Milli Qəhrəman Şükür Həmidov

 

Dünən Azərbaycan Ordusunun ikinci korpusunun komandirinin müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun doğum günü qeyd olundu.

 

Doğma yurdu Qubadlının azadlığı uğrunda şəhid olan Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Armudluq kəndində anadan olub. O, ailədə on uşaqdan biri olub. Gənclik illərindən mərdliyi və cəsarəti ilə fərqlənirdi.

 

Ş.Həmidov 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Hələ təhsilini hərbi liseydə davam etdirdiyi zaman könüllü döyüşlərə qa­tılmaq arzusunda olduğunu bildirib. 1995-ci ildə moto­atıcı ixtisasına yiyələnərək, leytenant rütbəsində Nax­çıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. Daha sonra bölük komandiri, tabor komandi­rinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət edib.

 

O, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi ol­duqdan sonra müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi vəzifələrdə çalışıb. Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şü­kür Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

 

Onun ən böyük arzusu Qubadlı rayonunu işğaldan azad etmək olub. Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənib. Oktyabrın 20-də Qubadlı rayonu istiqamətində 2-ci Ordu korpusunun qatıldığı döyüşlər başlayıb. Bir gün sonra Azərbaycan Ordu­sunun bölmələri Qubadlı rayonunun 12-dən çox yaşayış məntəqəsinə daxil olub. Şükür Həmidov son olaraq Qubadlı şəhərinin bir addımlığında yerləşən Mah­mudlu istiqamətində döyü­şüb. Oktyabrın 22-də səhər saatlarında Şükür Həmidov Mahmudlu istiqamətində gedən döyüşlərdə şəhid olub.

 

Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Şükür Həmidovun atası Nəriman Həmidova dərin hüznlə başsağlığı verib.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olun­muş ərazilərin azad olunma­sı zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyul­muş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman göstərdiyi igidliyə və mərdliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Şükür Həmidov ölümündən sonra “Zəfər” ordeni ilə təltif edilib.

 

Azərbaycanın Füzuli, Cəbrayıl və Qubadlı rayonla­rının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nü­mayiş etdirdiyinə görə Şükür Həmidov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamına əsasən, “Füzu­linin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilib.

 

Prezident İlham Əliyev Qubadlının işğal­dan azad edilməsinin ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Şükür Həmidov haqqında xoş sözlər dedi: “Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Onlardan biri bizim əzizimiz Şükür Həmidovdur. Qubadlı rayonunun sa­kini böyük qəhrəmanlıq göstərmiş və doğma rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidov bi­zim ən istedadlı və cəsarətli hərbçilərimizdən biri idi. O, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərmişdi. Məhz bu qəhrəmanlığa görə mən ona Milli Qəhrəman adını verdimözüm də şəxsən onu bu mükafatla təltif etdim. ...Şükürün həlak olması bizim üçün böyük itkidir, onun ailəsi, onun ya­xınları, atası üçün, hamımız üçün. Ona görə bu gün Qu­badlının azad olunmasının birinci ildönümündə mən Şü­kürün əziz xatirəsini xüsusilə yad etmək istəyirəm”.

 

Prezident İlham Əliyev onun adının doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda əbədiləşdiriləcəyini bildirib.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti 2022.- 2 aprel.- S.7.