Müdrikliyin və qətiyyətin qazandırdığı qalibiyyət

 

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılma­sında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Dö­yüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inan­mıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Silahlı qüvvələrimiz daha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdükapitulyasiyaya məcbur etdi.

Beləliklə, 30 il ərzində apa­rılan danışıqlar prosesində düşmən dövlətin reallaşdır­maq istədiyi niyyət həyata keçmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu.

Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan üzərinə götürdüyü kapitulyasi­yanın tələblərinin ödənilməsi barədə razılığa gəldi, şərtlərə uyğun olaraq, əvvəlcə Ağdam şəhərini və rayonun işğal altın­da qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu ərazilər bir mərmi belə atıl­madan geri qaytarıldı. Şübhəsiz ki, hər üç rayonun qəsbkardan təmizlənməsi düşmənin öz istəyi ilə baş vermədi. Belə ki, Ermənistanın işğalçılıq siyasətini tanıyan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi mövcud idi. Ermənistan həmin qətnamələrin tələblərinə dərhal əməl etməli və işğala birdəfəlik son qoymalı, işğal altındakı ərazilərimizi qeyd-şərtsiz boşaltmalı idi. Lakin düşmən ölkə bütün tələblərə zidd olaraq heç bir öhdəliyini yerinə yetirmədi. Əksinə, Ermənistanın baş naziri Azərbaycana qarşı 7 şərt irəli sürməkdən, ayrı-ayrı vaxtlardaArtsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirməkdən, bütün bunlar­la bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparmaq­dan, terrorçuları həmin bölgələrdə yerləşdirməkdən belə çəkinmədi. Beləliklə, qəsbkarın həyata keçirdi­yi təxribatlar, hücumlar təcavüzkara əsl dərs verilməsinin zamanının gəldiyini aşkar şəkildə dünyaya göstərdi.

Vətən müharibəsi dövründə Prezident İlham Əliyev bir çox nü­fuzlu xarici media nümayəndələrinə müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyə-tinin diqqətinə çatdırdı və Ermənistanın yalanlarını ifşa etdi. Bir sıra təxribat xarakterli suallara məharətlə cavab verən dövlətimizin başçısı özünün siyasi-diplomatik bacarığını bir daha nümayiş etdirdi. Azərbaycan Prezidentinin çıxışları, müsahibələri Azərbaycanın haqq səsinin dünya ictimaiyətinə çatdırıl­masında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynadı.

Prezident İlham Əliyev müsahibələrində 44 gün ərzində Ermənistanın nəinki cəbhəyanı bölgədə olan şəhərlərimizi, kəndlərimizi hədəfə aldığını, eyni zamanda, döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrimizi vurduğunu da diqqətə çatdırdı.

Prezident vurğuladı ki, Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə qəsdən ağır artilleriya, ballistik raketlər, fosforkasetli sursatlardan istifadə edir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində də bu barədə ətraflı danışdı. Bildirdi ki, Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal ediləndə, hərbi cinayətlər törədiləndə, etnik təmizləmə aparılanda qəsbkara qaşı sanksiyalar tətbiq edildi: “Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta, bu sank­siyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi – təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxla­yaq”.

Amma Ermənistan rəhbərliyi özü terrorçu, işğalçı ola-ola ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin digər dövlətlərə Azərbaycanın cinayətkar olması barədə, necə deyərlər, utanıb-qızarmadan uydur­malar, həqiqətdən uzaq yalanlar söylədi. Bununla da qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini təsdiqlədi.

Burada ən təəccüblü və təəssüf doğuran birodur ki, erməni ordusu Azərbaycandan Avropaya uzanan neftqaz kəmərlərimizi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini raket zərbələri ilə üz-üzə qoyanda belə Avropa susdu, səsini çıxartmadı. Amma, şübhəsiz ki, düşmən belə bir fitnəkar hərəkətə yol verərdisə, bu cür dəhşətli terroru reallaşdırar­dısa, əməlləri də cavabsız qalma­yacaqdı.

Azərbaycan Prezidenti İlham Əliyev həmin müsahibəsində jurnalistin “Erməni tərəfi tez-tez Azərbaycanın müxtəlif enerji infrastrukturunu – Mingəçeviri, qaz kəmərlərini, neft kəmərlərini atəşə tuturdu. Ümumiyyətlə, Siz necə hesab edirsiniz, bu, Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün müəyyən risklər yarada bilərmi?” sualına cavabında isə dedi: “Əgər onlar vəd etdiklərini reallaşdıra bilsələr, konkret ola­raq, Səngəçal terminalını və ya bizim neftqaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qınayacaqlar, çünki bu neftqaz əsasən avro­palı istehlakçılara lazımdır. Sirr de­yil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avro­pa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq”.

Burada bir məqamı da xa­tırlatmaq istərdik. Ermənistanın Azərbaycanın müharibə gedən ərazilərindən kənar kəndlərdə, vətəndaşların sıx cəmləşdiyi şəhərlərdə dinc əhaliyə qarşı törətdiyi qanlı terror təxribatı, yaşanan faciələr, insan itkiləri insanlarımızı sındırmırdı, xalqımızı, ordumuzu haqq, ədalət savaşından çəkindirmirdi. Azərbaycan xalqı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və ordumuzun ətrafında getdikcə sıx birləşir, hər gün verilən qələbə xəbərləri insanlarda yüksək ovqat yaradır, mübarizə əzmini artırırdı. Düşmən özü də tamamilə dar­madağın olacağını, Azərbaycan Ordusunun mərhəmətinə möhtac qalacağı günə çox az qaldığını yaxşı bilirdi.

Ermənistan dərk edirdi ki, Azərbaycana yönələn bu mənfur əməlləri cəbhədə, torpaqlarımı­zın azadlığı uğurunda aparılan savaşda əvəzsiz qalmır, yüz qat artıq cavab alır. Çünki silahlı qüvvələrimizin güc-qüdrətinə yaxşı bələddir. Bilir ki, bu gün cəbhədə əldə ediyimiz qələbələrin əsası son 17 il ərzində qoyulub. Prezident, Ali Baş Komandan İlham Əliyev ordumuzun güclənməsinə daim önəm verib, ən müasir döyüş texni­kasının alınmasını gerçəkləşdirib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Məhz bütün bunların nəticəsi idi ki, Vətən müharibəsində ordumuz möhtəşəm uğurlara imza atdı, döyüş mey­danında öz üstünlüyünü dəfələrlə sübut etdi.

Bəzi jurnalistlərin guya Azərbaycan tərəfində muzdlula­rın vuruşması suallarına cavab olaraq Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın 100 minlik nizami ordusu varheç bir kənar dəstəyə ehtiyacı yoxdur. Əksinə, Ermənistan müxtəlif ölkələrdən çoxsaylı muzdlular və terrorçuları cəlb edərək onlardan Azərbaycana qarşı istifadə edir. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycan Ordusu öz yüksək texnoloji silahları ilə Ermənistandan fərqli olaraq yalnız legitim hərbi hədəflərə zərbələr endirir.

Yeri gəlmişkən, uzun illər idi ki, bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yox­dur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü reallaşdırdı.

Ermənistanın Azərbaycan tor­paqlarını 30 il işğal altında saxla­ması bir daha göstərdi ki, təəssüf ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıra­ya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qeyd edilən qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn nor­maları çərçivəsində gerçəkləşdirdi. Bu işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi.

Beləliklə, dövlətimizin başçısı­nın qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Azərbaycan Prezi­denti müdrik siyasəti, qətiyyəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu ta­rixi qələbəni reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.

Bu haqq savaşı Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəmizə qarşı qaldırdığı əsassız iddialarla və hikkələrlə danışması fonunda bir daha onunanti-demokratik, qaniçən hökumətinin faşist ideologiyasına xidmət etdiyini bütün dünyaya göstərdi. Vətən müharibəsində möhtəşəm qələbəmiz Ermənistanı sosial-iq­tisadi tənəzzülə, mənəvi-psixoloji duruma gətirib çıxardı, ölkədə daxi­li qarşıdurma pik həddə çatdı.

Ermənistanın rəhbər vəzifəli şəxsləri mövcud durumu etiraf etdilər. İşğalçı ölkənin prezi­denti Aram Sarkisyan bildirdi ki, minlərlə gəncin ölümü Ermənistan cəmiyyəti üçün faciədir: ”İyirmi altı il bundan əvvəl bizim güclü ordumuz var idi. Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf etmiş, müasir texnologi­yalara nail olmuş, Ermənistan isə arzusunu reallıq kimi qəbul etmiş­dir. Ermənistan deyirdi ki, güclü ordusu var, amma reallıqda isə bu, yoxdur”.

Hazırda işğaldan azad edilən yaşayış məntəqələrimizdə vandal ermənilər tərəfindən dağıdılan infrastrukturun bərpa edilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Şuşa, Kəlbəcər, Laçın və digər rayonlarımızda yararsız hala salı­nan məscidlərin, tarixi abidələrin, məktəblərin bərpası istiqamətində layihələr hazırlanır. Yağı tapdağın­dan qurtulan torpaqlarda sənaye və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üzrə proqramlar işlənilir.

Dövlətimizin başçısı Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bu barədə fikir bildirərək deyib: “Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmaya­caq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.

Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Bura­da bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.

Bəli, Prezident, Ali Baş Koman­dan cənab İlham Əliyevin qeyd etdiyi kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqları­mızda yaşayacaq, qurub- yara­dacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu şəhərlərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüs­tana çevriləcək.

 

Vaqif BAYRAMOV

Xalq qəzeti  2021.- 10 yanvar.- S.4.