Əlyazmalar İnstitutu dünyanın ən zəngin mənəvi
xəzinələrindən biridir
Azərbaycan Milli
Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutu (Keçmiş Respublika
Əlyazmalar Fondu) orta
əsrlər Şərq yazılı abidələrinin
toplanması, sistemləşdirilməsi, mühafizəsi və
nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci
ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında
yaradılmışdır. İnstitutun
kollektivi ölkənin bu
nüfuzlu tarixi qaynaq, elm və mənəviyyat
ocağının yadılmasının 70 illiyini
Vətən müharibəsi adlandırdığımız
II Qarabağ savaşında misilsiz Qələbəmizin bitib-tükənməyən
sevincini yaşadığımız təntənəli
günlərdə ikiqat bayram
əhvalı ilə qarşılayır.
Azərbaycanda tarixi mənbə, ictimai-mədəni düşüncə önəmi daşıyan əlyazmaların toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanmışdır. 1924-cü ilin 21--24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan Diyarşünaslar Qurultayı keçirilmişdir. Burada mədəni quruculuqla əlaqədar başqa məsələlərlə yanaşı, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti nəzdində xüsusi əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxana təşkili məsələsinə də baxılmışdır.
1950-ñi ildən müstəqil
müəssisə kimi fəaliyyət
göstərən, əvvəllər Respublika
Əlyazmalar Fondu, son
onilliklərdə isə Əlyazmalar İnstitutu
adlanan bu elmi idarənin müasir tədqiqat
mərkəzi kimi təşəkkülü
ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. 1986-cı ildə
o zaman SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində
şalışan ulu öndərin xoş məramı və ittifaq
hökumətinin qərarı ilə bu akademik təsisat institut statusu aldı. Məhz Heydər Əliyevin təşəbbüsü
və iradəsi ilə Əlyazmalar İnstitutu
paytaxtın mərkəzi İstiqlaliyyət küçəsində
yerləşən yaraşıqlı tarixi
binaya köçürüldü.
İnstitutun əlyazma fondunun əsasını əvvəllər orta əsr kitabxanalarına, eləcə də, Azərbaycanın XIX–XX əsrlərdə yaşamış görkəmli mədəniyyət xadimlərindən Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Əbdülqəni Əfəndi Xalisəqarızadə, Hüseyn Əfəndi Qayıbov, Bəhmən Mirzə Qacar, Mir Möhsün Nəvvab və başqa görkəmli tarixi simaların şəxsi kolleksiyalarına daxil olan materiallar təşkil edir. Əlyazmalar İnstitutunun müstəqil ixtisaslaşdırılmış elmi müəssisə kimi təşkili dövründə buraya müxtəlif mədəni-maarif təşkilatlarından, kitabxanalardan minlərlə əlyazma, əski çap kitabları, tarixi sənədlər və başqa arxeoqrafik sənədlər toplanmışdır. Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir. Buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından xaricdəki ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır.
Əlyazmalar İnstitutunda orta əsr elmlərinin bütün sahələrinə--tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyaları qorunub saxlanır və öyrənilir. İndi institutun fonlarında 40 mindən artıq material vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır. Bundan başqa, institutda XIX--XX əsrdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi mənbələr və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.
İnstitutda saxlanan, üzərində tarixi qeyd edilən ən qədim əlyazma X əsrin sonunda tanınmış leksikoqraf İsmail əl-Cövhərinin tərtib etdiyi və 1117-ci ildə avtoqraf nüsxəsindən üzü köçürülmüş klassik ərəb dilinin izahlı ensiklopedik lüğəti hesab edilən “Əs-sihah” əsərinin əlyazmasıdır.
X--XI əsrlərdə İspaniyada--Kordovada
yaşamış ərəb alimi
Əbül-Qasim əz-Zəhravinin “Əl-məqalə əs-səlasun”
(“Otuzuncu traktat”) əsəri
isə ərəb dilində tibbə aid fundamental risalənin bir cildidir və cərrahiyyə sahəsində
müsəlman Şərqində elmi tərəqqiyə
təsir göstərmişdir. Əsərin Bakı əlyazması
XIII əsrdə köçürülmüşdür.
Fondumuzda onlarla belə
nadir, yuzlərlə digər qiymətli əlyazma
əsər qorunur.
Elmi-tarixi mərkəz olaraq Əlyazmalar İnstitutunun
əsas fəaliyyət istiqaməti azərbaycanşünaslıqdır.
Burada qorunan abidələrin mühafizə şəraitinin
daim müasirləşdirilməsi,
onların müntəzəm dezinfeksiya, gigiyena və bərpası məsələlərinin
həlli, əlyazmaların kataloqlaşdırılması və
sistemləşdirilməsi, onların tədqiq edilməsi və
nəşr etdirilərək elmi tədavülə
və müasir nəsillərə
çatdırılması işi uğurla aparılır. Azərbaycan əlyazmaşünaslığının
metodoloji və elmi-nəzəri problemlərinin
işlənib-hazırlanması əlyazmaşünas alim və tədqiqatçılar
qarşısında duran ən aktual və vacib məsələdir.
Ümumiyyətlə, respublikada
yazılı abidələr üzərində indiyədək
aparılan elmi axtarışlarda mühüm nailiyyətlər əldə edilmişdir. Bu sahədə
Əlyazmalar İnstitutu alimlərinin
qazandığı uğurlar ayrıca qeyd edilməyə layiqdir.
Keçən əsrin 50--80-ci illərində müəssisədə
Azərbaycan humanitar elminin
Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı,
Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə
Cəfərzadə kimi simaları
çalışmışlar. Həmin dövrdə Azərbaycan
əlyazmaşünaslığının ayrı-ayrı
istiqamətləri inkişaf etdirilmişdir.
Müəssisənin fəaliyyətə başlamasının ilk onilliklərində kollektivinin üzvləri tərəfindən “Kitabi-Dədə Qorqud”un mətni, Xaqani Şirvani, Şeyx Mahmud Şəbüstəri, Seyid İmadəddin Nəsimi, Kişvəri, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Lütfəli bəy Azər, Mirzə Həsən Qarabaği və b. kimi bir sıra klassiklərin irsi öyrənilmiş və əsərləri nəşr etdirilmişdir.
Bu dövrdə
Əlyazmalar İnstitutunun alim və tədqiqatçıları əlyazmaşünaslıqla
bağlı bir sıra metodoloji
problemlərin üzərində işləmiş,
filologiyanın bu sahəsinin
inkişafı üçün ilk elmi-təcrübi töhfələrini
vermişlər. Fazil Seyidov “İkimininci
ilə qədər hicri, miladi
və şəmsi illəri cədvəli”ni, Pənahi Makulu irihəcmli “Ədəbi məlumat cədvəli”ni,
Qulam Darabadi “Kalliqrafiya” monoqrafiyasını nəşr etdirmiş, M.Sultanov əlyazmaların
elmi-paleoqrafik təsviri metodunu
işləyib-hazırlamışdır.
Ötən əsrin 50-60-cı illərində müəssisənin fondunda mühafizə edilən şəxsi arxivlərin elmi təsviri işi də başlanmışdır. 1955-ci ildə Ağəmi İbrahimov “Mirzə Fətəli Axundov arxivinin təsviri”ni nəşr etdirməklə biblioqrafik kataloq tərtibinin əsasını qoymuşdur. 1961 və 1965-ci illərdə Mərziyə Paşayeva “Cəlil Məmmədquluzadə arxivinin təsviri”ni və “Cəfər Cabbarlı arxivinin təsviri”ni, 1962-ci ildə Cənnət Nağıyeva “Süleyman Sani Axundov arxivinin təsviri”ni nəşr etdirmişdir. O vaxtdan başlayaraq, müəssisədə mühafizə edilən əlyazmaların kataloqlaşdırılması təcrübəsi həyata keçirilmişdir. İnstitutun ilk “Əlyazmalar kataloqu” M.Sultanovun və C.Qəhrəmanovun redaktəsi altında 1963-cü və 1977-ci illərdə (iki cilddə) nəşr edilmiş, bundan sonra əlyzamaların kataloqlaşdırılması işinə daha böyük əhəmiyyət verilmiş və bir sıra kataloqlar tərtib edilmişdir.
1970-ci ildə Ə.Məmmədov
Şah İsmayıl Xətainin, 3 il sonra C.Qəhrəmanov
İmadəddin Nəsimi irsinin elmi-tənqidi
mətnlərini hazırlayıb nəşr etdirmiş
və bununla da institutda sonrakı dövrlərdə türkdilli abidələrin orijinal
qrafikada elmi-tənqidi mətninin
hazırlanması işlərinin genişləndirilməsinə
yol açılmışdır. 1970-ci
ildə C.Qəhrəmanov “Nəsimi “Divan”ının
leksikası” adlı fundamental tədqiqatını
nəşr etdirməklə, ümumiyyətlə, Azərbaycanda
linqvistik mənbəşünaslıq sahəsinin
əsasını qoymuş, sonralar alimin rəhbərliyi
altında bu sahə daha
da inkişaf etdirilmişdir.
1970--80-ci illərdə müəssisənin
M.Sultanov, C.Qəhrəmanov, Ə.Məmmədov,
C.Nağıyeva, F.Seyidov, M.Paşayeva,
Ş.Cəmşidov, N.Qarayev, M.Məmmədova,
E.Seyidbəyli kimi görkəmli alim və təcrübəli mütəxəssisləri
ilə ünsiyyət şəraitində Azadə Musayeva, Möhsün
Nağısoylu, Kamandar Şərifov,
Əbülfəz Əliyev, Arif Ramazanov, Aydın Xəlilov, Tahirə Nurəliyeva,
Tahirə Həsənzadə, Zəminə Hacıyeva, Hacı
Mayıl Əliyev, Əkrəm Bağırov, Söhrab
Bayramlı, Müqəddəs Payızov, Müzafəddin
Əzizov, Həsənağa Nəcəfov, Adil
Sadıqov, Təyyar Əkbərov kimi
alim-tədqiqatçılar, mütəxəssislər yetişmişdir. Onlar həmin
dövrdə Azərbaycan əlyazmalarının mühafizəsi,
tədqiqi və nəşri işinin
inkişafına öz töhfələrini
vermişlər.
İnstitut öz fəaliyyətinin ən coşqun dövrünə məhz Azərbaycan
Respublikasının milli istiqlaliyyətinin
bərpa edilməsindən sonra qədəm
qoymuş, adı çəkilən alim və tədqiqatçılarla
yanaşı, Paşa Əlioğlu, Fərid
Ələkbərov, Əli Əliyev, Nailə Səmədova,
Sevər Cabbarlı, Rəna Məmmədova, Zəkiyyə
Əbilova, Aybəniz Rəhimova, Sona
Hadıyeva, Mustafa Əliyev, Rauf Şeyxzamanlı və b.
kimi gənc kadrların elmi
potensialı tam gücü
ilə məhz bu dövrdə
açılmışdır. Müqayisə üçün göstərmək olar ki, 60-cı illərin sonunda elmi mərkəzdə
cəmi 47 əməkdaş, o cümlədən,
3 elmlər doktoru və bir
neçə elmlər namizədi işlədiyi halda, bu gün
institutun təkcə elmi
işçilərinin sayı 100-dən çoxdur.
2014-cü ildən Əlyazmalar İnstitutuna görkəmli alim, akademik Teymur Kərimli rəhbərlik edir. Yeni şəraitdə institutun işlədiyi problem və mövzuların dairəsi də genişləndirilmiş, Azərbaycan əlyazma kitabının tarixi, paleoqrafiya məsələləri, islamşünaslıq, tarixi mənbəşünaslıq, elm tarixi və tərcümə tarixi istiqamətlərində işlər həyata keçirilməyə başlamışdır. Bu illər ərzində institutun strukturunda səmərəli dəyişikliklər edilmiş, yeni tədqiqat şöbələri yaradılmış, institutun fəaliyyət istiqamətinə yeni sahələr əlavə olunmuş, ilk dəfə magistratura yaradılmışdır.
Hazırda institutda saxlanılan əlyazmaların elektron kitabxanası və kataloqu yaradılır. Bu gün İnstitutun Elektron kitabxanasının bazasında 4500-ə qədər əlyazmanın rəqəmsal variantı saxlanılır. İnstitutun elektron kataloquna 12 min 259 əlyazma və nadir əski çap kitabının təsviri daxil edilmişdir.
Son 5 ildə institutun alimlərinin 168 kitabı, 800-ə
yaxın məqalə və tezisi, o cümlədən 200-ə yaxın məqalə
və tezisi xaricdə (10 məqalə İmpakt faktorlu jurnallarda) çap edilmişdir. Elmi
işçilərin əsərlərinə 86 istinad olunmuşdur. 5-i beynəlxalq
olmaqla 11 elmi tədbir
keçirilmiş, 4 problemin
13 mövzusu üzrə 62 elmi
tədqiqat işi
aparılmışdır. Bu illərdə
institutun beynəlxalq əlaqələri də
genişlənmiş, nüfuzlu xarici əlyazma və tarixi
mənbə qurumları ilə sıx əlaqə qurulmuşdur. Əlyazmalar İnstitutunun
UNESCO ilə əlaqələri daha da möhkəmlənmişdir.
İnanırıq ki, qarşıdakı illərdə dünya kitabxanalarında tariximizə, mədəniyyət,
elm və ədəbiyyat tariximizə dair bütün əlyazmaların
surətləri, elektron variantları əlyazmaların
vahid dövlət qorunma
mərkəzi kimi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda
toplanacaq.
Ümummili lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daha da inkişaf etdikcə milli-mənəvi dəyərlərimizə, tarixi keçmişimizə, yazılı abidələrimizə, onların tədqiqi, nəşri və təbliğinə diqqət də get-gedə artır. Zəngin bir tarixi inkişaf yolu keçmiş Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun indiki kollektivi müəssisənin 70 illik yubileyinə öz töhfəsini verdiyinə görə qürur hissi keçirir.
Paşa KƏRİMOV,
AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər
üzrə direktor müavini,
filologiya elmləri doktoru
Xalq qəzeti 2021.- 10 yanvar.- S.6.