“Dəmir yumruğ”un xofu Fərruxda da özünü göstərdi
Ermənistanın zaman-zaman etdikləri səhvlərdən artıq dərs çıxarmağa başladığını düşünsək belə, baş verən hadisələr bizə ibrətamiz atalar sözünü xatırladır: Qoz beli qəbir düzəldər. Bir neçə gün əvvəl Ermənistan tərəfi yenə öz xülyapərəst həyat missiyasından dəstək alaraq Xocalının Fərrux kəndi istiqamətində atəşkəsi pozmuş, hələ bu azmış kimi, irəliləməyə çalışmışdır. Vətən müharibəsində olduğu kimi, Azərbaycan Ordusu bu dəfə də əks-hücum əməliyyatına başlamış, kəndin ərazisini qanunsuz silahlı birləşmələrdən təmizləmişdi. Əlbəttə, bu, ordumuzun şanlı zəfər tariximizə yeni bir səhifə əlavə etməklə yanaşı, düşmənə verilən növbəti qulaqburması idi. Prezident İlham Əliyevin də dediyi kimi, gərək onlar bizim səbrimizi tükənməz bilməsinlər. Bu fikirləri bizimlə söhbətində ssenarist, politoloq İkram Əliyev bildirdi:
– Azərbaycan Fərrux kəndində yeni bir zəfər qazandı. Düşməndən geri alınan Fərrux yüksəkliyində indi Azərbaycan bayrağı dalğalanır. “Məğlub pəhləvan güləşməkdən doymaz” misalındakı kimi usanmadan təxribat törədən ermənilər ya xoşluqla, ya da “dəmir yumruğ”un gücünə başa düşəcəklər ki, müharibə bitib, münaqişə tarixə qovuşub. İndi yeni reallıqlar var və hər kəs onlarla ayaqlaşmalıdır.
Məlum olduğu kimi, hazırda sərhədlərimizdə dəqiqləşdirmələr həyata keçirilir. Tarixi qələbəmizdən sonra imzalanan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına əsasən hərəkət edən, beynəlxalq hüququn bütün normalarını gözləyən Azərbaycan bu məsələdə də düşmənin müxtəlif xarakterli təxribatları ilə qarşılaşır. Bütün bunlara baxmayaraq, ordumuz Fərrux kəndi və ətraf yüksəklikləri öz nəzarətinə keçirərək düşmənə Prezident İlham Əliyevin dillər əzbəri olan ifadəsini xatırlatdı: “Dəmir yumruq yerindədir.”
Qan yaddaşımıza nəzər salsaq görərik ki, Fərrux kəndi Birinci Qarabağ müharibəsində ən çox şəhid verdiyimiz ərazilərimizdən biridir. Bu nöqteyi-nəzərdən baxıldıqda Fərrux kəndinin düşməndən təmizlənməsi həm burada şəhid olan qəhrəmanlarımızın ruhlarını şad etdi, həm də Xocalı soyqırımından sonra intiqam atəşi ilə yanıb-yaxılan Azərbaycan xalqının oduna su çilədi.
Təsadüfi deyil ki, Xocalı rayonunun yenicə düşməndən təmizlənən Fərrux kəndində insan meyitlərinin qalıqları aşkarlanıb. Belə ki, əsgərlərimiz mövqelərini möhkəmləndirmək üçün kəndin müxtəlif hissələrində qazıntı işləri apararkən bu qalıqları aşkar ediblər. Aidiyyəti qurumlar tərəfindən verilən məlumata görə, bu qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux kəndi və ətraf yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olan azərbaycanlılara aiddir.
Fərrux kəndinin düşməndən təmizlənməsindən sonra vəziyyəti dəyərləndirən bəzi ekspertlər bu ərazini “Xankəndiyə gedən yol” kimi dəyərləndiriblər.
Ermənilərsə əvvəllər olduğu kimi, yenə öz səhv addımlarının günahını başqalarında axtarmağa başlayıblar. Nikol Paşinyan martın 26-da Rusiya Prezindetinə zəng edərək, Azərbaycan Ordusunun irəliləməsindən narahat olduqlarını bildirib. O qeyd edib ki, Azərbaycan Ordusunun əvvəlki yerlərinə qaytarılması üçün rus sülhməramlılarının müəyyən addımlar atmasına ehtiyac var. Bəs soruşmazlarmı ki, Rusiya Prezidenti də daxil olmaqla 3 ölkə liderinin birgə imzaladığı sənədə xilaf çıxanda, zəng edib mədət umduğunuz şəxsin imzasını heçə sayanda ağlınız harada idi?
Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu Fərrux kəndinə tam və mütləq şəkildə nəzarət edir, Fərruxda üçrəngli bayrağımız dalğalanır.
Hazırladı: İmran
ƏLİYEV
Xalq qəzeti
2022.- 2 aprel.- S.3.