Azərbaycan
Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli Fərmanı
ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin nizamnaməsi
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyi
(bundan sonra – Agentlik) medianın inkişafının dəstəklənməsi,
media sahəsində mütəxəssislər
hazırlanması və onların əlavə təhsilinin təşkili,
audiovizual, çap, onlayn media subyektlərinin və informasiya
agentliklərinin (bundan sonra – media subyektləri), habelə
jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin,
eləcə də media sahəsində yeni
informasiya-kommunikasiya texnologiyalarının və
innovasiyaların tətbiqinin stimullaşdırılması
istiqamətində (bundan sonra – müvafiq sahə) fəaliyyət
göstərən publik hüquqi şəxsdir.
1.2.
Agentlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan
Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, digər
normativ hüquqi aktları rəhbər tutur.
1.3.
Agentlik öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları ilə,
beynəlxalq və qeyri-hökumət təşkilatları ilə,
digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.
Agentlik ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur.
Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə
məşğul ola bilər.
1.5.
Agentliyin müstəqil balansı, əmlakı, xəzinə
və bank hesabları, öz adı həkk olunmuş
möhürü, müvafiq ştampları və blankları,
loqotipi (emblemi) vardır.
1.6.
Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və
qeyri-əmlak hüquqları əldə etmək və həyata
keçirmək hüququ, həmçinin vəzifələri
vardır. O, məhkəmədə iddiaçı və ya
cavabdeh qismində çıxış edə bilər.
1.7.
Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda – Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi,
qısaldılmış halda – MEDİA;
1.7.2. ingilis dilində tam halda – Media Development Agency of
the Republic of Azerbaijan, ingilis dilində
qısaldılmış halda – MEDIA.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2.
Agentliyin fəaliyyət istiqamətləri
2.0.
Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1. müvafiq sahənin inkişafını təmin
etmək;
2.0.2. müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılmasında və həyata keçirilməsində
iştirak etmək;
2.0.3. müvafiq sahədə aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək,
təkliflərin işlənib hazırlanmasında və həyata
keçirilməsində iştirak etmək;
2.0.4. bu Nizamnamə ilə müəyyən
edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərmək.
3.
Agentliyin vəzifələri və hüquqları
3.1. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri
aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi
aktların, inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
3.1.2. fikir, söz və məlumat
azadlığının, plüralizmin təmin edilməsi,
media subyektləri ilə cəmiyyət və dövlət
arasında münasibətlərin tənzimlənməsi məqsədilə
normativ hüquqi bazanın təkmilləşdirilməsinə
dair təkliflər hazırlamaq;
3.1.3. media subyektlərinin iqtisadi müstəqilliyinin
gücləndirilməsi istiqamətində tədbirlər
görmək;
3.1.4. dövlət orqanları (qurumları) ilə
media subyektləri arasında əməkdaşlıq
münasibətlərinin möhkəmləndirilməsinə
şərait yaratmaq;
3.1.5. jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artırılmasına, o cümlədən
sosial müdafiəsinə yönəldilmiş tədbirlər
həyata keçirmək;
3.1.6. medianın inkişafına maliyyə təminatı
yaratmaq məqsədilə tədbirlər görmək;
3.1.7. media sahəsində mütəxəssislərin
hazırlanması və əlavə təhsilinin təşkili
məqsədilə müvafiq tədbirlər həyata
keçirmək;
3.1.8. media subyektlərinin xarici media subyektləri ilə
əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin
formalaşdırılması və həmin subyektlərin təcrübəsinin
öyrənilməsinin stimullaşdırılması istiqamətində
tədbirlər həyata keçirmək;
3.1.9. əhalinin və ya müəyyən təbəqənin
maarifləndirilməsinə, ictimai normalara uyğun
davranış qaydalarının
formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki
aktual məsələlərə cəlb edilməsinə
yönəlmiş proqramları və materialları sifariş
vermək və mediada yayımlanmasını təmin etmək;
3.1.10. audiovizual məhsulların istehsalı və
yayımı üzrə dövlət sifarişçisi kimi
çıxış etmək, bu məqsədlə müsabiqələr
keçirmək;
3.1.11. cəmiyyətdə
baş verən hadisələrin, dövlət siyasətinin
mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz
işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının
artırılmasına, media subyektlərində peşə
etikası (etik davranış) qaydalarına riayət edilməsinə,
beynəlxalq informasiya mübadiləsində yeni imkanlar
açan müasir informasiya-kommunikasiya texnologiyalarının,
innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin
və dövlətin informasiya təhlükəsizliyinin təmin
olunmasına istiqamətlənmiş layihələrin həyata
keçirilməsi üçün tədbirlər görmək;
3.1.12.
media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin
gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə
yönəldilən, həmçinin Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası”na
uyğun olaraq, dövlət və cəmiyyət
üçün əhəmiyyət kəsb edən layihələrin
həyata keçirilməsini təşkil etmək;
3.1.13. media subyektləri və jurnalistlərlə
bağlı Agentlik tərəfindən maliyyələşdirilən
layihələrin həyata keçirilməsi ilə əlaqədar
media subyektlərinin və jurnalistlərin hesabatlarını nəzərdən
keçirmək və qiymətləndirmə aparmaq;
3.1.14. media subyektlərinin fəaliyyətinə mane
olan problemlərin həllinə dair təkliflərini dövlət
və yerli özünüidarəetmə orqanlarına təqdim
etmək;
3.1.15. dövlət orqanları (qurumları) ilə
media subyektləri arasında əməkdaşlığın
genişləndirilməsi, dövlət orqanlarının
(qurumlarının) media subyektləri ilə əlaqələrinin
təkmilləşdirilməsi, qarşılıqlı
etimadın artırılması ilə əlaqədar tədbirlər
həyata keçirmək;
3.1.16. media subyektlərinin fəaliyyəti ilə
bağlı təhlillər aparmaq, ictimai rəyin öyrənilməsini
təşkil etmək;
3.1.17. çap mediası məhsullarının abunə
və satışının təşkilinə dəstək
göstərilməsi istiqamətində tədbirlər
görmək;
3.1.18. onlayn mediada yayımlanan informasiya qanunla nəzərdə
tutulan tələblərə cavab vermədikdə, bununla
bağlı tədbir görülməsi məqsədilə
aidiyyəti üzrə müraciət etmək;
3.1.19. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri ilə
tənzimlənən və Agentliyin səlahiyyətinə aid
olan məsələlər üzrə Azərbaycan
Respublikasının götürdüyü öhdəliklərin
yerinə yetirilməsini təmin etmək;
3.1.20.
çap mediası və onlayn media sahəsində inzibati xəta
əlamətləri aşkar etdikdə, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri
olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.21. dövlət orqanları və
qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.22. fəaliyyət
istiqamətləri üzrə elektron xidmətləri “Dövlət
informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası
və arxivləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə bağlı bəzi
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq təşkil etmək;
3.1.23.
Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” və “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən
edilmiş qaydada tədbirlər görmək;
3.1.24. kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, Agentlik əməkdaşlarının
əlavə təhsili və peşəkarlığının
yüksəldilməsi üçün tədbirlər
görmək;
3.1.25.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.26.
Agentliyə ayrılan büdcə vəsaitindən, kredit,
qrant və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.27. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.28.
Agentliyin informasiya təminatını təşkil etmək və
onun təhlükəsizliyini təmin etmək;
3.1.29.
Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər
görmək;
3.1.30. qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.31. müvafiq sahədə peşəkar mütəxəssislərin
hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata
keçirilməsini təmin etmək;
3.1.32. bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2.
Öz vəzifələrini yerinə yetirmək
üçün Agentliyin aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə
Azərbaycan Respublikasının tərəfdar
çıxması barədə təkliflər vermək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq, işçi qruplar və
komissiyalar yaratmaq;
3.2.5. dövlət orqanlarına və qurumlarına,
yerli özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy
və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb etmək;
3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.9. əməkdaşlarını dövlət təltiflərinə
və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.10. Azərbaycan
Respublikası Prezidentinin razılığı ilə təsərrüfat
cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.11. xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
3.2.12. media sahəsində peşə (etik)
davranış qaydalarına riayət edilməsi üzrə
araşdırmalar aparmaq, onların nəticələrini dərc
etmək və bu istiqamətdə tövsiyələr
hazırlamaq;
3.2.13. media sahəsində peşə etikası (etik
davranış) məsələləri ilə bağlı
media subyektləri, jurnalist təşkilatları və müstəqil
ekspertlərlə əməkdaşlıq etmək;
3.2.14.
Agentliyin maliyyələşdirdiyi layihələr üzrə
müqavilə şərtlərini pozan media subyektlərini belə
layihələrdə iştirakdan məhrum etmək;
3.2.15. “Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq sosial reklamlar sifariş vermək;
3.2.16. media savadlılığının
artırılması məqsədilə tədbirlər həyata
keçirmək;
3.2.17. medianın inkişafına dəstək layihələri
üzrə elektron informasiya bankını formalaşdırmaq;
3.2.18. bu Nizamnamə ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4.
Agentliyin idarə olunması
4.1.
Agentlik öz fəaliyyətində və idarəetmədə
mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2.
Agentliyin idarəetmə orqanları Müşahidə
Şurası və İcraçı direktordur.
4.3. Agentliyin Müşahidə Şurası (bundan sonra –
Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti
həyata keçirir.
4.4.
Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə
təyin və vəzifədən azad etdiyi sədr və 6
(altı) üzvdən ibarətdir.
4.5.
Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət
göstərir.
4.6.
Şura qərar qəbul etməkdə müstəqildir.
4.7.
Şuranın vəzifələri
aşağıdakılardır:
4.7.1. təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi üçün Azərbaycan
Respublikasının Prezidentinə təkliflər vermək və
müvafiq sənədlər (o cümlədən Agentliyin
maliyyə hesabatını və fəaliyyətinə dair
illik hesabatı) təqdim etmək;
4.7.2.
Agentliyin inkişaf istiqamətlərini, strateji məqsədlərini
və planlarını müəyyən etmək;
4.7.3.
Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.7.4.
Agentliyin strukturunu və əməyin ödənişi fondunu
təsdiq etmək, işçilərinin say həddinə və
onların əməkhaqlarının (vəzifə
maaşının, vəzifə maaşına əlavələrin,
mükafatların və digər ödənişlərin) məbləğinə
dair təkliflər vermək, o cümlədən Agentliyin əldə
etdiyi vəsait (dövlət büdcəsindən və
dövlətə məxsus digər fondlardan ayrılan vəsait
istisna olmaqla) hesabına işçilərə əlavə
ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.7.5. Azərbaycan
Respublikası Prezidentinin razılığı ilə
Agentliyin təsərrüfat cəmiyyətlərinin
yaradılması və ya onlarda iştirak barədə, həmçinin
Agentliyin idarə, filial və nümayəndəliklərinin
yaradılması barədə qərar qəbul etmək;
4.7.6.
Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini
təsdiq etmək;
4.7.7.
Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması
qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin
nizamnamələrini təsdiq etmək;
4.7.8.
İcraçı direktorun fəaliyyətinə nəzarət
etmək və onun fəaliyyətini yoxlamaq;
4.7.9.
Şura üzvlərinin və İcraçı direktorun
müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.7.10.
Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.7.11.
Agentliyin kənar auditorunu təyin etmək və audit
hesabatını qəbul etmək;
4.7.12. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə dair tədbirlər
görmək;
4.7.13.
Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət
etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə
onun üzvlərini vəzifəyə təyin və vəzifədən
azad etmək;
4.7.14.
Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) və aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək;
4.7.15. bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
4.8.
Şuranın sədri ildə azı bir dəfə
Şuranın iclasını çağırır və
iclaslara sədrlik edir. Şuranın
iclaslarının keçirilməsi təşəbbüsü
ilə Şuranın üzvü və ya İcraçı
direktor çıxış edir. Şuranın
iclasları Şura üzvlərinin yarıdan çoxu
iştirak etdikdə səlahiyyətlidir. Şuranın
iclasında qərarlar hər üzvün bir səsi olmaqla sadə
səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir. Səslər bərabər
olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.9.
Şuranın üzvlərinə iclasın keçiriləcəyi
yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər
barədə iclasa azı 3 (üç) iş günü
qalmış, zəruri sənədlər əlavə edilməklə
yazılı məlumat verilir.
4.10.
Şuranın iclasında İcraçı direktor da
iştirak edə bilər.
4.11.
İclasın gündəliyinə Şuranın hər
hansı üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir.
4.12.
Gündəliyə daxil edilməmiş və ya tələb
olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş
məsələlər barədə, bütün iştirakçı
üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar
qəbul edilə bilməz.
4.13.
Şuranın iclasının nəticəsi Şura üzvlərinin
və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.
Şuranın katibi Şuranın iclasında
iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz
edəcək şəxsi təyin edir. Şura
protokolu təsdiq edərək İcraçı direktora
göndərir.
4.14.
Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar
sırasından Şuranın sədri təyin edir və
Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.15.
Şuranın katibi:
4.15.1.
Şuranın iclaslarını təşkil edir;
4.15.2.
Şuranın iclaslarının keçiriləcəyi yer və
vaxt barədə Şura üzvlərinə, habelə
İcraçı direktora və Şuranın iclaslarına dəvət
olunan şəxslərə iclasa azı 3 (üç) iş
günü qalmış yazılı məlumat verir;
4.15.3.
Şuranın iclaslarının protokollarını tərtib
edir və imzalanmaq üçün Şura üzvlərinə
təqdim edir;
4.15.4.
Şuranın qərarlarının layihələrini
hazırlayır, baxılmaq və imzalanmaq üçün
Şuranın sədrinə təqdim edir;
4.15.5.
Şuranın qəbul etdiyi qərarların aidiyyəti
üzrə göndərilməsini təmin edir.
4.16. Şuranın sədri:
4.16.1.
Şuranın işini təşkil edir və onun fəaliyyətinə
rəhbərlik edir;
4.16.2.
Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir,
iclasları çağırır və iclaslara sədrlik
edir;
4.16.3. öz təşəbbüsü ilə, habelə
Şuranın hər hansı digər üzvünün və
ya İcraçı direktorun müraciəti əsasında
digər şəxsləri Şuranın iclasında
iştirak etməyə dəvət edir;
4.16.4.
Şuranın fəaliyyətinin təşkili ilə
bağlı digər tədbirlər görür.
4.17.
Şuranın üzvləri:
4.17.1.
Şuranın səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak edirlər;
4.17.2.
Şuranın iclasının gündəliyi ilə və
baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən
tanış olurlar;
4.17.3.
Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.17.4.
Şuranın səlahiyyətlərinə aid məsələlərə
Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.17.5.
Şuranın qərarları ilə, iclas protokolları ilə
və digər sənədlərlə tanış
olurlar.
4.18.
Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməlidirlər, həmçinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində
müəyyən edilmiş digər tələbləri yerinə
yetirməlidirlər.
4.19.
İcraçı direktor Agentliyin fəaliyyətinə cari rəhbərliyi
həyata keçirir. İcraçı direktor
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad
edilir. İcraçı direktorun onun təqdimatı
əsasında Müşahidə Şurası tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
iki müavini vardır.
4.20.
İcraçı direktor müvəqqəti olmadıqda,
müvafiq əmrlə onun müavinlərindən biri onu əvəz
edir.
4.21.
İcraçı direktor və onun müavinləri
adlarına xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməlidirlər, həmçinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu
maddəsində müəyyən edilmiş digər tələbləri
yerinə yetirməlidirlər.
4.22.
İcraçı direktorun vəzifələri
aşağıdakılardır:
4.22.1.
Agentliyin fəaliyyətini təşkil etmək;
4.22.2. bu Nizamnamə ilə müəyyən
edilmiş vəzifələrin yerinə yetirilməsi
üçün Şuraya təkliflər vermək və sənədlər
təqdim etmək;
4.22.3.
Şuranın qərarlarını icra etmək;
4.22.4. aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək;
4.22.5.
Agentliyin strateji məqsədlərinin və planlarının,
habelə büdcəsinin icrasına nəzarət etmək;
4.22.6. bu Nizamnamənin 3.1.26-cı yarımbəndində
nəzərdə tutulan vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
4.22.7. cari və operativ məsələlər barədə
Şuranı məlumatlandırmaq;
4.22.8. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görmək;
4.22.9.
Agentliyin cari fəaliyyətinə rəhbərlik və onu təmsil
etmək;
4.22.10.
Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
vermək;
4.22.11.
Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul
olunmuş aktların icrasını təşkil etmək,
yoxlamaq və buna nəzarəti həyata keçirmək;
4.22.12.
Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə
zidd olan qərarlarını ləğv etmək;
4.22.13. müəyyən edilmiş struktur, əməyin
ödənişi fondu və işçilərin say həddi
daxilində Agentliyin Aparatının və digər struktur
bölmələrinin strukturunu, ştat cədvəlini və
xərclər smetasını təsdiq etmək;
4.22.14.
Agentlik işçilərinin vəzifə
maaşlarının, vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin
verilməsini əməyin ödənişi fondu çərçivəsində
təşkil etmək;
4.22.15. Bu
Nizamnamədə müəyyən edilmiş hallar istisna
olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində
isə yalnız rəhbərlərin) vəzifəyə təyin
və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi barədə qərarlar qəbul etmək;
4.22.16.
Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət etmək;
4.22.17. bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətlər çərçivəsində
Agentliyin adından əməliyyatlar aparmaq, müqavilələr
bağlamaq və onların yerinə yetirilməsini təmin
etmək;
4.22.18.
Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı
məşvərətçi komitələr və
işçi qruplar yaratmaq;
4.22.19.
Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət
sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər
məlumatların mühafizəsi üçün zəruri tədbirlər
görmək;
4.22.20.
Agentlikdə kargüzarlıq və arxiv işinin
aparılmasını təmin etmək;
4.22.21.
Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların
qəbulunu təmin etmək;
4.22.22.
Şuranın səlahiyyətlərinə aid edilməyən
bütün digər məsələlər barədə qərar
vermək.
5. Agentliyin nizamnamə fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları
5.1.
Agentliyin nizamnamə fondunun məbləği 285 405 (iki yüz
səksən beş min dörd yüz
beş) manatdır.
5.2.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin
verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən
ayrılan vəsaitdən, fəaliyyətindən əldə
olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb
edilən investisiyalardan və qanunla qadağan edilməyən
digər vəsaitdən formalaşır.
5.3.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə
müəyyən olunmuş məqsədlərə uyğun
istifadə edir, balansında olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının
qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə müəyyən edilmiş qaydada həyata
keçirir.
5.4. Agentlik qanunla nəzərdə
tutulmuş vergiləri və digər məcburi ödənişləri
müəyyən edilmiş qaydada ödədikdən sonra
Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və
təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların fəaliyyətindən əldə
edilmiş vəsait üzərində müstəqil sərəncam
vermək hüququna malikdir.
5.5. Agentliyin mənfəəti
bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər
üçün yalnız Azərbaycan Respublikası
Prezidentinin qərarı ilə dövlət büdcəsinə
köçürülür.
5.6. Agentliyin məhsulları
tənzimlənən qiymətlərə aid deyildir.
6.
Agentliyin fəaliyyətinə nəzarətin forması və
əhatə dairəsi
6.1.
Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan
Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə
müəyyən edilmiş qaydada Agentliyin idarəetmə
orqanları həyata keçirirlər.
6.2.
Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilir.
7.
Agentlikdə uçot və hesabat
7.1.
Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər
üçün müəyyən edilmiş qaydada
mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib,
təqdim və dərc edir.
7.2.
Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları
tərtib və təqdim edir.
7.3.
Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər
qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.4.
Agentlik öz fəaliyyətinin müstəqil surətdə
yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
Xalq qəzeti 2021.- 13 yanvar.- S.5.