“Biz qalib ölkə, müzəffər xalq kimi qürurla yaşayacağıq”

 

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində hər zaman verdiyi vədə sadiq olub. Vətən müharibəsindən əvvəl ictimaiyyət nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızın nəyin bahasına olursa-olsun azad ediləcəyini, Qarabağın qay­tarılacağını, ərazi bütövlüyümüzün bərpa olunacağını, şəhidlərimizin qisasının alınacağını bildirib.

 

Dövlətimizin başçısında bu əminlik təsadüfi deyildi. Çünki bu məsələdə haqq-ədalət bizim tərəfimizdə idi. Düşmən ötən əsrin 90-cı illərində Azərbaycanda ya­şanan xaos və hakimiyyətsizlikdən istifadə edib əzəli-əbədi ərazilərimizi ələ keçirmişdi. Düzdür, bütün dünya Qarabağ və Şərqi Zəngəzuru Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxa­rılması vurğulansa da, Ermənistan işğalçı əməllərindən əl çəkmirdi, ordusunu torpaqlarımızdan geri çəkmirdi, bu azmış kimi daim təxribatlar törədirdi. Tapdaq altında saxladığı ərazilərimizdə qanunsuz məskunlaşma aparırdı. Halbuki, bu, hərbi cinayət idi.

 

Dövlətimizin başçısı bu il avqustun 26-da Abşeron rayo­nunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunma­sı mərasimindəki çıxışında bu barədə bildirib: “Əgər 1990-cı illərin əvvəllərində Ermənistan bu qanun­suz məskunlaşmanı gizlin şəkildə edirdisə, son vaxtlar o qədər az­ğınlaşmışdılar ki, bunu açıq şəkildə edirdilər. İndi yada salmaq lazımdır, müharibədən əvvəl onların televizi­yalarında hansı reportajlar gedirdi. Xaricdən - Suriyadan, Livandan gəlmiş ermənilər Şuşa şəhərində müsahibələr verirdilər. Deyirdilər ki, bəli, biz gəlmişik buraya. Bura Ermənistan torpağıdır. Biz burada yaşayırıq. Bunları təbliğ edirdi, hərbi cinayəti təbliğ edirdi. Onlara bizdən başqa söz deyən yox idi. Minsk qrupu onlara bir söz demir­di. Qanunsuz məskunlaşma tək Şuşada getmirdi, Cəbrayılda da gedirdi, Zəngilanda da gedirdi, Kəlbəcərdə də, Laçında da. Təkcə Ağdam və Füzulidə məskunlaşma getmirdi. Çünki orda heç nə yox idi, hər şeyi dağıdıblar, bütün şəhər və kəndlərimizi yerlə-yeksan ediblər. Amma qalan yerlərdə - Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Düzdür, az gedirdi, çünki onların insan resursları yox idi, amma gedirdi. Bu, hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır...”.

 

Lakin bütün bu vəhşiliyin, cinayətin bir sonu olmalı idi. İşğalçının qəsbkarlığını sülh yolu, danışıqlar vasitəsi ilə ara­dan qaldırmaq mümkün deyildi. Xalqımızın səbr kasası daşmışdı. Buna görə də düşmən olkənin silahlı qüvvələrinin ötən il sentyabrın 27-də Azərbaycana qarşı təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra ordumuz beynəlxalq hü­quqa əsaslanaraq, haqq-ədalətə güvənərək ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə ta­rixi torpaqlarımızı yağılardan xilas etməyə başladı.

 

Şübhəsiz ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti və əzmi, möhkəm maddi-texniki bazası, Ordu–Xalq–Prezident birliyi qısa müddətdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi.

 

Prezident İlham Əliyev sentyab­rın 27-də xalqa müraciətində bu barədə dedi: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağı­mızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalı­dır və son qoyulacaqdır...”.

 

Beləliklə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ayrı-ayrı vaxtlarda verdiyi vədi reallaşdırdı: Müzəffər ordumuzun ötən il sentyabrın 27-də Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək düşmən həm canlı qüvvə, həm də texnika baxımın­dan böyük itkilər verdi, 5 şəhər, 4 qəsəbə və 286 kənd düşməndən təmizləndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz zirvələri, habelə daha 5 adsız yüksəklik işğaldan azad olundu.

 

Noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. Bəyanata əsasən, de­kabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da ermənilərin “Böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” xülyalarına birdəfəlik son qoyuldu.

 

Prezident İlham Əliyev av­qustun 26-da Abşeron rayonun­da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bu barədə də xatırladıb: “İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzala­yaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Halbuki müharibənin ilk günlərindən mən deyirdim ki, Ermənistan rəhbərliyi bizə tarix verməlidir nə vaxt bizim torpaqları­mızdan çıxır və biz müharibəni da­yandırmağa hazırıq. Belə də oldu. Noyabrın 9-da Ermənistan artıq ka­pitulyasiya aktını imzalamağa hazır olmuşdur. Ağdam, Kəlbəcər, Laçın rayonlarının bizə qaytarılması tarixi müəyyən olunmuşdur. Noyabrın 10-na keçən gecə isə Ermənistan kapitulyasiya aktını imzaladı və müharibə dayandı”.

 

Dövlətimizin başçısı həmin nitqində müharibənin Azərbaycan tərəfindən dayandırılmasının da tamamilə əsaslı bir addım ol­duğunu qeyd edib Ölkə rəhbəri vurğulayıb ki, əgər döyüş davam etsəydi, birincisi, Azərbaycan daha çox itkilər verəcəkdi. Kəlbəcər və Laçın rayonlarının azad edilməsi zamanı isə müəyyən çətinliklər yarana bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları buna əsas ve­rirdi: “Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklü­yünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq...”.

 

Yeri gəlmişkən, işğal dövründə olduğu kimi, Azərbaycanın haqq savaşı günlərində də Ermənistan öz şərəfsiz, insanlığa sığmayan əməllərindən əl çəkmirdi. Düşmən ordusu beynəlxalq qanunlarla qadağan olunmuş silahlarla döyüş zonalarından çox uzaqda yerləşən şəhər və kəndlərimizin dinc sakinlərinə atəş açır, çox sayda insan qətlə yetirirdi. Məqsəd bu yolla Azərbaycanı Ermənistandakı mülki obyektlərə zərbə endirməyə təhrik etmək və beləliklə, Rusiyanı bu münaqişəyə qoşmaq idi.

 

İşğalçının terrora üstünlük verməsi, dinc insanları hədəfə alması həm də Azərbaycan xalqı arasında vahimə yaratmaq, əhalinin müharibəyə etirazını formalaşdırmaq və əməliyyatların qarşısını bu yolla almaq məqsədi daşıyırdı. Lakin bu bədnam niyyəti də gerçəkləşdirmək mümkün olmadı.

 

Bütün bunlar sorosçu baş na­zirin normal ağıl, düşüncə kasad­lığını, idarəetmə qabiliyyətsizliyini, faşist xislətini bir daha dünyaya göstərdi.

 

Erməni həyasızlığı o həddə çatdı ki, işğalçı dinc şəhərlərə raket hücumları edir, ardınca “biz etməmişik” kimi absurd bəyanatlar verirdi. Məhz bu bəyanatlarını “isbat” etmək üçün “partlayışı suriyalıların törətməsi, yaxud Azərbaycanın bilərəkdən etməsi” kimi müxtəlif dezinformasiyalar yayırdı. Həmçinin Azərbaycanla bağlı “ərəb muzduluları”, “Pa­kistan əsgərləri”, “Türkiyə xüsu­si təyinatlıları”, F-16 qırıcıları, “Xankəndində doğum evinin”, “Şu­şada kilsənin vurulması” və digər feykləri yaymaqda davam edirdi.

 

Bu müharibə, həqiqətən də, bir daha göstərdi ki, Ermənistan terrorçu dövlətdir. Əslində, işğalçı­nın belə vəhşiliyi onun xislətindən xəbər verir və bu cür faşist əməllərini 28 il bundan əvvəl Xo­calıda da törətmişdi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da illər sonra britaniyalı jurnalist Tomas de Valla müsahibəsində “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bil­dik” sözləri ilə bunu etiraf etmişdi.

 

Döyüş meydanında məğlub olan mənfur düşmən mül­ki vətəndaşlarımızı hədəfə götürməklə bərabər, təbiətə də əl qaldırdı, qəsdən Şuşa, Laçın, Kəlbəcər meşələrini yandırmaqla Azərbaycanın işğal altında sax­ladığı ərazilərində ekoloji terro­ru davam etdirdi və bölgənin, ümumiyyətlə isə planetimizin ekoloji durumuna qarşısıalın­maz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atdı.

 

Prezident İlham Əliyev son çıxışlarının birində bu barədə de­yib: “Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar, 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha si­zin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tu­taraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməzliyə vurmayın. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir, evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir. Biz azad edilmiş torpaqlara xarici qonaqları, jurnalistləri, siyasətçiləri, ictimai xadimləri müntəzəm olaraq gətiririk ki, görsünlər və bilsinlər, biz təkcə öz ərazimizi işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik”.

 

Vətən müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Koman­dan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nüma­yişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzala­dıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meydanın­da, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, daya­nın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”.

 

Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra dövlətimizin başçısı vaxtaşırı işğaldan azad edilən ərazilərə səfərlər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xal­qa verdiyi bütün vədlərə sadiqliyini göstərir. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiya­da Prezident İlham Əliyevin adı bu Zəfərin müəllifi kimi tarixə əbədi yazılır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2021.- 4 sentyabr.- S.5.