İşğaldan azad
olunmuş ərazilərdə yeni aqrar təsərrüfat
modeli
Ali Baş Komandanının rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğal altındakı Azərbaycan əraziləri işğaldan azad etdi. Hazırda bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm işlər davam etməkdədir. Bu prosesin başa çatmasından sonra həmin ərazilərdə yenidən məskunlaşma və ərazilərin iqtisadi cəhətdən inkişaf etdirilməsi məsələləri gündəmə gətiriləcək. İşğaldan azad edilən ərazilərin yenidən qurulmasının və bərpa edilməsinin, həmçinin bu ərazilərdə normal məskunlaşmanın və təhlükəsizliyin, səmərəli iqtisadi fəaliyyətin və yüksək rifahın təmin edilməsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu fond publik hüquqi şəxs olaraq, işğaldan azad edilən ərazilərdə həyata keçirilən digər işlərlə yanaşı, sosial-iqtisadi tədbirlərə də maliyyə dəstəyi göstərəcəkdir.
İşğal olunmuş ərazilər geniş
və münbit torpaq
sahələrini əhatə etdiyindən, şübhəsiz ki, bu ərazilərdə
digər iqtisadi fəaliyyət sahələri
ilə yanaşı, aqrar sahənin inkişaf perspektivləri daha
yüksəkdir. Digər tərəfdən, nəzərə
alınmalıdır ki, aqrar
sektor bu ərazilərdə
yaşayan insanların mühüm
hissəsinin ənənəvi məşğulluq sahəsidir.
Lakin nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərin yenidən məskunlaşması və bu ərazilərdə aqrar sektorun inkişafı bir neçə mühüm məsələnin həllini tələb edir. Bu məsələlərin ən mühümlərini aşağıdakı ardıcıllıqla sadalamaq olar: 1) ərazilərin aqrar istehsal üçün yararlı hala salınması; 2) aqrar istehsal üçün yararlı torpaq sahələrinin istifadə formasının müəyyən edilməsi; 3) torpaq istifadəçilərinə zəruri köməyin göstərilməsi mexanizminin yaradılması; 4) torpaq sahələrinin istifadəçiyə təhvil verilməsi.
Hazırkı şəraitdə aqrar sektorun
inkişafı üçün sadaladığımız
hər bir mərhələ şübhəsiz
ki, dövlətin birbaşa
dəstəyi ilə reallaşa bilər. Belə ki, 30 ilə yaxın
müddətdə işğal altında olan ərazilərin nəinki
yaşayış, həm də aqrar istehsal üçün
yenidən yararlı hala salınması ciddi texniki hazırlıq
tələb edir. İstifadə üçün yararlı hala
salınan torpaq sahələri üzrə
birbaşa torpaq
islahatlarının aparılması və
ayrı-ayrı ev təsərrüfatlarına
paylanması tələsik və elmi cəhətdən
əsaslandırılmayan addım ola bilər.
Belə torpaq sahələrinin istifadə
forması Azərbaycanın digər ərazilərində
aparılan torpaq islahatlarının 25 illik təcrübəsi nəzərə almaqla reallaşmalıdır. Bu
təcrübə, hər şeydən əvvəl, Azərbaycanın
aqrar sektorundakı məhsuldarlıq səviyyəsinin
bəzi ölkələrlə müqayisəsinə əsaslana
bilər. Məhz torpaq sahələrindən
istifadə formasının elmi cəhətdən
əsaslandırılmasından sonra
islahatların aparılması və torpaq
istifadəçilərinə dövlət dəstəyi
mexanizmləri yaradıla bilər.
Aqrar inkişafın yuxarıda qeyd etdiyimiz mərhələlərinin uğuru iki amilin –xərclərin minimumlaşdırılmasının və regionlara cəlb ediləcək yüksək ixtisaslı kadrların sayının maksimumlaşdırılmasının əsasında optimallaşdırılmalıdır. Hər iki məhdudlaşdırıcı şərt aqrar sektorda məhsuldarlığın yüksəlməsi üçün zəruridir, lakin kafi deyil. Kafi şərtlərdən biri və mühümü işğaldan azad edilən ərazilərdə aqrar sektorun yenidən formalaşdırılması və inkişaf etdirilməsi üçün təsərrüfat subyektlərinin təşkilati-hüquqi formasının düzgün seçilməsidir. Azərbaycanda həyata keçirilən torpaq islahatının 25 illik təcrübəsi deməyə əsas verir ki, aqrar islahatlarının uğuru və aqrar sektorda məhsul istehsal həcmi və məhsuldarlıq təsərrüfat subyektlərinin optimal təşkilati-hüquqi formasının seçilməsindən çox asılıdır.
İşğaldan azad edilən ərazilərin yenidən dirçəldilməsi və inkişaf etdirilməsi, şübhəsiz ki, insanların öz doğma yurdlarına qayıtması və ərazilərin geniş həcmdə məskunlaşması ilə daha çox bağlıdır. Lakin bu ərazilərdə aqrar sektorun inkişaf tarixini və bu ərazilərdə məskunlaşacaq əhalinin aqrar təsərrüfatlarda toplanmış zəngin təcrübəsini nəzərə alsaq, onda əmin olarıq ki, ərazilərin məskunlaşması və gələcəkdə inkişafı aqrar sektorun inkişaf səviyyəsindən daha çox asılıdır. Aqrar sektorun inkişafı isə qeyd etdiyimiz kimi, aqrar islahatların mahiyyətindən, o cümlədən, kənd təsərrüfatı subyektlərinin təşkilati-hüquqi formasından asılıdır. Nəzərə alsaq ki, Azərbaycanın digər regionlarında aparılan aqrar islahatlar, xüsusilə, “sovxoz” və “kolxoz” mülkiyyətinin, o cümlədən, əkin sahələrinin bu müəssisələrdə çalışanlar və ya müəsisənin yerləşdiyi inzibati ərazidə yaşayanlar arasında bölüşdürülməsi təcrübəsi işğaldan azad edilən rayonlar üçün keçərli deyil və uğurlu olmaya bilər. Çünki belə inzibati ərazilər yalnız xəritə üzərindədir və əksər hallarda faktiki olaraq mövcud deyil. Əhali praktiki olaraq, heç bir infrastrukturu olmayan və tamamilə dağıdılmış torpaq sahələrinə qayıdır. Buna baxmayaraq, bu regionlarda yaşamış ailələr öz yurdlarına qayıtmağa hazırdır. Belə psixoloji hazırlıq bərpa və yenidənqurma işlərinin daha yüksək səviyyədə qurulması üçün yaxşı başlanğıcdır. Lakin qayıtma prosesinin əsas infrastruktur yaradılandan sonra başlaması hamı tərəfindən məqbul hesab edilir. Belə infrastruktura yollar, elektrik, qaz və su xətləri, xəstəxanaların və məktəblərin və sair tikilməsi daxildir. Əhalinin müəyyən hissəsi, infrastrukturla yanaşı, onlara evlərin tikilməsi üçün müəyyən vəsaitin və becərmək üçün torpaq sahəsinin verilməsi şərti ilə istənilən vaxt geri qayıtmağa hazırdır.
İşğaldan azad edilmiş ərazilərdə aqrar islahatının ölkənin digər rayonlarında olduğu kimi, yəni inzibati əraziyə aid mövcud torpaq sahələrinin bu ərazidə yaşayan əhali arasında bölüşdürülməsi formasında aparılması ilk baxışda təbii görünür və əhalinin gözləntisi də məhz belədir. Lakin ilkin fəaliyyət üçün zəruri imkanlara malik rayonlardan fərqli olaraq, işğaldan azad edilən rayonlarda böyük məsrəflərlə əkinə yararlı halına salınan torpaq sahələrinin ayrı-ayrı fərdi fərdlərə və ya ev təsərrüfatlarına paylanması elmi cəhətdən qüsurludur. Təcrübə göstərir ki, Azərbaycanın əksər aqrar rayonlarında müasir infrastrukturun olmasına baxmayaraq, fərdi sahibkarlıq, bəzi istisnaları nəzərə almasaq, yüksək məhsuldarlığa malik ola bilmir. Bu, yalnız Azərbaycanda aqrar sektora xas olan cəhət deyil. Keçmiş SSRİ respublikalarının, demək olar ki, hamısında aqrar islahatlardan sonra həm məhsuldarlıq, həm də ümumi istehsal həcmi qısamüddətli dövrdə kəskin azalmış və regionlarda əhalinin demoqrafik vəziyyəti pisləşmişdir. Bu təcrübəni nəzərə alaraq, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatına yararlı torpaq sahələrinin ərazidə yaşayan əhali arasında fiziki bölgüsünə yol vermək olmaz.
Lakin bu
ərazilərdə də torpaq
islahatının aparılması və torpağın özəlləşdirilməsini
həyata keçirmək zəruridir. Çünki
özəlləşdirmə olmadan regiona investisiya cəlb etmək
mümkün olmaz. Digər
tərəfdən, işğaldan azad edilmiş ərazilərdə
aqrar sektorun yenidən
formalaşması böyük məsrəf
tələb etsə də, mühüm
üstünlüklərə malikdir. Məsələn:
1. İşğaldan azad olan ərazilərin kənd təsərrüfatı üçün yararlı hala salınması əvvəlcədən planlaşdırılan və uzun müddət üçün nəzərdə tutulan aqrar məhsul istehsalı üçün reallaşa bilər. Bu məqsədlə, irriqasiya və suvarma sistemi yenidən qurula və müasir texnologiyanın üstünlüklərindən istifadə edilə bilər. Bu proses müvafiq dövlət orqanlarının, məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC-nin digər qurumlarla birgə fəaliyyəti ilə təmin edilə bilər.
2. Torpaq sahələrinin ayrı-ayrı fərdlər kiçik istifadəçilər arasında
bölünməsi baş vermədiyindən
və əhali aqrar məhsul istehsalı
ilə bağlı əmlaka malik
olmadığından yeni yaradılacaq aqrar kapital ilkin
dövrdə kollektiv şəkildə
istifadə edilə bilər. Bu, xərclərin
kəskin azaldılmasına səbəb ola
bilər. Məsələn, ayrı-ayrı
istifadəçilərə verilən torpaq
sahələrinin yararlı hala
salınması əvəzinə bütünlükdə hər
hansı inzibati kənd və ya qəsəbəyə aid
torpaq sahəsinin ümumilikdə
yararlı hala salınması imkanları
daha yüksəkdir;
3. Regionlarda məskunlaşmanın qısa müddətdə reallaşması mümkün olmadığından aqrar sektorda işçi qüvvəsinin çatışmazlığı ilk vaxtlar kəskin hiss ediləcək və bu, aqrar sektorda potensialdan daha az həcmdə istifadəyə imkan verəcək. Ona görə də kapitalın və əməyin səmərəli istifadəsi vacibdir. Bu regionlarda aqrar sektorda çalışan gənclərə ali məktəblərə qəbul zamanı və ya hərbi xidmət keçməsində və sair güzəştlər verilə bilər;
4. Regionlarda əhalinin tam məskunlaşması mümkün
olmadığından və ayrı-ayrı ev
təsərrüfatlarının aqrar sektorda istehsalı genişləndirmək üçün kredit vəsaitindən
istifadə imkanları zəif olacaq. Odur ki, aqrar
sektorun inkişafı üçün
kredit vəsaitlərinə əlçatanlığın
təmin edilməsi dövlətin diqqət mərkəzində
olmalıdır;
5. Ayrı-ayrı ev təsərrüfatlarının onlara ayrılan torpaq sahələrində yüksək məhsuldarlıqla çalışması üçün texniki təchizata böyük ehtiyac olacaqdır. Digər tərəfdən, hər hansı ev təsərrüfatının belə texnikaya yiyələnməsi zamanı texniki vəsaitlərin marjinal gəliri yüksək olmayacaq. Çünki ayrı-ayrı ev təsərrüfatlarının texniki avadanlıqlardan istifadəsi zamanı boşdayanma halları, adətən, çox olur. Dövlət bu regionlarda aqrar sektorun zəruri texnika ilə təchizatına xüsusi diqqət yetirməlidir.
6. Ev təsərrüfatı
miqyasında istehsal prosesinin
digər çatışmazlığı da
var. Bu istehsal
olunan məhsulun bazara
çıxarılması və ya müəyyən
müddət saxlanılması ilə bağlıdır. Hər
iki mərhələ orta
səviyyəli hər hansı bir ev təsərrüfatının maddi imkanı səviyyəsində olan xərclər deyil.
Dövlət satınalmaları bu sahədə
tətbiq edilməlidir.
7. İşğaldan azad olan ərazilərdə əhalinin məskunlaşması və aqrar sektorun inkişafının əsas problemlərindən biri də işçi qüvvəsinin səmərəli yerləşdirilməsi ilə bağlıdır. Belə ki, bu regionlardan olan ailələrin böyük bir hissəsi son 28 il ərzində şəhərlərdə və ya şəhər tipli qəsəbələrdə məskunlaşdığından onların müəyyən hissəsi daha çox xidmət, tikinti və ya nəqliyyat sektorlarında, həmçinin sənaye sahəsində çalışırlar. Belə əmək potensialının dərhal regionlarda aqrar sektorda çalışması mümkün olmayacaq. Qısa müddətli dövrdə regionda əmək bölgüsünün təmin edilməsində dövlətin müdaxiləsi zəruri olacaq.
Beləliklə, yuxarıda qeyd edilən problemləri və aqrar sektorun yenidən qurulması üçün üstünlükləri nəzərə alaraq, qeyd edə bilərik ki, qısamüddətli dövrdə işğaldan azad olunan regionlarda torpaq islahatlarının aparılması və ayrı-ayrı ev təsərrüfatlarına istifadəyə verilməsi aqrar sektorun inkişafı üçün ciddi çətinliklər yarada bilər. Ona görə də hazırda Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahələrinin açıq və ya qapalı səhmdar cəmiyyətlərinin mülkiyyəti kimi özəlləşdirilməsi daha məqsədəuyğundur. Bu halda hər ev təsərrüfatına “pay torpağı” kimi verilməsi nəzərdə tutulan torpaq sahəsinə uyğun olaraq, nominal qiymətli adlı (və ya adsız) səhmlər təqdim edilməlidir.
Açıq və ya
qapalı tipli səhmdar cəmiyyətləri
kimi yeni tipli aqrar kollektiv
təsərrüfatları sovet
dövründəki “sovxoz” və ya “kolxoz” tipli
kollektiv təsərrüfatdan mahiyyətcə
fərqli olacaq. “Sovxoz”
tipli müəssisələrdən əsas
fərq ondan ibarətdir ki,
səhmdar cəmiyyəti dövlətə məxsus deyil və özəldir. Bu
müəssisədə hər bir səhmdar
mülkiyyətçidir və aqrar müəsisənin
gəlirlərindən paya malikdir.
O, istənilən vaxt öz
səhmlərini sata və ya
yeni səhmlər ala
bilər. Səhmdar cəmiyyətinin idarəçiliyi səhmdarların
ümumi yığıncağında
seçilən idarə heyəti tərəfindən həyata
keçirilir.
Yeni yaradılacaq aqrar səhmdar cəmiyyətləri “kolxoz” tipli kollektiv təsərrüfatdan da fərqlənəcəklər. Belə ki, “kolxoz” tipli kollektiv təsərrüfat özəl olsa da və onun idarəçiliyi kolxoz üzvlərinin ümumi yığıncağında həll edilsə də, kolxozçu bu təsərrüfatda mütləq çalışmalı olurdu. Əks halda o, kolxozun üzvlüyündən məhrum edilirdi. Digər tərəfdən də, “kolxoz” tipli kollektiv təsərrüfatlarda üzvlərin investisiya yatırmaq və istehsalı genişləndirmək üçün motivasiyaları yox idi. Lakin səhmdar cəmiyyət tipli aqrar müəssisələrdə hər bir səhm səhmdar tərəfindən yatırılan investisiya və əldə edilən dividentlə bağlı olduğundan səhmdar cəmiyyətin üzvü yeni səhmlərin əldə edilməsində və ya səhmlərin dəyərinin artırılmasında maraqlıdır. Bu halda hətta regionda yaşamayan imkanlı şəxslərin investor kimi aqrar səhmdar cəmiyyətlərinə maliyyə yatırması imkanları genişlənir.
İşğaldan azad edilən ərazilərdə aqrar səhmdar cəmiyyətlərinin yaradılmasının üstün cəhətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Belə aqrar müəssisə
böyük torpaq sahəsinə
malik olur.
2. Dövlət orqanları qısamüddətli
dövrdə belə səhmdar cəmiyyətləri ilə daha asan və zəmanətli
əməkdaşlıq qura bilərlər.
3.
Banklar belə səhmdar cəmiyyətlərinə maliyyə
yardımı ayırmaqda daha az risk hiss edəcəklər.
4. Belə səhmdar cəmiyyətləri öz idarəçiliyinə daha cavan və daha yüksək təhsilli menecerləri cəlb etməkdə maraqlı olacaqlar.
5. Belə böyük aqrar təsərrüfatlarda texnikadan
istifadə zamanı kapitalın marjinal gəliri
yüksək olur.
6. Böyük təsərrüfatlarda
əmək bölgüsünün
aparılması daha asandır və
insanların digər iqtisadi fəaliyyət
üçün, məsələn, öz ev təsərrüfatlarında
fəaliyyət üçün əlavə
vaxtları daha çox
qalır.
7. Belə səhmdar cəmiyyətləri
işçi qüvvəsindən səmərəli
istifadə edərək, aqrar biznesin digər həlqələrini, məsələn,
emal sənayesini, hazır məhsulun
daşınmasını, qablaşdırılmasını,
saxlanılmasını, satışını və sair genişləndirə bilərlər.
Hazırkı şəraitdə işğaldan azad olunan ərazilərdə aqrar səhmdar cəmiyyətlərinin yaradılmasının zəif cəhətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Əhalinin geniş təbəqəsinin
aqrar sektorda səhmdar
cəmiyyətlərinin yaradılması və idarəedilməsi
ilə bağlı məlumatları azdır.
2. Azərbaycanın digər
regionlarında torpaq islahatları başa çatdığından və kənd
regionlarında əhalinin əksəriyyətinin öz kiçik aqrar təsərrüfatı olduğundan
işğaldan azad olan regionların əhalisinin müəyyən
hissəsində də mülkiyyətçiliyin bu formasına inam daha böyükdür.
3. Ölkədə qiymətli kağızlar
bazarı zəif inkişaf etdiyindən və
bir çox hallarda səhmdar cəmiyyətlərinin idarəçiliyindəki
qeyri-şəffaflıq insanların kollektiv
təsərrüfatlarda birgə fəaliyyətinə ciddi maneələr yaradır.
Lakin torpaq
islahatından keçən son 25 il ərzində aqrar sektorun inkişaf
dinamikası deməyə əsas verir ki, ölkədə aqrar sektorun inkişafı bu sektorda kapitalın və əməyin təmərküzləşməsindən
keçir. Torpaq sahələrinin mülkiyyət hüququ
qalmaq şərti ilə birləşdirilməsi,
aqrar sektorda yeni texnikadan və texnologiyadan geniş
istifadə, aqrar emal sənayesinin
genişləndirilməsi, aqrar sektorda innovativ menecmentin tətbiqi, təklif zəncirinin
formalaşması və idarə edilməsi, aqrar
biznesin genişləndirilməsi və aqrar klastelərin yaradılması müasir dövrün tələbidir.
Hazırda bu istiqamətdə proses onsuz da
gedir, lakin daha kortəbii və sosial
problemlərlə müşayiət olunaraq
gedir. Kiçik torpaq sahələri olan fərdi
sahibkarların bir hissəsi öz torpaq sahələrini
dəyər-dəyməzinə sataraq ya həmin torpaq sahələrində
muzdlu olaraq
çalışırlar, ya da öz iqtisadi
fəaliyyət sahələrini dəyişirlər. Kiçik torpaq sahələri olan
digər qrup fərdi sahibkarlar
isə çox çətinliklə öz sahələrində aşağı məhsuldarlıqla
fəaliyyət göstərirlər. Əksər hallarda onların yeni texnika almağa gücü çatmır və ya öz əkin sahələrini
suvarmağa imkanı olmur.
Bu isə əkin sahələrindən səmərəli
istifadəyə imkan vermir.
İşğaldan azad olmuş ərazilərdə aqrar səhmdar cəmiyyətlərinin yaradılması digər regionlarda gələcəkdə belə təsərrüfatların yaradılması üçün pilot rolunu oynaya bilər. Bu, Azərbaycanın aqrar sektoru üçün perspektiv imkandır. Çünki artıq bu və ya digər dərəcədə formalaşmış fərdi sahibkarların yenidən aqrar səhmdar cəmiyyətlərində birləşməsi ciddi hesablamalar, razılaşmalar, bölgü və sair tələb edir. Çünki belə fərdi sahibkarlar artıq öz torpaq sahələrinə müəyyən qədər vəsait qoymuşlar və belə olan halda torpaq sahələrinin yenidən qiymətləndirilməsi və səhmdar cəmiyyət daxilində yenidən inteqrasiya texniki, maliyyə və psixoloji cəhətdən çətindir. Lakin işğaldan azad olan ərazilər üçün belə problemlər mövcud deyil və aqrar səhmdar cəmiyyətlərinin yaradılması imkanları hələ genişdir. Lakin məskunlaşma genişləndikcə aqrar sektorun inkişafı ilə bağlı olan bu imkanlar da əldən çıxa bilər.
Mayıs
GÜLALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
şöbə müdiri, dosent
Fuad HƏSƏNZADƏ, Kənd Təsərrüfatı
Nazirliyi Aqrar Tədqiqatlar
Mərkəzinin doktorantı
Xalq qəzeti 2021.- 23 yanvar.- S.6.