Dünya mətbuatının Füzuli hava limanının açılışına marağı səngimir

 

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi dünya mətbuatının diqqət mərkəzində qalmaqdadır. Avrasiyanın strateji əhəmiyyətli bölgəsində nəqliyyat kommunikasiyalarının daha da inkişafına töhfə verəcək beynəlxalq aeroportun fəaliyyətə başlamasına diqqət yönəldən xarici mətbuat orqanları xəbərlərində azad olunmuş ərazilərin sürətlə bərpasına da yer ayırırlar.

 

Azərbaycan və Türkiyə liderlərinin işğaldan azad edilmiş Qarabağ bölgəsində yeni tikilən Füzuli hava lima­nının açılışında iştirak etdiklərini yazan Tittlepress.com xəbər verir ki, Prezi­dent Rəcəp Tayyib Ərdoğan beynəlxalq hava limanını ziyarət edən ilk yüksək rütbəli xarici rəsmi şəxs olub. Sayt yazır ki, Prezident İlham Əliyev hava limanının təməlini 2021-ci ilin əvvəlində, Füzuli şəhərinin erməni işğalından azad etdikdən bir neçə ay sonra qoyub və səkkiz ay ərzində Azərbaycan və Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazisində ilk müasir hava limanını tikib istifadəyə veriblər. Tittlepress.com hava limanının paramertləri barədə məlumat verib və EUROCONTROL kimi tanınan Av­ropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının sistem vasitəsilə ötürülən radiosiqnallarının qeydiyyatdan keçir­diyini və sertifikatlaşdırıldığını vurğu­layıb. Sayt, həmçinin yazır ki, bu ayın əvvəlində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Füzuli Beynəlxalq Hava Limanına üç hərfdən ibarət fərqli geokod verib – FZL. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) da hava limanına UBBF kodu da verildiyi qeyd olunur.

 

Tittlepress.com-un xəbərində Ermənistanın 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Füzuli rayonunu işğal etdiyini bildirir və ötən il Azərbaycan Silahlı Qüvvələrinin rayonu 30 illik işğaldan azad etdiyini vurğulayır, eyni zamanda, erməni vandalizminin fəlakətli nəticələrinin aşkar olunduğunu diqqətə çatdırır. Sayt xüsusilə qeyd edir ki, hətta Füzulidə bütöv bir binadan belə divar­ların yalnız fraqmentləri qalır. “Hazırda rayon Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin yenidən qurul­ması və bərpası istiqamətində həyata keçirdiyi genişmiqyaslı kampaniya çərçivəsində dirçəldilir”, – yazan Tittlep­ress.com əlavə edir ki, rayonun inzibati mərkəzi olan Füzulinin baş planı hazır­lanır. Saytın xəbərində Prezident İlham Əliyevin oktyabrın 17-də rayonda “Ağıllı kənd”in təməlini qoyması qeyd olunur və layihənin yaşıl və alternativ enerji və “ağıllı idarəetmə” sistemindən istifadə etməklə həyata keçiriləcəyi bildirlir: “İlkin mərhələdə orada ümumilikdə 450 ev tikiləcək. Kənd həm də “ağıllı kənd” ferması ilə əhatə olunacaq”.

 

Raillynews.com saytı “Ərdoğan və Əliyev tərəfindən açılışı edilən Füzuli Hava Limanı 8 ayda inşa olu­nub” sərlövhəli xəbərində qeyd edir ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdirdiyi ilk hava limanı prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin də qatıldığı mərasimlə istifadəyə verildi. Sayt yazır ki, Prezident Ərdoğan Füzuli Beynəlxalq Hava Lima­nına enən ilk dövlət başçısı oldu. Təməli 2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev tərəfindən qoyulan və 8 ay ərzində ən yüksək beynəlxalq standartla­ra uyğun inşa edilən Füzuli Hava Limanı­nın təyyarələri qəbul etməyə başladığını da diqqətə çatdıran Raillynews.com vur­ğulayır ki, hava limanına ilk sınaq uçuşu avqustun 22-də həyata keçirilib. Sayt sonra yazır: “Qarabağın simvol şəhəri olan Şuşaya gedən turistlər də Füzuli hava limanı vasitəsilə daşınacaq. Hava limanının bölgədə turizm və ticarətin inkişafına töhfə verəcəyi gözlənilir. Hava limanı Şuşadan təxminən 100 kilo­metr, paytaxt Bakıdan isə 300 kilometr məsafədə yerləşir”.

 

Middleeast.in-24.com saytında “Əliyev və Ərdoğan Dağlıq Qarabağda yeni beynəlxalq hava limanının açılış mərasimində iştirak ediblər” başlığı ilə yayımlanan xəbərdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Qarabağ bölgəsinin Füzuli şəhərinə gəlib, burada yeni beynəlxalq hava limanının açılış mərasimində iştirak ediblər. Sayt ötən ilin payızında Qarabağ bölgəsində baş vermiş so­nuncu silahlı münaqişə zamanı Füzuli şəhərinin Azərbaycanın nəzarətinə qaytarıldığını da oxucularının diqqətinə çatdırır. Newsbeezer.com saytında da tarixi hadisə barədə məlumat verilir. “Azərbaycanda Füzuli Beynəlxalq Hava Limanı açılıb” sərlövhəli xəbərində sayt yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edil­miş ölkəyə rəsmi səfər edən ilk dövlət başçısı oldu. Xəbərdə, həmçinin cənab Ərdoğanın 2020-ci il dekabrın 9-da və 2021-ci il iyunun 15-də Azərbaycana rəsmi səfər etdiyi də xatırladılır.

 

Swissinfo.ch saytı “Əliyev və Ərdoğan Dağlıq Qarabağın yaxınlığın­da yerləşən beynəlxalq hava limanı­nın açılışında iştirak ediblər” başlıqlı xəbərində vurğulayır ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açı­lışını etdilər. Xəbərdə, həmçinin rəsmi Bakının Füzuli Hava Limanını Qaraba­ğın “hava qapısı” hesab etdiyi bildirilir. Swissinfo.ch xəbərində Füzuli rayonu­nun 30 ilə yaxın müddətdə erməni işğalı altında olduğunu yazır və hər iki liderin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyduğunu diqqətə çatdırır. Bundan əlavə, sayt prezidentlərin Zəngilan şəhərində “Ağıllı aqropark”ın ilk təməl daşını qoyduqla­rını, Ermənistan və İranla sərhəddən bir neçə kilometr aralıda yerləşən Ağalı kəndində işgüzar görüş keçirdiklərini də bildirir.

 

Təqdim etdi: Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti .-2021.- 30 oktyabr.- S.6.