Şuşa – Azərbaycanımızın mədəniyyət paytaxtı

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli ordumuzun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Böyük qələbəmizin reallaşdığı gün

8 noyabr 2020-ci il tariximizə şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşanı işğaldan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Əcdadlarımızdan bizə miras qalmış qədim Şuşa şəhərinin 28 il 6 aydan sonra rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək, Zəfər günü kimi tariximizə yazıldı. Nəticədə, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də uğurlarımızı şərtləndirirdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın hərbi gücü ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli bəyanatın müvafiq maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-də Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.

Hərbi-strateji və tarixi mədəniyyət mərkəzi

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750–1751-ci illərə edir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

İngilis səyyah və alimləri C.MoryeR.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır.

XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın (1763–1806-cı illər) dövründə isə Qarabağ xanlığı daha da güclənmişdir. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının divarları və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdir. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdir. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarına çıxmış və bununla da böyük şöhrət qazanmışdı.

XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırıldı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yarandı və ticarət daha sürətlə inkişaf etdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Marselbaşqa şəhərlərlə ticarət əlaqələri saxlayırdılar. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.

XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı 25 min nəfərə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-dək müəllim olmuşdur. Bu böyük ziyalı təbəqəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışdır.

Ulu öndərin qayğısı

Sovet dövründə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969–1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Dağlıq Qarabağda milli ruhun oyanışı olmuşdur. Hər şeydən əvvəl, Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərmişdir.

Ümummilli lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq, şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleks, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq, ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, azərbaycanlıların milli ruhu güclənirdi. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.

1979-cu il yanvarın 12-də Ağdam–Xankəndi dəmir yolu ümummilli liderin iştirakı ilə istifadəyə verildi. Dəmir yolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə göstəriş verdi. Ulu öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.VaqifinXurşidbanu Natəvanın yaşayıb yaratdıqları yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyi nəticəsində az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.

Həmin illərdə Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980–1981-ci illərdə məqbərə tikilmişdi. 1982-ci il yanvarın 14-də yağan güclü qar altında ulu öndər Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində, bu məqbərə, eyni zamanda, gözəl memarlıq abidəsi idi. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə ulu öndər ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.

Heydər Əliyevin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq, onun Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı ulu öndər Şuşada Poeziya evini açdı, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tapşırıqlarını verdi.

 

Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpası ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək, işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin millidini dəyərlərə sahib çıxmalarının vacibliyin diqqətə çatdırmaq idi.

1982-ci ildə Qarabağa ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1969–1982-ci illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın digər məntəqələrinin siması xeyli dəyişdi.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ zəbt olundu. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziya mərkəzi, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edildi, yandırıldı və dağıdıldı.

Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 500-dək qədim yaşayış binası və 300-dək tarixi abidə var idi. Bunların içərisində son tunc dövrüilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə aid Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilib, dağıdılmışdır.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

Bir vaxtlarKiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri artıq işğaldan azad edilmişdir.

Ölkəmizin mədəniyyət paytaxtı

Prezident, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında rəşadətli ordumuzun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin müharibədəki hərbi-diplomatik qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Bu baxımdan, strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayan Azərbaycan Prezidenti bildirmişdir: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik...O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.

Bununla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyətini bildirən dövlətimizin başçısı qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən möhtərəm Prezident Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Bununla yanaşı, dövlət başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif poeziya və “Xarı bülbül” festivalları da bərpa edilməlidir.

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

Xalq qəzeti  2021.- 15 yanvar.- S.2.