“Gələcək haqqında... xatirələr”
Şuşaya səfərin nəticələri
əsasında yazdığım bu oçerki mən
keçmiş haqqında xatirələri gələcək
üçün vəzifələrlə heyrətamiz şəkildə
birləşdirməyi bacaran Prezident İlham Əliyevin
çıxışlarının təsiri ilə “Gələcək
haqqında ... xatirələr” adlandırdım.
2021-ci il avqustun 25-i... Saat 17:59-da dövlətimizin başçısının köməkçisi Anar Ələkbərov zəng vuraraq bildirdi ki, Prezident İlham Əliyev məni Şuşada keçiriləcək Vaqif Poeziya Günlərində iştiraka dəvət edir. Bu xəbəri böyük sevinclə qarşıladım və dəvətə görə Prezidentə mənim təşəkkürümü çatdırmasını xahiş etdim. Sonra bütün fikirlərim doğma Qarabağ və əfsanəvi Şuşa şəhəri ilə qarşıdakı görüş üzərində cəmləşdi.
Avqustun 28-də səhər tezdən biz– qarşıdakı Vaqif Poeziya Günlərinin yüzdən çox iştirakçısı Şuşaya yola düşdük. Bu şəhər son 30 ilə yaxın müddətdə erməni işğalı altında olmasına baxmayaraq, Azərbaycan xalqının onunla mənəvi əlaqələri daha da möhkəmlənib.
Mən həyatım boyu Azərbaycanı çox gəzməli olmuşam, lakin əvvəlkilərdən əsaslı şəkildə fərqlənən bu səfərin məndə doğurduğu emosiyaları üstələməyə çətinlik çəkirdim... Son illərdə Azərbaycan necə gözəlləşib, necə keyfiyyətli magistral yollar salınıb, nə qədər yeni, gözəl tikililər yaranıb, rayon mərkəzləri qəsəbələrdən abad şəhərlərə çevrilib, hər bir kənddə peşəkar memarlığı ilə seçilən iki-üç mərtəbəli yeni binalar var.
Xəyal məni uzaq
keçmişə aparır. Bu diyarda çox
xalqlar yaşayıb, onların ən məşhurları
müasir türklərin əcdadları kimmerlər və
skiflər olub, bu tayfaların Qamir və Aşquz dövlətləri
barədə eramızdan əvvəl VIII-VII əsrlərə
aid Assuriya mixi mətnlərində məlumat verilir.
Qafqaz dağlarından Araz çayının sol sahilinə, Xəzər
sahillərindən Cənubi Qafqazın mərkəzi hissələrinə
qədər olan əraziləri bir-birinin ardınca bu dövlətlər
tutublar. Məhz Cənubi Qafqazın şərq hissəsində
yerləşən Aşquz ölkəsində yaşayan skiflər
Atropatena-Adorbayqan-Azərbaycan adlı yeni çarlıq
yaradıblar. Bu ölkə Qafqaz dağlarından Zaqros
dağlarının şərq ucqarlarına, Xəzər
sahillərindən Kappadokiyada Qalis çayına qədər
olan ərazini tuturdu. IV əsrdə yaşayıb
yaratmış romalı müəllif Ammian Martsellin bildirir ki,
bu hadisə eramızdan əvvəl 612-ci ildə Assuriya
imperiyasının süqutu nəticəsində baş verib. V əsr Suriya salnaməçisi
de bet Selox bildirir ki, bunu Skif çarı, Arbak-Arpat-Orbay
tituluna sahib olan Madi edib. 1748-ci il tarixli
ingilis nəşrində və 1765-ci ildə dərc
edilmiş Fransa ensiklopediyasında bildirilir ki, Madi adlı Skif
çarı, əslində türklərin böyük əcdadı
Oğuz xan olub. Azərbaycan (Atropatena-Adorbayqan)
adlı dövlətin Oğuz xan tərəfindən
yaradılması barədə XIII əsr Azərbaycan
tarixçisi Fəzllulah Rəşidəddin də yazır.
İlkin orta əsrlər dövrünə aid üç ərəbdilli
və farsdilli mənbədə VII əsr hadisələrindən
bəhs edilərək deyilir: “Azərbaycan türklərin
diyarıdır. Onlar qədim vaxtlardan orada cəmləşib
və bir-biri ilə qarışaraq inkişaf edib, gücləniblər”.
Mənim tarixə meylimi nə
ilə izah etmək olar? Bəlkə, yaşımla? Ola bilər. Axı mənim yaşım 80-i
keçib... Lakin indiki halda Vətənimiz
döyüş meydanlarında müdafiə edildiyi bir vaxtda
bizim tariximizin qorunması xüsusi əhəmiyyət kəsb
edir. Axı bizim torpaqlara qəsd edilməsi,
ilk növbədə, tariximizə qəsd edilməklə həyata
keçirilir. Buna görə də bizim nəslin
qismətinə öz Vətənimizi həm qılıncla, həm
də qələmlə qorumaq zərurəti düşüb.
Prezidentimiz İlham Əliyev buna nümunə
göstərir, çıxışlarının çoxunu
tarixi paralellərlə illüstrasiya edir, tarixi hadisələrə,
əlamətdar günlərə, toponimlərə müraciət
edir. O, yaxın vaxtlarda
çıxışlarının birində
xalqımızın qarşısında birmənalı olaraq
belə bir vəzifə qoyub: “Biz öz tariximizi
unutmamalıyıq!”
...Kür çayının
üstündən salınmış körpüdən
keçirik. Aran adlanan bölgə buradan
başlanır. Bu toponim ərəblərin
buraya ilk gəlişi ilə bağlıdır. Onlar ərəb qrammatikasına uyğun olaraq bu
bölgəni müxtəlif şəkildə – “Alran” və
ya “Arran” adlandırıblar. XII-XIII əsrlərdə
yaşamış yazıçı və tarixçi Yakut əl-Həmavi
yazır ki, “Aran bu geniş vilayətin ərəbcə
adı deyil”, tarixçi Həmdullah Qəzvini (1281-1349) isə
əlavə edir ki, “Aran əyaləti iki çay – məhz
Araz və Kür arasında yerləşən torpaqlardır
(ara, aralıq)”. Bununla əlaqədar,
“Aran” adı etimoloji baxımdan “çayarası” mənası
verən qeyri-ərəb sözü kimi izah edilir. Başqa bir versiyaya görə, yerli əhali bu
regionu sak mənşəli birinci alban çarı Aranın
şərəfinə belə adlandırıb (bu barədə
M.Kaqankaytuski bildirir). Herodot isə öz
növbəsində, bu hadisələrdən neçə əsr
əvvəl yazırdı ki, skiflər və saklar eyni
xalqdır. Eramızdan əvvəl 612-ci
ildən Atropatenanın tərkibində olmuş albanlar və
saklar eramızdan əvvəl I əsrdən etibarən onun tərkibindən
çıxaraq özlərinin Alban
çarlığını yaradıblar. Eramızdan əvvəl
VII əsrə aid Assuriya salnamələrində bildirilir ki, bu
yerlərin ən qədim əhalisi skiflər – oğuzlar olub.
Eramızdan əvvəl VI əsrə aid Bisütun mətnlərində
qeyd edilir ki, burada saklar yaşayıblar. Makedoniyalı
İsgəndərin bioqrafı Arrian eramızdan əvvəl
IV əsrdə baş vermiş hadisələri təsvir edərək
burada sakların və albanların
yaşadığını bildirir. Daha sonra antik dövr
müəllifləri Böyük Plini (b.e.
22-79-cu illər) və Strabon (b.e.ə. I əsr
–b.ə. I əsr) bildirirlər ki, Kür və
Araz çayları arasındakı ərazidə saklar
yaşayırdı, bu regionu isə çox vaxt “Sakasena”
adlandırırdılar.
... Artıq Azərbaycanın
Qarabağ regionuna çatmışıq. Bütün ölkədə olduğu kimi, burada da
bizi qarşılayan lövhədə müzəffər
Prezidentimiz İlham Əliyevin “Qarabağ Azərbaycandır!”
sözləri yazılıb.
...Assuriya dövründə Qamir
ölkəsinin, daha sonra Aşquzun tərkibinə daxil
olmuş bu region antik dövrdə “Sakasena” adlanırdı. Bizim eranın VII əsrindən başlayaraq
artıq “Aran” adı işlənir, F.Rəşiddədinin
yazdığına görə, yalnız XIII əsrdən
başlayaraq Aranın bir hissəsi Aran Qarabağ və ya sadəcə
Qarabağ adlanmağa başlayıb. Minilliklər
ərzində adlar dəyişib, lakin skif-sakların və
onların hüquqi varisləri olan türklərin simasında
yerli əhalinin etnik mahiyyəti dəyişməz qalıb.
Paytaxtı Təbriz olan Azərbaycanın
hökmdarı Qazan xan Hülaku da Azərbaycan dövlətçiliyinin
prioritet mərkəzi kimi Qarabağın əhəmiyyətini
vurğulayırdı. O, 1295-ci il
noyabrın 3-də bir müsəlman kimi hökmdar
taxt-tacına əyləşməsi münasibətilə
andiçmə mərasimini məhz Qarabağda keçirib...
Asfalt örtüyünün rəngi
solmuş yol qurtarır və 2020-ci il
noyabrın 16-da salınmış, tünd qara rəngli təzə
asfalt döşənmiş yeni yol başlanır. Bu, “Zəfər yolu”dur. Prezident İlham
Əliyev bu yolu ordumuz Şuşa şəhərini
azad edərkən keçdiyi yol haqqında xatirəni əbədiləşdirmək
məqsədilə belə adlandırıb. Bu lövhəni hər
kəs ən qiymətli dəyər kimi
qarşılayır... Tezliklə Şuşaya
çatacağıq və səfər yoldaşlarımın
çoxu kimi mən də hələ lap təzə, yaxın
vaxtlarda bu yerlərdə gedən döyüş əməliyyatları
ilə bağlı fikirlərlə növbələşən
xatirələrə dalıram...
Allah bütün şəhidlərimizə
rəhmət eləsin!
***
...Mən Şuşaya ilk dəfə
1967-ci il yayın sonunda, hökumət
komissiyasının tərkibində gəlmişdim. Həmin komissiyaya tapşırılmışdı
ki, yaxın vaxtlarda burada baş vermiş qanlı cinayətin
təfərrüatını araşdırsın. Hadisə
isə belə olmuşdu: 1967-ci ilin may ayında
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin kəndlərinin
birində azərbaycanlıya məxsus torpaq sahəsində vəhşicəsinə
qətlə yetirilmiş erməni oğlanın cəsədi
aşkar edilmişdi. Həmin uşağın
öldürülməsində üç nəfər azərbaycanlını
təqsirləndirərək “isti izlərlə” həbs
etmişdilər. Az sonra Stepanakert
(Xankəndi) şəhərində açıq məhkəmə
oldu. Müttəhimlərin təqsiri sübut
edilmədi, ittiham isə buna əsaslanırdı ki, cəsəd
onlardan birinə məxsus torpaq sahəsində tapılıb.
Kifayət qədər sübut
olmadığına görə, məhkəmə işi əlavə
istintaqa göndərildi. Buna baxmayaraq,
müttəhimləri linçləmək istəyən ermənilər
onları döyüb öldürdülər, meyitləri isə
yandırdılar. Elə həmin gün
başlanan kortəbii mitinqlər dövlət müəssisələrinin
talan edilməsi həddinə çatdı. Uzun illər keçəndən sonra həmin hadisələrlə
bağlı bəzi sənədlər dərc edildi. Azərbaycan
rəhbərliyinə, respublika DTK-nın sədri Heydər
Əliyevə ünvanlanmış məktub bu sözlərlə
qurtarırdı: “Bu il iyunun 23-dən 24-nə keçən
gecə Stepanakert şəhərinin bəzi küçələrində
erməni dilində yazılmış 300-ə yaxın vərəqə
yayılıb, həmin vərəqələrdə
Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi
barədə tələblər və millətçi
xarakterli böhtan və uydurmalar var”.
Vəziyyət gərginləşməkdə
davam edirdi. 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycanın
rəhbəri seçildi. O, qısa müddətdə
respublikada vəziyyəti sabitləşdirməyə, tezliklə
siyasi həyatda və iqtisadiyyatda da sanballı uğurlara nail
oldu. Bütün respublika ilə birlikdə
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də
inkişaf edirdi. Burada yeni təhsil müəssisəsi
– Pedaqoji İnstitut yaradıldı, Xankəndiyə dəmir
yolu çəkildi, yeni sənaye müəssisələri
yaradılır, yaşayış məntəqələri
abadlaşdırılırdı. Azərbaycanın
maddi rifahı sovet ittifaqında ən yüksək sürətlə
artırdı. Respublikanın sürətli
inkişafından bütün Azərbaycan, o cümlədən,
muxtar vilayətin erməni əhalisi də bəhrələnirdi.
Bütün bu illər ərzində
mən Heydər Əliyevin komandasında işləyirdim, o mənə
müxtəlif sahələri tapşırırdı. 1979-cu ilin yanvarında mən
Gəncə şəhərinin rəhbəri təyin edildim,
1981-ci ilin yanvarında isə, Heydər Əliyev məni
Bakıya, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
elm, təhsil, mədəniyyət və xarici əlaqələr
məsələlərinə kuratorluq edən katibi vəzifəsinə
keçirdi. Elə ilk
görüşümüzdə o mənim hansı məsələlər
üzərində işləməli olduğumu göstərdi.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti
ilə bağlı, gündəlik diqqət tələb edən
məsələlər ən vacib və mühüm problemlərdən
idi.
Bir dəfə Heydər Əliyev
gözlənilmədən məndən soruşdu: “Sən
şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim:
“Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə
baxdı və dedi: “Yox, sən hamısını bilmirsən”.
Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi
vəzifələrimizdən uzaq mövzuya keçdi.
Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini
tikməyi qərara alıb. Məqbərənin
layihəsi hazırlanır, yer seçilib, tikinti başa
çatandan sonra məqbərənin təntənəli
açılışını və Vaqif Poeziya
Bayramını keçirmək nəzərdə tutulur.
Heydər Əliyev sözünə davam edərək dedi: “Sən
bu məsələləri ən yaxın vaxt üçün
prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi
biləsən. İndiki halda Vaqif bizim
üçün, sadəcə, şair, məqbərə, sadəcə,
qəbirüstü abidə, bayram, sadəcə, şeirlər
oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın
dövlət xadiminin rəmzidir və belə də olacaq.
Şuşadakı məqbərə bizim
üçün Qarabağ xanlığının
timsalında Azərbaycan dövlətçiliyinin rəmzi,
poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin
rəmzidir”.
Oxuculara xatırladıram ki,
bütün bunları Kommunist Partiyasında ən yüksək
vəzifələrdən birini tutan insan deyirdi. Bu həmin
partiyadır ki, bizi öz tariximizi unutmağa, xüsusən gəlmə
erməniləri bu ərazilərdə kütləvi şəkildə
məskunlaşdırmış, torpaqlarımızı vəhşicəsinə
işğal etmiş Rusiya imperiyası tərəfindən məhv
edilmiş Azərbaycan xanlıqlarının tarixini
unutmağa məcbur edirdi. Bu həmin
partiyadır ki, Azərbaycan torpağında Azərbaycan
dilinin istifadəsini açıq-aşkar məhdudlaşdırırdı.
Üstəlik, bu deyilənlər Azərbaycandan ayrılmaq cəhdlərinin
ara vermədiyi regiona aid idi. Desəm
ki, eşitdiklərim məni heyrətləndirdi, hesab edin ki,
heç nə deməmişəm. Eşitdiklərimin
təsiri altında Heydər Əliyevin mənə bu cür
etimadlı münasibətinə görə təsviredilməz
dərəcədə qürur hissi keçirirdim.
Məqbərənin tikintisi
başa çatmağa yaxınlaşırdı, abidənin
açılışını yayda qeyd etmək, bunu Vaqif
Poeziya Günləri ilə eyni vaxta salmaq ideyası vardı. Heydər Əliyev bu ideyaya
düzəliş etdi: “Məqbərəni onu tikintisi başa
çatandan dərhal sonra açacağıq, poeziya
bayramını isə yayda da keçirmək olar. Məhz bu səbəbdən, məqbərə
bütün Şuşanın qarla örtüldüyü
vaxtda açıldı, poeziya bayramının isə yayda
keçirilməsi nəzərdə tutuldu. Əslində, məqbərənin
açılışı Qarabağ xanlığına
ehtiram əlaməti, poeziya bayramı isə Azərbaycan
dilinin şərəfyab edilməsi oldu. Onları
burada təsvir etməyəcəyəm, çünki bu haqda
o dövrün mətbuatında oxumaq olar.
Heydər Əliyev poeziya bayramı
günlərini keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayətinin rəhbər işçiləri və
yaradıcı ziyalıları ilə görüşün
keçirilməsi ilə eyni vaxta saldı. Biz vilayət
partiya komitəsinin binasına gəldik, həmin
görüş burada keçirilməli idi. Vilayət partiya komitəsinin rəhbərinin
kabinetində biz üç nəfər idik. Vilayət
partiya komitəsinin birinci katibi Boris Gevorkov Heydər Əliyevə
lap yaxınlaşdı və az qala
pıçıltı ilə ona nə isə deməyə
başladı. Heydər Əliyev ona uca səslə cavab verdi: “Xeyr, əgər kimsə bu barədə
danışmağa cəhd göstərsə, mən
münasibət bildirəcəm və fikrimi deyəcəm”.
Gevorkov dinməzcə kabinetdən çıxdı, Heydər
Əliyev isə mənə müraciətlə dedi: “O məni
fikrimdən döndərmək istəyir ki, mən nəzərdə
tutduğumu deməyim”. Mən məsələnin mahiyyətini
bilirdim, buna görə dedim ki, Gevorkovun bu dərəcədə
sadəlövh olduğunu düşünmürdüm. Hər ikimiz güldük.
Zal adamla dolu idi. Orada
iştirak edən 400 nəfərin xeyli hissəsi özlərinin
anti-Azərbaycan və separatçı cəhdlərini həyata
keçirmək xatirinə hər cür provokasiyalara hazır
idi. Heydər Əliyev öz
çıxışında Azərbaycanda siyasi və iqtisadi
vəziyyəti təsvir etdi. O, keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətində baş vermiş
dəyişikliklərin güclü təsir
bağışlayan mənzərəsini təqdim edərək
dedi: “Biz Azərbaycanın ayrılmaz hissəsi olan
Dağlıq Qarabağ Muxtar Vilayətində abadlıq
işləri aparır, əhalinin rifahını yüksəldirik”.
Bunlar o sözlər idi ki, Boris Gevorkov Heydər
Əliyevi onları deməməyə razı salmaq istəyirdi.
Zala tam sükut çökmüşdü.
Bu hadisələrdən az sonra Heydər Əliyev sovet ittifaqının
rəhbərliyində ən yüksək vəzifələrdən
birinə irəli çəkildi. O, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini və ölkənin siyasi rəhbərliyinin
orqanı olan Siyasi Büronun üzvü kimi Moskvaya
köçdü. Son 13 ildə
cınqırını çıxarmağa qorxanların
hamısı başlarını qaldırmağa
başladılar.
***
1988-ci ildə başlanan hərəkat
Ermənistanın fikrincə, ermənilərin “böyük
xalq” kimi qəbul edilməsinə və firavanlaşmasına
gətirib çıxarmalı idi. Onların uydurma miflərə
və nağıllara əsaslanan cəhdləri gerçəkləşə
bilməyəcək fantaziya olaraq qaldı. Onların seçdiyi yol Dağlıq
Qarabağın hüquqi baxımdan tanınmasına gətirib
çıxarmadı. Ermənilərin
“böyük xalq” kimi qəbul edilməsi əvəzinə Ermənistan
BMT Təhlükəsizlik Şurasının Azərbaycan
torpaqlarının dərhal azad olunmasını tələb
edən və Dağlıq Qarabağ regionunun müstəsna
olaraq Azərbaycana mənsubluğunu təsdiq edən dörd
qətnaməsi ilə pislənildi. Bütün
genişmiqyaslı regional və qlobal layihələrdən təcrid
olunmuş Ermənistan firavanlaşmaq əvəzinə hər
hansı iqtisadi artım perspektivlərindən məhrum oldu,
sürətlə yoxsullaşdı, onun əhalisinin rifahı
isə durmadan azalmağa başladı.
Ermənistanla müharibə
başlandı. Azərbaycan bu müharibəyə zorla cəlb
edilmişdi. Birinci Qarabağ müharibəsi
dövründə daxili çəkişmələr çəngində
olan Azərbaycan bu savaşa hazır deyildi. Ermənistan
həmin müharibədə ölkəmizin ərazilərinin
xeyli hissəsini işğal etdi və təqribən 30 il ərzində işğal altında
saxladı. Özünü “döyüşkən
xalq”, “məğlubedilməz ordu sahibi” hesab edən ermənilər
lovğalanaraq özlərini “müzəffər Tiqran”ın
varisləri kimi təqdim edirdilər. Bu həmin
Tiqrandır ki, romalılar onu iki dəfə məğlub edib
devirmişdilər. Böyük antik yazıçı və
filosof Plutarx onun haqqında yazırdı: “Tiqran öz
çar tacını Pompeyin ayaqları altına ataraq vur-tut
Romanın bir əyalətinə çevrilmiş
çarlığını utancaq halda qəbul etdi”. Tiqranın hökmdarlığı belə şərəfsiz
şəkildə başa çatıb, ermənilər isə
onu mifləşdirərək bu gün də “müzəffər”
kimi təqdim edirlər.
Heydər Əliyev müstəqil
Azərbaycanın Prezidenti vəzifəsinə 1993-cü ilin
oktyabrında seçilmişdi. O vaxt postsovet məkanında baş
vermiş məlum tarixi hadisələr nəticəsində əmələ
gələn mürəkkəb siyasi, psixoloji və iqtisadi
problemlərin həlli Azərbaycanın qarşısında
kəskin zərurət kimi dururdu. O, öz qətiyyəti,
möhkəm iradəsi, bir neçə addım irəlini
görmək bacarığı sayəsində ölkədə
siyasi vəziyyəti sabitləşdirməyə, pozucu
qüvvələrin dağıdıcı fəaliyyətini
dayandırmağa, xarici siyasətin əsas prinsiplərini
formalaşdırmağa, Azərbaycanın Avropanın
aparıcı strukturlarına daxil olması istiqamətində
işlərə başlanılmasına, prioritet əməkdaşlıq
ölkələrini müəyyən etməyə nail oldu;
Ermənistan–Azərbaycan münaqişəsinin dinc yolla
nizamlanmasına dair sistematik danışıqlar
aparılırdı; respublikada gələcək iqtisadi
artımın təməli qoyulmuşdu.
İlham Əliyevin Prezident
seçilməsi ilə, təbii ki, Azərbaycan tarixində
yeni dövr başlandı. 2003-cü ildə o,
artıq yaradılmış platformaya əminliklə söykənərək
ölkəyə rəhbərlik etməyə başladı.
İlham Əliyevin 18 illik prezidentlik yoluna nəzər
salsaq, aşkar görmək olar ki, o, hakimiyyətdə
olduğu lap ilk günlərdən Qarabağ probleminin həllinə
hədəflənmişdi. Azərbaycan
iqtisadiyyatının artımı sürətləndi, bu
iqtisadiyyat sabit gəlirli səviyyəyə
çatdırıldı. İqtisadi əlaqələrin
dairəsi ölkənin siyasi maraqları ilə sıx birləşir.
Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşına
çevrildi ki, bu da qitənin aparıcı ölkələri
ilə uğurlu əməkdaşlığa gətirib
çıxardı. İlham Əliyevin diplomatik
bacarığı Azərbaycana dünyanın bir çox
aparıcı ölkələrinin, həmçinin nüfuzlu
beynəlxalq təşkilatların bərabərhüquqlu tərəfdaşı
olmaq imkanı verdi. Eyni
zamanda, ordunun ən müasir silahlarla təchiz
olunmasını, zabit və əsgər heyətinin ixtisas səviyyəsinin
artırılmasını, ordunun döyüş qabiliyyətini
müəyyən edən mənəvi və psixoloji keyfiyyətlər
məcmusunun formalaşdırılmasını nəzərdə
tutan hərbi quruculuq işləri gedirdi.
Tezliklə Azərbaycan
öz ərazilərinin azad olunması naminə müharibəyə
hazır idi. Lakin o, hərbi yola əl atmaq istəmirdi, güman
edirdi ki, Ermənistanın rəhbərləri sağlam
düşüncəni əsas tutacaq, başa düşəcəklər
ki, özgə ərazilərini işğal altında saxlamaq
perspektivsizdir. Amma məlum oldu ki, Ermənistanda
hakimiyyət sükanı arxasında olanlar sağlam
düşüncəni və praqmatizmi deyil, öz şəxsi
ambisiyalarını və mifik təsəvvürlərini rəhbər
tuturlar. Buna baxmayaraq Ermənistan–Azərbaycan
münaqişəsinin nizamlanmasına dair danışıqlar
davam edirdi. Bu halda, Azərbaycan
münaqişənin uğurla həll olunacağını,
Ermənistan isə uğurla uzanacağını nəzərdə
tuturdu.
2020-ci il
sentyabrın 27-də yekdilliklə Vətən müharibəsi
kimi qəbul edilən İkinci Qarabağ müharibəsi
başladı. Çoxmillətli Azərbaycan
xalqı yekdilliklə öz torpaqlarının azad edilməsi
uğrunda mübarizəyə qalxdı. Azərbaycanlı
əsgər və zabitlərin öz Vətəninin
azadlığı naminə həlak olmağa hazır
olduqları qəhrəmanlıqla dolu 44 gecə və
gündüz. Prezident, müzəffər
Ali Baş Komandan İlham Əliyevin 44 gecəsi və
gündüzü. Bu günlər ərzində o,
döyüş əməliyyatlarına rəhbərlik edir,
eyni zamanda, öz xalqı ilə sıx təmasda olur, xarici
KİV-lərə çoxsaylı müsahibələr verərək,
informasiya mübarizəsinin ön xəttində olur və Azərbaycan
xalqının öz torpaqlarını azad etmək hüququnu
izah edirdi.
Prezident İlham Əliyevin yüksək
diplomatik məharəti öz bəhrəsini verdi.
Dünyanın əksər ölkələri
bizim beynəlxalq hüquqa və BMT Təhlükəsizlik
Şurasının qərarlarına güvənərək,
tarixi torpaqlarımızı öz gücümüz
hesabına azad etmək səyimizə anlaşıqlı
yanaşdılar. Bizə dost ölkələr
yanımızda idilər. Onların arasında
Türkiyə xüsusi yer tutur.
Ermənistan tərəfindən
işğal edilmiş torpaqlarımızın böyük
hissəsi silah gücünə azad olundu. 2020-ci il
noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi
Azərbaycan Ordusunun zəfər yürüşünün
kulminasiya nöqtəsi oldu. Azərbaycanın
aşkar hərbi-siyasi üstünlüyünü görən
erməni tərəfi Kəlbəcər, Laçın və
Ağdam rayonlarını bir güllə atılmadan
boşaltmağa məcbur oldu. 2020-ci il noyabrın 10-da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan
və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin
Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs
və bütün hərbi əməliyyatların tam
dayandırılması barədə üçtərəfli
bəyanat imzaladılar.
İşğaldan azad
edilmiş torpaqlara həmin rayonlarda doğulanlar, ictimai xadimlər,
həmçinin əcnəbilər, ələlxüsus da Ermənistan–Azərbaycan
münaqişəsi və İkinci Qarabağ müharibəsi
barədə həqiqətləri dünya ictimaiyyətinə
çatdırmağı bacaran və bunu ürəkdən
istəyən əcnəbilər səfər edirlər. Azad olunmuş
torpaqlardan çəkilən video və fotomateriallar
yayılmağa başlayıb, dünya qədim sivilizasiyaya mənsub
olmalarını çox həvəslə hamıya
inandırmağa çalışan xalqın nümayəndələrinin
vəhşiliyinin və vandalizminin şahidinə
çevrilir.
***
Müharibənin başa
çatması ilə ölkəmiz zəfər
eyforiyasına uymadı, onun üçün yeni adi iş
günləri başladı. Müharibədən
sonra elə ilk günlərdən məlum oldu ki, Prezident
İlham Əliyev bu günlərə artıq çoxdan
hazırlaşmışdı. Qələbədən dərhal
sonra ictimaiyyət Qarabağın dirçəldilməsi
üzrə möhtəşəm planlar barədə məlumatlandırıldı
və eyni zamanda, praktik iş başlandı.
İşğaldan azad olunan şəhərlərin
inkişafı üzrə baş planlar hazırlanır, yeni
hava limanları, geniş avtomobil yolları, elektrik
yarımstansiyaları və elektrik ötürmə xətləri
şəbəkəsi tikilir, “ağıllı şəhər”
və “ağıllı kənd” konsepsiyası əsasında
yaşayış məntəqələri yaradılır,
dağıdılmış mədəniyyət abidələri
və məbədlər bərpa edilir.
...Avtobusumuz Zəfər yolu
ilə hərəkəti davam etdirir. Yol boyunca
çoxsaylı tikintilər görürük. Lakin Füzuli aeroportunun, avtomobil yollarının
tikintisi, elektrik ötürücü xətlər
üçün dirəklərin quraşdırılması
xüsusilə güclü təsir bağışlayır.
Uzaqda artıq məşhur Şuşa qayaları görünməyə
başlayır. Qəhrəman Azərbaycan
döyüşçüləri, demək olar ki, ölümə
meydan oxuyaraq, ölümün gözünün içinə
düz baxaraq, həmin qayalara dırmaşaraq, Şuşa
şəhərini, sözün əsl mənasında, əlbəyaxa
döyüşdə azad ediblər. Biz hər
bir azərbaycanlı üçün müqəddəs olan
bu şəhərin azad edilməsi naminə canından
keçən şücaətli əsgərlərimizin xatirəsini
anmaqdan ötrü sürücüdən sürəti
azaltmasını xahiş edirik. Allah onlara rəhmət
eləsin!
Erməni hərbi analitiklər
İkinci Qarabağ müharibəsinin yekunlarını
araşdıraraq, tez-tez vurğulamağa
çalışırlar ki, Azərbaycan Ordusu pilotsuz
uçuş aparatları (PUA) sayəsində qalib gəlib. Əlbəttə,
pilotsuz uçuş aparatlarının rolunu inkar etmək
olmaz. Lakin erməni analitiklər o barədə
danışmırlar ki, ermənilər PUA-nın tətbiq
edilmədiyi Şuşada niyə uduzublar, azərbaycanlılar
odlu silahdan məhdud istifadə etdikləri bir vaxtda şəhər
erməni hərbi texnikası ilə, o cümlədən,
tanklarla və təpədən-dırnağadək
silahlanmış çox sayda işğalçılarla dolu
idi. Müasir müharibələrdə müasir silahların
rolunu inkar etmək ağılsızlıqdır, lakin əgər
bu müasir silahlar ədalətli müharibə aparan Azərbaycanla
bağlı olduğu kimi, döyüşçülərin
yüksək mənəvi-psixoloji keyfiyyətləri və
özlərinin haqlı olduğunu dərk etməklə
möhkəmləndirilməzsə, o halda, metal
yığını olaraq qalacaq.
...Tezliklə biz işğaldan azad
olunan Şuşaya, çox əziyyətlər
görmüş Şuşaya çatacağıq. Şəhərə yaxınlaşdıqca mən
onun tarixinin faciəli səhifələrini yada
salırdım.
Dəfələrlə hücumlara məruz
qalan Şuşa şəhərinin əsası
1752-ci ildə Pənahəli xan Cavanşir tərəfindən
qoyulub.
Qacar sülaləsindən
olan Ağa Məhəmməd şah 1797-ci ildə
Şuşanı ələ keçirsə də, tezliklə
saray əhli tərəfindən sui-qəsd nəticəsində
şahın ölümündən sonra şəhər azad
edilib.
1805-ci ildə Gəncə
xanlığının məhv edilməsindən sonra və
Kürəkçay müqaviləsinin imzalanması nəticəsində
bütün Qarabağ xanlığı kimi Şuşa
da Rusiya imperiyasının hakimiyyəti altına keçib. Tezliklə Qarabağ hökmdarı İbrahimxəlil
xan rusiyalı zabit Lisaneviç tərəfindən qətlə
yetirilir. 20 ildən sonra Lisaneviç
Ömər adlı qumuq (azərbaycanlılara qohum olan
Şimali Qafqaz xalqı) tərəfindən güllələnir.
Qarabağ xanlığının zəbt
olunmasına rəhbərlik edən və Gəncə
xanlığının qanında əli olan general Sisiyanov isə
1806-cı ildə Bakının Qala qapılarının
yaxınlığında Bakı xanlığı sülaləsinin
təmsilçisi İbrahim bəy tərəfindən
öldürülür.
1920-ci il martın 23-nə keçən
gecə, Novruz bayramı qeyd olunduğu vaxt erməni silahlı
dəstələri XI Qızıl ordu qoşunlarının
yaxın vaxtlarda Azərbaycana hücum edəcəyi xəbərindən
istifadə edərək Şuşa, Əsgəran və Xankəndidə
yerləşən Azərbaycan qarnizonlarına qəflətən
soxulublar. Məqsəd həm bu şəhərləri
zəbt etmək, həm də Azərbaycan ordusunu ölkənin
sərhədlərini qorumaqdan yayındırmaq idi. Azərbaycanın hərbi nazirliyi tələsik
şəkildə qoşunları Bakıdan Qarabağa
göndərməyə və ölkənin şimal sərhədlərini
boş qoymağa məcbur oldu. Ermənilərin
qısamüddətli uğuruna baxmayaraq, zəbt edilmiş
bütün əraziləri general Həbib bəy Səlimovun,
Qarabağ və Zəngəzurun general-qubernatoru Xosrov bəy
Sultanovun səyi ilə azad etmək mümkün oldu.
Şuşa, Xankəndi, Əsgəran birinci, ikinci və
üçüncü Azərbaycan respublikalarının tərkibində
qaldı.
1992-ci il mayın
8-də erməni qoşunları Şuşanı
işğal etdilər. Hər bir azərbaycanlı
üçün müqəddəs olan bu şəhər
düz 28 il yarım erməni əsirliyində
qaldı. Lakin düşmən nə qədər
çalışsa da, Şuşanın əzmini qıra, onu
fəth edə, ona xas olan Azərbaycan ruhunu məhv edə,
buradan Azərbaycan mədəniyyətinin izlərini silə
bilmədi.
2020-ci il
noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı
işğaldan azad etdi. Məhz həmin günlərdə
Prezident, müzəffər Ali Baş Komandan İlham
Əliyev hər bir azərbaycanlı üçün müqəddəs
enerjili, Azərbaycanın çoxəsrlik tarix salnaməsinə
daxil edilməyə layiq olan sözləri dilə gətirdi:
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa,
biz qayıtmışıq! Əziz Şuşa,
biz səni dirçəldəcəyik! Şuşa bizimdir!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
...28 avqust 2021-ci il.
Biz artıq Şuşadayıq... Şuşa bizi gözləyirdi,
biz isə 28 ildən artıq bir müddətdə qəlbimizdə
Şuşa həsrəti ilə
yaşamışıq. Biz 28 il ədalətsizliyin şahidi
olaraq, tez-tez qəzəb və həyəcanla BMT, ATƏT,
Avropa Şurası, Avropa İttifaqının iclas
salonlarından, dünyanın aparıcı ölkələrinin
yüksək vəzifəli şəxslərinin kabinetlərindən
Şuşanın və bütün Qarabağ regionunun taleyinə
baxırdıq. Budur, çoxdan gözlənilən yenidən
qovuşma baş verdi. Şuşanın
gözlədiyi əsl sahibləri gəlib çıxdı.
Biz, əvvəlcə, şəhərə,
sanki, yuxudaymışıq kimi daxil oluruq, yalnız tədricən
xəyal reallığa çevrilir... Bəli, biz
Şuşadayıq, 2020-ci il noyabrın 8-də
müzəffər Azərbaycan Ordusunun azad etdiyi şəhərdə.
Bu il yanvarın
14-dən başlayaraq, Azərbaycan Prezidenti İlham
Əliyevin işğaldan azad edilmiş Şuşaya ilk səfərindən
sonra şəhərin bərpasına start verilib. Mayın 7-də Prezident Şuşanı Azərbaycanın
mədəniyyət paytaxtı elan edib. Ötən
müddətdə burada artıq orijinal memarlıq
üslubunda yeni məscidin təməli qoyulub,
“Xarıbülbül” musiqi festivalı keçirilib, sərgi
salonları açılıb. Prezident İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri
ərəfəsində Şuşada otel və konfrans mərkəzinin,
yeni yaşayış kompleksinin təməlini qoyub,
böyük xanəndə Bülbülün ev-muzeyinin, dahi bəstəkar
Üzeyir Hacıbəylinin abidəsinin, həmçinin Molla
Pənah Vaqifin büstünün bərpadan sonra
açılışını edib, Üzeyir Hacıbəylinin
ev-muzeyində aparılan işlərlə tanış olublar.
Şuşanın və onun ətrafının bərpasına
aid olan 200-dən çox memarlıq və mədəni irs obyektinin siyahısı elan olunub. Azərbaycan mədəniyyətinin incilərinin bərpasında
əsas rol ölkənin Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.
... Poeziya bayramının
iştirakçıları Cıdır düzünü
müqəddəs ocaq kimi ziyarət edir, daha sonra hər bir azərbaycanlının
qəlbinə əziz olan yerləri – Mehmandarovların, Əhməd
Ağaoğlunun, Sadıqcanın, Nəvvabın və digərlərinin
evlərini axtarmaq üçün ayrılırlar. Bütün bu abidələr və görməli
yerlər erməni vandalizminə məruz qalıb, lakin onlar
Şuşanın və bütün Qarabağın dirçəldilməsi
üzrə irimiqyaslı işlər çərçivəsində
hökmən bərpa olunacaq. Vilayət Quliyevlə mən
Polad Bülbüloğlunun lütfkar dəvətini qəbul
edərək, Bülbülün çox gözəl bərpa
olunmuş ev-muzeyi ilə tanış olduq.
29 avqust. Vaqif Poeziya Günlərinin açılışına gedirik. Tədbir dahi şair və dövlət xadiminin məqbərəsinin qarşısında təşkil olunacaq. Erməni vandalları tərəfindən talan edilən və dağıdılan məqbərənin əks olunduğu fotoşəkilləri həyəcanla yada salıram. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səyləri nəticəsində çox qısa müddətdə bərpa edilmiş, demək olar, yenidən hazırlanmış əzəmətli abidə qürur doğurur. Sözsüz ki, Vaqifin məqbərəsinin bərpası Azərbaycanın mədəni irsinin yorulmaz himayədarı Mehriban xanımın ən əhəmiyyətli xeyriyyəçilik işlərinin sırasına aid edilməlidir.
Çox keçmədən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva gəlirlər. Bayram başlanır... İlk olaraq, 39 il bundan əvvəl Vaqifin məqbərəsinin və Poeziya Günlərinin açılışı münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmiş, o vaxt diplomat olmağa hazırlaşan 20 yaşlı tələbə olmuş şəxs çıxış edir. Heydər Əliyevdən vətənpərvərlik, müdriklik və qətiyyət dərsi almış bu şəxs 18 il bundan əvvəl xilaskarlıq kimi böyük missiyanı öz üzərinə götürüb və buna nail olaraq Azərbaycan tarixinin səhifələrinə əbədi daxil olub. Hazırda İlham Əliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan kimi Şuşadan dünyaya bu sözlərlə müraciət edir: “İşğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.
Həsən HƏSƏNOV
Xalq qəzeti
2021.- 11 sentyabr.- S.3;4.