Altmış yaşlı Qoşulmama
Hərəkatı Azərbaycanın sədrliyi dövründə
gənclik əzmi ilə çalışır
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz regionda söz sahibinə çevrilib. Azərbaycan dünyada güclü nüfuz qazanıb, beynəlxalq reytinq cədvəllərində ön sıralara çıxıb. Dövlət rəhbəri sevimli xalqına və özünün kreativ düşüncə tərzinə güvənərək, ən çətin problemləri qətiyyətlə, müdrikcəsinə həll edə bilir. Ötən ilin payızında gerçəklənmiş 44 günlük tarixi Zəfər yürüşü bunun bariz nümunəsidir.
Cənab İlham Əliyevin başlıca üstünlüyü bundadır ki, daim fəal siyasət aparır, çağdaş dövlətlərarası münasibətlərin daha səmərəli formalarının tətbiqinə konkret əməli təşəbbüslər göstərir. Təsadüfi deyil ki, ölkəmiz beynəlxalq aləmdə ikinci ən böyük təşkilat sayılan, heç bir blokda iştirak etməyən 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına 2019-cu ildən bəri layiqincə sədrlik edir.
Qoşulmama Hərəkatının yaranması ideyası 1955-ci ildə Bandunq (İndoneziya) konfransında irəli sürülüb, 1961-ci ildə isə Fidel Kastro və İosif Broz Titonun rəhbərliyi ilə Belqradda (Yuqoslaviya) keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub və onun institusional əsası qoyulub. Düz 60 ildir ki, narahat dünyanın ağrılı müşküllərinin həllində bu hərəkat mühüm rol oynayır. Əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinə, eləcə də əsas insan hüquq və azadlıqlarına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək; böyüklüyündən asılı olmayaraq, bütün irqlərin və xalqların bərabərliyini tanımaq; digər dövlətlərin daxili işlərinə qarışmaqdan, böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək; siyasi müstəqilliklərə qarşı güc tətbiqi ilə təhdiddən imtina etmək; beynəlxalq mübahisələri dinc yolla həll etməkdir.
Azərbaycan Respublikası on il əvvəl, 26 may 2011-ci ildə yekdil rəylə QH-yə tamhüquqlu üzv qəbul olunub. Bundan sonra hərəkat dövlətləri ilə daha sıx təmaslar qurulub və haqq işimiz rəsmi olaraq hərtərəfli şəkildə daha fəal dəstəklənməyə başlayıb. Azərbaycan bu qurumun məqsəd və prinsiplərinə özünün sanballı töhfələrini verib. 2018-ci ilin 5 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı böyük uğurla keçib. Ölkəmiz inişil oktyabrın 25–26-da Bakı şəhərində hərəkatın dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə də layiqincə evsahibliyi edib. Tədbirdə BMT üzvü olan 120 dövlətin yüksək səviyyəli təmsilçiləri və 42 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Bakı sammiti ilə QH-yə sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Ötən müddətdə ölkəmiz tərəfindən sədrlik çərçivəsində müxtəlif prosessual və təşəbbüskarlıq tədbirləri həyata keçirilib.
Azərbaycan Respublikası Prezidenti və QH-nin sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə təmas qrupunun “COVID-19-a qarşı birlikdəyik!” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunub. Pandemiyanın yaratdığı mürəkkəb beynəlxalq şəraitdə ölkəmiz QH-nin hazırkı sədri qismində çoxtərəfliliyin təşviqi üzrə prioritetə uyğun olaraq, hərəkatın koronavirusa qarşı mübarizə üzrə mümkün ən yüksək səviyyədə təmas qrupunun yaradılması və qlobal pandemiyanın QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi, onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış edib.
Tədbirdə BMT-nin Baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətləri dinlənilib. Görüşün yekunu olaraq bəyannamə qəbul edilib və QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə işçi qrupu yaradılıb. Diqqətçəkən məqam odur ki, cənab İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və BMT-yə üzv dövlətlərin əksəriyyətinin dəstəyi ilə BMT Baş katibi bir qədər sonra həmin sessiyanın çağırıldığını elan edib. Nəticədə, 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə mövzusunda xüsusi sessiyasının yüksək səviyyəli seqmenti təşkil olunub. Həmin tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri və bu xüsusi sessiyanın təşəbbüskarı qismində humanist xarakterli tarixi çıxış edib. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısının, 67 nazirin çıxışları dinlənilib, sessiyanın təşəbbüskarı olan Azərbaycana və ölkəmizin rəhbərliyinə təşəkkür ifadə edilib.
Azərbaycanın QH-yə sədrliyi dövründə nazirlər səviyyəsində də bir sıra tədbirlər həyata keçirilib. Üzv dövlətlərin səhiyyə nazirlərinin 20 may 2020-ci il və 24 may 2021-ci il tarixli virtual görüşləri, BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində QH dövlətlərinin xarici işlər nazirlərinin 9 oktyabr 2020-ci il tarixli iclası və hərəkata üzv dövlətlərin əmək nazirlərinin 4 iyun 2021-ci il tarixində görüşləri bu sıradandır. Gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılıb. Belə ki, Azərbaycan sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH Modeli Simulyasiya Məşğələsi keçirilib. Bunlar hərəkatın tarixində ilk virtual tədbirlər sayılır. Beynəlxalq səviyyədə təşkil olunmuş məşğələdə 4 qitədən 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak edib.
Qoşulmama Hərəkatı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına münasibətdə xüsusi fəallıq göstərib. Bu platformada münaqişə barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb və təşkilatın sənədlərində Azərbaycana qarşı haqsızlığın hökmən aradan qaldırılması tələbləri irəli sürülüb.
2012-ci ilin mayında Misirin Şarm əl-Şeyx şəhərində QH Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində iclasının yekun sənədinə Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı bənd də daxil edilib. QH üzv dövlətləri münaqişənin ölkələrin ərazi bütövlüyünə hörmət və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmasına dəstək ifadə ediblər. Həmin ilin avqustunda İran İslam Respublikasının Tehran şəhərində QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə görüşünün, bundan iki il sonra may ayında Əlcəzairdə QH-nin XVII nazirlər iclasının yekun sənədlərində və Marqaritada keçirilmiş sammitdə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, münaqişənin həll edilməmiş qalmasına təəssüf hissi bildirilib və onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunub.
2018-ci ilin aprelində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının aralıq dövr nazirlər konfransının, 2019-cu ilin iyulunda Venesuelanın Karakas şəhərində QH Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində növbəti iclasının yekun sənədlərində də Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı əvvəlki dəstək mövqeyi bir daha təkrarlanıb. Münaqişəyə dəyişməz münasibət 2019-cu ilin oktyabr tarixli Bakı sammitində də göstərilib və rəsmən vurğulanıb ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Eyni zamanda, QH Əlaqələndirici Bürosu 4 aprel 2020-ci il tarixində “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı kommunike” qəbul edib və üzv dövlətlərin martın 31-də qondarma DQ-da keçirilmiş “prezident və parlament seçkiləri”ni tanımadıqları, bu aktı qeyri-qanuni hesab etdikləri bəyan olunub.
Ermənistan qoşunlarının ərazilərimizdə növbəti təxribatına cavab olaraq, Azərbaycan əks-hücum əməliyyatlarına başladıqdan sonra və döyüşlərin aktiv fazası zamanı da QH üzvləri həm növbəti sessiyası çərçivəsində ölkəmizlə həmrəylik fikirlərini bəyan edib, həm də BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrdə ölkəmizin mövqeyinə zidd olan və münaqişə barədə TŞ qətnamələrinə istinad etdirməyən bəyanat layihəsinin qəbulunun qarşısının alınmasına nail olublar. Əlbəttə, bu, Azərbaycan tərəfinin TŞ-də qeyri-daimi üzv olan QH dövlətləri ilə öncədən apardığı səmərəli işin uğurlu nəticəsi idi.
Prezident İlham Əliyevin uğurlu diplomatiyası, balanslaşdırılmış siyasəti sayəsində Azərbaycan daim dünyanın diqqət mərkəzində olur. Bir neçə ay əvvəl dövlət başçımızın iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr bir daha bunu sübut etdi. Bir vaxtlar öz ölkələrində ali vəzifələrdə çalışmış dialoq iştirakçılarının, eləcə də hazırda mötəbər beynəlxalq təsisatları təmsil edən siyasətçilərin suallarının cənab İlham Əliyev tərəfindən tam səmimiyyətlə cavablandırılması gözəl əks-səda doğurdu və zamanın çağırışları ilə bağlı Azərbaycanın mövqelərini öyrənərək obyektiv dəyərləndirmək imkanı yaratdı. Dövlətimizin başçısı mövzunun qlobal gündəlikdə duran məsələlərdən olduğunu vurğulayaraq, bunu aylar öncə Cənubi Qafqaz regionunda baş vermiş dəyişikliklərlə elə əlaqələndirdi, yeni vəziyyətin yeni yanaşmalar tələb etdiyini elə əsaslandırdı ki, dialoq iştirakçıları heyranlıqlarını gizlədə bilmədilər. Azərbaycan Prezidenti BMT-nin, Avropa İttifaqının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların regionda dinc inkişafa güclü dəstək verə biləcəklərini, səmərəli beynəlxalq layihələr təqdim edərək icrasını reallaşdırmaq imkanında olduqlarını da nəzərə çatdırdı...
Əsas reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir, bütün dövlətlərlə əməkdaşlıq münasibətlərinin inkişafına çalışır və nail olur. Bu da Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadı davamlı surətdə yüksəldir və dövlətimizin dünyada nüfuzunu daha da artırır.
Təsadüfi deyildir ki, təşkilata üzv dövlətlərin yekdil rəyi ilə Prezident İlham Əliyevə müraciət olunub ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi 1 il də uzadılsın.
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2021.- 18 sentyabr.- S.4.