Əhalinin yarısı COVID-dən müdafiə qabiliyyətinə malikdir

 

Bütün dünyada olduğu kimi, virusa yoluxmamaq üçün mümkün tədbirlərin görülməsinə baxmayaraq, ölkəmizdə də vəziyyət gərgin olaraq qalır. Azərbaycanda koronavirusun yeni dalğasının virusun mutasiyası və yeni ştamı ilə əlaqələndirənlər, eləcə də ölüm hallarının azalmamasını iddia edənlər var. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və nəzarəti departamentinin müdiri Yaqut Qarayeva bu barədə dəqiq bir fakt olmadığını, ancaq PCR üsulu ilə virusun mövcudluğunu təsdiq edə bildiklərini, onun növünü, mutasiyasını və ya yeni ştamlarının yarandığını araşdırmadıqlarını bildirdi. Həmçinin qeyd etdi ki, məlum olan ştamın yoluxma sürəti daha yüksəkdir. Amma, virus indiki dönəmdə daha çox ölümə səbəb olur, ağır fəsadları meydana çıxır kimi dəqiq məlumatlar yoxdur.

Deməli, virusdan qurtulmaq üçün ümid peyvəndə qalıb. TƏBİB – dən bildiriblər ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Bununla da əhalimizin 10 faizinə peyvənd vurulması üçün vaksinlər gözlənilir. GAVI tərəfindən Azərbaycana hansı vaksinlərin verilməsi barədə hələlik məlumat yoxdur. Vaksinlərin vurulması ilk olaraq risk qruplarına şamil olunacaq. Peyvəndin yarada biləcəyi allergik reaksiyalardan kimsə sığortalanmayıb. Amma bu, peyvəndlərin təhlükəli olduğu anlamına gəlməməlidir. Orqanizmin fərdi olaraq vaksinə reaksiyası fərqli olur.

İnfeksionistlər bildirirlər ki, vaksinasiya COVID – 19-dan qurtuluş yoludur. Dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus öz-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, yəni bunun üçün dünya əhalisinin 70 – 80 faizi xəstəliyi keçirib immunitet əldə etməli, ya da ən effektivperspektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır. Virusun öz-özünü öldürəcək dərəcədə mutasiyası, hələ ki, mümkün deyil. Bəzi mutasiyalar qeydə alınsa da, ilk mülahizələrə görə, onlar yoluxmanın daha sürətlə artması istiqamətindədir. Lakin həmin mutasiyaların daha nələrə səbəb olacağı araşdırılmayıb. Vaksinasiya bu məsələdə çox önəmlidir. Bu günə qədər vaksinasiya ilə kökü kəsilən çiçək, difteriya, polimielit, qızılca, malyariyas. bu kimi xəstəliklər bilirik.” Bu fikirləri pandemiya ilə bağlı ölkəmizə Türkiyədən ezam olunmuş soydaşımız, həkim – infeksionist Aişə Kərimova deyib.

İnfeksionist bildirib ki, hazırda ölkəmiz də vaksinasiyaya hazırlaşır: “Dünyada üçüncü fazanı tamamlamış bir neçə vaksin var. Əsas diqqət yönləndirilən 5 vaksin mövcuddur. Onlardan ikisinin təsir mexanizmi təxminən eyni, digərlərininki isə fərqlidir. Vaksinasiya bizim süni yolla immunitet əmələ gətirməyimizə xidmət edən tətbiqdir. İmmunitet iki yolla yarana bilər – ya xəstəliyi keçirərək, yəni təbii yolla, ya da vaksinlər vasitəsilə, süni yolla. Amma onu da unutmamalıyiq ki, mütəxəssislərin fikrincə, peyvəndlərin nəzərə çarpmayacaq dərəcədə yan təsirləri var. Bu, illərlə tətbiq olunan vaksinlərə də aiddir. Bunlar keçici və təhlükə yaratmayacaq təsirlərdir. İnsandaninsana fərqli təsir göstərə bilər.

Araşdırmalarda koronavirusu, yəni SARS – CoV-2 virusunu təbii yolla keçirənlərin minimal üç ay qoruyuculuğu göstərilib. Bəzi statistik rəqəmlərə görə, xəstəliyi keçirənlərdə altı ay sonra təkrar yoluxmanın min nəfərdən ikisində rast gəlindiyi aşkarlanıb. Bununla bağlı kifayət qədər araşdırma aparılmasa da, xəstəliyi keçirəndən üç ay sonra təkrar yoluxma halı çox deyil.”

Ayişə Kərimova, həmçinin bildirib ki, vaksinlərin qoruyuculuğu onun növündən, xəstənin yaşından, yanaşı xəstəliklərin olub – olmamasından, immun statusundan asılı ola bilər. Çünki eyni peyvənd hər kəsdə eyni cavab əmələ gətirmir. Bunu xəstəliyi təbii yolla keçirənlərdə də görə bilirik. Ya onların bir qismində antitel yaranmır, bəzilərində çox az, digərlərində çox yüksək antitel miqdarı qeydə alınır. Bu, şəxsin immun sisteminin cavabvermə qabiliyyətinə bağlıdır. İnaktiv şəkildə də olsa, güclü immun cavab formalaşmasa belə, təmas yaddaş hüceyrələrinin aktivləşməsinə və qoruyuculuğun təmin olunmasına kömək edir.

Peyvəndlərin əsas təsir mexanizmi insanın antitel yaratma qabiliyyətini aktiv etməkdir. Məsələn, Çinin istehsal etdiyi "Sinovac" inaktiv peyvənddir. Yəni öldürülmüş virusun proteinləri və bəzi komponentləri vücuda yeridilir və hüceyrələrimiz o virusu görüb ona qarşı immunitet, antitel cavabı formalaşdırır. Ümumiyyətlə, hazırlanan vaksinlərdə 90 – 95 faiz, hətta ondan çox effektivlik təqdim edilir.

Həkim vaksindən sonra yaranacaq vəziyyətə də aydınlıq gətirib: “Peyvəndləmədən sonra şəxsin evdən çölə çıxmaması və başqaları ilə təmasda olmamasına dair bir tələb yoxdur. Bəzi peyvəndlərdə lokal təsirlərdən qorumaq, peyvənd olunan yeri qıcıqlandırmamaq üçün spirt, odekolon kimi maddələrlə toxunmamaq məsləhət görülür. Təmas məsələsi heç bir peyvənddə tətbiq olunmur. Xüsusilə, cansız və ya reproduktiv RNT üzərindən təsir göstərən vaksinlə peyvənd olunanların digərləri ilə təmasında heç bir problem yoxdur. Peyvəndləmədən öncə hər kəs hazırda COVID keçirib – keçirmədiyini yoxlamalıdır. Aktiv koronavirus xəstəsinə peyvənd əks göstərişdir. Çünki təbii immunitetin əmələ gəlmə ehtimalı prosesi daha da dərinləşdirə bilər. Xəstəliyi keçirmiş şəxslərin immuniteti varsa, antitel yaranıbsa, onların da peyvənd olunmasına ehtiyac yoxdur. Xəstəliyi uzun müddət öncə keçirib hazırda heç bir antiteli olmayanlarda peyvənd tətbiq edilə bilər, bunun zərəri olmaz. Canlı peyvəndlər zamanı bəzi immunsupressiv xəstələrlə, immun sistemi zəifləyən xəstələrlə təmas qadağan oluna bilər.”

Bəzi ölkələr kütləvi peyvəndləməyə başlayıblar, hələ ki, əldə olunan nəticələr ürəkaçandır – 92, 95, 97 faiz effektivlikdən bəhs edilir. Bu, yaxın tarixlərin nəticələridir. Altı ay, bir il sonra peyvəndin qoruyuculuq nəticələrinin necə olacağı ilə bağlı rəqəmlər dəyişə bilər.

İnfeksionist , həmçinin vurğulayıb ki, bu virusa hamının yoluxacağını iddia edənlər var: “Amma bir ildən yuxarı pandemiya dövründə elə insanlar oldu qorunaraq, evin içindəcə yoluxdu, elələri də oldu ətrafında xəstə olaola, özü risk zonasında olsa da virusua yoluxmadı. Avropa virusoloqları nəhayət ki, bu sualın cavabını tapıb. Onların sözlərinə görə, yer kürəsi əhalisinin təxminən 50 faizi COVID – dən müdafiə qabiliyyətinə malikdir.

Virusoloq – tədqiqatçılar bu qənaətə gəliblər ki, müdafiənin bir neçə səbəbi var. Əvvəla, koronavirusdan öncəki epidemiyalarda, geniş yayılmış viruslara – məsələn quş qripi, donuz qripi, Ebolaya yoluxmuş insanlarda, eləcə də 2003 – ildə Çində yayılmış TOPC virusuna yoluxanlarda koronavirusa qarşı immunitet ola bilər. Bu viruslar oxşardır. 2003 – ildən sonrakı viruslara yoluxmaqla insanlar 25 antitel qazanıblar. Bunlardan biri indi həmin insanları bu patogendən qoruyur. Bu antitelin adı 47D11 – dir. Kimdə bu antitel varsa, COVID – 19 – a yoluxsa da hiss etmir.

Alimlərin sözlərinə görə, mövsümi virus xəstəlikləri içində koronavirus da əvvəllər olduğuna görə, statistikaya görə əhalinin 50 faizi artıq koronavirusu keçirib. Düzdür, bu indiki COVID – 19 növü olmasa da, hər halda eyni təbiətli virusdur. Ona görə bu adamlar indi virusa yoluxmaya bilərlər. Almaniyada keçirilmiş bir tədqiqatda 1000 – dən yuxarı insanın üzərində aparılmış analizlər göstərdi ki, hələ virusa yoluxub xəstələnməyən bu adamların 30 faizində koronavirusa qarşı immunitet var. Bu hüceyrədaxili immunitet adlanır. T hüceyrələr virusu tanıyır. Məsələn, indi yoluxanların içində T hüceyrələri aktv olanlar, 7 il ərzində bu virusa qarşı immunitet qazanmış olurlar.”

Deməli, hazırda yoluxucu xəstəliklərə qarşı mübarizədə ən səmərəli iqtisadi cəhətdən əlverişli üsul vaksinasiya, yəni immunizasiyadır. Hələ qədim dövrlərdə müşahidə olunub ki, ağır yoluxucu xəstəlikləri bir dəfə keçirən şəxs bu xəstəliyə yenidən tutulmur ya onu yüngül keçirir. Ona görə pandemiya epidemiyalar zamanı həmin şəxslərdən ibarət müəyyən qruplar yaradılır onlar xəstələrə qulluq edirdilər. İndi belə qruplar olmadığından, əlac özümüzü qorumağa peyvəndə psixoloji cəhətdən hazırlaşmağa qalır.

Zərifə BƏŞİRQIZI

Xalq qəzeti 2021.- 9 yanvar.- S.7.