Qürurla anılır Aprel zəfəri

 

Aprel döyüşləri Azərbaycanın şanlı hərbi qələbəsidir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğal­la barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

 

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

2016-cı il aprel ayının əvvəlində Qarabağda Ermənistan ordusunun növbəti təxribatının nəticəsi olaraq başlanmış və 4 gün davam etmiş döyüşlər Azərbaycanın zəfər tarixinin parlaq səhifələrindəndir. Dərin hərbi və siyasi məzmuna malik olan həmin döyüşlərdən artıq 6 il ötür. Lakin xalqımızın ordumuzun qüdrətinə inamını daha da artıran bu döyüşlərlə biz dünyaya göstərdik ki, torpaqlarımızı öz gücümüzə işğaldan azad edə bilərik və əgər ermənilər BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə dinc yolla, qeyd-şərtsiz əməl etməsələr, elə də olacaq. Bu, bir haqq işi xəbərdarlığı, bir qələbə anonsu idi. Azərbaycan Ordusunun Qarabağ zəfəri ilə bağlı dönməz iradəsinin ifadəsi idi.

 

 

 

Amma 4 günlük Aprel döyüşlərindən sonrakı 4 il ərzində işğalçılar ərazilərimizi tərk etmədilər, əksinə daha da azğın­laşaraq yeni torpaqları zəbt etmək eşqinə düşdülər. Nəticədə 44 gün­lük Zəfər yürüşü başlandı və silahlı qüvvələrimizin möhtəşəm qələbəsi ilə sona yetdi.

 

...Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlanıb. Aprelin 5-dək davam edən döyüşlər Azərbaycan Or­dusunun gücünü göstərib. Silahlı qüvvələrimiz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da ermənilərin hədəfindən çıxan Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri start götürüb. Beləliklə, Cocuq Mərcanlıya köç Qarabağa Böyük Qayıdışın başlan­ğıcı olub.

 

Ümidin inama, inamın qələbəyə yol açdığı Aprel döyüşləri sayəsində vətənpərvər oğullarımız düşmən tapdağı altında olan 2 min hektar­dan çox ərazimizi işğaldan azad edib, strateji əhəmiyyətə malik bir çox yüksəklikləri və yolları nəzarət altına alıblar. Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər o zaman istəsəydik, daha da irəli gedərdik. Amma bir qədər də səbr etməyi, ermənilərin, nəhayət, ağıllanaraq, baş verənlərdən ibrət götürməsi üçün vaxt verməyi üstün tutduq ki, onların havadarları haqq işimizə heç vəchlə ağız büzə bilməsinlər. Sonra baş verənlər bunun müdrik addım, düzgün strategiya olduğu­nu sübut etdi. Onsuz da siyasiiqtisadi cəhətdən çökməkdə olan Ermənistan bu bivecliyinin, arxa­yınçılığının cəzasını ağır şəkildə ödəmək zorunda qaldı.

 

Aprel döyüşləri zamanı Ermənistan rəhbərliyi vəziyyətin ciddiləşdiyini görərək, dərhal xarici dövlətlərə, o cümlədən, bir çox beynəlxalq təşkilatlara yalvarmağa başladı ki, ay aman, qoymayın, bizi diz çökdürürlər. Uzun xahiş-minnətdən sonra Azərbaycan rəhbərliyi yenə də sülhpərvərlik və humanizm prinsiplərinə sədaqətini nümayiş etdirərək, qarşılıqlı şəkildə hərbi əməliyyatların dayandırılması­na razılıq verdi. Bir şərtlə ki, işğalçı­lar tezliklə şələ-külələrini yığışdırıb torpaqlarımızdan rədd olsunlar. Əfsus ki, ara sakitləşəndən sonra erməni faşizmi yenə də öz amplua­sında qaldı, işğalçı rejim Qarabağı tərk etmək istəmədi. Nəticəsi də nankor qonşularımız üçün çox acınacaqlı oldu. Aprel döyüşlərinin 4-cü ilində rəşadətli ordumuz işğal altında olan torpaqlarımızı bir-bir azad etdi. Məsələ orasındadır ki, bu dəfə də atəşkəsi pozan erməni tərəfi idi. Aprel döyüşlərindən ibrət götürməyən Ermənistan bu üzdən də daha çətin duruma düşdü. Qarabağın və Şərqi Zəngəzurun hər tərəfində Azərbaycan bayraq­ları dalğalandı. Böyük itkilər verən düşmən noyabrın 10-da biabirçı kapitulyasiya aktına qol çəkməli oldu, ordusunun məğlubedilməzliyi barədə mif birdəfəlik dağıdıldı.

 

Bu gün Qafqazda Azərbaycanın maraqlarına cavab verən yeni geo­siyasi reallıq yaranıb. Bu geosiyasi vəziyyət möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin düşünlümüş daxilixarici siyasətinin təntənəsidir. Onun rəhbərliyi altında silahlı qüvvələrimizin həyata keçirdiyi bütün hərbi əməliyyatlar, xüsusən Hadrut qəsəbəsinin, Füzuli rayo­nununŞuşa şəhərinin işğaldan azad edilməsi üçün hazırlanmış əməliyyat planları hazırda dünyanın bir çox hərbi mərkəzlərində geniş təhlil edilir. Vətən müharibəsində qazanılan qələbə oratoriyamızın prelüdü olan Aprel döyüşləri isə illərcə “qaya kölgəsində yatan” ermənilərin haqq divanı qarşısında cavab verəcəklərini xatırladan bir anons sayılır.

 

Aprel döyüşlərinin əsas özəlliyi budur ki, geniş bir ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyi bölmələrimizin nəzarəti altına keçib. Döyüş zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən düşmənin 500-dən artıq hərbçisi öldürülübyaralanaraq zəlil günə düşüb.

 

Əslində, Aprel hadisələri hərbi cəhətdən iflasa uğrayan Ermənistanın kriminal rejiminin öz daxilindəki böhranlı siyasi-iqtisadi vəziyyətdən xalqın diqqətini yayındırmaq, cəbhədəki uğursuz­luqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan itkilərinin əvəzini çıxmaq məqsədilə başladığı növbəti təxribat cəhdi idi. Amma çanaq öz başlarında sındı. İlk dəfə olaraq Qarabağ uğrunda Aprel döyüşləri işğal edilmiş ərazilərin azad olunması məsələsinin həllində Azərbaycan Silahlı Qüvvələrinin ar­tan imkanlarını və qətiyyətini nüma­yiş etdirdi. Döyüşlər qısa müddət davam etsə də, əməliyyatlar za­manı burnu ovulan erməni ordusu strateji təşəbbüsü əldən verdi, onun sıralarında çoxsaylı fərarilik halları müşahidə edildi, inamsızlıq baş alıb getdi.

 

Ermənistanın o vaxtkı hərbi-siyasi rəhbərliyi Aprel döyüşlərindəki məğlubiyyətdən düzgün nəticə çıxara bilməməsi ilə özünün siyasi cəhətdən korafəhmliyini, bəsirətsizliyini dün­yaya göstərmiş oldu. Orada saxta tarixə əsaslanan dövlət ideologiyası kökündən laxladı, bu günə kimi cəmiyyət daxilində dərin sosial-iqti­sadi böhran hökm sürür.

 

Təbii ki, Aprel döyüşlərinin Ermənistan üçün uğursuz nəticəsi kriminal xunta rejiminin sonu oldu. Aprel hadisələrindən dərhal sonra bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanın işğal edil­miş torpaqlarının boşaldılması üçün təcavüzkara lazımi siyasi təzyiq, yaxud sanksiyalar tətbiq etmək istəməməsi, xüsusilə də başlıca missiyası münaqişənin sülh yolu ilə həllinə çalışmaqdan ibarət olan ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti 2020-ci ildə ermənilər üçün cəhənnəm əzabına çevrilən İkinci Qarabağ müharibəsinin alovlan­masına səbəb oldu. Həya-abır etmədən “Qarabağ Ermənistandır və nöqtə” kimi məsuliyyətsiz bəyanatlar səsləndirən paşinyanlar isə özləri-özlərini nida işarəli “Dəmir yumruq” zərbələri altında miskin, şərəfsiz və mağmın vəziyyətə saldılar. Sarkisyan rejiminin iflası­nın əsas səbəblərindən biri olan Aprel hadisələrinin dalğasında hakimiyyətə gələn bu üzdəniraq “sorosçular konstruktiv danışıq­lara getmək əvəzinə Qarabağ münaqişəsi ətrafında status-kvo vəziyyətinin davam etməsində israrlı olmaqla, “Yeni torpaqlar uğrunda yeni müharibə” bəyanatı səsləndirməklə özlərinin qondarma ideyaları üçün dərin məzar qazmalı oldular.

 

Erməni məkrinə bütün əzalarına qədər bələd olan Azərbaycanın isə Vətən müharibəsinə ciddi hazırlaş­ması, ən yeni silahlar əldə etməsi, müasir taktiki hərbi əməliyyatlar həyata keçirməsi bir daha sübut etdi ki, ölkəmiz Aprel döyüşlərinin yekunlarından çox düzgün nəticə çıxarıb. O vaxta qədər belə hesab olunurdu ki, qoşunların təmas xəttində işğalçı qüvvələrin qurduğu mühəndis istehkamları və beton sədlər dəfedilməzdir. Lakin məlum oldu ki, əslində, betondan möhkəm iradə ilə, yeni taktiki yollardanyeni hərbi əməliyyat üsullarından istifadə etməklə onların öhdəsindən gəlmək mümkündür.

 

Aprel hadisələrindən sonra Azərbaycan özünün hərbi im­kanlarını və döyüş qabiliyyətini daha da inkişaf etdirdi. İkinci Qarabağ müharibəsi zama­nı Azərbaycanı əzmək üçün kənardan göstərilən bütün cəhdlər faydasız oldu. Türkiyə Respub­likasının müharibənin ilk saat­larından başlayaraq göstərdiyi siyasi-mənəvi dəstək münaqişəyə digər dövlətlərin cəlb olunmasına imkan vermədi. Bu zaman artıq beynəlxalq təşkilatlar da haqq işimizlə bağlı təkzibedilməz faktlar qarşısında qaldılar, o cümlədən ayrı-ayrı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verərək, Vətən müharibəsindəki qələbəmizə zəmin yaranmasında yardımçı oldular.

 

Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi və dördgünlük döyüşlərdə qazanılan qələbə xalqımızı daha böyük zəfərə səfərbər elədi. Eyni zamanda, Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bütün parametrlərinə görə Ermənistan ordusundan üstündürişğal altında olan torpaqları azad etməyə qadirdir. Rusiyanın populyarMilli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenkonun sözlərinə görə, Aprel döyüşləri Azərbaycan Ordusunun müasirləşdirilməsinin praktiki nəticə verməsinin ilk uğurlu nümunəsi olub.

 

...Aprelin 1-də polkovnik, Milli Qəhrəman Şükür Həmidovun Sumqayıtdakı yaraşıqlı abidə-lövhəsini ziyarət edirdim. Onun doğum günü idi. Fəxrlə xatırladım ki, Şükür Həmidov 2016-cı ildə, öz doğum gününün gecəsi başlanan Aprel döyüşlərində misilsiz hünəri ilə seçilib. Onun öncül iştirakı ilə Azərbaycan Ordusu ermənilərin qurduğu keçilməz “Ohanyan səddi”ni cəmi 18 dəqiqəyə yara bilib. “Lələtəpə” yüksəkliyinin azad edilməsində göstərdiyi şücaətə görə Prezidentin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Sonra İkinci Qarabağ müharibəsində Qarabağın azad olunması zamanı qəhrəmanlığını təsdiq edərək şəhidlik zirvəsinə ucalıb. Milli Qəhrəman ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrun­da”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olun­masına görə” medalları ilə təltif edilib. Qəhrəman Şükür Həmidov da, onun şəhadətə qovuşmuş 89 silahdaşı da təməli Aprel döyüşləri ilə qoyulan Zəfər yürüşününmisilsiz qəhrəmanlığın simvoluna çevriliblər.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti  2022.- 2 aprel.- S.3.