Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmurlar

 

Bir ilə yaxındır ki, Azərbaycan xalqı, bütövlükdə, dünya azərbaycanlıları Ermənistan üzərindəki tarixi qələbənin sevinci ilə yaşayır. Pre­zident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 illik işğala son qoydu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün hər birmiz on illər boyu gözlədiyimiz bö­yük Qələbənin sevincini yaşayırıq. Ərazi bütöv­lüyümüzün təmin olunması dövlətçilik tariximizi şərəfləndirdi, intizarında olduğumuz qələbənin se­vincini yaşatdı. Haqq-ədalət uğrunda mübarizəmizin nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. Bu möhtəşəm Qələbə dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Artıq biz qalib xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında öz gücümüzlə, ordumuzun qüdrətiylə azad etməyimizlə fəxr edir və qürurlanırıq.

 

Bu illər ərzində nüfuzlu beynəlxalq qurumlar Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etməsi barədə çoxlu sayda qətnamələr qəbul etsələr də, dünyada baş alıb gedən ikili standartlarislamofo­biya bu sənədlərin icra olunmasına imkan vermirdi. Özünü haqq-ədalətin, demokratik prinsiplərin carçısı kimi təqdim edən Qərbin və Avropanın bir sıra dövlətlərinin, habelə mötəbər təşkilatların Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə göz yum­maları işğalçı ölkəni getdikcə daha da azğınlaşdırırdı.

 

Azərbaycan öz ərazilərinin işğal altında daimi qalmasına dözə bilməzdi. Ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başladığı müharibə onlara baha başa gəldi. Ordumuzun düşmənə layiqli zərbəsi qarşısında cəmi 44 gün davam gətirən işğalçı Ermənistan 2020-ci il noyabrın 10-da diz çökdükapitulyasiya aktını imzalamağa məcbur oldu. Söz yox ki, həmin vaxta qədər Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə Ermənistan ordusuna layiqli cavab vermişdi. Xatır­ladım ki, 2016-ci ilin Aprel döyüşlərində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək 2 min hektardan artıq ərazimizi və bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad etdi. Bundan iki il sonra – 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respubli­kasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasın­da hərbi münaqişə zamanı Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızıl­qaya və Qaraqaya dağları azad olundu. Həmin əməliyyat zamanı Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordu­sunun nəzarəti altına keçdi. Bütövlükdə, 11 min hektarlıq ərazi azad olundu.

 

2020 – ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin müxtəlif çaplı silahlardanartilleriya qurğularından istifadə etməklə mövqelərimizə hücum etməsi ilə başlayan Tovuz əməliyyatı altı gün davam etdi və düşmən heç bir uğur qazanmadan yenə əvvəlki mövqelərinə çəkilməyə məcbur edildi. Bu əməliyyat zamanı üzləşdiyi məğlubiyyət də işğalçı ölkəyə ibrət olmadı. Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz döyüşləri ölkəmizdə xalq-dövlət-ordu birliyinin nü­mayişi oldu. Azərbaycan – Ermənistan dövlət sərhədində mütəmadi olaraq düşmən təxribatı nəticəsində başlayan döyüş əməliyyatları respublikamızda xalq-dövlət-ordu birliyinin monolitliyinin tərənnümü oldu. Dövlətimzin başçısı da həmin uğurların əsasında xalq- iqtidar birliyinin dayandığını bildirmişdi: “Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordu­sunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”. Dövlətimizin başçısının səsləndirdiyi bu fikir birlik, həmrəylik amilinə verdiyi dəyərin ən bariz nümunəsidir. Qələbəmizin əsas amillərindən biri də məhz bu oldu: xal­qın, dövlətin və ordunun monolit birliyi.

 

Tovuz əməliyyatlarından bir neçə gün sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa növbəti müraciətində də birlik və həmrəylimiz yüksək dəyərləndirildi: “Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyü­nün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir”. Bu fikirlər xalqımızın, bütün dünya azərbaycanlılarının arzusunun, amalının, iradəsinin ümumiləşdirilmiş ifadəsi idi. Nəhayət, 30 illik işğaldan sonra hər birimizin böyük səbirsizliklə gözlədiyimiz ərazi bütövlüyümüz real­laşdı. 200 ildən çox davam edən erməni düşmənçilik siyasəti yerlə -yeksan edildi.

 

Ümumiyyətlə, ermənilərin xalqı­mıza qarşı düşmənçilik siyasətinin 200 ildən artıq tarixi var. Hələ çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin köçürüldükləri vaxtdan başlayan düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ­da məskunlaşdıqları ilk gündən həmin əraziləri özününküləşdirməyə başlamış­dılar. Düşmən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Onu da qeyd edək ki, “böyük Ermənistan” dövləti yaratmaq iddiası ilə yaşayan ermənilər havadarlarının himayəsi ilə zərbaycanlılara qarşı etnik dözümsüzlü­yü çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Erməni qəsbkarlarının 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirməsi, 1918-1920-ci illərdə xalqımı­za qarşı törədilən xüsusi qəddarlıqlar yaddaşlardan heç vaxt silinməz. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçı­vanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali dəhşətli soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən zorla qovulmuş, onlara ağlasığmaz işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir.

 

Azərbaycanlıların öz tarixi-etnik tor­paqlarından çıxarılması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bu­nunla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqla­rının “dənizdən – dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

 

Ermənistanın qəddarlığı, faşizm ideologoyasına meyilliyi SSRİ- nin süqutundan sonra özünü daha açıq şəkildə büruzə verdi. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar, terror aktları, təxribatlar da­vam etdirldi. Bunların içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Bu zaman 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyni­ni, 130 nəfər valideynlərindən birini itir­miş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdüronlar­dan 150-sinin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağla­sığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

 

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərin 1998-ci ildə imzaladığı fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Müdrik şəxsiyyətin bütün sahələrdə siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ərazi bütövlüyümüzün təmin olunması, ordu quruculuğunun daha da möhkəmləndirilməsi istiqamətində bütün imkanlardan səmərəli istifadə etdi. Dövlət başçımızın uğurlu siya­si fəaliyyəti nəticəsində Azərbaycan informasiya blokadasından çıxmış, Ermənistanın qəddarlığı, faşizm idealo­giyasına sadiqliyi, işğalçı siyasətindən əl çəkməməsi, bir milyondan artıq soy­daşımızın doğma ata-baba yurdundan didərgin salınması, beynəlxalq hüquq normalarına açıq hörmətsizliyi barədə dünya ictimaiyyətinə faktlarla məlumat verməsi haqq-ədalətin bərpa olunması istiqamətində atılan qətiyyətli addımlar idi.

 

On illər ərzində dünya birliyi bu ədalətsizliyə göz yumdu. 30 il davam edən beynəlxalq riyakarlıq, ikili stan­dartlar mərəzi Ermənistanı daha da azğınlaşdırdı. Münaqişənin nizam­lanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu münaqişənin beynəlxalq hüquq norma­ları çərçivəsində həllinə yox, dondu­rulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilməsi, Ermənistana sanksiyalar tətbiq olunmaması nəticəsində mötəbər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr kağız üzərində qalmış­dır. Halbuki, bu illər ərzində ölkəmiz daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə, qan tökülmədən həllinə çalışmışdır. Hətta 1993- ildə Ermənistan silahlı qüvvələrinin işğal et­diyi Azərbaycan ərazilərini qeyd- şərtsiz tərk etmələri barədə 4 qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurası da işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmişdir. Təəssüf ki, bu mötəbər təşkilatın qəbul etdiyi qətnamələr 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Ötən il noyabrın 10- da Azərbaycan qazandığı tarixi qələbə ilə BMT TŞ –nın qətnamələrini özü icra etmiş oldu.

 

İldən – ilə ölkənin hərbi qüdrətinin artırılması istiqamətində bütün imkan­lardan səmərəli istifadə edən Prezident, Ali Baş Komandan ordu quruculuğunu prioritet vəzifə kimi qarşıya qoydu. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasına yüksəldi. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, dö­yüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılma­sı – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Ötən il sentyabrın 27- də Ermənistanın ölkəmizə qarşı başladığı müharibə zamanı düşmən cəmi 44 gün davam gətirə bildi. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu döyüş meydanında bir daha təsdiqlədi. Son 18 ildə ölkəmizin müdafiə sis­teminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlarbunun nəticəsi olaraq, baş verən keyfiyyət dəyişiklikləri şanlı qələbəmizdə özünü göstərdi. Müzəffər Azərbaycan Ordu­su Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə tariximizə yeni şanlı səhifə yazdı.

 

Azərbaycan Ordusu hərb tarixində yeni döyüş taktikalarının müəllifidir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə KollecininSeton Hall Universitetinin Diplo­matiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktika­sı öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda, hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, istənilən vəzifəni icra etməyə qadirdir. II Qara­bağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunurmüvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

 

44 gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və or­dumuzun qəhrəmanlığı sayəsində şanlı Qələbə ilə başa çatdı. Ötən il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vla­dimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları Üçtərəfli Bəyanatla işğalçı Ermənistan kapitul­yasiyaya məcbur edildi. Ertmənistanın 30 illik hegemonluğuna son qoyuldu və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatının tərəfdarı olduğunu, qan tökmək və tor­paq qəsb etmək məqsədi güdmədiyini bildirirdi. Məğlubiyyət bəyanatının Ermənistan tərəfindən imzalanması isə sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, münaqişənin hərbi – siyasi həlli yolları var: “Mən münaqişənin və İkinci Qara­bağ müharibəsinin əvvəlində demişdim, bu günbunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut etdi. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın”.

 

Vətən yolunda canından keçən və sağlamlığını qurban verənlər heç vaxt unudulmur. İstər Birinci, istərsə də İkinci Qarabağ döyüşlərində şəhid və əlill olanlar, bu döyüşlərdə arxa cəbhədə fədakarlıq göstərənlər həmişə dövlətimzin diqqqət mərkəzindədirlər.”Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır. Mən hər zaman qazilərin yanında ola­cağam” – deyən Prezident İlham Əliyev, bu fikri ilə əslində, bütün müharibə iştirakçılarına olan münasibətini bildirib.

 

Ərazilərimizin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdan­la yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif ordenmedallarla təltif olunmuşlar. Dövlət daim hər bir qazi və şəhid ailəsinin yanındadır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi kömək göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakı­da, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilmişdir.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunəvi dövlətdir.

 

Səadət İSMAYILOVA,

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi,

 

ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti  2021.- 25 sentyabr.- S.7.