Milli birlik, həmrəylik
və diaspor quruculuğu
istiqamətində dövlət siyasəti
Müqəddəs
Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın
düşmənin və anti-Azərbaycan dairələrin məkrli
təxribatlarına qarşı cəsarətli etirazları,
Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması işində fədakar
xidmətləri Qələbəmizə
layiqli töhfə olmuşdur.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Lakin ölkəmiz Ermənistanın əsassız ərazi iddiaları, eləcə də hərbi təcavüzü ilə qarşılaşdı və nəticədə torpaqlarımız işğal altına düşdü. Həmin dövrdə ölkə çətin vəziyyətdə idi, ordu formalaşmamışdı, hansı istiqamətdə addımlar atılacağı bilinmirdi. Ölkədə sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü. Bu baxımdan, Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi baxımdan inteqrasiya olunmaq zərurəti düşünülmüş, ardıcıl və milli maraqların qorunmasına əsaslanan xarici siyasət tələb edirdi.
1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Ulu öndər məhz xalqımızın milli dəyərlərinə, adət-ənənələrinə, tarixi soykökünə, xüsusilə, dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın ideoloji fəaliyyət strategiyasını da məhz bu amillər üzərində qurdu. Ümummilli lider son dərəcə təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, həmin dövrdə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ilk səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud “Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin əsas göstəricisi hesab oluna bilər.
Ulu öndər azərbaycançılıq ideologiyasını tarixi keçmişimizlə, xalqımızın adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olduğunu vurğulayırdı. Sovet ideologiyasının təsiri ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan diasporu yalnız ölkəmiz yenidən müstəqillik qazanandan sonra formalaşmağa və inkişaf yolunu tutmağa başladı. Bu baxımdan, XX əsrin 80-ci illərinin sonundan etibarən SSRİ-də aparılan yenidənqurma siyasəti və sosializm rejiminin süqutu xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələr qurması üçün geniş imkanlar yaratdı. Onu da qeyd etmək lazımdır ki, 1990-cı ilin qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının milli həmrəyliyini nümayiş etdirən mühüm hadisələrdən biri olaraq müasir tariximizə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edən bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmiş və bu tarixi bəyanat dünyada yaşayan azərbaycanlıları səfərbər edərək ayağa qaldırmışdı.
Ümummilli liderin azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Yəni, milli həmrəyliyin və birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. 1990-cı illərdə ulu öndər azərbaycançılıq ideyasına müraciət edərək onu milli və birləşdirici təlimə çevirməyə çalışmış, məhz onun müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə azərbaycançılıq ideyası məzmunca tamamlanaraq və zənginləşdirilərək, yeni konfiqurasiyada rəsmi dövlət siyasəti səviyyəsində ölkə vətəndaşlarının və bütün dünya azərbaycanlılarının birləşdirici, eləcə də səfərbəredici milli ideyası statusuna qaldırılmışdır. Onu da qeyd etmək vacibdir ki, 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Məhz 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmiş, bu hadisə azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olunmuşdur.
Heydər Əliyev 1993-cü ildə
yenidən hakimiyyətə qayıtdıqdan sonra
isə Azərbaycan Respublikası dünya
azərbaycanlılarının mənafe və
maraqlarının təminatçısı olduğunu
rəsmən bəyan etdi və məhz ümummilli lider ilk dəfə olaraq, xaricdə
yaşayan azərbaycanlılarla dövlət
səviyyəsində sistemli
iş aparmağa
başladı. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi,
o cümlədən beynəlxalq əlaqələrin
qurulmasında və genişləndirilməsində diasporun əhəmiyyətini dəyərləndirən
zəngin təcrübəyə malik,
dövlət xadimi Heydər Əliyevin ABŞ,
Almaniya, Fransa, Türkiyə, Böyük
Britaniya, Rusiya, Çin və digər ölkələrə işgüzar səfərlərində,
oradakı həmvətənlərimizlə görüşlərdə
səsləndirdiyi fikirlər həm ölkə vətəndaşları,
həm də Azərbaycan diasporu üçün səmərəli fəaliyyət
proqramı kimi bu gün də mühüm əhəmiyyət
kəsb edir.
Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə, ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atılmışdır. Bu baxımdan, ulu öndərin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və genişmiqyaslı olduğunu “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi. Müdrik şəxsiyyətin 2002-ci il dekabrın 27-də imzaladığı fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır. Bir qədər əvvəl isə – 2002-ci il iyulun 5-də ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2008-ci il noyabrın 19-da isə Prezident İlham Əliyevin sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın sərhədlərindən, eləcə də tarixi torpaqlarından kənarda yaşayan soydaşlarımızın Vətəndən uzaqda milli həmrəylik ətrafında birləşdirilməsi, eləcə də diaspor quruculuğu sahəsində dövlət siyasətinə xidmət edəcək belə bir komitənin yaradılması məhz ümummilli liderin uzaqgörən şəxsiyyət olması ilə yanaşı, dünya ölkələri üçün də bir nümunəyə çevrildi.
Bu baxımdan, diaspor quruculuğu işində yaxından köməklik
göstərən və xaricdə yaşayan
soydaşlarımızın milli-mənəvi dəyərlər,
milli həmrəylik və azərbaycançılıq
ideyası prinsipləri kontekstində formalaşmasına
çalışan ümummilli lider Heydər Əliyevin diaspor
məsələlərinə xüsusi
diqqət yetirməsi və bu sahədə
vahid dövlət siyasətinin həyata
keçirilməsi həmvətənlərimizin təşkilatlanması
prosesini sürətləndirmişdir.
Bu gün ideoloji dəyərlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasının rəhbər tutduğu əsas prinsiplər Prezident İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 2016-cı il iyunun 3-də Bakıda dövlət başçısının təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyon nəfərdən artıq azərbaycanlının bir araya gəlməsində mühüm rol oynayaraq azərbaycançılığın böyük tarixi imkanlara, birləşdirmə, səfərbər etmə gücünə malik olduğunu bir daha sübut etmiş oldu. Ölkəmizin başçısı bu məsələyə diqqəti bir daha cəlb edərək Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında demişdir: “İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək. Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdır. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”. Eyni zamanda, dövlət başçısı bildirmişdir ki, diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalı və bu əlaqələr güclənməli, o cümlədən xarici ölkələrdə dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, xüsusilə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məsələsinə diqqəti daha çox cəlb edərək IV Qu-rultaydakı çıxışında diqqətə çatdırmışdır ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalı, proqram tərtib edilməlidir: “Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə bəlkə də birinci məsələ olmalıdır. Azərbaycan həqiqətləri haqqında əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə, biz bunu Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük”.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət həyata keçirir. Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir. Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun dəstəyi və fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə artıq bir sıra ölkələrdə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlamışdır.
Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulmuş, bu prosesi keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış digər xalqların təcrübəsindən faydalanmaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Heç şübhəsiz ki, komitənin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarını yeni platformalarda birləşdirir. Bu baxımdan, hər bir diaspor təşkilatının qarşısına qoyduğu əsas məqsəd ölkəmizin milli maraqlarını beynəlxalq münasibətlər sistemində uca tutmaq, ictimai, siyasi və mədəni sahələrdə təbliğ etmək, geniş əlaqələr yaratmaqla düşünülmüş ideoloji fəaliyyət strategiyasını reallaşdırmaq və konkret nəticələr qazanmaqdır. Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondunun məqsədi dünyadakı diaspor təşkilatlarımıza maliyyə dəstəyi göstərməkdir. Bununla yanaşı, xarici ölkələrdə diasporun təşkilatlanmasına xidmət edən 12 Koordinasiya Şurası yaradılmışdır ki, bunlar da ümumilikdə, 26 ölkəni əhatə edir. ABŞ və Türkiyədə şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılmış və bu istiqamətində fəaliyyət “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir.
Qeyd etmək vacibdir ki, son illərdə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mühüm tədbirlər görülmüş, Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etmək tövsiyə olunmuşdur. Keçirilən tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddətli qurulmasında Azərbaycan və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi diqqəti cəlb edir. “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporlarımız arasında əlaqələrin get-gedə möhkəmlənməsi, xüsusilə, vahid platformadan çıxış etməsi hər iki dövlətin daim bir-birinin yanında olmasının bariz nümunəsidir. Biz buna Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq ölkə Prezidentinin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, xüsusilə, 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahid olduq.
Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham
Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz sentyabrın 27-dən Ermənistanın
hərbi təcavüzünə cavab olaraq, işğal
altında olan torpaqlarımızı azad etmək üçün
genişmiqyaslı əks-hücum əməliyyatları həyata
keçirdiyi günlərdə, xalqımız
bütünlüklə, müzəffər Ali
Baş Komandanın ətrafında səfərbər
oldu. Azərbaycan
torpaqlarının hər qarışının azad edilməsi uğrunda
gedən döyüşlər, qüdrətli ordumuzun
şanlı tarix yazaraq
düşmən üzərindəki sarsıdıcı zərbələri,
eləcə də bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin,
yaşayış məntəqələrimizin,
həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin
işğalçılardan azad edilməsi
xalqımızda, o cümlədən dünyada yaşayan bütün azərbaycanlılarda böyük inam və ruh yüksəkliyi yaratdı.
Nəticədə, rəşadətli
Azərbaycan Ordusu 28 ildən artıq işğal altında olan
torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum
əməliyyatları həyata keçirilməklə
yanaşı, düşmənin bu illər
ərzində yaratdığı “yenilməzlik”
mifologiyasını darmadağın etdi.
Bununla
yanaşı, dövlətimizin başçısının xarici kütləvi informasiya
vasitələrinə verdiyi
çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü, davam
edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq
hüquqa və ədalətə əsaslanaraq,
tutarlı arqumentlər üzərində qurulan
aydın, məntiqli fikirləri, ölkəmizin
haqlı mövqeyinin dünya
ictimaiyyətinə çatdırılmasında müstəsna
rol oynadı. Həmçinin bu müsahibələr informasiya
məkanında da düşmənin yalan üzərində qurulmuş
təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar
siyasətinin, eləcə də onun himayədarlarının
ifşa olunması ilə nəticələndi.
Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız 44 gün ərzində Azərbaycan Ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın azad edilməsi münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanladıqları məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunmuş, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq mübarizəmizdə ölkəmizin yanında olduğunu və ordumuzun qazandığı qələbələrdən qürur hissi keçirdiyini, ehtiyac yaranarsa, həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirmişdirlər.
Dövlət başçımızın prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında rəşadətli ordumuzun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Prezident İlham Əliyevin erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində fəaliyyəti informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Bu, Azərbaycan diasporunun ziyalıları və ən əsası isə qəlbi daim Vətənlə döyünən soydaşlarımızı informasiya müharibəsi istiqamətində düşmən üzərində əldə etdiyimiz qələbənin qazanılmasında daha da ruhlandırdı və azərbaycançılıq ideyası ətrafında milli həmrəyliyin daha da güclənməsində müstəsna rol oynadı.
Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərlərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışmışlar.
Eyni zamanda, müxtəlif ölkələrdə
fəaliyyət göstərən koordinasiya
şuraları tərəfindən müxtəlif ölkələrin
prezidentləri, parlament üzvləri, BMT,
Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq
təşkilatlara, dünyada
tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri
və tanınmış ictimai-siyasi xadimlərinə
Ermənistanın təxribatları,
işğalçılıq siyasəti, terrorçuluq
fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı
məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsi
ilə göndərilmişdir. Bununla yanaşı, xaricdə
yaşayan soydaşlarımız tərəfindən
Azərbaycan Ordusuna və şəhid ailələrinə
dəstəklə bağlı çoxsaylı müraciətləri
nəzərə alaraq Diasporla
İş üzrə Dövlət Komitəsi
tərəfindən müvafiq maarifləndirmə,
təşkilati və təbliğat işləri görülmüşdür.
Bununla yanaşı, azərbaycanlıların yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə müvafiq tədbirlərin görülməsi, habelə bu prosesin ideoloji əsaslarını müəyyənləşdirən sənədlərin hazırlanması və təbliğat sahəsində istifadə edilərək Azərbaycan xalqına qarşı törədilmiş terror və soyqırımı aktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmək məqsədilə etiraz aksiyalarının, foto və rəsm sərgilərinin, elmi-praktik konfransların təşkili işinin davam etdirilməsi, bu barədə filmlərin xarici televiziyalarda nümayişinə nail olunması dövlətimizin bu istiqamətdə apardığı siyasətə mühüm töhfədir. Bu baxımdan, ümumavropa Qarabağ mitinqlərinin keçirilməsi xaricdə yaşayan azərbaycanlıları ölkəmizin milli maraqlarının qorunması, xüsusilə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində birləşdirməsi mühüm addımlardır.
Xüsusilə, Prezident
İlham Əliyevin 2019-cu il
oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada
qətiyyətlə söylədiyi “Qarabağ
Azərbaycandır və nida işarəsi”
devizi bir ildən sonra, xüsusilə, 44 gün
ərzində reallığa çevrildi
və xalqımıza böyük sevinc yaşatdı. Xaricdə yaşayan
azərbaycanlılar da rəşadətli
Azərbaycan Ordusunun əzəli
torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı
haqqında dünya mediasında, eləcə
də Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi
vandalizm aktları, maddi-mədəniyyət
nümunələrimizin dağıdılması haqqında
yaşadıqları ölkələrin ictimaiyyətinə dəqiq
məlumatlarla çatdırılması istiqamətində fəaliyyətini
genişləndirməkdədir.
Azərbaycançılıq ideyası ətrafında milli həmrəyliyin daha da güclənməsində, xüsusilə, Qarabağ həqiqətlərinin və Vətən müharibəsində düşmən üzərində əldə etdiyimiz qələbəmizin qazanılması istiqamətində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətlərinə görə bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur ki, bu da dövlətimizin Azərbaycan diasporuna diqqət və qayğısının bariz nümunəsidir. Dövlət başçımız bildirmişdir: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dekabrın 29-da dünya azərbaycanlılarını təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev hər bir soydaşımıza doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə uğurlar arzulayaraq demişdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.”
Elçin ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru
Xalq qəzeti 2021.- 10 yanvar.- S.5.