Mədəniyyət
naziri ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşüb
Yanvarın 11-də Azərbaycan
Respublikasının Mədəniyyət naziri
Anar Kərimov ölkəmizdə səfərdə
olan İslam
Dünyası Elm, Təhsil və Mədəniyyət
Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüşdə
Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın
hazırkı vəziyyəti və gələcək
perspektivləri müzakirə edilib.
Nazir Anar
Kərimov Salim əl-Maliki salamlayaraq
onun ICESCO-nun Baş direktoru kimi ilk səfərini Azərbaycana
etməsinə görə təşəkkürünü bildirib. Azərbaycanla ICESCO
arasında uzunmüddətli və sıx əməkdaşlıq
əlaqələrinin inkişafında Prezident
İlham Əliyev və Birinci
vitse-prezident, ICESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın müstəsna rolunu
vurğulayan Anar Kərimov
bu münasibətlərin dostluq
və həmrəylik üzərində təşəkkül
tapdığını qeyd edib.
Nazir son
dövrdə ICESCO-da həyata keçirilən
islahatları alqışladığını və Azərbaycanın
da bu istiqamətdə
həmrəylik göstərəcəyini diqqətə
çatdırıb.
Nazir, həmçinin ICESCO-nun Baş direktorunun Azərbaycanın
işğaldan azad olunmuş ərazilərinə səfər etmək
təşəbbüsünü və işğal
zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin
nəticələrini bilavasitə görmək istəyini
yüksək qiymətləndirib. Qeyd
edib ki, bu, Azərbaycanın işğaldan
azad olunmuş ərazilərinə
beynəlxalq missiyanın ilk səfəri olacaq. “Biz istəyirik ki, ICESCO missiyası bu səfər
zamanı gördükləri ilə bağlı obyektiv hesabat
hazırlasın”, – deyə nazir
vurğulayıb.
ICESCO-nun obyektiv
mövqeyinin Azərbaycan tərəfindən
yüksək dəyərləndirildiyini deyən Anar Kərimov təşkilatın ölkəmizin
haqlı mövqeyini
paylaşdığına görə təşəkkür edib. Bildirib ki, ölkəmiz ICESCO-nun mədəni irsin
qorunması sahəsində səylərini yüksək qiymətləndirir
və bu sahədə əməkdaşlığı
davam etdirmək, həmçinin kreativ sənayenin inkişafında bərabər
səylər göstərmək istəyir. Eyni zamanda, Azərbaycan ilə
ICESCO arasında mədəniyyət, təhsil və elm sahəsində nazirliyin
yanında fəaliyyət göstərən ICESCO üzrə
milli komissiyanın töhfələrini
artırmaqda davam edəcəyik.
Salim əl-Malik ölkəmizə
səfərindən məmnunluğunu ifadə edərək
göstərilən qonaqpərvərliyə görə təşəkkürünü
bildirib. O, ICESCO-nun
beynəlxalq hüquqa, xüsusilə də
BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinə əsaslanaraq Azərbaycanın
ərazi bütövlüyü, sərhədlərin
toxunulmazlığını və suverenliyini
daim dəstəklədiklərini və
müharibə zamanı da eyni
mövqedən çıxış etdiklərini ifadə edib.
Salim əl-Malik əlavə edib ki, belə bir tarixi zamanda ICESCO ilə Azərbaycan arasında uzun illərdir davam edən dostluq və əməkdaşlığı qarşılıqlı şəkildə genişləndirmək və dəstəkləmək lazımdır. O, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb və bildirib ki, ICESCO bu istiqamətdə də öz dəstəyini davam etdirəcək.
Anar Kərimov ölkəmizlə bağlı xoş sözlərinə görə təşəkkürünü bildirərək ICESCO ilə bir sıra istiqamətlərdə əməkdaşlığı və bu əməkdaşlığın mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində uğurla davam etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, 2011-ci ildə əsası qoyulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaş beynəlxalq təşkilatdan biri də ICESCO-dur və biz bu tərəfdaşlığın yeni Baş direktorun fəaliyyəti dövründə də davam etdiriləcəyinə əminik.
Nazir ICESCO ilə daha bir əməkdaşlıq
istiqaməti kimi rəqəmsal
texnologiyaların mədəniyyət sahəsində tətbiqi
ilə bağlı birgə startap layihəsini
həyata keçirməyi təklif edib.
Sonra görüş
qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi
ilə davam edib. Diqqətə
çatdırılıb ki, yanvarın
12-də ICESCO-nun nümayəndə heyəti
Azərbaycanın işğaldan azad olunmuş
rayonlarına səfər edəcək.
Qeyd edək ki, nümayəndə
heyətinin tərkibinə ICESCO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət
sektorunun müdiri Məhəmməd
Zain Alabdern, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq
əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin
rəhbəri Xalid Fatih
əl-Rəhman və başqaları daxildir.
ICESCO-nun Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək.
AZƏRTAC
Xalq qəzeti 2021.- 12 yanvar.- S.9.