Babək yurdunun şəhid Cavanşiri
İkinci Qarabağ müharibəsinin ilk günləri idi. Azərbaycan Ordusunun müzəffər yürüşləri yenicə başlamışdı. İctimaiyyət arasında danışılanlardan, televiziya ekranlarından deyilən xəbərlərdən anlamaq olurdu ki, cəbhədə çox amansız və ağır döyüşlər gedir. Bakı od-alov yağan o döyüş səngərlərindən uzaqda olsa da, hər axşam eşitdiyim barıt qoxulu xəbərlər gecələr yuxumu tilsimləyirdi. Bəzən səhəri də diri gözlə açırdım. Mənə elə gəlirdi ki, yatsam, əsarətdə olan torpaqlarımızın azad edilməsi xəbərini eşitməyə bilərəm. Amma hər şeydən çox əsgərlərimizin bu qaranlıq gecənin qəfil yuxusuna uyub düşmənin namərd hücumuna məruz qalacaqlarının narahatlığı məni göz yummağa qoymurdu.
Torpaqlarımızın hər qarışının azad edilməsi haqqında aldığımız ən xoş müjdələrlə yanaşı, yaxınlarımızın, doğmalarımızın itkiləri, namərd düşmən gülləsindən yaralananlar haqqında aldığımız acı xəbərlər də evlərə, elə-obaya ayaq açmağa başlamışdı.
Cəbhədən aldığım ilk acı xəbər ondan
tam əks istiqamətdən və çox-çox uzaqdan, dünyaya göz açdığım
Lerik rayonunun Çayrud kəndindən gəldi. Yaxın
qohumlarımdan biri - Namik
Həmidovun oğlu Cavanşir
düşmənlə ağır döyüşlərdə
qəhrəmanlıqla şəhid olmuşdu.
Vətənə borcunu
şərəflə vermiş şəhidə
son borcumuzu vermək üçün yola
çıxdım. Dünya yaranandan düşmən
qarşısında əyilməyən əzəmətli dağlar özü kimi məğrur və cəsur yetişdirdiyi şəhid övladını nə
qədər qürurla qarşılasa da, bu gün
çox dalğın görünürdü.
Səmasında ağır-ağır süzən qartal da sanki
bu yurdun
ulularının müqəddəs ruhu idi, göydə dövrə vurub,
şəhidi yola salan,
ucu-bucağı görünməyən maşın
karvanını yol boyu
müşahidə edirdi…
27 il idi ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altında idi. Dünya ədalətdən, haqdan nə qədər ucadan danışsa da, Azərbaycanın haqqını tanımaq istəmirdi. Amma öz dədə-baba torpaqlarından zorla qovulmuş insanların əzablarına dünyanın bu laqeyid və hiddət doğuran münasibəti, Azərbaycanın gənc oğullarını Vətənin əsarətdə olan torpaqlarının azadlığına sanki daha ciddi səfərbər edirdi. Onların sırasında 1997-ci il oktyabrın 20-də Lerik rayonunun Çayrud kəndində anadan olan Cavanşir Həmidli adlı bir gənc də vardı. Çılğın, emosional, cəsur, gözündə qorxu olmayan, hələ kimsənin gələcək qəhrəman kimi görə bilmədiyi qarabəniz, şümşad boylu dağlar oğlu.
2015-ci ildə orta məktəbi, 2019-cu ildə Lənkəran Dövlət Universitetinin iqtisadiyyat və maliyyə fakültəsini uğurla bitirən Cavanşir Vətən borcunu vermək üçün öz ərizəsi ilə hərbi xidmətə yollanır. Az bir müddətdən sonra çevikliyi, cəsarəti və təlimlərdə yüksək döyüş hazırlığı hissə komandanlığının diqqətini çəkir və o, “N” saylı hərbi hissənin “Həmlə” Əlahiddə Əməliyyat taborunun xüsusi döyüş hazırlığı təlimlərinə cəlb edilir. Əsgər yoldaşlarından heç bir sahədə geri qalmaq istəməyən Cavanşir döyüş texnikasını və atıcı silahlardan istifadəni yüksək səviyyədə mənimsəməklə komandirin etimadını qazanır.
2019-cu ilin sentyabrında
xidmət etdiyi hərbi hissəyə döyüş hazırlığı əmri
gəlir. Əsgər yoldaşı Zülfüqar
Babayev deyir:
“Sentyabrın 25-də “N”saylı hərbi hissənin 750 nəfərlik
heyətini sıraya düzdülər. Hissənin qərargah
rəisi üzünü bütün
əsgərlərə tutub dedi: “Cəbhəyə əsgər
lazımdır. Kim könüllü
getmək istəyir”. Cavanşir hamıdan
əvvəl sıradan irəli çıxıb ucadan dedi: “Mən getmək
istəyirəm”. Sonra könüllü
getmək istədiyi haqqında ərizə yazdı. Mənə
dedi ki, qardaşın
orda olmalıdır, arxa
cəbhədə yox”.
Cavanşir gənc olsa da, hərbi xidmətin
ailədə necə nigarançılıq
yaratdığını əmisi, Azərbaycan Ordusunun
polkovnik-leytenantı, öz işinin peşəkarı olan
hərbi həkim Əbülfət Həmidovun həyatından
yaxşı bilirdi. Valideyinlərini,
xüsusilə də onun
çılğınlığından daim
narahat olan anası Aybəniz
xanımı nigaran qoymamaq
üçün onlarla
müntəzəm əlaqə saxlayırdı. Hərbi xidmətin
elə ilk günlərində atasına
yazırdı: “Darıxma ata,
qayıdım bir yerdə hər şeyin öhdəsindən gələrik. Hər
şey yaxşı olar...”
2020-ci ilin iyulunda Ermənistan silahlı birləşmələri
Azərbaycanın Tovuz rayonu
ərazisində təxribat törədib sərhədlərimizi
pozmağa cəhd göstərən zaman Cavanşir ön cəbhəyə göndərilməsi üçün bir
neçə dəfə hərbi hissə
komandanlığına müraciət edir.
Kimlərsə onun bu
addımını qürrələnmək kimi
qəbul etdiyindən, Cavanşir özünün “facebook”
səhifəsində yazır: “Bunu
öyünmək üçün etmirəm.
Vaxt o vaxt
olsun ki,
Şuşanı, Xankəndini, Xocalını və başqa torpaqlarımızı azad edək. Hər kəs öz
elində, obasında rahat yaşasın”.
Cavanşir oxuduqlarından, eşitdiklərindən erməni
quldurlarının Azərbaycan xalqına qarşı törədikləri
amansızlıqları yaxşı bilirdi
və dönə-dönə Ermənistanın bir gün mütləq bunun hesabını verməli olacağına
inanırdı. Həmin gün yetişməkdə
idi. Bu gənc əsgər isə bütün
varlığı ilə bu müqəddəs
savaşda iştirak
etmək arzusu ilə alışıb
-yanırdı. Hərbi xidmət müddətinin bitməsinə
az qalırdı deyə, bəzən ona növbə çatmayacağından çox narahat olurdu
Vətən müharibəsinin
başlamasına saatlar qalmış Cavanşirin də əsgəri olduğu tabor
qızğın döyüşlərin getdiyi
Tərtər-Agdərə istiqamətindəki cəbhəyə
yola düşür. Ordumuzun Talış kəndinin və Suqovuşan qəsəbəsinin azad edilməsi uğrunda keçirdiyi uğurlu əməliyyatlarda
ilk anlardan əsl
peşəkar döyüşçü
qabiliyyəti, cəsarəti, qətiyyət və mərdliyi
ilə seçilir. Həmin günlərdə
Türkiyənin TV100 kanalı Azərbaycan Ordusunun
azad etdiyi Talış
kəndindən reportaj yayımlayarkən
Cavanşirlə bağlı bir görüntü də nümayiş
etdirir. Türk müxbiri kəndi düşmənlərdən
qurtaran qəhrəmanlardan biri
kimi ona
yaxınlaşaraq hal-əhval tutur. Sonra kürəyinə əlini qoyub “Allaha əmanət olun!„ – deyir.
Bu reportaj
sürətlə Azərbaycanın mediasında və sosial şəbəkələrdə
yayılır. Yalnız bundan sonra ailədə hamı başa
düşür ki, Cavanşir, valideynləri narahat
olmasınlar deyə, ön cəbhədə
olduğunu onlardan gizlədib.
Şimal istiqamətində
döyüş
tapşırıqlarını yerinə yetirdikdən sonra gənc əsgərin xidmət etdiyi tabora ağır
döyüşlər gedən Cənub istiqamətinə - Füzuli və Cəbrayıl cəbhəsinə
yola düşmək əmri verilir. Mövqelərə çatandan
iki saat sonra, hazır vəziyyətə gətirilən
tabor döyüş
tapşırığı alır.
Hadrut istiqamətində gedən qızğın döyüşlərin birində Cavanşir, erməni silahlılarının cinahlardan pusqudan çıxaraq, onun irəli şığıyan döyüşçü dostlarını mühasirəyə salmaq istədiklərini görür. Barmağını yalnız avtomatın sandığını dəyişəndə tətikdən çəkən Cavanşir dəqiq atəşlə bir neçə erməni yaraqlısını məhv edir. Amma silahı susmaq bilmir. Ermənilər güclü atəş altına düşdüklərindən hiyləgər planlarını reallaşdıra bilmirlər və dostlar mühasirəyə düşməkdən xilas olur. Düşmən onların planlarını pozan atəş nöqtəsini susdurmaq üçün bu dəfə Cavanşirin mövqeyinə hücum edir. Güllə yağışından gözünü belə qırpmayan dağlar oğlu əlini, hər ehtimala qarşı özünün “dar günü” üçün qoruyucu gödəkçənin altındakı köynəyin döş cibinə qoyduğu patronun üstündə gəzdirir.
Əsgər yoldaşları
danışırlar ki, döyüş
davam edirdi. “Artıq
düşmən addım-addım ona
yaxınlaşırdı. Patron tükənmək
üzrə olanda Cavanşir
çox düşünmədən ərazini
nəzərdən keçirdi. Onlara tərəf bir əl
qumbarası ataraq, özü
bir göz
qırpımında düşmənin diqqətindən
yayınıb, maskalanıb gözdən itdi”.
Sonradan dostlarına
danışırmış ki, ehtiyat üçün
saxladığı patronu sandığa qoyub çaxmağı çəkir.
Avtomatı çənəsinin altına dirəyib
barmağını tətiyə qoyur. Bir anlıq atəş səsləri kəsilir.
Ermənilər ehtiyatla, amma
dörd gözlə ətrafı diqqətlə
təftiş etməyə başlayırlar. Yox,
onları aramsız atəşə tutan mövqe boş idi. Orada nə yaralı, nə
də əsgər meyiti yox
idi. Yarı erməni, yarı rus dilində təqribən bu
sözləri donquldanırlar. “Bəs bu hara yoxa
çıxdı?…
Çox çəkmir ki, yeni qüvvələrlə
hücuma keçən hərbi hissələrimiz
ermənilərin bir qismini
məhv edib, qalanlarını həmin
mövqedən sıxışdırıb qaçmağa
məcbur edirlər. Cavanşir dərhal
maskalandığı mövqedən çıxaraq
dostlarından sursat götürür
və döyüşə atılır…
Onunla çiyin-çiyinə
vuruşan yoldaşları
danışırlar ki, Cavanşir
üzbəüz döyüşlərdə çox
cəsarətli və riskli hərəkətləri
ilə hamını heyrətə gətirirdi. Bəzən o, gözünü
qırpmadan güllə yağışı altında həyatını
risk altına qoyub,
yaralı silahdaşlarını döyüş
meydanından çıxarır və həyatlarını xilas edirdi. Lənkəran
Dövlət Universitetində ona dərs demiş müəllimi Həsən Rəhimli Cavanşirin qəhrəmanlıqları
haqqında sosial şəbəkədə
oxuyandan sonra
yazırdı: “Tələbəm olub.
Yaxşı tanıyırdım. Elə dərsdə də
belə çılğın və qorxmaz
idi. Hamını müdafiə edirdi. Hər kəsin əvəzinə onun haqqını tələb edirdi”.
Əsgər Ravil Əhmədov
deyir: “Son dərəcə
mərd və cəsarətli oğlan idi. Məni yaralı-yaralı neytraldan
(iki cəbhə xətti arasındakı ərazi-İ.R.)
çıxarmağa çox kömək
etdi. Gözündə bir
qram qorxu yox idi”.
Cavanşirin döyüş meydanından ağır
güllə yarası ilə çıxartdığı təkcə
Ravil deyildi. Astara rayonundan olan qazi Mirisaq
xilaskarını belə xatırlayır: “Beş
güllə yarası alıb, neytral ərazidə
düşüb qalmışdım. Çoxlu qan itirdiyimdən
geri çəkilməyə taqətim
qalmamışdı. Düşmən dayanmadan
səngərlərimizi atəşə tuturdu.
Son dəfə başımı çevirib çarəsiz halda
öz səngərimizə tərəf boylananda, Cavanşirin
torpağı cırmaqlayıb səngərdən atılmaq,
mənə köməyə gəlmək istədiyini gördüm. Amma
düşmən atəşi altında olduğum
üçün onu zorla tutub
saxlayırdılar. Erməni əsgərləri də mənə
tərəf hərəkətə keçmişdilər ki, əsir götürsünlər. Bu məqamda huşumu itirdim. Bir də
ayılanda gördüm ki,
Cavanşirin çiynindəyəm…”
Yoldaşları danışır ki, düşmən hücuma keçərkən yaralanmış bölük komandirimizi əsir götürmüşdü. Onlar qarşımızda, yüksəklikdəki istehkamda idilər deyə nə etdiklərini aydın görürdük. Baxdıq ki, nümayişkaranə şəkildə yaralı komandirimizin əllərini bağlayıb, üstünə neft tökdülər. Sonra od vurub yandırdılar və səngərimizə tərəf buraxdılar. Cavanşir hücum çəkib onu qurtarmaq istəyirdi. Biz imkan vermədik. Bilirdik ki, onlar snayperlə köməyə gələn əsgərlərimizin köməyə gəlməsini gözləyirlər. O dəhşətli mənzərəni bu gün də unuda bilmirik. Komandirimiz qışqıra-qışqıra səngərimizə tərəf qaçırdı ki, bəlkə xilas oldu. Çatmasına bir neçə metr qalmış, qansızlar snayperlə başından vurdular. Cavanşir həmin gün özünə yer tapmırdı. Müvəqqəti sakitlik çökəndə, bizə bu gecə erməni əsgərlərinin, məhz komandirimizi yandıranların “ovuna” çıxacağını dedi. “Amma komandirlər bilməsin”, - deyə heç kimə heç nə deməməyi tapşırdı. Bilirdik ki, dediyindən dönən deyil. Hamı yatandan sonra, Cavanşiri tək buraxmamaq üçün bizdən də iki nəfər ona qoşulub getdik. Gecənin elə bir məqamı idi ki, göz-gözü görmürdü. Biz pusquda qaldıq. Cavanşir anındaca yoxa çıxdı və bir də baxdıq ki, bir dığanı sürüyə-sürüyə gətirir. Həmin erməni əsgərlərindən idi. Onların səngərlərindən bir qədər aralandıq. Sonra əsir götürdüyümüz erməni əsgərinin qollarını bağlayıb, barmaqlarını sındırdıq. Elə bir vəziyyətə saldıq ki, irəli gedib yoldaşlarını köməyə çağırsın. Özümüz də elə hərəkət etdik ki, guya aradan çıxırıq. Onların ağlına gəlməzdi ki, biz bu vaxt pusquda ola bilərik. Bu Cavanşirin planı idi. O, snayper silahının üstünə optik gecəgörmə cihazı da bağlamışdı. Erməni əsgərlərindən 7-8 nəfər yoldaşlarının köməyinə tələsdi. Onlar səngərdən bir xeyli aralanandan sonra Cavanşirin silahı işə düşdü. Bir neçə dəqiqədə 7 erməni dığasını yerə sərdi. “Komandirin intiqamını aldıq”, - deyib sakitləşdi...”
Cəbrayılın Nüzgar
və digər ətraf kəndlərinin azad
edilməsi uğrunda əməliyyata
hazırlıq gedirdi. Komandiri
döyüşlərdə fasiləsiz iştirak
etdiyini nəzərə alıb
Cavanşirə müəyyən müddətə istirahət
etməyi tapşırır. O, istirahətdən
inadla imtina edib döyüşdə iştirak
edəcəyini bildirir. İlk
baxışdan elə bir cüssəsi olmayan Cavanşir dağlarda, şiş qayalarda qoynunda, sərt iqlim şəraitində
böyüydüyündən yorulmaq bilmədən
döyüşə girir və
aldığı tapşırığı sona
qədər yerinə yetirməyə çalışırdı.
Səhərə yaxın amansız
döyüşlər başlayır. Düşmən
möhkəmləndirilmiş istehkamlarda olduğundan müqavimət göstərməkdə
davam edirdi. Müddətdən
artıq xidmət edən hərbi qulluqçu
(MAXEHQ) gizir Anar Mirzəyev
danışır: “Əsgərlərimiz aslan
kimi döyüşürdülər.
Xüsusilə Cavanşir. Bu
oğlan ən qaynar
nöqtələrə can atırdı. Axşama yaxın mən yaralandım. Saat 8 idi. Məni döyüş meydanından
çıxarıb arxaya, hospitala
yola salırdılar. Huşum
başımda idi. Cavanşir
yaxınlaşıb alnımdan öpdü
və gülə-gülə dedi:
Darıxma komandir, arxayın get, sənin qisasın alınacaq. Bilirdim ki, o,
bunu mənə təsəlli vermək üçün demir…”
Beton istehkamlar
da artıq düşmənin imdadına
çatmırdı. Erməni silahlı birləşmələri
ağır itkilər verərək, getdikcə daha sürətlə geri
çəkilməyə başlayırdılar. Azərbaycan Ordusunun bütün əsgərləri
kimi Cavanşir də bundan qürurlanır və daha
böyük cəsarətlə
döyüşlərə atılırdı.
Atası Namik Həmidov: “Hər
dəfə zəngləşəndə deyirdi
ki, narahat olmayın, mən
arxadayam. Döyüşlər bizdən çox irəlidə gedir.
Bir dəfə də Cəbrayıldan
danışdı. Onda heç
Cəbrayılın alındığı elan
edilməmişdi. Dedi “Ata
biz artıq Cəbrayıldayıq”.
Axırıncı dəfə oktyabrın 5-də
danışdıq və bildirdi ki, Füzuli-Hadrut istiqamətindəyik”.
Namik kişi bunu deyib bir
anlıq susdu. Sanki araya çökən sükutda
oğlunun səsini eşidəcəkmiş
kimi, baxışlarını onun portretinə zillədi.
Hələ döyüş
əməliyyatları başlamamışdan hamı valideynlərinin
telefonlarını bir-birilərinə vermişdi
ki, başlarına bir
iş gəlsə kimə xəbər
vermək lazım olduğunu bilsinlər. Hospitalda müalicə alan
Mirisaq özünə gələndən sonra, xilaskarı Cavanşirə telefon açır. Ona zəng
çatmır. Dərhal cibindəki kiçik bloknotunu
açıb Cavanşirin atası Namik Həmidovun mobil telefon nömrəsini yığır. İgid, mərd, sədaqətli oğul böyütdüyü
üçün ataya
təşəkkür edir və bildirir ki, onu
yaralı vəziyyətdə döyüş
meydanından Cavanşir çıxararaq xilas edib. Oğlunun təşəkkürünü alan atanı qəhər boğur
və Mirisaqa onun
xilaskarının şəhid olduğunu bildirir. Yaralı əsgər telefonda
necə hönkürürsə, bu dəfə
Namik kişi ona təsəlli verməyə söz
tapmır. Ataya
başsağlığı verən Mirisaq
“Mən sağ qaldığım üçün ömrüm
boyu Cavanşirə borclu
qalacağam”, - deyib
yenidən hönkürür və daha heç nə deyə
bilmir…
Oktyabrın 7-də ordu hissələrimiz yeni hücum əməliyyatına hazırlaşırdı. Həmin gün Cavanşir son döyüşünə girir. Komandirinin qisasını lazımınca alır və bir neçə erməni quldurunu məhv edir. Döyüş meydanında yaralı döyüşçülərdən xilas etdiyi də olur. Erməni snayperi bu çevik və xüsusi döyüşkənliyi ilə diqqət çəkən əsgəri hədəfə almaq üçün çox gözləyir. Nəhayət, qana susamış namərd düşmən snayper gülləsi ilə Cavanşiri başından vurur. Cavanşir arxası üstə çevrilib son dəfə səmaya baxır və gülümsəyərək gözlərini əbədi yumur…
…Çox keçmədi ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu yağı düşməni təslim etdi. Azərbaycan torpaqları 27 illik işğaldan sonra azad edildi. Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində xidməti olan hər bir əsgərin layiqli qiymətini vermək vaxtı gəlib çatdı. Onların sırasında Babək yurdunun qəhrəmanlıqla şəhid olan əsgəri Cavanşir də var idi. Prezident İlham Əliyevin 15 sentyabr tarixli sərəncamı ilə əsgər Cavanşir Namiq oğlu Həmidli ölümündən sonra “Vətən uğrunda” medalına layiq görüldü.
Cavanşir haqqında bu olanları qələmə almaqla Yerdə də, göydə də mərtəbəsi uca olan bu Vətən aşiqinin müqəddəs ruhu qarşısında ən kiçik borcumdan çıxmağı düşünürdüm. Sonda da canından can ayrılan Namiqə təsəlli olsun deyə “Təki Vətən sağ olsun” demək, belə oğul böyütdüyü üçün ona təşəkkürümü bildirmək istəyirdim. Amma bu yazını bitirərkən Cavanşirin sosial şəbəkədə öz səhifəsində döyüş öncəsi paylaşdığı aşağıdakı sözlər rastıma çıxanda bütün vücudum titrədi: “Bu dağların qarı kimiyik, həmişəolmuruq burda”, - yazırdı Cavanşir. İxtiyarsız olaraq Vətən yolunda canını əsirgəməyən bu mərd, qorxu bilməyən, cəsur, boyundan hündür, çəkisindən ağır qəhrəmanlıq nümayiş etdirən bu məğrur şəhid oğulun ruhuna üz tutdum: “Yox, sən qar kimi deyilsən, şəhid balam. Sən şücaətinlə döşündə dəfn olunduğun bu əyilməz, məğrur dağlar kimi əbədiləşən möhtəşəm abidəsən. Azərbaycanımızın, xalqımızın yaddaşında əbədiləşən bir tarixə çevrilmisən. Əsrlər keçmiş olcaq, hər keçən zamanda bir yeni nəsil gələcək, bu tarix qarşısında baş əyəcək, səni və sənin kimi qəhrəmanlarımızı özünə örnək seçəcək, sənə oxşamaq, sənin yolunu getmək istəyəcəklər. Onların hər birinin qəhrəmanlığında, Vətən, torpaq sevgisində sənin öz payın olacaq.
Bax, gör bu gün səcdənə nə qədər insan gəlib. Sənə heç vaxt sona qədər ödəyə bilməyəcək borcumuzun təsəllisini almaq üçün gəliblər. Səndən halallıq almağa, ananın əlindən öpməyə, atana baş əyməyə gəliblər... Cavanşir, oğul, sən daha Namikin oğlu deyilsən ki. Sən indi doğulduğun Çayrudun, heç Lerikin də şərəfi deyilsən, yox. Sən indi canınla qoruduğun Azərbaycan adlı məmləkətin ucadan uca mərtəbəsinə yüksəlmiş müqəddəs şərəf abidəsisən. Sən indi azadlığı uğrunda canını qurban verib qan tökdüyün bütün Azərbaycanın şəhid övladı, Babək yurdunun şəhid Cavanşirisən…”
İlqar RÜSTƏMOV
Xalq qəzeti 2021.- 9 yanvar.- S.6.