Dövlət vəsaitləri
hesabına maliyyələşdirilən tikinti
obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar
bəzi məsələlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
¹ 4 Bakı şəhəri, 9 yanvar
2021-ci il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq,
dövlət vəsaitləri hesabına maliyyələşdirilən
tikinti obyektləri üçün
smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi məqsədilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2020-ci il 9 iyun tarixli 254s nömrəli Sərəncamı
ilə yaradılmış İşçi
qrupun təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. 2021-ci il oktyabrın 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yalnız yeni smeta-normativ və qiymətqoyma sistemi və onun əsasında qiymətqoymanın resurs metodu (bundan sonra – resurs metodu) tətbiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyinə
tapşırılsın:
2.1. tikintidə yeni smeta-normativ və qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktların təsdiq edilməsini və
Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsini 2021-ci il
martın 1-dək təmin etsin;
2.2. tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatları almaq üçün müvafiq sorğuların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etsin;
2.3. tikinti üçün dəmir yolu
nəqliyyatı vasitəsilə yükdaşımaların cari qiymətləri səviyyəsində
tariflər barədə məlumatları almaq
üçün müvafiq
sorğuların “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar
Cəmiyyətinə təqdim olunmasını təmin etsin;
2.4. Azərbaycan Respublikasının ərazisində tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə 1 (bir) maşın-saatın dəyərinin müəyyən edilməsinə aid məlumatların (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükdaşımalar da daxil olmaqla) hazırlanması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsi, həmçinin tikinti resurslarının cari qiymətlərinin monitorinqinin aparılması, resursların cari qiymətlərinin sistemləşdirilməsi, smeta qiymətlərinin müəyyənləşdirilməsi və təsdiq edilməsi işlərinin yerinə yetirilməsini təmin etsin;
2.5. Azərbaycan Respublikasının ərazisində resurslar üzrə aparılmış hesablamalar əsasında və qiymət monitorinqi nəticəsində formalaşdırılmış cari qiymətlərin müzakirəsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli mütəxəssisləri daxil olmaqla, müşahidə qrupunun (bundan sonra – Müşahidə qrupu) yaradılmasını təmin etsin;
2.6. Azərbaycan Respublikasının ərazisində tikinti resurslarının cari qiymətlərinin monitorinqinin nəticələrinə əsasən cari qiymətlərin sistemləşdirilməsini, tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə (tikinti üçün avtonəqliyyat vasitələri ilə yükdaşımalar da daxil olmaqla) 1 (bir) maşın-saatın dəyərinin təyin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların dəqiqləşdirilməsini və 2021-ci il iyulun 1-dək bu Qərarın 7-ci hissəsində nəzərdə tutulmuş cari qiymətlərin informasiya sistemində yerləşdirilməsini, bütün bu məlumatların Müşahidə qrupunun üzvləri tərəfindən müzakirə olunduqdan sonra resursların cari smeta qiymətlərinin təsdiq olunmasını, topluların çap edilməsini və bu sənədlərin özünün rəsmi internet səhifəsində yerləşdirilməsini 2021-ci il avqustun 1-dək təmin etsin;
2.7. Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən
qiymətlərdə baş verə biləcək
dəyişikliklərlə bağlı, həmçinin digər
səbəblərdən resursların qiymətlərində
və tikintidə əməyin ödənilməsi üzrə
tarif dərəcələrinə
aid məlumatlarda hər hansı dəyişiklik
müşahidə edildiyi halda,
ildə azı bir dəfə həm tikinti resurslarının cari
qiymətlərinin monitorinqinin nəticələri
və tikinti maşın və mexanizmlərinin
istismar xərclərinin müəyyənləşdirilməsi
üzrə hesablamalar, həm də bu Qərarın
4-cü hissəsində göstərilən dövlət
orqanlarının (qurumların) Azərbaycan
Respublikasının Fövqəladə Hallar
Nazirliyinə təqdim edəcəyi yeni məlumatlar
əsasında resursların cari smeta qiymətlərini yenidən hesablayaraq, onların təsdiq və dərc
edilməsini təmin etsin;
2.8. Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün mövcud dünya təcrübəsindən istifadə etməklə, yeni smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi məqsədilə 2022-ci il aprelin 1-dək müvafiq normativ-metodik sənədlərin hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
2.9. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikinti üçün layihə işlərinin cari qiymətlərlə hesablanması ilə bağlı təkliflərini 3 (üç) ay müddətində aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin;
2.10. tikintidə üstəlik xərclər
və smeta gəliri üzrə normativlərin,
“Tikilməkdə olan müəssisələrin
və digər obyektlərin müdiriyyətinin
saxlanılması xərclərinin limitləri”nin (texniki nəzarətçinin
saxlanılması xərcləri də daxil
olmaqla), həmçinin digər limitləşdirilmiş
xərc normalarının hədlərini bir
daha nəzərdən keçirib,
onların təsdiq edilməsi üçün
təkliflərini 2 (iki) ay
müddətində Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etsin;
2.11. tikintidə yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiqi ilə əlaqədar müvafiq işlərin aparılması və mövcud dünya təcrübəsindən istifadə etməklə, yeni normativ-metodik sənədlərin hazırlanması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində müvafiq qurumun yaradılması ilə bağlı təkliflərini 2 (iki) ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.12. resurs metodunun
tətbiqi ilə əlaqədar layihə-smeta sənədlərinin
tərtibində iştirak edən mütəxəssislərin
maarifləndirilməsi üçün
seminarların təşkili işinin davam etdirilməsini təmin etsin.
3. Nəzərə alınsın ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumatlar cari qiymətlərin informasiya sisteminə daxil edildikdən sonra Müşahidə qrupunun hər bir üzvü tərəfindən 20 (iyirmi) gün müddətində baxılmalı və hər hansı qiymətə dair irad olduğu təqdirdə rəy bildirilməlidir. Qeyd olunan müddət ərzində rəy bildirilmədikdə, cari qiymətlər məqbul hesab olunur.
4. Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
resurs metodunun tətbiqinə
başlanıldığı vaxtdan Azərbaycan
Respublikasının Fövqəladə Hallar
Nazirliyi tərəfindən müvafiq qaydada aidiyyəti
üzrə təqdim olunacaq sorğulara əsasən tikintidə əməyin ödənilməsi
üzrə tarif dərəcələrinə
aid məlumatları və dəmir yolu nəqliyyatı vasitəsilə 1 (bir) ton yükün
daşınmasına (daşınma məsafəsindən və
yükün sinfindən asılı olaraq) aid cari
qiymətlər səviyyəsində tarifləri operativ qaydada
hazırlayıb Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyinə təqdim etsinlər.
5. Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən istehsalçı müəssisə-lərin istehsal etdikləri tikintidə istifadə olunan məhsulların, satış təşkilatlarının realizə etdikləri tikinti materiallarının, məmulatlarının, konstruksiyalarının, mebel-inventar və avadanlıqların buraxılış (satış) cari qiymətləri, həmçinin balanslarında tikinti maşın və mexanizmləri və avtonəqliyyat vasitələri olan təşkilatların tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarının 1 (bir) maşın-saatı üçün cari qiymətlər səviyyəsində xərcləri barədə məlumatlar həmin müəssisə və təşkilatlar tərəfindən, dəniz və hava nəqliyyatı növləri vasitəsilə 1 (bir) ton yükün daşınması (daşınma məsafəsindən və yükün sinfindən asılı olaraq) tarifləri barədə məlumatlar həmin yükdaşımalarla məşğul olan qurumlar tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bu Qərardan irəli gələn sorğularına əsasən operativ qaydada təqdim edilsin.
6. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi inşaat materialları,
məmulatları, konstruksiyaları, mebel-inventar
və avadanlıqlar üzrə vahid mal nomenklaturasının yaradılması məqsədilə
Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin, Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin və
Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin iştirakı ilə İşçi
qrup yaradaraq, təkliflərini
2021-ci il martın 1-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla, resursların cari qiymətlərinin və tikintidə əməyin ödənilməsi üzrə tarif dərəcələrinə aid məlumatların operativ şəkildə toplanmasını və Müşahidə qrupu tərəfindən izlənilməsini təmin edən cari qiymətlərin informasiya sisteminin 2021-ci il mayın 1-dək hazırlanmasını və ona mütəmadi olaraq texniki dəstək göstərilməsini təmin etsin.
8. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi yeni smeta-normativ və qiymətqoyma
sisteminə aid texniki-normativ
hüquqi aktların tətbiqi və təkmilləşdirilməsinə
(Türkiyə Respublikasının mövcud
təcrübəsinə əsasən hazırlanacaq normativ-metodik sənədlər və informasiya sistemləri daxil
olmaqla) aid tədbirlərin
və resurs metodu
üzrə müvafiq işlərin
aparılması və tənzimlənməsi ilə
bağlı digər təşkilati məsələlərin,
o cümlədən cari
qiymətlərin informasiya sisteminin
maliyyələşdirilməsini təmin etsin.
9. “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoy-manın resurs metodunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 dekabr tarixli 390 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1587) 1-ci və 4-7-ci hissələri ləğv edilsin.
10. Azərbaycan
Respublikasının ərazisində ehtimal
olunan qiymətləri 2021-ci il oktyabrın 1-dək hesablanmış
dövlət vəsaitləri hesabına maliyyələşdirilən
tikinti obyektlərinin dəyərinin
1991-ci ilin smeta-normativ
və qiymətləndirmə metodikası əsasında qiymət-ləndirildiyi
nəzərə alınsın.
11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.
Əli
ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş naziri
Xalq qəzeti 2021.- 12 yanvar.- S.9.