Azərbaycan
dövlətinin media siyasətinin növbəti
uğurlu addımı
Ölkəmizdə
yaradılan Medianın İnkişafı Agentliyi
azad jurnalistikanın inkişafına
dövlət dəstəyinin yeni mükəmməl
modelidir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşməsi haqqında” 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsinin yaradılması qərara alınmışdır. Son 2 ildə ölkəmizdə aparılan hərtərəfli, dərin islahatların davamı olaraq atılan bu addım demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırmağa xidmət edir.
Fərmanın əvvəlində Azərbaycan dövlətinin media siyasətinin bu vaxtadək əldə edilmiş uğurlarına nəzər salınaraq bildirilir ki, müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə demokratik cəmiyyət quruculuğu prosesi çevrəsində müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaradılmışdır: “Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür”.
Ölkə rəhbərliyinin həyata
keçirdiyi zəruri tədbirlər, KİV-in davamlı inkişafına göstərilən
yüksək diqqət və qayğı nəticəsində
ötən illərdə milli
jurnalistikamız önəmli inkişaf yolu keçmiş, ölkəmizdə
və dünyada baş
verən hadisələrlə bağlı cəmiyyətin
məlumatlandırılması, xalqımızın haqq səsinin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
məqsədyönlü fəaliyyət göstərmişdir.
Bunlarla
yanaşı, həyatın hər bir sahəsini
əhatə edən köklü
islahatların həyata keçirildiyi,
habelə bütün dünyanı əhatə
edən vahid informasiya
məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya
vasitələrinin sürətlə inkişaf
etdiyi, mütərəqqi
texnologiyaların, iş metodlarının
tətbiq olunduğu çağdaş
dövrdə ölkənin KİV sferasında da
yeniləşmə və təkmilləşməyə tələbat
yaranmışdır.
Sənəddə daha sonra göstərilir ki, beynəlxalq informasiya mühitinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq, media sahəsində modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan jurnalistikasının qədərincə yararlanmasına ehtiyac duyulur. Odur ki, milli mediamızın şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, xalqın obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə zəriri və əsaslı islahatlar aparılmalıdır.
Bütün bunlar nəzərə alınmaqla, Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutulmaqla, dövlət başçısı İlham Əliyevin müvafiq fərmanı ilə ölkəmizdə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında yaradılan “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” də təsdiq olunmuş, ləğv edilmiş Fondun hüquq və öhdəlikləri, habelə əmlakı onun hüquqi varisi olaraq agentliyə həvalə edilmişdir.
Sənədin sonrakı maddələrində qeyd edilmişdir ki, yeni agentliyin nizamnamə fondu 2 yüz 85 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Müəyyən edilmişdir ki, yeni qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası, cari rəhbərliyi isə dövlət başçısının vəzifəyə təyin və azad etdiyi icraçı direktor həyata keçirir. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək.
Fərmandan irəli gələn
zəruri tədbirlər sırasında Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının “Media haqqında” yeni qanunun layihəsini 2 ay müddətində hazırlayıb ölkə
Prezidentinə təqdim etməsi və digər məsələləri
həll etməsi, Nazirlər Kabinetinin Prezident aktlarının bu
fərmana uyğunlaşdırılması ilə
bağlı təkliflərini 3 ay müddətində
dövlət başçısına təqdim etməsi yer alıb. Sənəddə digər icra qurumlarının da həll
etməli olduğu məsələlər
əksini tapmışdır.
Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin
Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin
12 yanvar 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş nizamnaməsində yeni
yaradılan qurumun məqsəd və vəzifələri,
səlahiyyət və fəaliyyət istiqamətləri
aydın, konkret şəkildə müəyyən
edilmişdir. Nizamnamədə qeyd edilir ki, Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyi (qısaldılmış halda – MEDİA) medianın
inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər
hazırlanması və onların əlavə təhsilinin təşkili,
audiovizual, çap, onlayn media subyektlərinin
və informasiya agentliklərinin,
habelə jurnalistlərin və digər media
işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və
innovasiyaların tətbiqinin stimullaşdırılması
istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Medianın İnkişafı Agentliyi öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları ilə, beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə, digər
hüquqi və fiziki
şəxslərlə qarşılıqlı əlaqədə
fəaliyyət göstərir. Agentlik
ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün
sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Agentliyin
fəaliyyət istiqamətlərinə müvafiq sahənin
inkişafını təmin etmək; dövlət siyasətinin
formalaşdırılmasında və həyata keçirilməsində
iştirak etmək; aidiyyəti dövlət qurumları ilə
əməkdaşlıq etmək, təkliflərin işlənib
hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək; nizamnamə ilə müəyyən
edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərmək daxildir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin vəzifələri və hüquqlarını müəyən edən nizamnamədə göstərilir ki, yeni qurum öz fəaliyyətini media sahəsində normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; fikir, söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq; media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək; dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yaratmaq; jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək istiqamətlərində qurmalıdır.
Bunlardan əlavə, agentlik medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər həyata keçirəcək, sahə mütəxəssislərinin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirəcək, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsini stimullaşdıracaq. Agentlik əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş verəcək və onların mediada yayımlanmasını təmin edəcək.
Sonrakı maddələrdə isə,
Medianın İnkişafı Agentliyinin audiovizual məhsulların istehsalı və
yayımı üzrə dövlət sifarişçisi
kimi çıxış etmək, bu məqsədlə müsabiqələr
keçirmək; cəmiyyətdə baş verən hadisələrin, dövlət
siyasətinin mediada ədalətli,
balanslı, obyektiv, qərəzsiz
işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının
artırılmasına, media subyektlərində
peşə etikası (etik davranış)
qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya
texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın,
cəmiyyətin və dövlətin informasiya
təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş
layihələrin həyata keçirilməsi üçün
tədbirlər görmək səlahiyyətləri təsbit olunub.
Nizamnamədən aydın olur ki, agentlik
media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə,
fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilən,
həmçinin Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası”na uyğun olaraq,
dövlət və cəmiyyət üçün
əhəmiyyət kəsb edən layihələrin həyata
keçirilməsini də təşkil edəcək, media subyektləri və jurnalistlərlə
bağlı layihələrin həyata keçirilməsi
ilə əlaqədar hesabatları nəzərdən
keçirəcək və qiymətləndirmə aparacaq.
Agentliyin media subyektlərinin fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək; dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək; media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, ictimai rəyin öyrənilməsini təşkil etmək əlaqələndirmək kimi bir sıra önəmli vəzifə və hüquqları da dürüst ifadəsini tapmışdır.
Medinın inkişaf istiqamətləri ilə bağlı qurum çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi istiqamətində tədbirlər görəcək; onlayn mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət edəcək; çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görəcək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verəcək; dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirəcək.
Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyi xüsusi
bülletenlər və digər nəşrlər buraxmaq; media sahəsində
peşə (etik) davranış
qaydalarına riayət edilməsi üzrə
araşdırmalar aparmaq, onların nəticələrini
dərc etmək və bu istiqamətdə
tövsiyələr hazırlamaq; media sahəsində peşə
etikası (etik davranış) məsələləri
ilə bağlı media subyektləri, jurnalist təşkilatları və müstəqil
ekspertlərlə əməkdaşlıq etmək; agentliyin maliyyələşdirdiyi layihələr
üzrə müqavilə şərtlərini pozan
media subyektlərini belə layihələrdə
iştirakdan məhrum etmək;
nizamnamə ilə müəyyən edilmiş
digər hüquqları da həyata
keçirmək səlahiyyəti var.
Prezident fərmanına uyğun olaraq agentliyin idarəetmə orqanları
Müşahidə Şurası və icraçı direktordur. Müşahidə
Şurası agentliyə ümumi rəhbərliyi
və nəzarəti həyata keçirəcək. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən
azad etdiyi sədr və
6 üzvdən ibarət olacaq və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət
göstərəcək.
Nizamnamənin sonrakı bölmələrində
agentliyin fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə
nəzarətin forması və əhatə dairəsi, uçot və hesabat, qurumiun ləğvi və yenidən təşkili
məsələlərinə də aydınlıq gətirilmişdir.
Yuxarıda qeyd edilənlərə
əlavə olaraq, bildirək ki, Prezident fərmanında
göstərildiyi kimi, Azərbaycan
jurnalistikası, bütövlükdə, demokratik
əsaslar üzərində inkişaf edir. Medianın maliyyə və peşəkarlıq
problemləri sürətlə həllini tapır. Müstəqillik illərində yenidən
formalaşmış, cəmiyyətdə mövqeyini
və nüfuzunu möhkəmləndirmiş
azad medianın ən mühüm
nailiyyətlərindən biri odur ki, ölkədə
informasiyanın maneəsiz yayılması, obyektiv
ictimai rəyin formalaşması təmin
edilmiş, hamının öz
sözünü
demək və yazmaq imkanı gerçəkləşdirilmişdir.
Azərbaycanın hərtərəfli yüksəlişi
prosesinə KİV-in köməyi getdikcə
artmaqdadır. Bütün bunlar
dünyanın demokratik dairələrində
yüksək dəyərləndirilir.
Azərbaycanın dövlət müstəqilliyi bütün maddi sərvətlərimiz kimi, milli-mənəvi dəyərlərimizi, məfkurə irsimizi də xalqımıza qaytardı. Milli jurnalistikamızın ideoloji buxovları qıraraq öz demokratik ənənələrini bərpa etməsi sovet dövrünün son illərində gerçəkliyə çevrilsə də, yeni azad media dövlət müstəqilliyinin ilk illərində bir sıra obyektiv və subyektiv səbəblərdən çətinliklərlə üzləşmişdi. Cəmiyyətdə hökm sürən siyasi və iqtisadi böhran isə vəziyyəti daha da ağırlaşdırırdı.
Belə bir dövrdə – 1993-cü ilin yayında xalqın tələbi və dəstəyi ilə hakimiyyətə qayıdıb ölkəni sabitlik, inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyev demokratik dövlətdə azad medianın inkişafı üçün zəruri olan əsaslı tədbirləri də vaxtında həyata keçirdi. Qısa müddətdə kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətdə fəaliyyətini təmin edən hüquqi baza yaradıldı. 1998-ci ilin avqustunda Prezident Heydər Əliyevin ölkəmizdə senzuranı ləğv etməsi milli jurnalistika tariximizdə yeni bir dövr açdı.
Sahənin maddi-texniki
bazasını yeniləşdirmək, maliyyə-sosial problemlərini
aradan qaldırmaq üçün
real təminatlar da
işə salındı. Həmişə KİV-in
himayədarı olmuş Heydər
Əliyevin iradəsi ilə ədəbi-bədii və uşaq nəşrləri dövlət himayəsinə
götürüldü, müvafiq
tədbirlərlə digər nəşrlərin də bazar şəraitində fəaliyyətinə
əlverişli şərait yaradıldı. Qəzetlərin
borclarının dondurulması və silinməsi onların
dirçəlməsinə kömək etdi.
Dövlətin medianın fəaliyyətini
tənzimləməkdən imtina edərək,
demokratik mexanizmlərə meydan
açması ilə MDB məkanında ilk
dəfə olaraq Azərbaycanda Mətbuat
Şurasının yaranması ölkəmizdə qəzet-jurnal
redaksiyalarının həyatında sivil
prinsiplərin bərqərar olmasını təmin etdi. Bizdə yaranmış Mətbuat
Şurası keçmiş sovet məkanı üçün
model forma kimi qəbul edildi. Bütün bunları dəyərləndirən
KİV kollektivləri ulu öndər Heydər
Əliyevi “Jurnalistlərin dostu” elan etdilər.
Zəmanəmizdə medianın gücündən bəhrələnməklə böyük əməli nəticələr əldə etməyin nadir örnəyini yaratmış dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev isə son illərdə KİV-ə dövlət dəstəyinin demokratik nümunəsinə həyat vermiş ölkə rəhbəri kimi tanınmışdır. Azərbaycan jurnalistlərin üzərinə heç bir öhdəlik qoymadan onlara pulsuz mənzil verən dövlət kimi də diqqəti cəlb edir. Jurnalistlər bu təmənnasız xidmətlərə görə Prezident İlham Əliyevi də dalbadal 3 dəfə özlərinin dostu elan etdilər.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin KİV-in inkişafına dövlət himayəsi
və jurnalistlərə dost münasibətini
davam etdirən Prezident
İlham Əliyevin diqqət və
qayğısı sayəsində son 18 ildə
jurnalistikamızın problemləri ardıcıl olaraq aradan
qaldırılır, KİV demokratik cəmiyyətdə
öz rolunu maneəsiz
olaraq icra edir. Bu gün
söz azadlığı, plüralizm
ölkəmizin tarixi nailiyyəti kimi insan
hüquqlarının, inkişafının xidmətindədir.
Prezident İlham
Əliyev KİV-ə dövlət dəstəyinin demokratik nümunəsini gerçəkləşdirmiş
ölkə rəhbəri kimi
tanınmışdır.
Prezident İlhm Əliyevin ötən il imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam dövlətin demokratik medianın önəmli hadisəsinə yüksək diqqətinin təzahürü olaraq ölkə jurnalistlərinin və azad mətbuatın dostlarını ürəkdən sevindirdi. Cəmiyyət bir daha görüb yəqin etdi ki, Azərbaycan dövləti və onun ali rəhbəri son əsr yarımda xalqımızın tarixi nailiyyətlərində misilsiz rolu və töhfələri olan anadilli mətbuatımızın dünəninə necə yüksək sayğı ilə yanaşır, onun çağdaş inkişafını necə qayğı ilə stimullaşdırır.
Müstəqil Azərbaycan dövləti KİV-in inkişafına hər cür qayğı göstərir və onun sərbəst, qəyyumsuz fəaliyyətini
təmin edir. Bu gün Azərbaycan mətbu nəşrlərin
dövlət icazəsi olmadan fəaliyyət
göstərdiyi az sayda
ölkələr sırasındadır. Hər bir vətəndaş öz
sözünü cəmiyyətə maneəsiz
çatdırmaq və ətraf aləm barədə operativ, obyektiv məlumat almaq hüququndan tam istifadə edir. Bütün bunlar
dünyanın demokratik dairələrində
yüksək dəyərləndirilir.
Beləliklə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması barədə prezident fərmanı müstəqil Azərbaycan dövlətində azad medianın inkişafına, onun cəmiyyət həyatına daha çox yaxınlaşmasına, ümummilli maraqların KİV-də ən yüksək səviyyədə əksini tapmasına geniş meydan açan dövlət siyasətinin növbəti mərhələsinə start vermişdir. Bu zəruri və gərəkli addım ümummmilli lider Heydər Əliyevin ölkəmizdə müstəqil KİV-in problemlərinin ardıcıl olaraq aradan qaldırılması, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli medianın daha da inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin cəmiyyətə və jurnalistikamıza yeni layiqli töhfəsidir.
Tahir AYDINOĞLU
Xalq qəzeti 2021.- 14 yanvar.- S.5.