Azərbaycanın növbəti
uğuru və diplomatik
qələbəsi
Rusiya və Azərbaycan prezidentlərinin, həmçinin
Ermənistan baş nazirinin
iştirakı ilə yanvarın 11-də keçirilən Moskva görüşü
Azərbaycanın tarixi qələbəsinin
daha da möhkəmlənməsi
istiqamətində növbəti diplomatik
mərhələ, işğalçı ölkənin isə
siyasi-hərbi cəhdlərinin daha bir fiaskosu kimi
diqqət çəkdi. Bu görüş,
eyni zamanda,
respublikamızın regional inkişaf, təhlükəsizlik baxımdan əhəmiyyətini
də qabarıq nümayiş etdirdi.
Dövlətlər arasında təkcə siyasi deyil, həm də iqtisadi, regional əməkadaşlıq məsələlərini nəzərdə tutan və bu il yanvarın 11-də imzalanan Bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi ilə yox, perspektivə istiqamətlənən məsələlərin həyata keçirilməsi ilə sıx bağlıdır. Üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli işçi qrupun, yarımqrupların yaradılması və görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir.
Sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən
ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatı
bir daha təsdiqləyir,
eyni zamanda,
kommunikasiyaların bərpası ilə bağlı əks olunan müddəaların həyata
keçirilməsi mexanizmlərinin formalaşdırılması
üçün müvafiq
vəzifələri müəyyənləşdirir.
Bəyanatda əksini
tapmış ən mühüm məsələ
2021-ci il martın 1-dək Azərbaycanın
və Ermənistanın ərazisindən həyata keçirilən
daşımaların təşkili, yerinə yetirilməsi və
təhlükəsizliyinin təmin edilməsi üçün
zəruri olan yeni nəqliyyat
infrastrukturu obyektlərinin bərpasını
və tikilməsini nəzərdə tutan
tədbirlərin siyahısı və
reallaşdırılması qrafikinin
hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə
Naxçıvan Muxtar Respublikasını
birləşdirən dəhlizin yaradılması,
Naxçıvanın blokadadan
çıxarılması, həm Azərbaycanın özü, həm də bütün
region ölkələri üçün
mühüm önəm daşıyan nəqliyyat-kommunikasiya
imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının
yaradılması istiqamətində əhəmiyyətli
addımdır.
Ermənistan ərazisindən keçməklə
Naxçıvana gedən dəhliz özündə iki komponenti birləşdirir:
– Horadiz–Ağbənd istiqamətində yeni dəmir yolunun çəkilməsi;
– dəmir
yolu ilə yüklərin Horadizə
çatdırılması, bu coğrafiyada yük
terminalının yaradılması, oradan isə avtomobillərlə
yüklərin Naxçıvana, Türkiyəyə
çatdırılması.
Bütün bunlar deməyə əsas verir ki, nəqliyyat xətlərinin açılması potensialı regional əməkdaşlıq və daha yaxşı əlaqələr üçün geniş imkanlar aça bilər. Azərbaycana Avropa ilə Asiya arasında böyük əlaqəyə töhfə vermək üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti, Trans-Xəzər fiberoptik xətti kimi bir sıra nəqliyyat layihələri irəli sürüb və maliyyələşdirib. Bunun fonunda Azərbaycanın torpaqlarının işğalını uzun illər davam etdirən Ermənistan bu kimi layihələrdən, həmçinin neft və qaz layihələrdən təcrid olunub. Torpaq iddialarından əl çəkməklə Ermənistan bu təcrid olunmanı başa çatdıra bilər.
Prezidentlərin mediaya
açıqlamalarından belə başa
düşülür ki,
müzakirələrin əsas mövzusu
ötən il noyabrın 9-da imzalan Bəyanatın 9-cu bəndində nəzərdə
tutulan nəqliyyat kommunikasiyaları və
iqtisadi əlaqələrin bərpası
ilə bağlı olub. Yaxın zamanlarda Ermənistan
vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və
Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran
marşrutları üzrə nəqliyyat dəhlizlərinin
işə salınacağı barədə Azərbaycan və
Rusiya rəhbərlərinin verdiyi açıqlamalar da
onu göstərir ki,
danışıqlarda mövqe üstünlüyü
birmənalı olaraq Azərbaycanın tərəfindədir.
Regiondakı bütün nəqliyyat
kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə bölgədə sülhə və
sabitliyə nail olunması ideyası məhz
Azərbaycanın mövqeyi kimi Prezident İlham Əliyev tərəfindən hələ
münaqişə dövründə dəfələrlə səsləndirilmişdi.
İndiki üçtərəfli
görüşdə də məhz bu məsələlər
üzrə razılığın əldə olunması
danışıqlar prosesində Azərbaycanın mövqeyinin aparıcı olduğundan
xəbər verir.
Burada bir
məqama da xüsusi
diqqət yetirmək istərdik. Belə ki,
Ermənistanın uzun illər
apardığı işğalçılıq siyasəti fonunda bu ölkənin
ictimaiyyətində, eləcə də müxalifətində
Azərbaycana qarşı kin-küdurət, ədavət daha da dərinləşib.
Təəssüf və təəccüb doğuran haldır ki, erməni
cəmiyyəti qəsbkar olduğu halda, dünyaya özünü hər zaman
təqib və təzyiqə məruz dövlət kimi tanıtmağa, ətrafına havadarlar toplamağa cəhd
göstərib, özünü qədim, tarixi ərazilərimizin əsl sahibi, yiyəsi kimi təqdim
etməyə çalışıb.
Bax, yuxarıda
vurğuladığımız bu amilə
əsasən Ermənistanda müxalif siyasi dairələr Vətən müharibəsində
parlaq qələbəmizi, ölkəsinin
isə acı məğlubiyyətini etiraf
etmirlər. Ona görə də
yanvarın 11-də keçirilən Moskva
görüşündən hələ əvvəl müxtəlif
şayiələr əsasında yaratdıqları ajiotajla baş nazir Nikol Paşinyana
təzyiq göstərir, onun istefasına nail olmağa
çalışırdılar. Buna baxmayaraq, nəzərdə tutulan
Moskva görüşü
reallaşdı, Azərbaycan və Rusiya
prezidentləri, Ermənistan baş naziri Qarabağ bölgəsində
hərbi əməliyyatlar başa
çatdıqdan sonra ilk
dəfə olaraq üzbəüz
görüşdülər.
Nikol Paşinyanın çıxışından müxalifətin onun əleyhinə istifadə etdiyi bütün iddiaları bu görüşdə müzakirə etməyə cəhd göstərdiyini hiss etmək elə də çətin deyildi. Xüsusilə ötən il noyabrın 9-da imzalanan Birgə Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin və girovların dəyişdirilməsi, eləcə də həmin sənəddə yer almayan “Qarabağın statusu” ilə bağlı məsələ Ermənistan baş nazirin təkid etdiyi əsas məsələlər idi. Azərbaycan və Rusiya prezidentlərinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni Birgə Bəyanatda bu iki məsələ ilə bağlı heç bir müddəanın yer almaması onu göstərir ki, N.Paşinyanın müxalif qüvvələrin istəklərinə əsaslanan məqamlar barədə nəinki razılıq əldə edilib, heç müzakirə belə aparmağa ehtiyac duyulmayıb.
Fikrimizcə, Nikol Paşinyan çıxışında səsləndirdiyi hərbi əsirlər və girovlar, əslində, terrorçulardır. Onlar Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərmizdə gizlənərək, təxribatlar törədib, hərbçilərimizi öldürüblər. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə bu barədə deyib: “Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.
Burada, həmçinin vurğulamaq
lazımdır ki, beynəlxalq humanitar hüquq
normalarına, o cümlədən
müharibə qurbanlarının müdafiəsi haqqında
1949-cu il tarixli Cenevrə
konvensiyalarının müddəalarına əsasən konkret cinayət əməli törətmiş
terror təxribat qrupunun
üzvləri hərbi əsir hesab
edilə bilməzlər.
Beləliklə, ötən il
noyabrın 9-da imzalanan Bəyanatın 8-ci
bəndində nəzərdə tutulan hərbi
əsirlərin qarşılıqlı olaraq
dəyişdirilməsi haqqında razılaşma bu hərbçilərə şamil
edilə bilməz. Ona görə də
Ermənistan siyasilərinin demaqogiyası İlham
Əliyevin qəti prinsipiallığı ilə üzləşərək
növbəti dəfə iflasa
uğradı.
Minsk qrupu
çərçivəsində Dağlıq Qarabağın statusuna dair müzakirələrin
davam etdirilməsi ilə bağlı məsələ
isə, ümumiyyətlə, yuxarıda
xatırlatdığımız noyabrın 9-da imzalanan
Bəyanatda öz ifadəsini tapmayıb. Prezident İlham
Əliyevin və Prezident Vladimir
Putinin görüşdən sonrakı bəyanatlarında
da bu məsələ
ilə bağlı heç bir fikir səsləndirilməyib.
Deməli, Paşinyanın bu təklifi də
müzakirə üçün məqbul hesab olunmayıb.
Beləliklə, noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərb meydanında əldə olunmuş parlaq qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir. Qarşıda hələ çoxsaylı və daha böyük uğurlarımızın şahidi olacağıq.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2021.- 15 yanvar.- S.3.