Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin
31-ci ildönümü ilə əlaqədar Şəhidlər
xiyabanını ziyarət ediblər
20 Yanvar faciəsindən 31 il keçir. Sovet
imperiyasının Bakıda törətdiyi qanlı
qırğının 31-ci ildönümü ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Şəhidlər
xiyabanını ziyarət ediblər.
Dövlətimizin başçısı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
ölkəmizin azadlığı uğrunda həlak
olanların xatirəsini yad etdilər.
Prezident İlham Əliyev “Əbədi məşəl”
abidəsi önünə əklil qoydu. Azərbaycan
Respublikasının dövlət himni səsləndirildi.
* * *
31 il əvvəl yanvarın 20-də ölkəmizə
ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından
və keçmiş SSRİ rəhbərliyinin onlara
havadarlığından hiddətlənən, Bakının
küçə və meydanlarına axışaraq buna qəti
etirazını bildirən xalq kütlələrinə
qarşı sovet ordusunun döyüş hissələrinin
yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə
gətirib çıxardı. Ölkəmizin ərazi bütövlüyü
uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan
tutulması, kütləvi terror nəticəsində yüzlərlə
günahsız insanın qətlə yetirilməsi və
yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha
nümayiş etdirdi.
Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə qovuşmağa can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.
20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı qırğının bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə, bu cinayəti ört-basdır etmək üçün əllərindən gələni etdilər.
Qara Yanvar faciəsindən bir gün sonra
ümummilli lider Heydər Əliyevin Azərbaycanın
Moskvadakı nümayəndəliyinə gedərək
qırmızı rejimin Azərbaycanda həyata keçirdiyi
qanlı aksiyanı törədənləri ifşa etməsi
o dövrdə xalqımıza dayaq, təsəlli oldu. Xalq o
ağır günlərdə köməksiz
olmadığını hiss etdi. Uzun illər Azərbaycana rəhbərlik
edən, keçmiş ittifaq dövlətində yüksək
vəzifələrdə çalışan, zəngin idarəçilik
təcrübəsi və sarsılmaz iradəsi ilə SSRİ
rəhbərliyinin qəzəbinə tuş gələrək
təqaüdə göndərilən Heydər Əliyev
bütün məhrumiyyətlərə baxmayaraq, o
ağır günlərdə xalqının sırasında,
onunla birgə oldu, həmrəy oldu.
Ulu öndər Heydər Əliyev öz bəyanatı
ilə, əslində, Azərbaycanda gedən proseslərə
qiymət verdi. O, SSRİ rəhbərliyinin Azərbaycana
münasibətdə qətiyyən xoşniyyətli
davranmadığını diqqətə çatdırdı.
Hakimiyyəti həm də onda qınadı ki, Azərbaycana
siyasi savadı olmayan, kölə xislətli insanın rəhbər
təyin olunması xalqla hakimiyyət arasında dərin
uçurumun yaranmasına səbəb olub. Bu uçurumun
yaradılması da, ilk növbədə, mərkəzi
hakimiyyətin maraqlarına xidmət edirdi və bununla belə,
gələcəkdə yaranacaq bütün problemlərin,
konkret desək, 20 Yanvar faciəsinin baş verməsinə səbəb
olmuşdu.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə Naxçıvan Muxtar
Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də
bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verdi.
Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından sonra bir
müddət başları hakimiyyət uğrunda mübarizəyə
qarışan Azərbaycan rəhbərləri
xalqımıza qarşı törədilən bu ağır
cinayətin səbəblərinin araşdırılması və
cinayətkarların müəyyənləşdirilməsi istiqamətində
məqsədyönlü iş aparmadılar. Yalnız
ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra – 1994-cü ildə 20 Yanvar hadisələri
dövlət səviyyəsində siyasi-hüquqi qiymətini
aldı.
Beləliklə, 20 Yanvar faciəsi tarixi
yaddaşımızda təkcə kədərli hadisə,
hüzn günü kimi qalmadı, onun xalqımızın
taleyindəki və tarixindəki yeri məna və mahiyyət
baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan
xalqının tarixinə həm də fədakarlıq və
qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Xalqımız XX
yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə
iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə
və cəsurluq, milli ruhun sarsılmazlığı ilə
müşayiət olunan bir tarix qazandı.
Bütün dünyaya sübut etdi ki, biz bir
millət olaraq haqq-ədaləti bərqərar etməyə və
öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı
Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan
daha çox ləyaqətini qorumaq baxımından ən uca
zirvə, bu yolda hər cür qurban verməyə hazır olan
xalqın tarixində şərəfli səhifədir.
Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən
açılsa da, şəhidlərimizin qanı ilə
yazıldı. Həm də əbədi yazıldı.
Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.
AZƏRTAC
Xalq qəzeti 2021.- 22 yanvar.- S.1.