaşmanı şərh edərək bildirib ki, bu Ermənistan üçün ağır məğlubiyyətdir. Ekspert Qarabağ savaşında son durumu Ermənistan tərəfi üçün alçaldıcı adlandırıb: “Bu razılaşma ermənilər üçün alçaldıcıdır. Amma tam anlaşılmayan bəzi müddəalar var. İstənilən halda, ermənilər üçün çox ağır məğlubiyyətdir. Azərbaycan tərəfinin isə imzalanan sazişdən xoşbəxt qalması üçün bir çox səbəblər var. Azərbaycan arzu edəcəyindən çox şey qazandı”.
Rusiyalı məşhur politoloq və hərbi ekspert İqor Korotçenko Azərbaycanın Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəlməsinin səbəblərini açıqlayarkən, ilk növbədə, “Güclü və iradəli Prezident, Ali Baş Komandan İlham Əliyev”, “Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu”, “Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi”, “Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi” kimi amilləri vurğulayıb.
Xalqımız bu günü 30 ildir ki, gözləyirdi. Özgənin evinə soxulmaq, yurduna girmək, çırağını söndürmək, tarixən, ən böyük haqsızlıq; hansısa xalqı, toplumu qaçqın-köçkünə çevirmək, çöllərə tökməksə, insanlığın nəzərində ən bağışlanılmaz cinayət sayılıb. İşğalçı adı almış belə ölkə və xalqlar, gec-tez, bunun amansız cəzasını çəkiblər, çox ağır məğlubiyyətə uğrayıblar. Təcavüzkar Ermənistanın Azərbaycanın əzəli bölgəsi olan cənnət Qarabağı işğal etmək avantürası da bu ölkəyə çox ağır başa gəldi. Ermənistan ordusu illər boyu yad torpaqlarda puç bir missiya yerinə yetirdi və bizim günlərdə xalqımızın Qarabağ savaşında tar-mar edildi.
Gözəl Qarabağın tacı sayılan bu tarixi şəhər özünə layiq misilsiz bir qəhrəmanlıqla – əlbəyaxa döyüşlə alındı. Şuşaya gedən yol igidlərimizin qanı ilə suvarıldı. Bu belə də olmalı idi. Şuşa ötənlərdə qeyrət qalamız olmuşdu. Onu ordumuz qeyrətlə də geri qaytardı. Şuşa həm də uca dəyərləri, qutsal varlığı ilə ölkəmizin mənəviyyat paytaxtı statusu qazanıb. Min təəssüf ki, qəddar düşmən burada milli mənəviyyatımız adına nə varsa hamısını dağıdıb. Ona görə də biz bu şəhəri bütöv bir mədəniyyət abidəsi kimi bərpa etməli, Azərbaycanın mədəniyyət paytaxtına çevirməliyik.
Qarabağın düşməndən azad edilməsi 1988-ci ildən burada soydaşlarımızın terrorlara məruz qalmasından tutmuş 20 Yanvarda Bakıya sovet hərbi təcavüzünədək, Xocalı soyqırımından tutmuş ərazilərimizin 20 faizinin oda qalanmasınadək bütün faciə, itki və ağrılarımızın intiqamının düşmənlərdən alınması deməkdir. Bu yolda canını qurban vermiş çox sayda şəhidlərimizin qanı yerdə qalmadı.
Bu zəfər Azərbaycan Ordusunun adına yeni tarixi zəfər yazdı, ona layiqli şöhrət gətirdi. Prezident, Ali Baş Komandan İlham Əliyev öz zəkası, qətiyyəti, siyasəti ilə Qarabağın Azərbaycan torpağı olduğunu bir daha dünya tarixinə həkk elədi. Azərbaycan Ordusu Qarabağ savaşında düşməni məğlub etməyi ilə Bakıda qələbə paradında başını dik tutub dəmir bir axın kimi irəliləmək haqqı qazandı.
44 günlük Vətən müharibəsində xalqımızın qazandığı qələbədən sonra Cənubi Qafqazda və bütövlükdə, regionda yaranmış yeni geosiyasi reallıq Azərbaycan həqiqətlərinin, nəhayət, təsdiqi olmaqla yanaşı, qonşu ölkələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığının qurulması üçün də əlverişli meydan açmışdır. İkinci Qarabağ savaşında təcavüzkar Ermənistanın açıq məğlubiyyətinin təslim aktı olan üçtərəfli bəyanatın imzalanmasından 11 ay keçməsinə baxmayaraq, bu ölkənin bölgədə baş vermiş gerçəkliklə barışmaması onun düşdüyü acınacaqlı vəziyyəti daha da ağırlaşdırır.
XXI əsrin son onilliyi göstərdi ki, dünya daha böyükdür və ona görə də çalışmalıyıq ki, beynəlxalq ictimaiyyət bütün bu həqiqətləri olduğu kimi bilib qəbul etsin. İşğalçı Ermənistan İkinci Qarabağ müharibəsində də fəal himayə edilməsi onu göstərir ki, Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil, həm də ona arxa-dayaq olanların ölkəmizə qarşı təhdid, təzyiq və hədələri, birgə səyləri üzərində qələbə çalmışdır.
Ötən ilin payızında 44 gün ərzində Ermənistan əyani şəkildə gördü ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bu illər ərzində dünya da çox dəyişib. Ən başlıcası, Azərbaycan iqtisadi-siyasi müstəqilliyini, beynəlxalq hüquqa sadiqliyini və etibarlı tərəfdaş nümunəsini ortaya qoymaqla dünyada özünə olan münasibəti dəyişdirə bilib. Bədnam qonşumuzdan fərqli olaraq, ölkəmiz beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektinə çevrilib. Ermənistan hakimiyyəti artıq nə özünü, nə də erməni cəmiyyətini aldatmamalıdır.
27 il ərzində BMT qətnamələrinin hörmətdən salınmasına kimlərinsə göz yumması, qondarma “erməni soyqırımı”nın tanınması və ya kimlərinsə pərdəarxasından işğalçı ölkəyə dirijorluq etməsi, yaxud onun qulağına nələrisə pıçıldaması Ermənistanı yeni avantüralara şirnikləndirə bilər, amma bütün bunlar mövcud reallığı dəyişdirmək gücündə deyil. Azərbaycan 28 ildən sonra Ermənistana hansı acıları yaşatdısa, onun növbəti avantürasının cavabı daha ağır ola bilər– bu dəfə məğlubiyyət deyil, faciə olacaq.
Təcavüzkar Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini başdan-başa xarabazara çevirdiyi kimi, II Qarbağ savaşının davam etdiyi 44 gündə cəbhə bölgəsində dinc əhalinin yaşadığı şəhər və kəndlərdə də irimiqyaslı dağıntı və təlafatlar törətmişdir.
Beynəlxalq hüquq və müharibə cinayətləri üzrə mütəxəssislərin göstərdikləri kimi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən II Qarabağ müharibəsinin gedişində məğlubiyyətlə barışmaq istəməyən Ermənistan əvvəllər olduğu kimi, beynəlxalq hüquq normalarını tapdalayaraq, müxtəlif müharibə cinayətləri törətməkdə davam etmişdir.
Bütün bu cinayətlərin irimiqyaslı dağıntılarla nəticələnməsinə bax-mayaraq, müharibə Azərbaycanın qələbəsi ilə başa çatan gündən təmas xəttinə yaxın bölgələrdə və işğaldan azad edilmiş ərazilərdə zəruri bərpa-quruculuq işlərinə start verilmişdir. Qarabağda həyata keçirilən irimiqyaslı layihələr düşmən üzərində hərbi qələbənin dinc şəraitdə davam etdirilməsi, işğalçı dövlətə ikinci bir inkaredilməz dərsin verilməsidir. Bu dərs ondan ibarətdir ki, özgə torpaqlarına sahib olmaq iddiası və cəhdləri yolverilməz olduğundan onun sonu tarixi fəlakətdir. Yurdsevər xalqın nəsibi isə Qələbədir.
Tahir AYDINOĞLU
Xalq qəzeti
.- 2021.- 30 oktyabr.- S.3.