Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri uğurla davam etdirilir

 

Bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini və iqtisadi inkişafını şərtləndirir.

 

Bölgədə infrastruktur layihələri ilə yanaşı, indiyədək tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılma­sı, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən 2020-ci il de­kabrın 8-dən etibarən işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyənin real­laşdırılmasına başlanılıb.

 

Fond ötən müddətdə bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz mühüm dəstəyini göstərib. Quru­mun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün yaradılıan xüsusi işçi qrupu bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparıb.

 

Bərpa prosesinə yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Gür­cüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Dini mənsubiyyətindən asılı olmayaraq, bütün abidələrin yenidən qurulması zamanı onların ilkin simasının pozulmaması prinsipi əsas götürülüb. Bununla bağlı beynəlxalq təcrübə öyrənilib və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə mütərəqqi üsulların tətbiqinə üstünlük verilib.

 

Heydər Əliyev Fondu bu müddət ərzində artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma tədbirləri yekunlaşdırılaraq, kompleks istifadəyə verilib. Burada işlər Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayından başlayıb və abidə tarixi görkəminə uyğun şəkildə bərpa edilib. Azərbaycanın incisi sayılan mədəniyyət paytaxtımızda, həmçinin görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli də bu fondun dəstəyi ilə yenidən qurulub.

 

Şuşanın bərpasından söz düşmüşkən, xatırladaq ki, Prezident İlham Əliyevin tap­şırığına əsasən, şəhərin tarixi görkəminin bərpası üzrə qısa müddət ərzində böyük işlər görülüb. Bu layihənin sürətlə reallaş­masına dövlətimizin başçısının Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə sərəncamı mühüm təsir göstərib. İşin nəzərdə tutulan səviyyədə gerçəkləşməsi məqsədilə şəhərin tarixi abidələr yerləşən hissələri zonalara ayrılıb. Şuşada 150-dən çox tarixi abidənin bərpası və yenidən qurulmasının xüsusi həssaslıqla icrası qərara alınıb.

 

Mədəniyyət abidələrinin bərpasında söz düşmüşkən, qeyd edək ki, uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı terror törədilib. Ermənilər tərəfindən Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirilərək tarixi, dini, mədəniyyət abidələrimiz, ziyarətgah və qəbiristanlıqlarımız, habelə xristian və yəhudi məbədləri məhv edilib. İşğalçı Qarabağ və Şərqi Zəngəzurda tarixən mövcud qədim alban, müsəlman, pravos­lav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü aparıb, mədəni-mənəvi irs nümunələrimizi ya yer üzündən silib, ya da mənşəyini saxtalaşdıraraq özününküləşdirib.

 

İşğal dövründə vandalizmə məruz qa­lan mədəni-dini obyektlər sırasında islam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri dağıdılıb. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən yararsız hala salınıb.

 

Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən işğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış tarixi abidələr və inanc yerlərimiz hazırda sürətlə bərpa olunur. Onlardan biri də Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscid binasıdır. Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məscidin təməlqoyma mərasimində iştirak ediblər.

 

Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İkimərtəbəli məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr olacaq. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

 

Qarabağın su təchizatı da qaydaya salınır. Ağdam rayonunun düşməndən təmizlənən ərazilərində plana uyğun olaraq subartezian quyularında təmir-bərpa işləri davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə növbəti subartezian quyusunun təmir-bərpadan sonra açılışı olub. Həmin subartezian quyusu saatda 120 kubmetr suçıxarma qabiliyyətinə malikdir ki, bu da 40 hektara qədər əkin sahəsinin suvarıl­ması deməkdir. İndiyə kimi 12 subartezian quyusunda təmir-bərpa işləri aparılıb. Bundan başqa, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafını şərtləndirmək məqsədi ilə yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərdə - Xaçınçay və Ağdamkənd su anbarlarında da təmir-bərpa işlərinin aparılması nəzərdə tutulub. Artıq bunu üçün layihə-smeta sənədləri də hazırlanıb.

 

Ağdamda torpaq kanalların lildən təmizlənməsi prosesidaim diqqətdə saxlanılır. Kanalların təmizlənməsi nəticəsində su istifadəçilərinə verilən su sürətli və daha itkisiz çatdırılır. Həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ilin əvvəlindən indiyə kimi, 26 min 300 hektara yaxın sahədə suvarma işləri aparılıb. Bundan başqa, müasir standartlara cavab verən subartezian quyularının 105-də SKADA sistemi quraşdırılıb. Artıq SKADA sisteminin quraşdırıldığı subartezian quyu­larına elektron sayğaclar da qoyulub.

 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarında bərpa olunan enerjidən istifadə ilə bağlı müxtəlif layihələr həyata keçirilir. “Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yaşayış evlərinin enerji tələbatının məhz bərpa olunan enerji mənbələri hesa­bına təmin olunacağı nəzərdə tutulur. Düşməndən təmizlənən ərazilərin turizm zonalarından birinə çevrilməsi də qarşıya əsas vəzifə kimi qoyulub. Bu ərazinin milli və təhlükəsiz turizm zonası kimi tanıdılma­sına nail olmaq üçün uzunmüddətli strate­giyanın hazırlanması və mərhələli şəkildə icrası günün tələbinə çevrilib.

 

Bütövlükdə bu regionlar turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inki­şafı üzrə zəngin resurslara, geniş imkanla­ra malikdir. Məsələn, Laçın və Kəlbəcərin unikal relyef müxtəlifliyi burada həm yay, həm də qış turizminin perspektivlərini artırır. Kəlbəcər rayonu Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı regi­onal ərazilərdən biri hesab edilir. Buranı müalicəvi turizm istiqamətində inkişaf etdirmək nəzərdə tutulur. Mütəxəssislərin sözlərinə görə, təkcə Kəlbəcərin “İsti­su” mənbəyi bu rayona turistlərin böyük axınına səbəb olacaq. Eləcə də bölgənin tarixi abidələri, uca dağları, yaşıl meşələri, gur çayları buranı turistlər üçün cəlbedici məkana çevirəcək.

 

Mədəniyyət paytaxtımız Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Burada inşa olunan otellər qonaqların qalmaları və rahat istirahət etmələri üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin fəaliyyətə başlaması şəhərin turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayacaq.

 

Otuz il ərzində Qarabağdakı nəinki tarixi, mədəni, dini abidələrimiz, infrast­rukturumuz, hətta bu yerlərin hər daşı da, torpağı da erməni terroruna məruz qalıb. Bu illər ərzində Qarabağın təbiəti ekoloji terror nəticəsində tamamilə məhv edilib. İş­ğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi ermənilərin vandalizm cinayətlərinə məruz qalıb.

 

Müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmağa başlanılıb. Ötən müddətdə Prezident İlham Əliyev və birinci xa­nım Mehriban Əliyeva tərəfindən Cıdır düzündə ağac əkilib. Bununla da Topxana meşəsinin bərpasına başlanılıb. Bundan sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişafİctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası keçirilib.

 

Ötən ilin dekabrında Qarabağ Dirçəliş FonduEkologiya və Təbii Sərvətlər Na­zirliyinin birgə təşkilatçılığı ilə Zəngilanda ekoloji müxtəlifliyin qorunması məqsədilə daha 1000 ədəd ağac əkilib. Layihə çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun eldar şamı, həmişəyaşıl sərv, göyrüş, şeytan ağacla­rının və Şərq çinarının əkilməsi nəzərdə tutulub. Bu layihənin cari ilin payızında yekunlaşdırılması planlaşdırılıb. İndiyə kimi Cəbrayıl, Zəngilan, Qubadlı, Füzu­li, Laçın, Kəlbəcər, Ağdam rayonları və Şuşada ümumilikdə 40 mindən çox eldar şamı, göyrüş, qarağac, dağdağan və digər müxtəlif cinsli ağaclar əkilib.

 

Bu gün Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşların öz doğma yurdla­rına təhlükəsiz şəkildə qayıtmasıdır. Bu qayıdışın hansı müddətdə baş verməsi isə ərazilərin minalardan təmizlənməsindən asılıdır. Ona görə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında indiyədək 23 min hektar ərazi minadan təmizlənib, 55 mindən çox mina zərərsizləşdirilib. Həmin ərazilərdə tank əleyhinə 10 min, piyada əleyhinə 19 min mina, həmçinin 26 min partlamamış silah-sursat aşkar edilib.

 

 

Xalq qəzeti  2022.- 2 aprel.- S.6.