Ölkəmiz möhtəşəm
bərpa-quruculuq işlərinə start verdi
Bizi 27-28 illik işğaldan azad olunmuş Qarabağımıza, ona bitişik tarixi yurd yerlərimizə daha da yaxınlaşdıran, xalqımızı bir daha elliklə qarabağlı edən daha bir önəmli addım! Rəşadətli ordusu, igid, cəsur əsgəri ilə Qarabağımızı bizə qaytaran, müzəffər Ali Baş Komandan, qalib sərkərdə - ölkə Prezidenti cənab İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalamaqla işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq, abadlıq işlərinə start verdi. “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalandı.
Tərkibində dövlət və hökumət rəsmilərinin, tanınmış ziyalıların, korifey sənətçilərin yer aldığı bu fond işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə təşkil olunur ki, bunun da önəmini şərh etməyə çox yəqin ki, ehtiyac qalmır. Elə adından da məlum olur ki, bu fond nə üçün, hansı məqsədlə təşkil olunur.
Bəli, 44 günlük müqəddəs Vətən müharibəsi, İkinci Qarabağ savaşı ilə 32 illik qanlı münaqişəyə son qoyduq, Ali Baş Komandanın rəhbərliyi ilə igid Azərbaycan əsgəri öz “Dəmir yumruğu”nu yağı düşmənin başına zərblə endirdi, onu məğlubiyyətə, təslimiyyətə uğratdı, əzdi, məhv etdi, diz çökdürdü.
Üçrəngli müqəddəs bayrağımız yenidən Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə, Ağdamımızda, Füzilimizdə, Zəngilanımızda, Hadrutumuzda, Qubadlımızda, Cəbrayılımızda, yaralı Xocalımızın 9 kəndində, Suqovuşanımızda qürurla, vüqarla ucaldıldı, dalğalandırıldı...
Qələbə bayrağını birdəfəlik asdıq, ucaltdıq, dalğalandırdıq Vətən torpaqlarımızda. Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyini sübut etdik. Enməyəcək, enməyə də imkan verməyəcəyik. Bizim olanı, haqqımız olanı daha heç kimə “güzəştə” getməyəcəyik!
Bəli, qalib ölkə, qalib xalq, qalib dövlət olaraq, bizi qarşıda növbəti yeni üfüq, yeni mərhələ, yeni proseslər gözləyir. Bu, işğaldan azad olunmuş Qarabağımızın bərpası, yenidən dircəldilməsi, yenidən əvvəlki gözəlliyinə qaytarılmasıdır. Bu, uzun, çətin, şərəfli bir proses, bir mərhələdir. Bu məsələdə də birliyimiz, həmrəyliyimiz, bir məqsədə yönəlməyimiz vacibdir, önəmlidir. Hamımızın fikri-zikri, amalı yalnız və yalnız bu olmalıdır: işğaldan azad olunmuş ərazilərimizin tezliklə bərpası, canlandırılması, ayağa qaldırılması və məcburi köçkünlərimizin yenidən ata-baba yurdlarına köçürülməsi, qaytarılması...
32 illik qanlı münaqişəni 44 günə başa vurduğumuz, birlikdə çözdüyümüz, birlikdə bacardığımız kimi, bunu da çözəcəyik, bunu da həll edəcəyik, bacaracağıq...
Heç təsadüfi deyil ki, cəmi bir neçə gün öncə – ötən ilin son günlərində hərtərəfli müzakirələrdən keçirib, qəbul etdiyimiz dövlət büdcəsində də Qarabağımızın bərpası üçün nə az-nə çox, düz 2,2 milyard manat vəsait nəzərdə tutulub! Bunun özü bərpa, dirçəliş, qayıdış istiqamətində önəmli addımdır! Bu gün imzalanan mühüm sənədlər də bu yolda növbəti qətiyyətli, vacib addımlardır, Qarabağımıza bir daha sahiblənməyimizdir!
Müzəffər Ali Baş Komandanımızın da dediyi kimi, bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir.
Bu dövr şərəfli dövr olacaq. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb. Biz bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir.
Bizim xalqımıza Qələbə yaraşır. Qələbə həmişə bizimlə olacaq!
Jalə
ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsi sədrinin müavini
Xalq qəzeti 2021.- 9 yanvar.- S.5.