Fərrux yüksəkliyində dislokasiya bizə böyük
strateji üstünlük
verir
Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdikdən sonra sərhədlərinin dəqiqləşdirilməsi Azərbaycan lideri İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata, sonralar imzalanmış digər sənədlərə əsasən Qarabağ ərazisində qalmaqda olan və təxribatlarını davam etdirən erməni silahlı dəstələrini çıxarmaq istiqamətində fəaliyyətini davam etdirir. Bunun üçün, zənnimizcə, ermənilərə kifayət qədər vaxt verilib. 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın qəbulundan artıq ilyarım vaxt keçir. Amma Ermənistan dövləti demarkasiya və dilimitasiya proseslərinə başlamağa, Qarabağ ərazisində qalmış silahlı tör-töküntülərini çıxarmağa tələsmir.
Odur ki, bu günlərdə Azərbaycanın hərbi qüvvələri məhz 10 noyabr bəyanatına əsaslanaraq erməni silahlılarının tez-tez təxribatlar törətmək üçün istifadə etdikləri strateji əhəmiyyətli Fərrux yüksəkliyini öz nəzarəti altına aldı. Amma erməni tərəfi ilyarım ərzində buraxdığı fürsətlərdən yararlanaraq sülh prosesini davam etdirmək, o cümlədən öz silahlı dəstələrini Qarabağ ərazisindən çıxarmaq əvəzinə, beynəlxalq aləmdə hay-küy qaldırmağa başladı. Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi rusiyalı siyasətçilər də ermənilərin mövqeyini müdafiə etməyə cəhd göstərdilər. Hətta erməni deputat Tiqran Abramyan bildirdi ki, Azərbaycan Fərrux yükəkliyini tutmaqla “bizim belimizi qıracaq”.
Əlbəttə, Azərbaycan Fərrux yüksəkliyini və onunla yanaşı eyniadlı kəndi ələ keçirməklə böyük strateji uğur qazanıb. Bu ərazidən qanunsuz erməni silahlı dəstələrini nəzarətə götürmək və yeri gəldikdə zərərsizləşdirmək üçün istifadə edə biləcəyik. Yüksəkliyə nəzarətin təmin olunması ilə həm də Ermənistana qarşı sülhə məcburetmə prosesini də sürətləndirmək mümkün olacaq.
Bununla yanaşı, martın 28-də Fərrux dağında Birinci Qarabağ müharibəsi zamanı yüksəklik uğrunda döyüşlərdə itkin düşmüş hərbçilərimizin qalıqları aşkarlanıb. Ehtimal olunur ki, yüksəklikdə azərbaycanlı hərbçilərə aid kütləvi məzarlıqlar mövcuddur. Dünən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin kimi qeydə alınmış 62 nəfərin siyahısını dərc edib və onların axtarışına başlandığını bildirib.
Hesab edirik ki, erməni tərəfi məkrli və hiyləgər addımlar atmaqdan əl çəkərək səmimi şəkildə sülh prosesinə başlamalı, həm itkin düşmüş 4 min soydaşımızla bağlı dəqiq məlumat verməli, həm də silahlı quldur dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını başa çatdırmalıdır. Eyni zamanda, delimitasiya və demarkasiya prosesləri, eləcə də sülh müqaviləsinin imzalanması məsələləri də yubadılmadan həllini tapmalıdır.
Məhərrəm SƏFƏRLİ,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü
Xalq qəzeti
2022.- 2 aprel.- S.3.