Nizami ili” Azərbaycan nizamişünaslığını müasir səviyyəyə qaldıracaq

Prezident İlham Əliyevin qədim və zəngin Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin ölkəmizdə və dünyada il boyu təntənə ilə qeyd edilməsi ilə bağlı  yaxın günlərdə imzaladığı sərəncam hər yerdə milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin növbəti parlaq nümunəsi kimi qarşılanıb. Qüdrətli sözfikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ilielan edib.

Sərəncamda bildirilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Buna görə də bu misilsiz xəzinənin qapıları çağdaş nəsillərin üzünə daha geniş açılmalı, bu bəşəri irs dünya miqyasında yayılmalı və təbliğ edilməlidir. Sərəncama əsasən, Nazirlər KabinetiNizami Gəncəvi ili” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək. “Nizami Gəncəvi ili” haqqında sərəncam artıq ölkənin elmi-mədəni dairələrində əlamətdar yubileyə hazırlıq tədbirlərinə start verib.

AMEA-nın vitse-­prezidenti, Nizami adına Ədəbiyyat ­İnstitutunun direktoru, Milli Məclisin deputatı, ­akademik İsa Həbibbəyli Prezident sərəncamını klassik ədəbi-elmi irsə dövlət qayğısının ən yüksək təzahürü kimi dəyərləndirərək bildirdi:

Prezident İlham Əliyevin 2021-ci iliNizami Gəncəvi ilielan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür. Azərbayanda və dünyada kifayət qədər tanınmış və böyük şöhrət qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini də azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə yenidən tanıtmağa ehtiyac var. Qeyd edilən sərəncam da bu nəcib və önəmli vəzifənin gerçəkləşdirilməsini hədəfə alıb.

Yeri gəlmişkən xatırladım ki, 2019-cu ilin “Nəsimi ilielan olunması bu görkəmli şair və mütəfəkkirin Azərbaycan və dünyaya yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına şərait yaratdı. Möhtərəm PrezidentimizinNizami ili” haqqındakı mühüm tarixi önəmi olan sərəncamı Nizami Gəncəvinin də həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş meydan açır, yüksək imkan yaradır.

Nizami Gəncəvinin həyat və yaradıcılığı daha çox sovet dövründə öyrənilib. Ən böyük tərcümə və tədqiqat əsərləri o dövrdə ərsəyə gəlib. Müstəqillik illərində Nizami irsinin daha dərindən öyrənilməsi, yayılması və dünyaya tanıdılması işləri uğurla davam etdirilib.  Lakin Nizami kimi ölməz, dünya şöhrətli bir nəhəngin ədəbi-fəlsəfi irsi kökündən, bütün sahələr üzrə yenidən, müstəqillik işığında araşdırılmalıdır. Bu misilsiz tarixi və bəşəri xəzinə əsaslı şəkildə tədqiq olunmalıdır.

Bir sıra mövzular var ki, onu bizim dövlət müstəqilliyimiz diqqət mərkəzinə çəkir. Nizami Gəncəvinin nəsil şəcərəsi”, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin dövlətçilik ideyaları və müasir dövr”, yaxudNizami Gəncəvi və Azərbaycan renesansı” kimi problem movzular da məhz indi, müstəqilliyimizin inkişaf etdiyi günlərdə daha çox aktuallıq kəsb edir. Bütün bunlar Nizaminin dünyada sülhün, əmin-amanlığın, ədalətin, insanpərvərliyin bərqərar olması ilə bağlı bəşəri çağırışlarının daha dərindən öyrənilib, dünyaya çatdırılmasına kömək edəcək.

Nizami ilinin layiqincə təşkili və yubileyə hazırlıqla bağlı fikir və qənaətlərini açıqlayan akademik dedi:

Prezident İlham Əliyevin “Nizami ili” ilə əlaqədar imzaladığı sərəncam ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında 1979-cu ildə qəbul edilmiş qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmağa, vaxtilə başlanmış mühüm işləri daha əhatəli şəkildə və yaradıcılıqla davam etdirməyə xidmət edir. Bu baxımdan Nizami Gəncəvinin əsərlərinin dünya dillərinə tərcüməsi, haqqında xarici dillərdə tanıtma kitabları yazıb nəşr etdirmək baxımından da qarşıda mühüm vəzifələr durur.

İlk dəfə Nizami Gəncəvinin əsərləri 5 cilddə şairin anadan olmasının 800 iliyində 1941-ci ildə çap olunub. Müharibə ilə əlaqədar təxirə salınan yubiley 1947-ci ildə keçirilib. Burada “Xəmsə”yə daxil olan 5 poema və şeirlərin Azərbaycan dilinə tərcüməsi kitab şəklində çap olunub. Şeirlərin tərcümə olunmasında Azərbaycanın ən görkəmli şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd RahimAbdulla Şaiq iştirak ediblər. Sonrakı dövrlərdə Nizami Gəncəvinin əsərləri müxtəlif vaxtlarda bir neçə dəfə Azərbaycan dilində çap olunub. Eyni zamanda, şairin əsərləri xarici dillərə də tərcümə olunaraq yayılıb.

1979-cu ildə Nizami irsinin tədqiqi və təbliği işinin daha da yaxşılaşdırılması barədə qəbul edilmiş qərardan sonra Nizaminin əsərləri yenidən fars dilindən Azərbaycan dilinə dəqiq şəkildə sətri tərcümə edilib. Elə həmin  mətnlər əsasında “Xəmsə”yə daxil olan poemaların yenidən nəşri təmin olunub. O zaman Xalq şairi Xəlil Rza Nizaminin “Sirlər xəzinəsi”, “Yeddi gözəl” və “İsgəndərnamə” əsələrinin poetik tərcüməsini hazırlayıb. Müstəqillik illərində də Nizaminin əsərlərini bir sıra nəşriyyatlar çap edib, yayıblar.

Nizami ili” nizamişünaslıq elmini daha da irəli aparmağa, XXI əsrin tələbləri səviyyəsinə yüksəltməyə önəmli təkan verəcək.  Nizamişünsalıq dünya elmi olsa da, Azərbaycan dünya nizamişünaslığının mərkəzidir. Dünya ölkələrində Nizami Gəncəvi haqqında yazılanlar tərəzinin bir gözünə, Azərbaycanda aparılan tədqiqatlar, çap olunan kitablar və tərcümələr o biri tərəfə qoyulsa, Azərbaycan nizamişünaslığı ağır gələr. Qədim dövrorta əsrlərdən başlayaraq Nizami haqqında yazmış təzkirəçilərin əksəriyyəti– Əhdi Bağdadi, Sadiq bəy Əfşar, Lütvəli bəy Azər, ­Hüseyn Əfəndi Qayıbov, Mir Möhsün Nəvvab və başqaları azərbaycanlı idilər.

XX əsr ərzində də Azərbaycan elmi, xüsusən, ədəbiyyatşünaslığı nizamişünaslığa böyük töhfələr vermişdir. Firudin bəy Köçərli, Mirzə Məhəmməd Axundov, Həmid Araslı, Mir Cəlal, Mirzə ­İbrahimov, Məmməd Cəfər Cəfərov, Azadə Rüstəmova, Mikayıl Rəfili, Xəlil Yusifli, Zümrüd Quluzadə, Çingiz Sasani və başqaları Nizami Gəncəvi irsinin tədqiqi işinə sanballı elmi töhfələr veriblər. Nizami Gəncəvinin “Xəmsə”yə daxil olan əsərlərinin və şeirlərinin Azərbaycan dilinə tərcümə və nəşr olunması ilə yanaşı, xarici dillərdə yayılması və təbliğində də Azərbaycan həmişə aparıcı mövqedə olub.

Azərbaycan Milli Elmlər Akademiyasının humanitarictimai elmlər bölmələrini əhatə edən elmi-tədqiqat institutlarının Prezident sərəncamının əsasında, müasir dövrün yüksək tələblərinə cavab verən elmi əsərlər yazıb nəşr etdirməyi özlərinə şərəfli borc hesab etdiklərini vurğulayan AMEA-nın vitse-prezidenti söylədi:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən nizamişünaslıq şöbəsinin əməkdaşları son 3 ildə üzərində çalışdıqları, ilk mənbələr əsasında yazılmaqda olanNizami Gəncəvinin həyatı və yaradıcılığı” mövzusunda monoqrafiyanı tamamlayıb ictimaiyyətə təqdim edəcəklər. Ədəbiyyat İnstitutunun bir necə əməkdaşının Nizami Gəncəvinin həyat və yaradıcılığının aktual problemlərinə həsr olunmuş doktorluq dissertasiyaları da müzakirəyə çıxarılıb müdafiə ediləcək.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017--2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının da 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcüingilis dillərində kitab halında nəşr edilməsi nəzərdə tutulur. Ədəbiyyat İnstitutunun əməkdaşları “Nizami Gəncəvinin görkəmli davamçısı Əmir Xosrov Dəhləvi” adlı monoqrafiya üzərində də tədqiqat işlərini davam etdirirlər. Bundan başqa, uzun illərdən sonra nəşri yenidən bərpa edilmişNizami Gəncəvi almanaxı”nın ikinci sayı bu il oxuculara çatdırılacaq.

Nizaminin “Xəmsə”sinin dünya ədəbiyyatının böyük sərvəti olduğunu nəzərə alaraq hesab edirəm ki, şairin poemalarının akademik nəşrinə ehtiyac var. Bu, əlbəttə, bir ilə ərsəyə gələcək deyil. Bu Nizaminin hər əsərinə aid olan, dünyanın müxtəlif ölkələrində saxlanılan, Azərbaycan Əlyazmalar İnstitutunun fondlarında olan bir neçə əlyazmanı tutuşdurmaqla dəqiqləşdirilmiş elmi nəşr deməkdir. Akademik nəşrlərin hər birinə də elmi-tənqidi şərhlər, mətnlər yazılmalıdır. Bu, elmi qurumun 5 ildaha artıq müddətə hazırlaya biləcəyi nəşrdir. Hazırda Azərbaycanda Nizami Gəncəvinin əsərlərinin akademik nəşri hazırlanmalıdır. Bunun üçün akademiyanın institutlarında kifayət qədər elmi potensial var.

Artıq ölkəmizdə yeni nizamişünaslar nəsli yetişib formalaşıb. Akademik Teymur Kərimli, müxbir üzv Nüşabə Araslı, filologiya elmləri doktorları Mehdi Kazımov, Məhəmməd Qocayev, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva, Siracəddin Hacı, Vəfa Hacıyeva, Xuraman Hümmətova, Əzizağa Nəcəfzadə, Xanəli Babayev, Təhminə Bədəlova, Yelena Teyer, Xədicə İskəndərli, Gülgün Babayeva, doktorantlardan Hürnisə Bəşirova, Samirə Əliyeva, Məsumə Rzayeva və başqaları Azərbaycan nizamişünaslıq elmini müstəqillik işığında ciddi elmi problemlərin və yeni yanaşmaların əsasında meydana çıxmış elmi əsərləri ilə zənginləşdirirlər.

AMEA-da 3 ildir ki, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan 5 poemanın azərbaycançılıq işığında, müstəqillik dövrünü tələbləri əsasında, yeni  yazılmış elmi müqəddimələrlə birlikdə çap olunması istiqamətində aparılır. Artıq böyük formatda “Sirlər xəzinəsi”, “XosrovŞirin”, “Leyli və Məcnun” əsərləri kitab halında çapdan çıxıb. Bu kitablara akademiyanın tanınmış alimləri tərəfindən elmi şərhlər və müqəddimələr yazılıb.

Nizami Gəncəvinin əsərləri ilk dəfədir ki, akademiyanın nəşrində klassik yox, müasir rəssamların çəkdiyi yeni miniatürlərlə çap olunub. Miniatürləri Əlyazmalar İnstitutunun əməkdaşı, tanınmış rəssam Fəxrəddin Əli çəkib. Bu il NizamininYeddi gözəl”, “İsgəndərnamə” poemalarını yeni müqəddimələr və çoxsaylı yeni miniatürlərlə çap edib, bu silsilənin başa çatdıracağıq.

Akademik sonda bildirdi:

Nizami elə bir xəzinədir ki, hər zaman araşdırılmalı və bu işlər aktiv şəkildə davam etdirilməlidir. Bu mənada hansı səbəbdənsə yarımçıq qalan işlər, tədqiqatlar bu il davam etdiriləcək və ya yekunlaşdırılacaq. Azərbaycan cəmiyyəti Nizami Gəncəvini yaxşı tanıyır, oxuyur, seviröz dahisi ilə fəxr edir. Nizami irsi orta məktəbdən tutmuş bütün səviyyələrdə tədris və təbliğ edilir. Analar qızlarının cehizinə “Nizaminin “Xəmsə”sini də əlavə edirlər.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin növbəti yubileyinin il boyu ölkəmizdə və dünyada silsilə tədbirlərlə qeyd edilməsini nəzərdə tutan sərəncam yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk prinsiplərini daha geniş təbliğ etmək üçün də qarşımızda yeni perspektivlər açır. Prezident İlham Əliyevin 2021-ci ilinNizami ilielan olunması haqqında sərəncamı Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırır.

Hazırladı:

Tahir AYDINOĞLU

Xalq qəzeti  2021.- 13 yanvar.- S.6.