Qarabağ inkişaf
və quruculuq mərkəzinə çevrilir
İkinci
Qarabağ müharibəsi tarixdə Azərbaycanın
şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik,
həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi
güdürdü ki,
qısa müddət ərzində az itkilərlə
düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur
olub torpaqlarımızdan
çıxsın. Döyüş meydanında qazanılmış qələbələr
siyasi müstəvidə də qələbənin
qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz
bu qələbəni qazanmasaydıq,
inanmıram ki, işğalçı qalan torpaqlardan
çıxacaqdı. Necə ki,
torpaqlarımızı 30 ilə yaxın müxtəlif
yollarla işğal
altında saxlamağa can
atan düşmən bu
işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu
ilə də heç bir
nəticə əldə edə bilməzdik. Biz
bu müharibəni şəhidlərimizin
canı-qanı bahasına, hərbçilərimizin rəşadəti
hesabına, dövlətimizin siyasəti hesabına
qazanmışıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ermənistan 30 ildən artıq idi ki, Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti aparırdı. Beynəlxalq aləm isə bütün bunları sadəcə olaraq müşahidə edirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulansa da, işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmirdi. Sadalanan qətnamələr yerinə yetirilmirdi.
Bir sözlə, beynəlxalq qurumlar tərəfindən problemin həllinə laqeydlik, biganəlik göstərilirdi. Prezident İlham Əliyev isə münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunması üçün əlindən gələni etsə də, erməni tərəfi əməlindən əl çəkməyərək “yeni torpaqlar uğrunda yeni müharibə” məqsədini gizlətmirdi.
Belə bir cəzasızlıq şəraitində ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu. Azərbaycan Ordusu bu hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altında saxladığı torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Xalqımız bütünlüklə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında səfərbər oldu və ordumuz 44 gün ərzində Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə şanlı tarix yazdı, düşmənə sarsıdıcı zərbələr endirərək, parlaq qələbə qazandı. Bu zəfər insanlarımızda böyük inam və ruh yüksəkliyi yaratdı, xalqımızın möhtərəm Prezidentimizə, Ali Baş Komandanımıza inam və etimadını daha da gücləndirdi.
Vətən müharibəsinin başa çatmasından bir ilə yaxın bir müddət keçir. Heç zaman unudulmayacaq o günlərlə bağlı bəzi məqamlar gözlərimiz önünə gəlir. Belə ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirərək, işğal altındakı ərazilərimizi bir-birinin ardınca düşməndən təmizlədikcə, Ermənistan rəhbərliyi məğlub duruma düşdüyünü dərk etdikcə təslim olmaq əvəzinə daha da azğınlaşır, düşmən mülki əhalimizin sıx məskunlaşdığı yaşayış məntəqələrini, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunan silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tuturdu. Nəticədə, mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verir, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyirdi. Ermənistanın hərbi təcavüzünün insan tələfatı ilə nəticələndiyi, ölən və yaralananlar arasında uşaqların və qadınların sayının çox olması isə daha çox ciddi narahatlıq doğururdu.
Azərbaycan isə bu savaşda beynəlxalq hüquq çərçivəsindən kənara çıxmırdı. Prezidenti İlham Əliyev cari il avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bu barədə deyib: “Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi Zəfərə çatdıq. Bir neçə gün bundan əvvəl dediyim kimi, ermənilərin bütün miflərini darmadağın etdik...”.
Dövlətimizin başçısı həmin nitqində daha sonra qeyd edib ki, bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə, öz sərhədlərini özü qoruya, öz hesabına yaşaya bilmir: “Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Çünki müstəqil ölkəyə xas olan əlamətlərin mütləq əksəriyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər. Nəticədə, yenə də mənim sözlərimə əməl etməli oldular. Mən deyirdim ki, bizim torpağımızdan rədd olmalısınız. Rədd oldular. Nəticədə mən deyən oldu, amma vaxt itirdilər. Bu gün Ermənistan nə gündədir, hər kəs bunu görür. Əlbəttə, acı məğlubiyyətin şokunu onlar hələ uzun illər yaşayacaqlar. Biz isə bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq, qürurla yaşayacağıq. Öz gələcəyimizi özümüz quracağıq, azad edilmiş torpaqları bərpa edəcəyik. Şəhidlərimizin xatirəsini daim qəlbimizdə yaşadacağıq”.
Vətən müharibəsində qazanılan möhtəşəm qələbə onu göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadirdir. Bu, ölkəmizin siyasi, iqtisadi, diplomatik sahələrdə əldə etdiyi böyük nailiyyətlərin məntiqi nəticəsi idi.
Şiddətli döyüşlərin getdiyi 44 gün ərzində respublikamızda hər kəs könüllü olaraq cəbhəyə yollanmaq arzusunda olduğunu bildirirdi. Belə bir əhval-ruhiyyə isə xalqımızda, o cümlədən, gənclərimizdə yüksək vətənpərvərlik hisslərinin olması ilə bağlı idi. Amma Ermənistan ordusunda vəziyyət tam fərqli şəkildə nəzərə çarpırdı. Belə ki, işğalçı ölkənin polisi gəncləri zorla, necə deyərlər, sürüyərək hərbi xidmətə göndərirdi. Ancaq erməni ordusunda fərarilik baş alıb gedirdi. Ermənilərin ümidləri terrorçulara, Suriyadan, Livandan və digər ölkələrdən gətirilən muzdlulara qalmışdı.
Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Azərbaycan Ordusunun zəfər yürüşü Ermənistanın onsuz da ciddi böhran vəziyyətində olan iqtisadiyyatında da çox ciddi problemlər yaratdı. Hazırda işğalçı ölkənin iqtisadiyyatı öz dayanıqlılığını itirib, iqtisadi potensial, demək olaraq, tükənmək həddinə düşüb. Ermənistanın borclarının ümumi daxili məhsula nisbəti indiki vaxtda olduqca kritik rəqəmə yaxınlaşıb.
Bütün bunlar bugünkü Ermənistan hökumətinin, şəxsən baş nazir Nikol Paşinyanın öz xalqının ən böyük düşməni olduğundan xəbər verir.
Burada onu da qeyd etmək yerinə düşər ki, Ermənistanı işğalçılıq siyasətinə şirnikləndirən, silahlandıran onun açıq və gizli havadarları idi. Yoxsa, Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsində darmadağın edilən, bir hissəsini də Silahlı Qüvvələrimizin qənimət kimi ələ keçirdiyi hərbi texnikanı adi yaşamaq imkanlarından məhrum olan bir dövlət hansı vəsaitlə almışdı?! Bu sualın cavabını İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəqiqliklə vermişdi: “...Biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti, aşağısı, 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?”.
Bəli, istər müharibədən əvvəl, istərsə də 44 günlük savaş günlərində nüfuzlu dövlətlərin, beynəlxalq təşkilatların əksər hissəsi tərəfindən Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq təşəbbüsü göstərilmədi. ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adlarını çəkmək belə yada düşmədi. Azərbaycan Prezidenti İlham Əliyev isə tutduğu haqq yolundan, qətiyyətli mövqeyindən geri çəkilmədi, tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanaraq, “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan etdi, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini dəfələrlə vurğuladı. Dövlətimizin başçısı işğal edilmiş bütün torpaqların işğalçılardan azad olunacağını, Azərbaycan vətəndaşlarının öz doğma yurdlarına mütləq qayıdacaqlarını bildirdi. Bu il avqustun 30-da Vaqif Poeziya Günlərinin rəsmi açılışı mərasimində çıxış edən Prezident İlham Əliyev həmin fikirlərini bir daha xatırlatdı: “Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun, işğalçılardan azad edəcəyik.
Danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq”.
Bəli, Azərbaycan Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazisini danışıqlar yolu ilə yox, düşmən tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək azad etdi, ərazi bütövlüyünə nail oldu.
Düşmən 30 il ərzində torpaqlarımızı işğal alında saxlayaraq, istismar edib, təbii resurslarımızı oğurlayıb, kəndlərimizin, şəhərlərimizin izini belə yer üzündən silib. Salamat bir bina, bir infrastruktur saxlamayıb. Hər yeri xarabalığa çevirib, tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi dağıdılıb.
İşğalçı belə bir vandallığı törədərkən, yer-yurd adlarını dəyişərkən, erməniləşdirərkən düşünürdü ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq, özü isə torpaqları əbədi işğal altında saxlayacaq, bununla da xalqımızın iradəsini qıra biləcək. Ancaq qəsbkar yanılırdı. Vətən müharibəsində əldə edilən parlaq qələbəmiz, savaş günlərində xalq–Prezident birliyi bu təsəvvürün nə qədər yanlış olduğunu təsdiqlədi...
Hazırda erməni vəhşiliyinin, barbarlığının izləri qalan torpaqlarımızda genişmiqyaslı abadlıq-quruculuq tədbirləri sürətlə həyata keçirilir. Bu isə Azərbaycanın nə qədər güclü-qüdrətli dövlət olmasını təsdiqləyir.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2021.- 11 sentyabr.- S.6.