Prezident İlham
Əliyev: Şanlı Qələbəmiz bizim
güclü iradəmizi,
xalqımızın güclü əzmini
bütün dünyaya
nümayiş etdirdi
İlin ilk həftəsi mühüm və əlamətdar məqamlarla, hadisələrlə, fərman və sərəncamlarla yadda qaldı. Yeni ilin ilk günlərindən dövlətçiliyimiz, gələcəyimiz, inkişafımız, sosialyönümlü ölkəyə çevrilməyimiz yolunda önəmli addımlar atıldı.
Bu addımlardan biri ölkəmizin mədəniyyət sahəsinə cavabdehlik daşıyan şəxsin, yeni mədəniyyət nazirinin təyinatı idi. Bəlkə də kimlərəsə bu, adi, sıradan, sadəcə, nazir təyinatı kimi görünə bilər. Elə deyil, çünki mədəniyyət çox vacib, önəmli bir sahədir.
Bəlkə də, başqa sahələrdə geriləmələr, nöqsanlar gec üzə çıxa, gec məlum ola bilər. Bunun ziyanlarını da tez qarşılamaq, bunlardan az itkilərlə ötüşmək olar. Amma mədəniyyət küll halında elə bir sahədir ki, burada uğurlar, nailiyyətlər gec üzə çıxa, qüsurlar isə daha tez və qabarıq, fəsadları daha ağır ola bilər...
Bu sahədə yol verilən ani məsuliyyətsizlik, arxayınlıq bütövlükdə, millətin, dövlətin maddi-mənəvi, mədəni inkişafına, tərəqqisinə, onun hədəflərinə, milli kimliyinə ağır fəsadlar törədər. Necə ki, son illərdə bunu bu və ya digər dərəcədə yaşadıq, Mədəniyyət Nazirliyinin bəzi rəsmilləri və önəmli strukturları tərəfindən yol verilən nöqsanların altını cəmiyyət olaraq, hamımız çəkdik.
Ölkə Prezidentinin və Birinci vitse-prezidentin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğının fonunda bəzi əks-proseslər yaşandı və çox şükürlər ki, zamanında da qarşısı alındı. Nazirlikdə yeni ab-hava, yeni nəfəs əmələ gəldi. Nazir səlahiyyətlərini icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov cəmi bir neçə ay ərzində ona göstərilən etimadı doğrultdu və nazir vəzifəsinə təyin olundu. Həmçinin, qarşısında dövlət başçısı tərəfindən böyük vəzifələr və tapşırıqlar qoyuldu, onların icrası həvalə edildi. Xüsusilə də, yaxın zamanlarda işğalını qələbə ilə başa çatdırdığımız Qarabağımızla bağlı xüsusi və çox əhəmiyyətli tapşırıqlar verildi.
“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev videoformatda yeni Mədəniyyət nazirini qəbul edərkən bildirdi ki, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır, Şuşa şəhərinin restavrasiyasına başlanmalıdır.
Vaxt itirmədən, tələsmədən Şuşanın ilkin siması, tarixi görkəmi bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməli, bərpa olunmalı, onların əvvəlki siması qaytarılmalıdır. Həmçinin, Şuşada Vaqif poeziya günləri, “Xarı bülbül” festivalı bərpa olunmalıdır.
Bir sözlə, mədəni irsimizin qorunması, saxlanılması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin bundan, mədəni irsdən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolu yenidən formalaşdırılmalıdır.
İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması və onlara dövlət tərəfindən verilən dəstək, gənc nəslin yetişdirilməsi, tarixi abidələrimizin qorunması, nazirliyin ənənəvi funksiyalarının davam etdirilməsi və indi, əlbəttə ki, azad edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır.
Əminik ki, belə də olacaq, növbəti etimad özünü doğruldacaq və nəticə etibarilə millətimizin, dövlətimizin intibahına xidmət edəcək.
Digər önəmli hadisə 2021-ci ilin ölkə Prezidenti tərəfindən “Nizami ili” elan edilməsidir. Bu qərar da mənəviyyat xəzinəmizə yeni, əvəzsiz töhfədir. Dünya ədəbiyyatı, söz, mədəniyyət tarixinə “Xəmsə”nin yaradıcısı kimi düşən dahi Nizami Gəncəvinin Azərbaycan və bütövlükdə, bəşər tarixində yeri, rolu, çəkisi hər kəsə bəllidir. Nizami Cəncəvi Azərbaycanın milli kimlik göstəricisidir, milli pasportudur. Bu gün intibahdan, inkişafdan, mədəniyyətdən danışanların hələ mövcud olmadıqları vaxtlarda belə Nizami, böyük Azərbaycan oğlu dünyaya Günəş kimi saçdı, şimşək kimi çaxdı. Bu da bizim şəksiz və şəriksiz uğurumuz, iftixarımızdır.
Bəli, dahi Nizaminin anadan olmasının 880-ci ildönümündə 2021-ci ilin “Nizami ili” elan olunması böyük və dahi mütəffəkirə bir daha minnətdarlıq, bir vəfa borcu deməkdir. Həm də dövlətin, dövlət rəhbərinin sözə, ədəbiyyata bir daha xüsusi önəm və dəyər verməsinin növbəti əyani göstəricidir.
2021-ci ilin “Nizami ili” elan olunması bütün hallarda mədəniyyətimizin və bütövlükdə, dövlətimizin tərəqqisinə, dünyaya bir daha səs salmasına xidmət edəcək, öz töhfələrini verəcək.
İlin mübarək, Azərbaycanım!
Üçüncü önəmli məqam ulu öndərin zamanından əsası qoyulan və gözəl bir ənənəyə çevrilən ilin yekunlarına (həm də ilin dörd rübünə) dair müşavirələrin keçirilməsidir. Bu, həm də dövlət başçısının timsalında Azərbaycan dövlətinin xalq, millət, cəmiyyət qarşısında hesabatlılığı, şəffaflığı, məsuliyyətliliyi deməkdir. Bunun özü də bir modeldir, örnəkdir. Bunun özü də bir Azərbaycan təcrübəsidir.
Müşavirədə çox vacib məsələlər müzakirə edildi, mühüm mesajlar verildi, önəmli xəbərdarlıqlar edildi, həmçinin, məsul şəxslər, aidiyyatı strukturlar qarşısında həllinə nail olunması barədə tapşırıqlar verildi.
Bu müşavirə qalib sərkərdənin –Ali Baş Komandanın, ölkə Prezidentinin daha bir gücünü, əzəmətini, və polad iradəsini hər kəsə nümayiş etdirdi. Bütün dünya gördü ki, uzun, üzücü, ağır 30 ildən bəri dalana dirənən və 44 gün içərisində həllini tapan , müharibədən qələbə ilə çıxmış bir dövlət və onun lideri necə olur. Bu qətiyyətin təntənəsi idi!
“Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik” – deyən müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, işğalçı, cinayətkar Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb, məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik.
Bəli, biz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə, 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.
Eyni zamanda, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Bir daha və heç vaxt (artıq reallığına son qoyulmuş) Dağlıq Qarabağa müstəqillik verilməyəcək.
Bəli, eyni zamanda, müşavirədə bəyan edildiyi kimi, planlarımız da böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma baxsınlar, görsünlər ki, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur.
Hər zaman demişdik ki, ərazilərimiz işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Demişdik ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və indi bu sözlərin yerinə yetirilməsi hamımızın işi, vəzifəsidir. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz öz əksini tapır, planlarımız gerçəkləşir. Bütün hallarda Azərbaycan dövləti əlindən gələni edəcək ki, vahid Azərbaycan dövləti bundan sonra da uğurla, inamla inkişaf etsin.
Belə də olacaq, bunu da edəcəyik, bunu da bacaracağıq, yeni zəfərlər, yeni qələbələr yazacağıq.
Yeni cahanşümul hədəflərin, yeni zəfərlərin mübarək, Azərbaycanım!
Digər önəmli məqam “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ölkə Prezidentinin verdiyi fərmandır. Bu fərmanla yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması nəzərdə tutulur ki, bunun özü də birmənalı şəkildə alqışa layiqdir.
Bu, bir daha Azərbaycan dövlətinin və dövlət başçısının şəhid ailələri, müharibə iştirakçıları və qazilərə diqqət və qayğısının, onları narahat edən məsələlərə, problemlərə necə həssaslıqla yanaşmasının təsdiqidir.
Bununla bir daha dövlət onu nümayiş etdirmiş oldu ki, başımızın tacı olan şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının arxasında onun güclü, qüdrətli dövləti dayanır və dayanacaq. Onların məsələsi dövlətin məsələsidir, onların adi, hətta, gözlə görünməyən problemi dövlətin problemidir. Və onları həll etmək də dövlətin vəzifəsidir.
Çünki başqa şəkildə ola bilməz, başqa şəkildə olması mümkün deyil.
Kimlərsə öz şəxsi və cılız maraqları naminə bu məsələlərdən heç zaman dövlətə, xalqa qarşı istifadə edə, “bulanıq suda balıq tutmaq” sevdasına düşə bilməyəcəklər. Düşsələr də cavablarını ikiqat alacaqlar.
Jalə
ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsi sədrinin
müavini, filologiya
elmləri doktoru, professor
Xalq qəzeti 2021.- 13 yanvar.- S.4