Şanlı Qələbəmiz Azərbaycanın beynəlxalq reytinqini daha da yüksəltdi

 

Yola saldığımız 2020- ci il xalqımızın, eləcə də dünya azərbaycanlılarının yaddaşında əbədi qalacaq. Məhz bu ildə həm acılı, həm də sevincli günlər yaşadıq. Ötən ilin ilk günlərindən dünyanın başı üzərini almış koronavirus kabusu ölkəmizdən də yan keçmədi. Ancaq dövlət başçımızın düşünülmüş tədbirləri Azərbaycanı bu bəladan daha az zərər çəkən dövlətlər sırasına qoş­du. Üstəlik, dövlət başçımızın təşəbbüsü ilə pandemiyadan daha çox əziyyət çəkən dünyanın 30 - dan çox ölkəsinə humanitar yardım göstərildi. Əlavə olaraq, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində ianə edildi. İlin sonunda isə ölkəmiz 30 ilə yaxın müddətdə davam edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə öz gücü ilə cəmi 44 gün ərzində son qoydu.

Bütün bunlar barəsində 2020-ci ilin yekunlarına həsr olun­muş videomüşavirədə Prezident İlham Əliyev ətraflı məlumat verdi. Dövlətimizin başçısı koronavirusun bütün dünya üçün çox böyük sınaq olduğunu və Azərbaycanın bu sınaq­dan şərəflə çıxdığını diqqətə çatdırdı. Ölkə başçısı qeyd etdi ki, vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı. Onlar əməkhaqqının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Ölkə Prezidenti bildirdi ki, koronavirusa qarşı peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Ondan sonra insanlar kütləvi qaydada peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq.

Pandemiyanın fəsadlarına bax­mayaraq, ölkəmiz bir sıra sahələrdə uğurlar da qazanıb. Dövlətimizin başçısı çıxışında bunları da diqqətə çatdırdı. Vurğuladı ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Qeyri-neft sənayemiz 11 faizdən çox artıb.

Kənd təsərrüfatının 2 faiz artdığını və bundan sonra daha da çox artaca­ğını bildirdi. Çünki hazırda azad edilmiş torpaqlarda payızlıq əkini aparılır. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb. Neft Fondunun vəsaiti azalmayıb, artıb. Deməli, öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bax­mayaraq ki, koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər -- müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb.

Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqi artırılıb. Yeni reytinqə görə, 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bundan əlavə, Azərbaycan 10 ən isla­hatçı ölkə sırasına daxil edilmişdir.

Ölkə Prezidenti Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini diqqətə çatdırdı. He­sabatda qeyd edilir ki, əhalinin elektrik təchizatı səviyyəsinə görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında be­şinci, hökumətin uzunmüddətli stra­tegiyasına görə 10-cu, siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlıdəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyinə görə – 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdəyik.

Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Dövlətimizin başçısı bildirdi ki, bu göstəricilər dünyanın aparıcı ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının dünyanın bir nömrəli fo­rumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Ermənistan silahlı qüvvələrini darmadağın etməsi 30 illik münaqişəyə son qoyması dünyada böyük əks-səda doğurub. 30 il ərzində dünyanın ən reytinqli təşkilatlarının həll edə bilmədikləri münaqişəni möhtərəm Prezidentimiz 44 gün ərzində icra etdi. Dövlət başçımız 2020-ci ilin yekunla­rına həsr olunmuş videomüşavirədə bu Qələbənin qazanılmasını xüsusi vurğuladı. Dedi ki, keçən ilin nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunma­sıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq, öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlubiyyətə uğratdı. Üç rayonumuzu bir güllə atma­dan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq.

Bu tarixi Qələbə Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoydu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, aparıcı beynəlxalq təşkilatlar iddia edirdilər ki, münaqişənin hərbi həll yolu yox­dur. Bu, dünyada baş alıb gedən ikili standartların, islamofobiyanın, ayrı - seçkiliyin, siyasi riyakarlığın təzahürü idi. Müharibə dövründə dövlət başçımız dəfələrlə Azərbaycan xalqına müraciət edərək xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdi ki, Ermənistan tərəfi bizə tarix versin, onlar vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər biz dayanırıq. Əks-təqdirdə, axıra qədər gedəcəyik.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin imzaladıqları üçtərəfli bəyanat bizim qələbəmizi, Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirdi. Məhz Azərbaycanın döyüş meydanındakı böyük Qələbəsi Ermənistan hərbi-siyasi rəhbərliyini təslim olmağa vadar etdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. 30 ilə yaxındır icrasız qalmış BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını Prezident İlham Əliyev təmin etdi. Bu, həm beynəlxalq hüququn, ədalətin təmin olunması deməkdir. Bu qələbə, həm ədalətin qələbəsi idi. Azərbaycanın bu tarixi Qələbəsi digər bölgələrdə olan münaqişələrin həlli üçün açar rolunu oynayacaq. Beynəlxalq hüqu­qa əməl edilmədiyi bir şəraitdə digər dövlətlər eyni üsuldan istifadə edəcəklər. Bu yolda Azərbaycan onlara nümunə göstərdi.

Dövlət başçımızın dediyi kimi, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xal­qımızın əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

Yanvarın 11- də Moskvada Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Dağlıq Qarabağla bağlı imza­lanan ikinci bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. Vladimir Putininqeyd etdiyi kimi, regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusi diqqətə layiqdir.

Moskva görüşündə möhtərəm Prezidentimiz İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışları diqqəti cəlb etdi. Azərbaycan Prezidenti qalib dövlət rəhbəri statu­sundan, şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İl­ham Əliyevin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və öz fəaliyyətini məhz bu istiqamətdə qurur.

Paşinyanın dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı çıxı­şında qaldırdığı məsələlər onu bir daha gülünc vəziyyətinə qoydu. Çünki onun qaldırdığı məsələlər müzakirə mövzusu deyildi. Rusiya Prezidenti V. Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmamışdı. Həmin məsələlər birgə bəyanatda da əksini tapmadı. Paşinyanın çıxışı, onun ofisinin yaydığı press-reliz daxili audito­riyaya, Ermənistan əhalisinə hesablan­mış iddialardan başqa bir şey deyildi.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş abadlıq-quruculuq işlərinə başlanılıb. Beynəlxalq miqyaslı aeroportun, hər cür infrastruktura malik yolların, tikintisi, genişmiqyaslı infrast­ruktura , abadlıq–quruculuq işlərinə başlanılması bir daha təsdiqləyir ki, yaxın illərdə həmin ərazilər yenidən Azərbaycanın dilbər guşəsinə çevriləcəkdir.

 

Ağalar VƏLİYEV, Milli Məclisin deputatı

Xalq qəzeti  2021.- 15 yanvar.- S.3.