Sözün işığında gedilən yol...

Bəxtiyar Sadıqov–70

 

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, respublikanın Əməkdar jurnalisti Bəxtiyar Sadıqovun 70 yaşı tamam olur. Deputat həmkarım yubileyini ailə çərçivəsində, övladlarının, nəvələrinin əhatəsində qeyd edir. Təkcə ona görə yox ki, indi koronavirus pandemiyası ilə bağlı sərtləşdirilmiş karantin şəraitində yaşayırıq. Ona görə ki, ümumiyyətlə, sadəlik və təvazökarlıq bu insana müyəssər olan ümdə xüsusiyyətlərdəndir. Əslinə qalsa isə hörmətli dostumuzun keçdiyi ömür yolunda qürur duyulmalı, fəxr edilməli məqamlar çoxdur. Bəxtiyar Sadıqova görə, bütün bunların daşıdığı dəyər odur ki, qələminə sarılaraq seçdiyi çətin peşəyə həmişə sadiq qalıb. Ona tapşırılan işə, etibar edilən vəzifəyə məsuliyyətlə yanaşıb, çalışdığı redaksiyaların, daha sonra isə dövlətin etimadını doğruldub. Eləcə də Milli Məclisin deputatı kimi seçicilərinin dərin hörmət və rəğbətini qazanıb.

20 ildən çoxdur ki, Milli Məclisdə həmyerliləri olan Ağdam seçicilərini təmsil etməsi bunun əyani təsdiqidir. Belə ki, Bəxtiyar Sadıqov ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisə deputat seçilib. Şahidəm ki, Bəxtiyar Sadıqov seçicisinin etimadını dəyərləndirən, onu dinləyib dərdinə-sərinə qalmağa çalışan deputatdır. Dönə-dönə cəbhə bölgəsi Ağdama, həmin bölgədən olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə getməsinin də başlıca səbəbi budur. Deputat həmkarımız Milli Məclis tərəfindən qanun və qərarların qəbul edilməsi proseslərində, həmçinin parlamentdə üzvü olduğu komissiyanın işində yaxından iştirak edir.

Mən Bəxtiyar Sadıqovu deputat olmazdan əvvəl gözəl qələm sahibi kimi tanımışam. Hələ sovet dönəmində, 1980-ci illərin ikinci yarısında “Kommunist” qəzetində işlədiyi zaman onun yazılarını, əsasən kənd təsərrüfatının müxtəlif sahələrinə aid maraqlı məqalə və oçerklərini oxumuşdum. İstənilən dövrdə, istənilən ölkədə və ictimai-siyasi quruluşda kənd təsərrüfatı həyati vacib sahədir. Odur ki, Bəxtiyar Sadıqovun istər aqrar sahədən yazdıqları, istərsə də bütün yaradıcılığı şərəf duyğuları gətirən məqamlardan ibarətdir. Ümümiyyətlə, elə bir tematika yoxdur ki, tanınan və oxunan peşəkar jurnalistin qələmi indiyədək o sahəyə toxunmamış və onu yüksək səviyyədə işıqlandırmamış olsun. Bütün bunlar Bəxtiyar Sadıqovun həyatının səhifələrinə nəzər saldıqda daha aydın görünür.

Bəxtiyar Yusif oğlu Sadıqov 1951-ci ildə Ağdam şəhərində anadan olub. 1965-ci ildə Ağdam şəhər 4 nömrəli səkkizillik məktəbini bitirib.1965-1969-cu illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda təhsil alıb, texnik-texnoloq ixtisasına yiyələnib. Texnikumu fərqlənmə diplomu ilə başa vurduğuna görə pedaqoji şuranın qərarı ilə ali məktəbə oxumağa ezam ediləndə arzularının ardınca Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə üz tutub. 1969-cu ildə universitetin həmin fakültəsinə daxil olaraq 1974-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirib. İctimai işlərdə fərqləndiyinə görə Bəxtiyar Sadıqov hələ texnikumda tələbə həmkarlar təşkilatının sədri, universitetdə isə fakültə komsomol təşkilatının katibi seçilib.

Hələ ilk gənclik illərində ictimai işlərdə göstərdiyi fəallıq həyatının sonrakı dövrlərində də onu müşayiət edibbu gün ictimaiyyət arasında qazandığı hörmət, cəmiyyətdə tutduğu mövqe həmin amillərdən qaynaqlanır.

1975-ci ilin aprel ayında Bəxtiyar Sadıqov Abşeron rayonunun eyni adlı qəzetində işləməyə başlayıb. O dövrdə rayon qəzetləri gənc jurnalistlərin yetişməsində əsl məktəb rolunu oynayırdı. “Abşeronda əmək fəaliyyətinə başlaması Bəxtiyar Sadıqovu böyük jurnalistikaya aparan yolun əvvəli idi. O , burada çalışmağa qəzetçiliyin, necə deyərlər, əlifbasından başlayıb. Əvvəlcə korrektor, sonra müxbir, şöbə müdiri, redaktor müavini olub.

 Abşeronda rayonun sosial-iqtisadi həyatı, baş verən yeniliklər, qurub-yaradan insanların əməyi öz dolğun əksini tapırdı. Bütün bunların mərkəzində olmaq onun üçün qələmini dönə-dönə, həm də müxtəlif mövzularda sınamaq, yaradıcılığını hərtərəfli inkişaf etdirmək demək idi.

Bəxtiyar Sadıqov 1986-cı ildə Azərbaycan KP MK-nın orqanı olan, respublikanın tanınmış jurnalistlərinin çalışdığı “Kommunist” qəzetinə məhz bu bacarıq və səriştə ilə gəlmişdi. Daha doğrusu, burada işləməyə dəvət olunmuşdu. Bir müddət qəzetin kənd təsərrüfatı şöbəsində müxbir kimi çalışdıqdan sonra elə həmin şöbənin müdiri vəzifəsinə irəli çəkilmişdi. Bu, “Kommunistin aparıcı şöbələrindən biri idi və şöbə müdiri ona uğurla rəhbərlik etməklə yanaşı, özü də mütəmadi günün tələbləri səviyyəsində maraqlı və oxunaqlı yazılarla çıxış edirdi.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdi. Elə həmin il jurnalist yolları Bəxtiyar Sadıqovu yeni nəşrə başlayan “Həyat” qəzetinə gətirdi. Bir müddət burada bölgə müxbiri kimi çalışdı. 1992-ci ildə ”Həyat” və “Azərbaycan” qəzetləri birləşdirildi və o zamandan Bəxtiyar Sadıqovun Qarabağ bölgəsində xüsusi-hərbi müxbir həyatı başlandı.

Çətin, mürəkkəb, dolaşıq vaxt idi. Qanlı döyüşləri qələmə alan jurnalist bilavasitə onların iştirakçısına çevrilir, ölümlə üz-üzə, göz-gözə dayanırdı.

Birinci Qarabağ müharibəsinin veteranı olan Bəxtiyar Sadıqovun yaradıcılığında hərbi-vətənpərvərlik mövzusu o vaxtlardan özünə geniş yer alıb. Sonrakı illərdə Bəxtiyar müəllim “Azərbaycan”da fəaliyyətini müxbir və şöbə müdiri kimi davam etdirərkən mövzu dairəsi nə qədər genişlənsə də, vətənpərvərlik yazıları yaradıcılığında yenə də önəmli yer tutur.

2002-ci il aprelin 12-dən Bəxtiyar Sadıqov rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı olan “Azərbaycan”ın baş redaktorudur. Qəzetin Azərbaycan dövlətinin daxilixarici siyasətinin, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların işıqlandırılmasında özünəməxsus üslubuxüsusi yeri var. “Azərbaycan”ın səhifələrində dövrümüzün həqiqətləri öz geniş əksini tapır. Bu gün “Azərbaycan” qəzeti ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin dünyanın nüfuzlu ölkələri sırasına çıxardığı Azərbaycanın uğurlarının tərənnümçüsü, dövlətçilik və azərbaycançılıq ideologiyamızın yorulmaz təbliğatçısıdır. Dövlətimizin siyasətini dəstəkləyir və kütlələrə çatdırır. Bir sözlə, Bəxtiyar müəllim “Azərbaycan”ın üzərinə düşən tarixi missiyanı baş redaktor olaraq ləyaqət və şərəflə yerinə yetirir. O, bu müqəddəs işdə 19 ildir rəhbərlik etdiyiuğurla formalaşdırdığı kollektivin gücünə və bacarığına arxalanır. Belə ki, bu gün qəzetdə Bəxtiyar müəllimlə çiyin-çiyinə təcrübəli qələm sahibləri və cavan jurnalistlər dəstəsi çalışır. Bu dəstə elə qəzetin özünün püxtələşdirdiyi yetirmələridir.

Bəxtiyar Sadıqovun bir yaradıcı insan kimi yüksək dəyərləndirdiyim xüsusiyyətlərindən biriodur ki, qələmini heç vaxt yerə qoymur. Baş redaktorMilli Məclisin deputatı kimi vaxtı nə qədər məhdud olsa belə... Geniş mövzu dairəsinə malikdir. Tanınan və sevilən jurnalist-publisistin qələmindən ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixindəki misilsiz rolundan bəhs edən çoxsaylı məqalələr, Prezident İlham Əliyevin liderliyi ilə gerçəkləşən dünya səviyyəli layihələr, həyata keçirilən islahatlar, xilaskarlıq missiyası haqqında silsilə yazılar çıxıb. O eləcə də xalqımızın son 30 ildə namərd qonşu xəyanətinin ucbatından yaşadığı məşəqqətlərin və nəhayət, möhtəşəm Qələbəmizin əks-sədası olan müxtəlif janrlı əsərlərin müəllifidir.

Ən kövrək duyğuları isə Ağdamla bağlı olub. O Ağdamla ki, oradan Vətən, torpaq, sənət sevgisini ərməğan almışdı, orada uşaqlıq və yeniyetməlik xatirələri, əzizlərinin, çox sevdiyi anası Sədəf xanımın məzarları qalmışdı... Dünənki yazılarındakı o nisgili “Dəmir yumruqla qazandığımız Qələbə haqqında bugünkü yazılarındakı sevinc əvəz edib...

Bunlardan əlavə, Bəxtiyar müəllim 50-dən çox elmi, bədii, siyasipublisistik kitabın redaktorudur. Çox illik jurnalist fəaliyyətinin bəhrəsi olan “Qeyrət və xəyanət”, “İnsanzaman”, “Həqiqət və yalan”,”Ömrün söz yaddaşı” kitabları da oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Düşünürəm ki, əgər mənə Bəxtiyar Sadıqov haqqında bir neçə söz söyləmək həvalə edilsə, nə deyərdim? Sənətinin vurğunu olan jurnalist, xalqının sədaqətli övladı, dövlətinin ləyaqətli məmuru, seçicilərinin etimadını doğruldan deputat, rəhbərlik etdiyi kollektivin qayğıkeşi, imanlı hacı, gözəl ailə başçısı, xeyirxah insan, yaxşı dost... Bunların hamısının bir insanın “boyuna biçilməsi” asan deyil, bunlar bizım əzızimiz Bəxtiyarlıqdır. Yəni onunonun kimi güclü insanların bacardığı , çiyninə götürə biləcəyi müqəddəs yükdür.

Odur ki, Bəxtiyar Sadıqovun Azərbaycan jurnalistikası, istərsə də xalq və dövlət qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Peşəkar jurnalistin qələminin məhsulu ayrı-ayrı vaxtlarda müxtəlif yaradıcılıq mükafatlarına layiq görülüb. O cümlədən, 1983-cü və 1994-cü illərdə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatını alıb. 2007-ci ildə isə “Yusif Məmmədəliyev adına medalla təltif edilib. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan B.Sadıqov respublikanın ictimai-siyasi həyatında fərqləndiyinə görə bir sıra digər medallaramükafatlara da layiq görülüb. Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan zabitdir.

Bəxtiyar Sadıqov Mətbuat Şurası İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının Məclis üzvüdür. Birgə təmsil olunduğumuz Ağsaqqallar Şurasının işində mən Bəxtiyar müəllimin həyat təcrübəsinin və daşıdığı hər vəzifəyə necə məsuliyyətlə yanaşdığının şahidi oldum.

Azərbaycan mətbuatının inkişafındakı və respublikanın ictimai-siyasi həyatındakı xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyev Bəxtiyar Sadıqovu Əməkdar jurnalist fəxri adına layiq görmüş və “Şöhrət” ordeni ilə təltif etmişdir.

Dövlətimizin başçısının “Azərbaycan”ın 100 illiyi münasibəti ilə göndərdiyi təbrik məktubunda qəzetin fəaliyyətini yüksək dəyərləndirməsi kollektivin əməyinə verilən ən yüksək qiymətdir. Bütün bunlar baş redaktorun özünün və formalaşdırdığı kollektivin birgə yorulmaz əməyinin nəticəsində mümkün olub.

44 günlük Vətən müharibəsinin az qala hər anını, misilsiz Zəfərimizin sevincqürurunu, torpaq, yurd fədailərinə dərin ehtiramı səhifələrində əbədiləşdirən “Azərbaycan” bu gün ən yeni tariximizin salnaməsini yazır. Təkcə baş redaktorun son vaxtlar qələmə aldığı qeydlərin başlıqlarına diqqət yetirək: “Dəmir yumruq”, “İlham Əliyev dedietdi”, “Xilaskar”, “Dünya orduları Azərbaycandan öyrənirlər”, “İlham Əliyev hünəri”... Bunlar hələ ilk növbədə yadıma düşənlərdir. Son nömrələrində isə “Azərbaycan” düşmən tapdağından azad edilmiş doğma torpaqlarımıza el-obanın qarşıdakı Böyük Qayıdışından, o yerlərdə başlanan geniş quruculuq işlərindən yazır. Möhtərəm qəzetimizə istiqamət aldığı yeni hədəflərdə, onun baş redaktoru olan dəyərli dostumuz və həmkarımıza yeni yaşında böyük uğurlar, bol sevinclər arzu edirik.

Əhliman ƏMİRASLANOV,

AMEA-nın və Rusiya Elmlər Akademiyasının akademiki, SSRİ Dövlət Mükafatı laureatı

Xalq qəzeti  2021.- 9 yanvar.- S.6.