Qlobal enerji təhlükəsizliyində
Azərbaycanın rolu getdikcə möhkəmlənir
“Əsrin müqaviləsi”nin
hazırlanmasında, imzalanmasında iştirak
etdiyimə görə özümü çox xoşbəxt hesab
edirəm. Üzərimə götürdüyüm
məsuliyyəti dərk edirəm və ümidvaram
ki, gələcək nəsillər bu gün burada
baş verən tarixi
hadisəni layiqincə
qiymətləndirəcəklər.
Heydər ƏLİYEV
Ümummilli lider
Bizim bugünkü
inkişafımız, bugünkü nailiyyətlərimiz,
Azərbaycanın, həqiqətən, müstəqil ölkə
kimi dünya birliyinə
qədəm qoyması böyük dərəcədə
“Əsrin kontraktı”nın imzalanması ilə
bağlıdır. Bu, çox
cəsarətli və müdrik addım idi. Əgər 1994-cü ildə Heydər
Əliyevin təşəbbüsü ilə “Əsrin
kontraktı” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi.
Ölkəmizdə görülən quruculuq-abadlıq
işlərinin, dayanıqlı iqtisadiyyatmızın, böyük valyuta
ehtiyatlarımızın əsas mənbəyi “Əsrin
kontraktı”dır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Təməli
ümummilli lider Heydər Əliyev tərəfindən
formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi”
ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı
beynəlxalq enerji bazarlarında birbaşa
iştirakçıya çevirdi. Beləliklə,
27 il əvvəl dünyanın müxtəlif
ölkələrini təmsil edən şirkət nümayəndələri
Bakıda bir araya gələndə
çox az insan düşünürdü
ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində Azərbaycan aparıcı
ölkələrdən birinə çevriləcək.
Müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilislər 34,1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdür: “Chevron-Texaco” (10,2 faiz), “Lukoil” (10 faiz), ARDNŞ (10 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), TPAO (6,8 faiz), “Devon Energy” (5,6 faiz), “Itochu” (3,9 faiz), “Amerada Hess” (2,7 faiz).
Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gəlib konsorsium yaradaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilməsi və 6,5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı.
Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılıb. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barel neft ixrac edilməyə başlanılıb ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edilib. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olunub. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirilib.
“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyard dolları dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb.
Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrilib. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmlənib. Geosiyasi mövqelərimizin güclənməsi ilə yanaşı, bu müqavilə, eyni zamanda, Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi pozitiv təsirlər göstərib. “Əsrin müqaviləsi” ilk olaraq ölkənin beynəlxalq etibarını ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirib. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də, sözügedən sərmayələr ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərin həllinə müsbət təsir göstərib.
Onu da bildirim ki, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. 1995-ci ildən etibarən tərəqqi meyilləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11,8 faiz kiçilmişdisə, 1995-ci ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsində-büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı.
“Əsrin müqaviləsi”nin davamı və onun yaratdığı imkanlar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının sabit şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını formalaşdırmaqdadır.
“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur.
“Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqlarına tam cavab verməsi ilə yanaşı, “Yeni Əsrin müqaviləsi” ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha yaxşılaşdırılmasına imkan yaratdı. “Əsrin müqaviləsi” ilə “Yeni Əsrin müqaviləsi”nin müqayisəsi və eyni zamanda, bu sazişin Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmaq lazımdır. Belə ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı və eləcə də iqtisadi gücü tamamilə fərqli idi. Bu gün isə Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq, bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 161 dəfə artıb. Buna baxmayaraq, “Əsrin müqaviləsi”ndə öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılaşdırıldı. Bu da birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq, “Əsrin müqaviləsi”ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi.
İndi artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı inkişaf edir. Ölkəmizin iqtisadiyyatı 1994-cü illə müqayisədə xeyli inkişaf edib. Bu kontekstdə “Yeni Əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək.
Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri çox az idi. O zaman imzalanan “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycana xarici şirkətlər tərəfindən 300 milyon dollar bonus ödənilmişdi. Ötən müddət iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi əldə edilən bonusun həcminin 12 dəfə artmasına gətirib çıxartdı ki, bu da nəticə etibarilə ölkəmizə xarici valyutanın daxil olması baxımından vacibdir.
“Yeni Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya, həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır.
Yeni anlaşmada xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycan dövlətinin əldə edəcəyi bonusdur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman da bonusun ödənilməsi nəzərdə tutulmuşdu və daha sonra Azərbaycan hökumətinə 300 milyon dollar ödənildi. Amma təbii ki, bonus birdəfəlik ödənilmir. Razılaşmaya əsasən, müqavilə imzalandıqdan sonra, bonusun müəyyən hissəsinin, daha sonra isə işlər görüldükcə mərhələli şəkildə qalan hissəsinin dövlət büdcəsinə ödənilməsi həyata keçirilir.
İndiki bonusun məbləği isə 23 il əvvəlkindən 12 dəfə çoxdur - 3,6 milyard dollar. Adətən müqavilə bağlandıqdan sonra bonusdan ilkin tranş verilir, daha sonra isə müqavilədə nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq tranşlar formasında ödənilir. Bu əvəzsizdir, onun nə mənfəət neftinə və ya neftin satışına hər hansı aidiyyəti yoxdur. Mövcud faiz bölgüsü, həm hökumətə, həm də şirkətlərə sərf edir.
Sazişdə Azərbaycanın mənfəət neftinin səviyyəsinin 75 faiz nəzərdə tutulması isə imkan verəcək ki, hasilatın pay bölgüsündə mövcud səviyyəni qoruyub saxlaya bilsin. Bu, əldə edilən mənfəətin hər 100 dollarından 75-nin Azərbaycan dövlətinə çatması anlamına gəlir. Faizlər elə olmalıdır ki, o, həm hasilatda iştirak edən şirkətlər, həm də Azərbaycan dövləti üçün məqbul olsun. Hasilatın əvvəlki pay bölgüləri matriks formasında həyata keçirildiyi üçün, fərqli faizlər vardı və ən yüksəyi isə 75 faiz idi. Azərbaycan hökuməti də yeni sazişdə həmin payı qoruyub saxlaya bilib.
Təhlillər
göstərir ki, 75/25 faiz
nisbəti hamı üçün məqbul
variantdır. Çünki hazırda dünya bazarında neftin
qiyməti nisbətən aşağıdır. Neft sektoru 3-4 il əvvəl olduğu kimi rentabelli deyil, rentabellik xeyli azalıb. Buna rəğmən,
75/25 faiz nisbəti həm şirkətlərdə
fəaliyyət üçün stimul verir, həm də Azərbaycan
hökumətinə satılmış neftdən əldə
edilən gəlirin 75 faizinə sahib olmaq imkanı yaradır ki,
bu da çox
məqbuldur. Bundan əlavə,
SOCAR da pay sahibi kimi yerdə qalan mənfəətin 25
faizini əldə edəcək. Enerji resurslarının çıxarılması qısa
müddət ərzində
ölkə iqtisadiyyatının
sürətlə böyüməsinə
və maliyyə imkanlarının genişlənməsinə
səbəb olub.
Xüsusilə də 2004-2006-cı illərdə Azərbaycan
iqtisadi artım sürəti ilə bütün dünya ölkələrini geridə
qoydu. Postsovet dövrünün ilk illərini xarakterizə edən ciddi maliyyə qıtlığı
aradan qaldırıldı,
ölkə iqtisadiyyatının
digər sektorlarına
da kütləvi investisiya axını başlandı. Təbii ki,
məhz neft hasilatının artımı
və onun dünya bazarlarına birbaşa çıxışı
çökmüş iqtisadiyyatın
sürətli inkişafı
üçün əsas
amillərdən biri oldu. Əgər başlanğıcda neft ÜDM-in artımı
iqtisadi tərəqqinin
əsas dəstəkləyicisi
idisə, sonrakı dövrlərdə aparılan
iqtisadi islahatlar qeyri-neft ÜDM-in də inkişafını stimullaşdırdı.
Beləliklə, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib. Əlbəttə ki, bu strategiyanın əsası 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Bu müddət ərzində hökumətin həyata keçirdiyi müstəqil enerji siyasəti ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, xalqın maraqlarını, dövlətin təhlükəsizliyini və regionun inkişafını da göz ardı etməyib. Hazırda isə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və iqtisadiyyatın diversifikasiya etdirilməsi proqramlarını postneft dövrünə hazırlıq kimi qiymətləndirmək olar. Baxmayaraq ki, ölkənin enerji resursları kifayət qədər böyükdür və bu, uzunmüddətli inkişaf proqramlarının reallaşdırılmasına imkan verir, Azərbaycanın erkən hazırlıqları sadəcə prosesin daha kompleks şəkildə idarə edilməsini şərtləndirir.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Xalq qəzeti
2021.- 18 sentyabr.- S.3.