Böyük qələbə
Düşmənin
davranışları müharibəni labüd etdi
Müharibə. Qanla yazılan tarix.
Gücün önə çıxdığı məqam.
Siyasətçilərin danışıqlar yolu ilə həll
edə bilmədikləri problemin döyüş
meydanlarında həllinə cəhd. Otuz il idi ki, ölkəmiz
mənfur qonşularımız tərəfindən zorla
müharibəyə cəlb edilmişdi. Torpaqlarımızın
ən səfalı, ən məhsuldar və strateji cəhətdən,
bəlkə də, ən mühüm nöqtələri Ermənistan
tərəfindən işğal olunmuş, əhali
yurd-yuvasından didərgin salınmışdı. BMT Təhlükəsizlik
Şurası işğal olunmuş ərazilərimizdən
erməni qoşunlarının dərhal
çıxarılmasına dair 4 qətnamə qəbul etsə
də, bu qətnamələr icra olunmamış
qalırdı.
Beynəlxalq güclərin, böyük dövlətlərin təmsil olunduğu və münaqişənin danışıqlar yolu ilə həllinə vasitəçilik etmək məqsədi ilə yaranan Minsk qrupu və onun həmsədrləri əslində, hər vasitə ilə status-kvonu qoruyub saxlamaqdan başqa heç nəyə nail ola bilmədilər. Azərbaycan hakimiyyətinin problemin sülh yolu ilə həlli üçün göstərmiş olduğu çabalar da təəssüf ki, qarşı tərəfdən dəyərləndirilmədi. Əksinə, özgələrin kölgəsində boylarını böyük görən mənfur düşmən daha da azğınlaşaraq bizi təhdid etməkdə davam etdi. Ermənistan rəhbərləri Azərbaycan əsgərinin və Azərbaycan xalqının heysiyyətinə toxuna biləcək ifadə və hərəkətlərdən çəkinmədi. Odur ki, sülh danışıqlarını davam etdirməklə yanaşı, problemin lazım gələrsə hərbi müstəvidə həllinə də səylə hazırlıq gedirdi. Birbaşa ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daimi şəxsi nəzarəti altında ordu quruculuğuna xüsusi diqqət verilir, ildən-ilə hərbi xərclər artırılır, şəhid və qazi ailələri daim dövlətin qayğı və diqqət mərkəzində saxlanır, əsgər və zabitlərin, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində xüsusi dövlət proqramları həyata keçirilirdi. Əsgərlərimizin döyüş hazırlığı, ordunun müasir silahlarla təchizatı, yeni növ silahlardan istifadə vərdişləri və peşəkarlığı da bilavasitə cənab Ali Baş Komandanın nəzarəti altında gücləndirilirdi.
Prezidentin “Biz torpaqlarımızı heç kimə güzəştə getməyəcəyik”, “Sülh yolu ilə həll edilməsə, problemin hərbi yolla həlli qaçılmazdır”, “Qarabağ Azərbaycandır!” kimi qətiyyətli bəyanat və çağırışları Qarabağın Azərbaycan olduğuna heç kimdə şübhə yeri qoymurdu. Azərbaycan cəmiyyəti, xüsusilə də gənclər düşmənin təxribatçı davranışına cavab olaraq israrla müharibə çağırışları edir, zəbt olunmuş torpaqlarımızı döyüş yolu ilə geri qaytarmaq əzmində olduqlarını qətiyyətlə bildirirdilər. Bir sözlə, müharibə artıq xalqın əksər hissəsinin sosial sifarişinə çevrilmişdi. 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun yeni ərazilərimizi işğal etmək niyyəti ilə ağır artilleriyanın, uzaqvuran topların gücündən istifadə edərək genişmiqyaslı hərbi əməliyyatlara başlamaları Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün son və həlledici döyüşə başlaması ilə nəticələndi.
Qarabağ Azərbaycandır!
27 sentyabr səhəri cəbhəyanı rayonların sakinləri erməni toplarının, raketlərinin atəş səslərindən diksinərək yuxudan oyandılar. Rəşadətli Azərbaycan Ordusu düşmənin növbəti xaincəsinə hücumunu dəf etmək üçün dərhal əks-hücum əməliyyatına başladı. Azərbaycan Prezidenti, Ali Baş Komandan xalqa müraciət edərək xaincəsinə hücum və Azərbaycan Ordusunun başlamış olduğu sülhə məcburetmə əməliyyatı barədə məlumat verdi. O, yumruğunu düyünləyərək ordumuzun, əsgərlərimizin düşmənə həddini bildirəcəyini, xain düşməni əzəli və əbədi torpaqlarımızdan “iti qovan kimi qovacağını” bildirdi.
Müharibə xəbəri, adətən,
insanlarda daha çox qorxu, çaşqınlıq, dərd,
qayğı yaradır. Bu dəfə isə tam əksi oldu. Xalq Qarabağda müharibənin başlanması xəbərini
coşquyla, yüksək əzmkarlıqla qarşıladı.
Müzəffər Ali Baş Komandanın xalqa müraciətindəki
qətiyyəti, ordumuza inamı gördü və rəhbərinə
daha artıq inandı. İnandı ki, onun dəmir yumruğu ərazilərimizi
bütövləşdirmək, düşməni öz
yerində oturtmaq, üstümüzdə olan məğlubiyyət
ləkəsini təmizləmək üçün
düyünlənib. Beləliklə, qısa bir zaman kəsiyində
xalq bir yumruğa döndü. Prezident – Xalq birliyi yarandı.
Xalq bütövlükdə bir ordu oldu. Gənclərimiz hərbi
səfərbərlik idarələrinin qarşısına
axışdı. Analar oğullarının ardınca su ataraq
“düşmənə çəpər, sinəsi sipər
oğlum, düşməni əz, gəl”,–dedilər.
Düşmənə aman vermə, onu parçala”, – dedilər.
Bir ailədən 2, bəzən də 3 qardaş eyni vaxtda Vətəni
düşmən işğalından azad etmək
üçün yola düşdü. Atalar və oğullar
düşmənə qarşı eyni səngərdə
döyüşdülər. Millət hər şey qələbə,
hər şey Vətən üçün! – deyə
hayqırdı. Oğlu
şəhid olan analar, “Təki Vətən sağ olsun. Qisasa
qisas!”, dedilər.
44 gün davam edən bu müharibədə Azərbaycan
tərəfinin bir nəfər də olsun fərarisi
olmadı. On milyon əhalidən döyüşə getmirəm,
deyən olmadı. Hər kəs ön cəbhədə,
düşmənlə üz-üzə durub mərdi-mərdanə
döyüşə can atdı. 27 sentyabr
Dağlıq Qarabağdakı şiş qayalar da, sanki,
atılan mərmi səslərindən diksinmədilər,
qorxmadılar. Başlarını qəmli-qəmli
əymədilər. Qamətlərini
düzəldib, “çoxdandır sizi gözləyirik” dedilər.
Böyük Kirs başını dik qaldırıb
“Qarabağ Azərbaycandır!”, deyə
bağırdı. Bərgüşad və
Qarqar çayları coşaraq, daşaraq məhvərindən
çıxmaqla sinəsi dağlı Qarabağın yarasına
məlhəm olmaq istədi.
“Könlüm
keçir Qarabağdan…”
27 sentyabrda sanki Qarabağ xanı Pənahəli
xanın da ruhu məzardan baş qaldırıb igidlərimizi
salamladı. Üzeyir bəyin “Koroğlu”su daha möhtəşəm
bir coşqu ilə nər oğulları həlledici
döyüşə səslədi. Xan qızı
Natəvan qollarını geniş açaraq bu yurdun qəhrəman
oğullarına dastan qoşdu. Göylərdə sərgərdan
dolaşan şəhid ruhları sanki dil açaraq
Qarabağın əsil sahiblərinə “xoş gəldin”, -
dedi. Düşmənin ayağının
altından yer qaçdı. Başının
üstündə göylər titrədi. Hər
qaya - hər daşın “Qarabağ Azərbaycandır!”
hayqırtısı dağlarda əks-səda verərək
sanki bütün dünyaya yayıldı.
Nəhayət, düşmən də açılan hər
bir atəşin, guruldayan hər mərmi səsinin “Qarabağ
Azərbaycandır!” dediyini anladı. Yad torpağında qalib ola bilməyəcəyini, özgə
torpağından ona vətən olmayacağını nəhayət
ki, o da dərk etdi. Bu torpaqların onun
olmadığını hiss etdi.
Prezident –
Xalq birliyi
Müharibə günlərində xalq Azərbaycan əsgəri
ilə Ali Baş Komandan tandemini görüb daha artıq səfərbər
oldu. Qısa bir zamanda ölkə sanki vahid bir komandaya
çevrildi. Gənclərimiz sosial şəbəkələrdə
düşmənin feyk xəbərlərini tutarlı faktlarla
alt-üst edirdi. Diplomatlarımız
sağdan-soldan üstümüzə yağdırılmaqda
olan böhtan və təhdidləri ifşa edir, polis və təhlükəsizlik
orqanları, digər dövlət strukturları hərbi vəziyyət
rejimində daha peşəkarcasına
çalışdılar. Ordumuz mükəmməl
taktiki-strateji hazırlıq əsasında dəqiq zərbələr,
sərrast atəşlərlə düşmən ordusunu
tar-mar etməkdə davam edirdi. Hər
gün düşmən işğalından azad olunan yeni-yeni
şəhər və kəndlərimizdə, strateji nöqtələrdə
Azərbaycan Bayrağının dalğalanması xəbəri
milli birliyimizi daha da gücləndirirdi. Qələbə
xəbərləri itirilən əsgər acılarına,
tökülən şəhid qanlarına bir məlhəm
olurdu. Əsgər nəyin uğrunda
canını fəda etdiyini gözəl bilirdi. Müqəddəs şəhidlik zirvəsinə
ucalan igidlərimizin gözləri arxada qalmırdı. Gözəl başa düşürdülər ki,
onların hər birinin Prezident Əliyevin şəxsində dərdlərinə
yanan bir lideri, əsgərinin qayğısına candan yanan
Müzəffər Ali Baş Komandanları var.
Hərbi əməliyyatların elə ilk anlarından rəzil
vəziyyətə düşən azğın düşmən
2016-cı ilin aprel döyüşlərində olduğu kimi,
bu dəfə də döyüş meydanındakı
uğursuzluqlarını öz xalqından və dünyadan
gizlətməkdə idi. Bununla belə baş nazir
N.Paşinyanın təlaş içində zəng etmədiyi
dövlət başçısı, döymədiyi qapı
qalmamışdı. Ümidsiz vəziyyətdə
qalaraq çapalaması hətta sosial şəbəkələrdə
günün ən çox izlənən gülüş və
ironiya mövzusuna çevrilmişdi. Çox
güvəndiyi Rusiya, Fransa və ABŞ-dan real dəstək
ala bilməməsi onu və komandasını dəli vəziyyətinə
salmışdı. Rusiya Prezidenti V.Putin anladanda ki,
müharibə Azərbaycan ərazisində gedir, Azərbaycan
Ordusu 30 il işğal altında saxlanılan
torpaqlarını azad etmək uğrunda
döyüşür və belə olan halda nə Rusiya, nə
də Kollektiv Təhlükəsizlik Təşkilatı Ermənistan
tərəfindən hərbi əməliyyatlara qoşula bilməz,
ermənilərin olan-qalan ümidləri də puç oldu.
Ermənilərin dünya informasiya məkanını
feyk xəbərlərlə doldurulmasına baxmayaraq, hərbi
əməliyyatların gedişi və tərəflərin
davranışından tədricən hər şey hər kəs
üçün aydınlaşmaqda idi. Artıq çox aydın
şəkildə hiss olunurdu ki, Ermənistan idarə olunmur. Axı, narıncı inqilab dalğasında hakimiyyətə
gələn, əslində isə dövlət idarəçiliyi
mətbəxindən tam xəbərsiz olan naşı və
diletant bir şəxs dövləti elə belə də “idarə”
etməli idi. Düşmən ordusunda
başıpozuqluq başlamışdı. Onların 30 il ərzində qurmuş olduqları
“keçilməz ohanyan sədləri” bir-birinin ardınca Azərbaycan
əsgəri tərəfindən ələ keçirilir, hərbi
texnikası, silah və sursat anbarları ya məhv edilir, ya da
qənimət olaraq ələ keçirilirdi. Cəbhənin
Azərbaycan tərəfində isə qalibiyyət əhval-ruhiyyəsi
hər an güclənərək
bütövlükdə cəmiyyətə də sirayət
etməkdə idi. Çünki, N.Paşinyandan fərqli olaraq
Azərbaycan dövlətini idarə edən, orduya Ali Baş
Komandanlıq edən şəxs sorosların layihəsi olan
meydan hərəkatı dalğası altında deyil,
xalqın istəyi və sosial sifarişi əsasında
hakimiyyətə gəlmiş İlham Əliyev artıq
dünya çapında kifayət qədər yaxşı
tanınan nüfuzlu bir dövlət xadimi idi. Ulu
öndər Heydər Əliyevin dövlət idarəçilik
məktəbini görmüş olan təhsilli, təcrübəli,
iradəli və qətiyyətli bir dövlət xadimi,
lazımi anda lazımi qərarlar verə bilən tədbirli və
qüdrətli sərkərdə idi. Xalqla məsləhətləşən,
hərbi əməliyyatların gedişinə dair ən isti
informasiyaları anındaca xalqına çatdıran bir
dövlət adamı, əsl xalq qəhrəmanı! Qərarı
qəti, amalı aydın, addımları qətiyyətli bir
Müzəffər Ali Baş Komandan! Paşinyanın 7
düşük şərtinə qarşı cəmi bir
şərt qoyan ötkəm bir lider! “Düşmən
işğal olunmuş ərazilərimizdən rədd olub
getməlidir”, - deyən yenilməz Komandan!
Elin gözündən heç nə yayınmır. Təsadüfi
deyildir ki, aqillərimiz “elin gözü tərəzidir” deyiblər.
Cəbhədə şiddətli
döyüşlər getdiyi günlərdə Ali Baş
Komandan ordunun və arxa cəbhənin balanslı və dinamik
işini təşkil etməkdə idi. O, eyni zamanda,
qazanılan qələbələr, azad olunan torpaqlar
haqqında dərhal xalqı məlumatlandırmaqda idi. Bu səmimiyyət, bu birlik vətəni sevən,
onun bütövlüyünü arzulayan hər bir Azərbaycan
vətəndaşının qəlbində Müzəffər
Ali Baş Komandanın möhtəşəm abidəsini
yaradırdı. Onun hər bir
çıxışı xalq tərəfindən sevinc və
sevgi ilə qarşılanaraq dillər əzbərinə
çevrilməkdə idi. Azərbaycan
Ordusu düşmənin ağır texnikasını, hərbi
gücünü məhv etdiyi kimi, Azərbaycan Prezidenti də
düşmənin mənfur ideologiyasını, saxta xəbərlərini,
yalan üzərində qurulmuş səltənətlərini
darmadağın etməkdə idi. Erməni
yalanlarına uyub üstümüzə gələn,
dünyanın aparıcı media qurumlarında və
informasiya agentliklərində kök salan erməni kimilər
Müzəffər Ali Baş Komandanın qarşısında
necə rəzil bir duruma düşdüklərini özləri
də yaxşı dərk edirdilər. Dəmir
yumruq əməliyyatı dəmir məntiq, dəmir iradə,
zəngin hərbi, elmi və siyasi təcrübə ilə
cilalandığı üçün düşmənin məhv
ediləcəyi şübhəsiz idi.
Bir-birinin
ardınca Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı
rayonları, Hadrut qəsəbəsi, Xocavənd və Ağdərə
rayonlarının kəndləri, düşmənin zaman-zaman
davamlı olaraq üstümüzə od
yağdırdığı strateji yüksəkliklər
ordumuz tərəfindən azad edildi. Bununla belə
düşmən xaricdən olan havadarlarının dəstəyi
ilə hələ də təslim olmaq fikrində deyildi.
Qarşıda Qafqazın mirvarisi olan
Şuşanın azad olunması vəzifəsi dururdu.
Noyabrın 8-də Şuşa da azad edildi.
Şuşanın güclü qəhrəman əsgərlərimiz
tərəfindən işğaldan azad edilməsi düşmənin
belini qırdı, onu diz çökməyə, kapitulyasiya
aktını imzalamağa məcbur etdi.
“Qələbə güc ilə qazanılır,
ağıl ilə qorunub saxlanılır”, deyib müdriklər. Biz
düşmənə birliyimizi, birliyimizdən yaranan
gücümüzü göstərdik. Düşmənin
30 ildə fantastik xərc çəkib tikdiyi keçilməz
istehkamlarla möhkəmləndirilmiş üç böyük
rayonumuz - Ağdam, Kəlbəcər və Laçını
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 10
noyabrda imzalamış olduğu üçtərəfli bəyanatın
şərtlərinə uyğun olaraq heç bir itki vermədən,
qan tökülmədən işğaldan azad etdik. Bununla da, Azərbaycan öz ərazi bütövlüyünü
təmin etmiş oldu.
Qalib
ölkənin Zəfər paradı
10 dekabr
2020-ci il, qalib ölkənin zəfər
paradı! Müharibədən qalib çıxmış
ordumuzun qüdrətinin nümayişi olan zəfər
paradı! O gün Bakıda təkcə Azərbaycan Ordusunun qələbəsi
nümayiş etdirilmədi. Bu parad həm də
milli iradənin, milli birliyin, milli həmrəyliyin,
özünə inamın, xalq - hakimiyyət birliyinin paradı
oldu. Bu parad, eyni zamanda, Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının
sarsılmazlığını nümayiş etdirən, bundan
sonra bu münasibətlərin yeni müstəvidə daha da
inkişaf etdiriləcəyinin göstəricisi oldu. İstər ekran qarşısında, istərsə
də Bakı küçələrində bu paradı seyr edənlərin
sevinc və fərəhinin həddi-hüdudu yox idi. Bəli, yüz minlərlə insan bu fərəhi,
bu sevinci ona yaşadan qalib ordunun əsgərlərini
salamlamaq, onlarla bir olmaq üçün Bakı küçələrinə
çıxmışdı. Üzlərdə
sevinc, qəlblərdə fərəh hissi vardı. Qələbə paradında bu və ya digər
formada iştirak edən hər kəs öz qalib ordusunu, əsgərlərini,
döyüş komandanlarını salamlamaq, ordumuzun qüdrətini,
əzəmətini bir daha əyani şəkildə görmək
arzusunda idi. Azərbaycan və Türkiyə
prezidentləri İlham Əliyev və Rəcəb Tayyib
Ərdoğanın xalqlarımızın birlik rəmzinə
çevrilmiş münasibətlərini dostluğumuz
timsalında yenidən seyr etmək arzusunda idik. İnsanlar öz sevincini gözlərdən mirvari dənəsi
kimi süzülən göz yaşları ilə ifadə
edirdi. Qalib ordunun Müzəffər Ali
Baş Komandanı cənab İlham Əliyevin paraddakı
proqram xarakterli dərin məzmunlu çıxışı
onun xalqın arzularının ifadəçisi, qələbəmizin
təminatçısı, dəmir yumruq, dəmir iradə
sahibi olduğunu bir daha təsdiqləmiş oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın paradın yüksək tribunasından
toxunduğu notlar, səsləndirdiyi qlobal və regional əhəmiyyətli
çağırışlar hər kəsi bir daha kövrəltdi
və növbəti dəfə qürurlandırdı. “Tək millət, iki dövlət” taleyini yaşayan
xalqlarımızın bundan sonra da əbədi birliyini ifadə
edən bu çıxış bizi sevindirdi, dostları ürəkləndirdi,
düşmənləri isə yenidən düşünməyə
vadar etdi.
Qələbə paradında rəmzi olaraq 2783 türk əsgərinin
iştirakı və onların paraddakı əzəmətli
keçidi bir növ xalqlarımızın tarixi ənənələrini
ləyaqətlə davam etdirməklə, “bir ölüb, min
dirilmək” fikrinin ifadəsinə çevrildi.
10 dekabr
2020-ci il Bakıda keçirilən hərbi
parad düşmən üzərində hərbi, mənəvi
və psixoloji qələbənin nümayişi idi. Düşməndən qənimət
götürülmüş hərbi texnikanın miqyası
ordumuzun, əsgər və zabitlərimizin hərbi bilik və
bacarıqlarının, müasir silahlardan istifadə məharətinin
nümayişi demək idi.
2020-ci il dünya üçün çox
ağır bir il oldu. Bəşəriyyət
dünyanı bürümüş amansız pandemiyanın
hücumları qarşısında hələ də acizdir.
Prezident İlham Əliyev isə pandemiya ilə mübarizəni
uğurla təşkil etməklə yanaşı, bu ili Azərbaycan üçün
tanınmış iş adamı Fərhad Əhmədovun təbirincə
desək, həm də tarixi Qələbə ili etdi.
Artıq yurdumuzun hər yerində olduğu kimi, 30 ildir
ki, gözü həsrət, ürəyi xiffət çəkmiş
Qarabağımızda da yenidənqurma və abadlıq
işlərinə başlanılıb, infrastruktur bərpa
olunur. Heç şübhəsiz ki, yaxın zamanlarda
düşmən tərəfindən
dağıdılmış yurd yerlərimiz,
xarabazarlığa çevrilmiş şəhərlərimiz
yenidən bərpa olunacaq. Obalarımız
doğma sakinlərini yenidən öz qucağına alacaq.
Qarabağımızda yenidən izdihamlı həyat
bərpa olunacaq. 30 il öncə
qorxu, göz yaşı, ahu-nalə ilə evlərini tərk
etmiş soydaşlarımız sevinclə, fərəhlə,
iftixar hissi ilə öz doğma yurd-yuvalarına dönəcəklər.
Biz xalq olaraq hər zaman səmamızda raketlərin,
ölüm saçan güllələrin deyil, sülh göyərçinlərinin
uçmasını istəmişik. Elə bu 44 günlük müharibə
zamanı da Azərbaycan Ordusunun yalnız hərbi hədəfləri
dəqiq nişan alması, dinc əhalini, yaşayış məntəqələrini
hədəf seçməməsi xalqımızın mənəvi
cəhətdən kimliyinin, müharibə qanunlarına
sadiqliyinin və humanist təbiətinin bariz nümunəsi
oldu.
Bu günlər xalqımız çoxdan haqq etdiyi,
yolunda təşnə olduğu QƏLƏBƏ sevincini
yaşamaqdadır. Müharibə sözü, qan-qada, ölüm, göz
yaşı, yarımçıq qalmış ömürləri,
nakam taleləri, xaraba qalmış yurd-yuvaları, viran
qalmış şəhərləri ifadə etsə də, Vətən
müharibəsində çalınan qələbə göz
yaşı içində sevinc, qəhrəmanlıq, mərdlik,
qürur, iftixar deməkdir. İndi
xalqımız ona bu iftixarı yaşadan, bu qələbə
uğrunda canını fəda edən oğulları ilə fəxr
etməkdədir. Əlbəttə, qalib
ölkənin vətəndaşı, qalib ordunun əsgəri
və ya zabiti olmaq xoşbəxtliyini dünyanın heç
bir neməti ilə müqayisə etmək olmaz. Bizə bu xoşbəxtliyi yaşadan Azərbaycan əsgərinin,
Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanın
heyrətamiz xidmətləri xalqımızın qəlbində
əbədi iftixara çevrildi.
Qafar CƏBİYEV,
tarix elmləri doktoru, professor, Əməkdar jurnalist, Elşən
QƏNI, publicist
Xalq qəzeti 2021.- 16 yanvar.- S.9.