Ölkə
iqtisadiyyatının sürətli inkişafını təmin
etmək yeni dövrün
başlıca vəzifəsidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə geniş çıxış edən ölkə başçısı torpaqlarımızın işğaldan azad edilməsindən sonra başlanan yeni dönəmdə görüləcək bir çox işlərə dair mühüm bəyanatlar verdi. Azərbaycan Prezidenti yeni mərhələni, həm də koronovirus pandemiyasının başa çatması və ölkə iqtisadiyyatının postpandemiya dövrünə qədəm qoyması dövrü kimi səciyyələndirdi.
Azərbaycanda yaxın vaxtlarda bir çox ölkələrdə olduğu kimi, vətəndaşlarımızın kütləvi peyvənd olunması işinə başlanılacaq. Müşavirədə Prezident bununla bağlı real durumu əsaslandıraraq dedi: “Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”.
Ümumdünya pandemiyasının beynəlxalq aləmdə yaratdığı iqtisadi və maliyyə çətinliklərindən Azərbaycan daha yumşaq keçə bildi. Bu, ilk növbədə, pandemiya dövründə hökumətin atdığı qabaqlayıcı addımlar hesabına təmin edildi. Başqa ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatı daha az itkilərə məruz qaldı.
Bizi qarşıda olduqca böyük işlər gözləyir. Bu işlərin əsasını, ilk növbədə, iqtisadiyyatımızın əvvəlki sürətli inkişaf templərinin bərpa edilməsinə, onun qeyri-neft sektorunun üstün sürətlə inkişafının reallaşdırılmasına yönələn səylərin icrası təşkil edəcək. Ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafının təmin olunması istiqamətində hökumətin düşünülmüş plan əsasında apardığı işlər, hətta pandemiya dönəmində bu sektorun ayrı-ayrı sahələrində yetərli pozitiv nəticələr əldə etməyə imkan verdi. Dünya iqtisadiyyatında ciddi geriləmələrin baş verdiyi və bu səbəbdən də Azərbaycan iqtisadiyyatının müəyyən çətinliklər yaşadığı bir dönəmdə iqtisadiyyatımızın real sektorunun qeyri-neft sənayesində 11 faizdən çox artımın qeydə alınması xüsusi bir uğurdur. Bu, ilk növbədə, cənab Prezidentin dediyi kimi, hökumətin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı düzgün siyasətin nəticəsində əldə etdiyimiz nailiyyətdir.
Dünyada neftin qiymətlərinin kifayət qədər siyasi alver vasitəsinə çevrildiyi indiki dönəmdə bizim ən ümdə vəzifəmiz iqtisadiyyatın real sektorunun daha üstün inkişafını təmin eməkdən ibarət olmalıdı. Bunun üçün ölkəmizin yetərli potensialı mövcuddur. Son 5 il ərzində iqtisadiyyatın real sektorunun inkişafı istiqamətində strateji yol xəritələri daxil bir çox mühüm qərarlar qəbul olunub. Bu gün ümumi iqtisadiyyatımızın 2/3 hissəsi məhz real sektorun payına düşür.
Hazırda başlıca vəzifəmiz işğaldan azad etdiyimiz ərazilərin bərpası, bu ərazilərdə əsaslı iqtisadi mühitin yaradılması və bütövlükdə Azərbaycan iqtisadiyyatının real sektorunun üstün inkişafını təmin etmək məqsədilə xarici və yerli investisiyaların daha böyük həcmlərdə cəlbini reallaşdırmaqdan ibarətdir. Yetərli olacaqdır ki, bu məqsədlə mövcud biznes mühitini digər ölkələrlə müqaisədə bir qədər də münbitləşdirək. Bu istiqamətdə hökumətin son illər ərzində gördüyü işlər xüsusilə diqqət çəkir.
Lakin burada bir məqamı da vurğulamaq istərdim. İstər xarici, istərsə
də yerli kapital fərqi yoxdur, həmişə daha münbit bir məkanı seçməkdə israrlı
olur. Düşünürəm ki, postpandemiya
və torpaqlarımızın
işğaldan azad edildiyi dönəmdə
biz həm beynəlxalq
və həm də yerli kapitala
indikindən daha cəlbedici şərtlər
təklif etməliyik.
Məsələn, bu sırada işğaldan azad edilmiş torpaqlarda xarici və yerli investisiyalar
hesabına qurulacaq istehsal müəssisələrinin
10 il müddətinə
bütün vergilərdən
azad olunması kimi təklif yetərincə maraqlı ola bilər. Çünki istehsal müəssisələrinə qoyulan
yatrımlar adətən
8-10 il müddətinə
geri qayıda bilir. Əgər investor öz yatırımlarını
geri qaytardığı
müddətdə vergi
ödəməyəcəksə, deməli, o, bu prosesi daha tez
başa çatdıra
biləcək və daha çox qazanmaq şansı əldə etmiş olacaq. Bu isə
onun bütün maraqlarının yüksək
səviyyədə təmin
olunması deməkdir.
Başqa
bir misal. Xidmət və turizm müəssisələri
5 il müddətinə
bütün vergilərdən
azad edilə bilər ki, bu da onlar
üçün kifayət
qədər maraqlı
görünəcək. Çünki istehsal müəssisələrindən
fərqli olaraq turizm və digər xidmət sektorlarında edilən yatrımların geri qaytarılması müddəti
daha azdır.
İnvestorların bir başqa marağı isə yatrımlar etdikləri məkanlarda mükəmməl
sığorta sisteminin
olmasıdır. Ölkəmizdə bu sahədə
hələ çox işlər görülməlidir.
Biz respublikamızda mövcud olan sığorta sistemini beynəlxalq tələblərə
uyğun bir səviyyəyə yüksəltməliyik.
Bu, olduqca vacibdir.
Azərbaycan hökumətinin son 17 il ərzində
apardığı islahatların
nəticələri beynəlxalq
maliyyə qurumlarının
və reytinq agentliklərinin hesabatlarında
öz əksini tapıb. Bu hesabatları
biz tərtib etmirik.
Onların müəllifi dünyaca
məhşur institutlardır.
Biz bu gün
Dünya Bankının
son “Doing Business” hesabatında 28-ci yerdəyik. Azərbaycanınn bu sıralamadakı
yerinin ətrafında
bir qədər öncə hansısa qüvvələr nə qədər hay-küy yaratmaq istəsələr
də, haqq öz yerini tapdı.
Azərbaycan hökuməti ölkəmizin
iqtisadi qüdrətinin
artırılmasını təmin
edən addımları
bundan sonra da davam etdirəcək. Bu gün Azərbaycan artıq Avropanın enerji təchizatçısı
statusunda olan bir ölkədir. Aparacağımız islahatlar və
görəcəyimiz yeni
işlər bizim beynəlxalq aləmdəki
gücümüzü və
nüfuzumuzu yetərincə
artıracaq.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti 2021.- 9
yanvar.- S.4.