Qayğı birlik və bərabərlik göstəricisidir

 

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və qazilərə qayğı ölkəmizdə nümunəvi vəziyyətdədir. Dövlətimizin sosial siyasətinin prioritet məsələlərindən biri məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır. Prezident İlham Əliyevin göstərişlərinə əsasən, dövlət qurumları Birinci Qarabağ müharibəsində həlak olanların ailələrinin, qazi və veteranların problemlərini daim diqqətdə saxlamış, çətinliklərinin çözülməsi üçün ardıcıl tədbirlər həyata keçirmişlər. İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, yaralılar və döyüşlərin bütün iştirakçıları da ən yüksək hörmət və diqqətlə əhatə olunublar. Bu məqsədlə təkcə son bir ay - ayyarım ərzində 5000-ə qədər şəxsi əhatə edən sosial dəstək paketi reallaşdırılıb.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında qəhrəmanlıqla şəhid olan, həmçinin şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını fəxri adlarla təltif etmiş, onlara yüksək ordenmedallar verilmişdir. Ən ali fərqlənmə dərəcəsi olan “Azərbaycanın Milli Qəhəmanı”, “Vətən müharibəsi Qəhrəmanı” adları, “Zəfər”, “Qarabağ”, “Rəşadət” ordenləri, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” və digər medallar bu qəbildəndir. On minlərlə əsgər, gizirzabit bu təltiflərə layiq görülmüşdür. Bir çox zabitin rütbəsi artırılmışdır.

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezidentin müvafiq fərmanının icrası olaraq son illər ərzində davamlı tədbirlər görülürbu il də həmin məqsədlərə 35 milyon manat vəsait ayrılıb. Şəhid və qazi ailələrinin də bu problemi diqqət mərkəzindədir. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə cənab İlham Əliyev bu barədə fikirlərini aydın şəkildə ifadə edib. Prezident bildirib ki, bu il şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsi təmin olunmalıdır. İndiyədək bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən ev və mənzil alıb. Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu ki, yanvarın 15-dək həmin evlərin verilməsi tamamən başa çatdırılacaq. Bununla yanaşı, son bir ay ərzində ölkəmizin bölgələrində 60-dək fərdi yaşayış evi şəhid ailələrinə və ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Mənzil proqramı bu il daha əhatəli şəkildə davam etdiriləcək. Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına təzə evlər veriləcək. Məcburi köçkünlər üçün böyük şəhərlərdə nəzərdə tutulmuş və Dövlətqaçqınkomun balansında olan mənzillər şəhid ailələrinə veriləcək. Dövlət başçısı bildirib ki, bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək: “Bəzi layihələr davam edir, bəzi layihələr başa çatmaq üzrədir. İndi Füzuli rayonunda, Horadizdə və başqa bir kənddə evlər tikilibdir, onlar, əlbəttə ki, köçkünlərə veriləcək. Ancaq bundan sonra daha Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir. Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək və biz bunu da xüsusi proqram əsasında həyata keçirəcəyik… Bu, çox ədalətli yanaşmadır”.

İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanıb və Prezidentin sərəncamı ilə dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb. Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb və dövlət başçısının sərəncamı ilə yeni bir təqaüd - Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub, onun da məbləği 2000 manat olaraq müəyyən edilib. Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edir.

Bundan əlavə, İkinci Qarabağ müharibəsi cəbhələrində vuruşanya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlər 7 min şəxsi əhatə edib. Ümumiyyətlə, son dövrlərdə 2300 şəxsə sosial ödənişlər təyin olunub. 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə sosial-psixolojireabilitasiya xidmətləri göstərilib. Əlavə olaraq mülki şəhidlərimizin də sosial ödənişlərinin hamısı prioritet qaydada tam şəkildə təmin olunub, onların ailələrinə sosial-psixoloji reabilitasiya xidmətləri təqdim edilib. Bu məqsədlə yaradılan xüsusi İşçi qrupunda bütün aidiyyəti dövlət qurumlarının üzvləri var və əlaqələndirilmiş nəticəsində şəhid ailələrinin, müharibədə yaralanan şəxslərin, müharibə iştirakçılarının sosial təminatı, sosial ödənişləri, məşğulluq tədbirləri sürətlə aparılır. Avtomobillərin və digər reabilitasiya vasitələrinin verilməsi proqramı da uğurla davam etdirilibil ərzində 400 müharibə əlilinə və əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub.

Müharibə zamanı ermənilərə əsir düşmüş hərbçilərimiz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin ciddi səyləri ilə Vətənə qaytarılıb və onların reabilitasiyası üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Doğma ailələrinə qovuşmuş həmin əsgərlər televiziya kanallarına və xəbər saytlarına verdikləri müsahibələrdə iztirab dolu əsirlikdən xilas edildiklərinə görə birmənalı olaraq məhz cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildiriblər.

Onu da qeyd edək ki, 2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə gedən zaman işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülmüş və separatçı “Dağlıq Qarabağ rejiminin vasitəsilə məhkəmə şousunun qurbanı olaraq uzun illər həbs cəzası almış Dilqəm Əsgərov və Şahbaz Quliyevinazad edilənlər arasında yer alması hər birimizin qəlbini fərəhləndirən faktdır. İstər-istəməz, illər öncə Macarıstanda bayrağımızı təhqir etmiş erməni zabitini öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmiş igid hərbçimiz Ramil Səfərovun vətənə qaytarılması və elə təyyarə limanındaca bəraət xəbərini alması yada düşür. Bax, budur Azərbaycan Prezidentinin öz vətəndaşlarına, öz əsgərlərinə qayğıkeş ata münasibəti!

Məlumdur ki, ölkəmizdə şəhid ailələrinə və müharibə veteranlarına birdəfəlik yardım da daxil olmaqla çoxsaylı güzəştlər edilir. Onlara mənzil və avtomobillərin, aylıq müavinət və təqaüdlərin verilməsi, vergi güzəştləri və s. kimi sosial güzəştlər təminatın müəyyən bir qismidir. Eyni zamanda işverənlərə bu statusda olan vətəndaşlarımız üçün məcburi kvota müəyyən edilib, özünüməşğulluqla bağlı çoxsaylı layihələr həyata keçirilir və maliyyələşdirilir. Konkret faktlara əsasən demək olar ki, dövlət başçısının xüsusi diqqəti və qayğısı nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə 1800-dək şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 1540 şəxs, o cümlədən 860 şəhid ailəsi üzvü, 420 yaralanmış qaziya ailə üzvü növbədənkənar özünüməşğulluq proqramına qatılıb. Onlara malmateriallar, avadanlıqlar formasında aktivlər verilməklə, kiçik ailə müəssisələri yaradılır ki, bu da həmin ailələrin kiçik binzesə çıxış imkanlarına malik olmalarına imkan verir. Bundan başqa, erməni terroru nəticəsində evləri dağılmış 30-dək şəxs üçün də özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilərək kiçik müəssisələr qurulub. Üstəlik, postmünaqişə dövründə şəhidlərin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 219 nəfəri öz istəklərinə uyğun olaraq haqqı ödənilən ictimai işlərə cəlb edilib, 31 nəfəri isə əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təmin olunub.

Dövlət Sosial Müdafiə Fondu isə artıq Vətən müharibəsi 900 şəhidlərinin 2100-dən çox ailə üzvünə müvafiq sosial ödənişlərin təyinatını aparıb və proses davam edir. Özü də təqaüd, pensiya və müavinətlər heç bir müraciət olunmadan, elektron qaydada həyata keçirilir və aparılmış təyinatlar barədə şəhid ailələrinə məlumatlar verilir. Eyni zamanda, nazirlik əməkdaşları mütəmadi olaraq şəhid ailələrinin görüşünə gedir və təqaüdü almaq üçün bank kartlarını bir çox şəhid ailələrinə elə bu görüşlər zamanı öz evlərindəcə təqdim edirlər.

Azərbaycan Prezidentinin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu yaradılıb. Bu, sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətdə qayğıkeşlik hissinin güclənməsinə, yardımlaşma ruhunun artmasına nail olmaq istəyidir. Fond bu yöndə ciddi işlərin görülməsinə artıq başlayıb və davamlı olaraq həmin kateqoriyadan olan insanlarla görüşlər keçirilir, onlara hər cür yardım göstərilir. Fond vətən üçün canını və qanını əsirgəməyənləri layiq olduqları şəkildə yaşatmaq məramına daha çox əməli töhfə verəcək.

Vurğulamaq lazımdır ki, xalqımız ta qədimdən xeyirxahlıq, canıyananlıq kimi üstün milli keyfiyyətləri ilə seçilib. Bu gün də çoxsaylı vətəndaşlarımız şəhid ailələrinə və qazilərə buya digər şəkildə yardım etmək istəyirlər. Odur ki, bu sahədə bir koordinativ fəaliyyətə ehtiyac vardı. Yeni yaradılan “YAŞAT” Fondu da məhz bu funksiyanı yerinə yetirməyə başlayıb. Eyni zamanda müraciətlər əsasında da onlara lazımi dəstək göstəriləcək. Bu, çox gözəl addımdır, birlik və bərabərliyimizin göstəricisidir.

Nəhayət, qeyd edək ki, Prezidentin 7 yanvar 2021-ci il tarixli fərmanı ilə əlaqədar olaraq, Bakıda, həmçinin bir sıra şəhər və rayonların icra hakimiyyəti aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılır. Bununla da həssas təbəqəyə aid vətəndaşların müraciətlərinə daha diqqətlə yanaşılacaq və onların problemləri daha operativ həllini tapacaq.

Bəli, dövlət şəhid ailələrinin, qazilərin sosial şəraitinin yaxşılaşdırılmasından ötrü öz üzərinə götürdüyü missiyanı layiqncə yerinə yetirməkdədir və bu məram üçün bundan sonra da əlindən gələni edəcəkdir. Qayğı sözü ilə qayğının özü arasında heç bir məsafə yoxdur. Deyiliredilir.

Əli NƏCƏFXANLI

Xalq qəzeti  2021.- 9 yanvar.- S.4.