Əziz Şuşa, biz yenidən sənin qoynuna qayıtdıq

 

 

Avqustun 29-dan 31-dək hər kəsə əziz olan Şuşada yaşadı­ğım günlər üçün ulu Yaradana şükür edir, tükənməz qürur hissi keçirirəm. Hüdudsuz sevincimi, şadlığımı, şükranlığımı daha çox adamla bölüşmək ehtiyacı duyuram. Hər şeydən əvvəl, vaxtilə AzTV-nin reportyoru kimi Şuşada açılışında iştirak etdiyim Vaqif məqbərəsinin bərpadan sonra yeni açılışı mərasiminə və Vaqif Poeziya Günləri tədbirlərinə mənim də qatılmağıma şərait yaratdığına görə Heydər Əliyev Fonduna və Azərbaycan Yazıçılar Birliyinə minnətdarlığımı bildirirəm.

 

Biz Şuşaya qayıtdıq. Şuşa bizi bağrına basdı, qəlbimizə bir sərinlik gətirdi, ürəyimizi oxşadı. Artıq tarixə düşmüş möcüzəli və əfsanəvi Zəfər yolu dağlar gözəli ilə qovuşmağımıza bir körpü oldu. Bu yol daşıdığı rolun mahiyyətini qat-qat zənginləşdirdi.

 

Azad Şuşa! Biz səni dirçəldəcəyik!”– deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tarixi mesajının artıq reallığa çevrildiyinin şahidi olmaq üçün Zəfər yolu ilə təbii gözəlliklərin şəriksiz ün­vanına və bir çox tarixi şəxsiyyətlərin, elm, incəsənət və mədəniyyət xadimlərinin yurduna-yuvasına tələsmək hələ qarşıda bizi gözləyən təkrarsız uğurlardan soraq verirdi.

 

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi torpaqlarımızın hər qarışı bizim üçün əzizdən əzizdir. Şuşaya– nəinki Azərbaycanın, bütün Qafqa­zın mədəniyyət mərkəzi sayılan bu dağlar gözəlinə yeni nəfəs verilməsi isə izaholunmaz hissduyğularla süslənmiş bir tükənməz mövzunun söhbətidir. Dişi ilə, dırnağı ilə sərt qayaları aşan aslan biləkli oğullarımı­zın şücaəti, dəyanəti ilə milli ləyaqət rəmzi Qala şəhərin azad edilməsi böyük Xilaskar adını şərəflə daşıyan Ali Baş Komandanın – Azərbaycan Prezidenti İlham Əliyevin bu şəhərlə bağlı nəzərdə tutduğu görülən və görüləcək işlərin, həyata keçiriləcək layihələrin miqyasının nə dərəcədə ölçüyəgəlməz və təsəvvüredilməz olduğunu əyani göstərir.

 

Çətin və keçilməz relyefli dağ massivlərini aşıb Şuşaya uzanan Zəfər yolu, bu şəhərin elektriksu ilə təchizatı, digər sosial problemlərin həlli, muzey və abidələrin təmiri, yenilənməsi və nəhayət, Molla Pənah Vaqifin məqbərəsinə yeni həyat verilməsi, böyük şairin adı ilə bağlı poeziya günlərinin keçirilməsi – bütün bunlar cənab İlham Əliyevin xalq, dövlət və Ata Əliyev qarşısındakı verdiyi vədlərin yüksək səviyyədə doğrulmasının, xəyalların misli görünməmiş dərəcədə reallaşmasının əyani sübutudur.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hərtərəfli dəstəyi ilə əsaslı təmir edilmiş Molla Pənah Vaqifin məqbərə-kompleksinin bərpadan sonrakı mənzərəsi Şuşanın hüsnünə təkrarsız əlvan çalarlar qatır. Abidənin açılışı münasibəti ilə keçirilən mərasimə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, söz adamları toplaşmışdılar. Tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev uzaq illərə də ekskurs etdi, o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyevin Vaqifin məqbərəsinin açılışında iştirakını xatırlatdı və tale qismətinə düşən missiyaya – məqbərəyə yeni həyat verilməsindəki fəaliyyətinə görə şükranlıq hisslərini ifadə etdi. Xəyal məni də qanadlarına alıb 1982-ci ilin 14 yanvarna – qarlı, şaxtalı o günə apardı...

 

Həmin gün Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində işti­rak etmək üçün Şuşaya gedən media nümayəndələri sırasına gənc telejur­nalist kimi düşmək məxsusi bir şans olmuşdu. AzTV-nin çəkiliş qrupunda iki kinooperator var idi: əslən Şuşa­dan olan Rüstəm ZülalovQarabağ ermənilərinin qohumu olan Sergey İş­xanov. Xankəndidə qatardan düşəndə ermənilərin Sergeyi duz kimi “yalama­ları” indigözümüzün qabağında­dır. Bizimlə isə candərdi görüşdülər. Bir-iki saatı bu şəhərdə keçirməli olduq. Sanki, Azərbaycandan minlərlə kilometr uzaqda – düşmənlər arasın­da idik. Ermənilərin buz kimi donuq sifətləri qəlbimizi üşüdürdü.

 

Şuşada isə əhvalımız tamam dəyişdi. Şəhər sakinləri, rayon rəhbərləri bizi doğmaları, əzizləri kimi bağırlarına basdılar. Sergeylə də yaxın adamları kimi görüşdülər, hal-əhval tutdular. Qəribəsi bu idi ki, erməni operatorumuz burada özünü sudan çıxmış balıq kimi hiss edirdi– gözləri yol çəkir, özünü nə isə qəribə aparırdı. Əlbəttə, “Miatsuma hələ 6 il qalsa da, azacıq müşahidə erməninin içindən üzünə vuran hissləri duyma­ğa, az-çox, imkan verirdi.

 

Şuşaya əvvəlcədən gələn qo­naqlar, jurnalistlər, dövlət məmurları Azərbaycanın rəhbəri Heydər Əliyevi Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində böyük sevinclə qarşıladılar. Qarlı-şaxtalı gün olsa da, hamının üzündə bir sevinc, nur, qəlbində hərarət vardı. Paytaxtdan gələn adlı-sanlı qələm sahibləri, Şuşa camaatı, televiziya və qəzet müxbirləri xalqın böyük oğlunu səmimiyyətlə, qayğıyla əhatələmişdi. O zaman Azərbaycan rəhbəri Heydər Əliyev mərasimdə geniş nitq söylədi, Vaqif yaradıcılığını, fəaliyyət göstərdiyi dövrü ətraflı təhlil etdi, şairin misralarını əzbər söylədi.

 

Məqbərənin açılış mərasimindən sonra Şuşadakı doqquzmərtəbəli mehmanxananın restoranında böyük ziyafət verildi. Heydər Əliyev adəti üzrə jurnalistləri lap yaxınlığında əyləşdirmişdi. Dediklərini tam aydınlığı və dəqiqliyi ilə eşidirdik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin o vaxtkı rəhbəri Boris Gevorkova tutduğu irad­lar da yaxşı yadımdadır. Heydər Əliyev onu Xankəndidə rastlaşdığı erməni dilində yazılmış lövhə və reklamlara, hətta məclisdə gördüyü mineral sula­rın, içki şüşələrinin üstündəki yazılara görə əməlli-başlı məzəmmət etdi. Ulu öndər bildirdi ki, bu yazılar dövlət dili olan Azərbaycan dilində yazılmalıdır. Borisə isə böyük şəxsiyyətin qarşısın­da utanıb-qızarmaq ən ağır cəza oldu.

 

O zamankı Şuşa mənim yadda­şımda daim, sanki, istedadlı fırça ustalarının yığılıb birgə yaratdığı na­türmort və qravürlər toplusu kimi boy göstərirdi. İsa bulağının dondan sırsı­ra bağlamış suyu, Xan mağarasının, Şuşa qalasının, Bülbülün ev muze­yinin, Xurşudbanu Natəvanın saray-kompleksinin, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrinin, Mir Movsüm Nəvvabın evinin, Qarabağ xanının vəziri Molla Pənah Vaqi­fin türbəsinin siluetləri gözlərimin önündən ötən illərdə davamlı olaraq çəkilmirdi. Mənə o mənzərələri 30 ildən sonra yenidən görmək qismətini isə Tanrının ən böyük bəxşişi və tale bəxtiyarlığı sayıram.

 

...2021-ci ilin qaynar avqustu­nun son günlərində paytaxtın istibürkülü mühitindən sıyrılıb uca dağlar qoynundakı sərin və eyni zamanda öz isti və hərarətli nəfəsi ilə bizi bağrına basan mədəniyyət və mənəviyyat ocağından ayrılsaq da, səfər yoldaş­larımızın hamısını bir fikir birləşdirirdi – qayıdanbaş daha çox bir məqamı eyni notda vurğulayırdıq ki, imkan düşdükcə Şuşaya dönək, bu dağlar gözəlini darıxmağa, qəribsəməyə qoymayaq. Onsuz da uzun illər biz Şuşasız, o da bizsiz qalmışdı. İndi vüsalın qədrini bilməyin, ötüb-keçən ağrılı-acılı dövrün “acığını çıxmağın” əsl vaxtıdır.

 

Əziz Şuşa, biz qayıtdıq qoynuna, isindik, ovunduq, təsəlli tapdıq. Biz sənin yanında, qəlbindəyik, sən də bizim ürəyimizin başındasan həmişə– daimi, əbədi olaraq, həmişəyaşarlıq simvolu kimi. Şuşa gecələrinin isə ayrı hüsnü vardı. Bu şəhərdə keçir­diyim gecələrdə şəhəri dövrələyən zirvələri seyr etdikcə açıq-aşkar görürdüm ki, bu dağlar nə isə qəribə, möcüzəli işıq saçır, ətrafa Yaradanın bəxş etdiyi sönməz, tükənməz nur seli çiləyir. Qoy işığın azalmasın, nu­run heç vaxt əksilməsin, əziz Şuşa!

 

Sonda onu da deyim ki, Şuşa ərazi etibarilə kimlərəsə kiçik görünsə də, mahiyyətcə olduqca böyük, miqyasagəlməz şəhərdir.

 

Akif CABBARLI,

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının redaktoru, yazıçı-publisist

 

Xalq qəzeti  2021.- 4 sentyabr.- S.5.