Ulu öndərin
inamını, xalqın etimadını doğruldan lider
…İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Ulu öndər Heydər Əliyevin xalqa
ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətindən
2020- ci il noyabrın 10- da Prezident İlham Əliyevin gecə yarısı xalqa müraciəti uşaqdan - böyüyə hamını sevincdən doğan göz yaşlarına qərq etdi. Gecə-gündüz yatmayan, gözləri televiziya kanallarına zillənib cəbhədən xəbərlər gözləyən xalqa birdən-birə Qələbə müjdəsi vermək, “Düşmən təslim oldu!”, “Müharibə başa çatdı!” kimi şad xəbəri çatdırmaq nə qədər də təsirli idi. Söz yox ki, sentyabrın 27-dən başlanan müharibədə, demək olar ki, hər gün müzəffər ordumuzun Qələbə sorağı, işğal altında olan ərazilərimizin hissə-hissə azad edilməsi barədə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev xalqı məlumatlandırırdı. Noyabrın 10-da isə dövlət başçımızın “Əziz həmvətənlər! Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar” – müjdəsi bütün xoş xəbərlərin tacı oldu.
On yeddi il əvvəlki tarixi müraciətin bəhrəsi
2003-cü
il oktyabrın 15- də keçirilmiş
prezident seçkiləri ərəfəsində ümummilli
lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına
ünvanladığı tarixi müraciətin uğurlu nəticələri
bu gün bütün sahələrdə özünü
açıq şəkildə büruzə verir. Ölkəmizin
dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi,
beynəlxalq aləmə sürətli inteqrasiyasi, əhalinin
həyat səviyyəsinin tədricən
yaxşılaşması, yeni iş yerlərinin
yaradılması bir daha təsdiqlədi ki, bu tarixi müraciət
təkcə ulu öndərin deyil, bütövlükdə, Azərbaycan
xalqının cənab İlham Əliyevə olan böyük
ümidinin təcəssümü kimi ortaya
çıxmışdır. Ulu öndər bu tarixi müraciəti
ilə xalqa əsasını qoyduğu siyasəti davam etdirə
biləcək dəqiq ünvanı göstərmişdir:
“...Üzümü Sizə – həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında
sıx birləşdirərək, Azərbaycan dövlətinin
inkişafı və xalqımızın
firavanlığı yolunda çox işlər görəcəklər”.
15 oktyabr
2003-cü ildə keçirilmiş prezident seçkilərində
cənab İlham Əliyev seçicilərin 76 faizindən
çoxunun səsini toplayaraq , Azərbaycan
Prezidenti seçildi. Həmin vaxtdan
başlayaraq, ölkəmizin həyatında əsaslı
dönüş yarandı. Bunu faktlar da təsdiqləyir.
2003-2008-ci illər ərzində Azərbaycanda ümumi daxili məhsul
7,3 milyard manatdan 30,7 milyard manatadək
artdı. Ölkəmiz iqtisadi artım sürətinə
görə dünyada birinci oldu.
Hələ
31 oktyabr 2003-cü ildə Prezident İlham Əliyev
andiçmə mərasimində beş il ərzində
Azərbaycanda 600 min yeni iş yerinin
açılacağını vəd edəndə,
çoxları buna xəyal kimi baxırdı. Lakin
zaman Prezidentin sözlərinin həqiqət olduğunu
sübut etdi. Həmin dövrdə 741 min yeni iş yeri
açıldı ki, onlardan da 531 mini daimi iş yerləri
idi.
Ordu quruculuğu xüsusi olaraq diqqət mərkəzində
saxlanılırdı. 2003-2008-ci illər ərzində ordu
quruculuğu prosesi çox sürətlə getdi. Ordunun hazırlıq, peşəkarlıq səviyyəsi
artdı, maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün çox böyük işlər
görüldü. 2003-cü ildə Azərbaycanın hərbi
xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm
1 milyard 850 milyon dollara çatdı. Həmin dövrdə dövlət
büdcəsi 1,2 milyard dollar təşkil
edirdisə, 2008-ci ildə 15 milyard dollara bərabər oldu. Belə uğurli faktlar bütün sahələri əhatə
edirdi. Ona görə də 2008 - ci ildə
keçirilən prezident seçkilərində xalq artıq
öz gələcək liderini müəyyənləşdirmişdi.
Çünki bütün sahələrdə qazanılan
uğurlar, yeni iş yerlərinin açılması, əhalinin
həyat səviyyəsinin yüksəldilməsi, aztəminatlı
ailələrin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində atılan addımlar xalqın gələcəyə
olan inamını xeyli artırmişdı.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
digər dövlətlər və beynəlxalq təşkilatlarla
əməkdaşlığı getdikcə güclənirdi. Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə
nizamlanması istiqamətində danışıqlar davam
etdirilirdi. Azərbaycan dövləti beynəlxalq təşkilatların,
xüsusilə də münaqişəni dinc vasitələrlə
nizama salmaq üçün fəaliyyət göstərən
ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə
yanaşaraq , qurumun işində müntəzəm
və əməli şəkildə iştirak edib. Təkcə
onu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyev
keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri
ilə 50-dən çox görüş keçirmişdir və
bu da münaqişənin nizama salınması istiqamətində
aparılan danışıqlarda ölkəmizin, ilk növbədə,
sülh variantına üstünlük verdiyinə sübutdur.
Beynəlxalq qurumların qəbul etdikləri
bütün sənədlərdə Azərbaycanın ərazi
bütövlüyü dəstəklənib və
münaqişənin nizamlanmasında Azərbaycan Prezidentinin
mövqeyinə üstünlük verilib. Dövlətimizin
başçısı qətiyyətlə bildirib ki, Azərbaycan
torpağında ikinci erməni dövlətinin
yaradılmasına heç vaxt imkan verilməyəcək.
Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının
səyləri nəticəsində münaqişənin həlli
ilə bağlı BMT Təhlükəsizlik Şurası,
Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa
Şurası, İslam Əməkdaşlıq Təşkilatı,
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası və digər beynəlxalq təşkilatların
sənədləri buna müvafiq hüquqi baza yaratdı.
Bu müddət ərzində baş vermiş hadisələr
də sübut etdi ki, dünyada mövcud olan ikili standartlar, ədalətsizlik
və islamofobiya münaqişənin dinc vasitələrlə
həllinə problem yaratdı. İşğalçılıq
siyastindən əl çəkmək istəməyən Ermənistan
tərəfi daha geniş ərazilər zəbt etmək
iddiası ilə hərbi təcavüzü davam etdirdi və
nəhayət, layiqli cavabını aldı. Qəhrəman
ordumuz işğalçı Ermənistanı diz çökdürdü . Azərbaycan
və Rusiya prezidentlərinin, həmçinin Ermənistan
baş nazirinin noyabrın 10-da birgə imzaladıqları
üçtərəfli bəyanat işğalçı
ölkənin təslim olduğunu rəsmiləşdirdi.
Dünya
birliyinə sürətli inteqrasiya
Prezident
İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və
bəyan etdiyi strateji hədəflərə nail olunması
üçün istər beynəlxalq miqyasda, istərsə də
ölkə daxilində məqsədyönlü,
ardıcıl, düşünülmüş siyasət həyata
keçirdi və güclü dövlət
konsepsiyasını reallaşdırmağa nail oldu. Həmin vaxtdan başlayaraq, ölkəmizin dünya
birliyinə inteqrasiyası getdikcə sürətləndi.
Prezident İlham Əliyev qurucu, birləşdirici,
xalqımızın bütün istək və
arzularını həyata keçirən, öz siyasətində
Azərbaycan dövlətinin maraqlarını ali
məqsəd kimi görən və bütün qüvvəsini
bu istiqamətdə səfərbər edən, xalqın birmənalı
şəkildə dəstəklədiyi, etimad göstərdiyi
və etibarlı lider olduğunu bütün fəaliyyəti
ilə sübut edirdi. Dövlətimizin
başçısı praqmatik siyasətçi kimi, hadisələri,
prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin
elmi cəhətdən əsaslandırılmış həlli
yollarını təqdim edir, verdiyi bütün vədləri
gerçəkləşdirirdi. Qarşıya
qoyulan prioritet vəzifələrdən biri ölkəmizin
beynəlxalq aləmdə reytinqinin yüksəldilməsi,
dünya birliyinə inteqrasiyası idi. Dövlətimizin
başçısı bu işi də yüksək diplomatik
vasitələrlə həll edirdi.
2003-cü
ildən başlayaraq , dünyanın
aparıcı dövlətlərinin başçıları
ilə keçirilən ikitərəfli görüşlər,
mehriban qonşuluq siyasəti Azərbaycan Prezidentinin
nüfuzunu etibarlı tərəfdaş kimi günbəgün
artırmaqdadır. Ölkəmiz üzv
olduğu beynəlxalq təşkilatlara – MDB, Türk
Şurası, QUAM, Avropa Şurası dövlətləri ilə
həm təşkilat çərçivəsində, həm
də ikitərəfli formatda səmərəli
qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq
əlaqələri qurmuşdur.
Həyata
keçirilən uğurlu xarici siyasət sayəsində Azərbaycan
üzvü olduğu nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq
edir, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində
nizamlanmasında öz mövqeyini ortaya qoyur, hətta mötəbər
qurumlara rəhbərlik də edirdi. Nüfuzlu beynəlxalq təşkilatların
ölkəmizin haqq səsini eşitməsi istiqamətində
Avropa Şurası Parlament Assambleyasının 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416
saylı qətnaməni xatırlatmaq istərdim. Bu, münaqişənin həlli istiqamətində
atılan mühüm addımlardan idi. Qətnamədə
qeyd olunurdu: “Parlament Assambleyası silahlı əməliyyatların
başlamasından on ildən artıq bir müddətin
keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi
üzərində münaqişənin həll olunmamış
qalmasından təəssüflənir. Yüz
minlərlə insan hələ də köçkündür
və acınacaqlı şəraitdə yaşayır.
Azərbaycan ərazisinin əhəmiyyətli
hissələri hələ də erməni qüvvələri
tərəfindən işğal altındadır və
separatist qüvvələr hələ də Dağlıq
Qarabağ bölgəsinə nəzarət edirlər.”
Ardınca, dünyanın ən reytinqli təşkilatları
tərəfindən Ermənistanın işğalçı
siyasətini pisləyən, işğal etdiyi ərazilərdən
öz qoşunların qeyd- şərtsiz
çıxarmaları barədə qətnamə və qərarlar
qəbul edildi.
2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçildi. Bu seçkidə 155 ölkə
Azərbaycana səs verdi. Nüfuzlu
quruma üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana
və onun siyasətinə öz dəstəyini nümayiş
etdirdilər. Həmin vaxt cəmi 20 il
müstəqillik təcrübəsi olan ölkə
üçün bu, böyük nailiyyət idi. Dünya ictimaiyyəti də etiraf etdi ki, Azərbaycan
müasir, sabit və demokratik ölkədir. Bu etimad demokratiyanın inkişafının və
insan hüquqlarının müdafiəsinin dövlətimizin
əsas prioritetlərindən olmasının göstəricisi
idi. Bir daha bəyan edildi ki, Azərbaycanda
bütün fundamental azadlıqlar, o cümlədən ifadə,
mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə
təmin edilir.
Belə bir nüfuzlu qurumun üzvü olmaq və həmin
təşkilata müxtəlif vaxtlarda 2 dəfə sədrlik
etmək Azərbaycan üçün siyasi-diplomatik sahədə
qazanılan uğurların göstəricisi idi. Bu, həm də
Prezident İlham Əliyevin ölkənin milli
maraqlarını əsas götürən, Azərbaycanın
müstəqillik aktının tələblərini yerinə
yetirən siyasəti sayəsində respublikamızin beynəlxalq
müstəvidə diplomatik uğurları idi. Bu dövrdə sülh danışıqları
prosesində Ermənistanın tamamilə çıxılmaz
vəziyyətə salınması, Avropa Şurasında Azərbaycan
ərazilərinin işğalını pisləyən qətnamənin
qəbul edilməsi Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin məntiqi nəticəsi, diplomatik sahədə
əldə edilmiş uğurlar idi. Bunu
ölkəmizin digər mötəbər quruma sədrliyi də
təsdiqlədi.
BMT Təhlükəsizlik
Şurası ilə yanaşı, təşkilatın digər
strukturları, eləcə də Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq Təşkilatı, ATƏT,
Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi
Əməkdaşlıq Təşkilatı, Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası,
Müstəqil Dövlətlər Birliyi, Demokratiya və
İqtisadi İnkişaf naminə Təşkilat – GUAM, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı,
Körfəz Əməkdaşlıq Şurası, UNESCO,
İSESCO, eləcə də digər regional və beynəlxalq
təşkilatlarla fəal əməkdaşlıq davam
etdirilmişdir. Ölkə
başçısının səfərləri, habelə
xarici ölkələrin dövlət və hökumət
başçılarının Azərbaycana rəsmi səfərləri
zamanı, ümumilikdə, müxtəlif sahələrdə əməkdaşlıq
üzrə ikitərəfli beynəlxalq sənədin
razılaşdırılıb imzalanması və sonradan
müvafiq qaydada qüvvəyə minməsi təmin
edilmişdir.
Avropa
Şurası Nazirlər Komitəsinin 2014-cü il
mayın 6-da Vyanada keçirilmiş 124-cü sessiyasında
Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin
Avstriyadan Azərbaycana keçməsi ölkəmizə olan
inam və etimadın bariz nümunəsi idi.
Bu gün Azərbaycan iki nüfuzlu beynəlxalq təşkilata
–Türk Şurasına və Qoşulmama Hərəkatına
sədrlik edir.
Təbii ki, belə mötəbər beynəlxalq
təşkilata sədrlik etmək ölkəmizin beynəlxalq
nüfuzunu göstərməklə yanaşı, həm də
ciddi məsuliyyət yaradır. Azərbaycan
dövləti və onun başçısı İlham
Əliyevin bu statusda da dünyaya nümunə göstərməsi
hər birmizdə qürur hissi yaradır. Bu
gün Azərbaycan Qoşulmama Hərakatının sədri
kimi öz liderlik missiyasını daha fəal şəkildə
nümayiş etdirir.
Artıq beynəlxalq ictimaiyyətə də məlumdur
ki, dünya praktikasında ilk dəfə olaraq Prezident
İlham Əliyevin birbaşa təşəbbüsü ilə
videoformat şəklində görüşlər
keçirilir.
Yeri gəlmişkən, Türk Dilli Dövlətlərin
Əməkdaşlıq Şurasını və Qoşulmama
Hərəkatına üzv ölkələrin zirvə
görüşləri çox uğurlu keçmişdir.
Qəbul edilmiş sənədlərdə Azərbaycan
və onun Prezidenti cənab İlham Əliyevin bu təşəbbüsü,
pandemiya ilə mübarizədə oynadığı rolu və
həmrəyliyə hesablanmış addımları yüksək
qiymətləndirilmişdir. Məhz həmin zirvə
görüşündə Prezident İlham Əliyev qlobal həmrəyliyin
və əməkdaşlığın nümunəsi kimi
pandemiya ilə mübarizədə səyləri birləşdirmək
məqsədilə BMT Baş Assambleyasının xüsusi
sessiyasının çağrılması təşəbbüsü
ilə çıxış etdi və bu təşəbbüsə
130- dan çox dövlətdən dəstək gəldi.
Ata vəsiyyəti yerinə yetirldi!
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin pik nöqtəsi – 10 noyabr 2020- ci il. Həmin gün Ermənistanın 30 illik işğalçı siyasətinə, hegemonluğuna son qoyuldu. Sentyabrın 27- də Ermənistanın başladığı müharibə 44 gün sonra – noyabrın 10- da başa çatdı. Azərbaycan Ordusu Ermənistanı diz çökdürdü və təslim aktını imzalamağa məcbur etdi. Həmin gün ölkəmiz üçün unudulmaz tarixi bir gündür. Həmin gün imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtəni qoydu. Azərbaycan , Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın təslimçilik aktıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, yalnız Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürəcəyi təqdirdə hərbi əməliyyatlar dayandırılacaq. Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən, itki verilmədən, güllə atmadan azad olundular.
Bəyanatda digər diqqət çəkən
önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq
Qarabağa hər hansı statusun verilməsindən söhbət
getmir və Azərbaycanın ərazi bütövlüyü
tam təmin olunur. Bu bəyanat Azərbaycanı
bütövləşdirdi, soydaşlarımızın
adından “məcburi köçkün” sözünü birdəfəlik
götürdü. Bu, Azərbaycanın qəti qələbəsinin
əyani sübutudur və artıq qoşunların təmas xətti
anlayışı da yoxdur.
“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” – deyən Prezident İlham Əliyev öz fərəhini gizlətməmişdir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, bütövləşdi. Gözün aydın olsun Azərbaycan! Bu tarixi Qələbədən sonra şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Xalqımız 17 il əvvəl ulu öndərin “Mən ona özüm qədər inanıram” sözlərinin bü gün canlı şahididir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2021.- 12 yanvar.- S.4.