Prezident İlham
Əliyevin Brüssel gündəliyi
sülhə və tərəqqiyə xidmət edir
Daha bir Brüssel görüşü başa çatıb. İntensiv müzakirələrlə müşayiət olunan bu görüşün nəticələri barədə rəsmi bəyanat verilib, irəliyə doğru atılan addımın konkret əməli nəticələrə vəsilə olacağına əminlik ifadə edilib. Təbii ki, qarşıdakı üfüqlərin aydınlaşması, suların durulması üçün müəyyən zaman tələb olunur. Hər bir halda, hərəkətə gətirilən Azərbaycan – Ermənistan sülh danışıqları “qatar”ının, nəhayət, qoşa rels üzərində sürət toplayaraq irəli gedəcəyinə ümidlər artıb.
Qeyd etmək lazımdır ki, bu görüşlər və danışıqlar Prezident İlham Əliyevin postmüharibə dövründə Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Bu kontekstdə tərəflər arasında intensiv təmaslar yaradılıb, telefon danışıqları olub. Aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan görüş isə üçtərəfli əsasda 4 saat yarımdan artıq davam edib.
Görüşün nəticəsi olaraq Şarl Mişelin verdiyi bəyanatda qeyd edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlansın. İki ölkənin XİN-lərinə bununla bağlı təlimat verilib. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət baza prinsiplərinin qəbulu və onun əsasında predmetli danışıqların aparılmasıdır. Sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Bu isə o deməkdir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edib və öz mövqeyində bu amilə əsaslanır. Hər iki tərəfin etimad şəraitində, dinc yanaşı yaşamasını təşviq edir.
Bəyanata görə, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və ilk növbədə, delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginliyi aradan qaldırmaq nəzərdə tutulub. Ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Aİ-nin Azərbaycana dəstək verməsi təsdiq olunub. Bunlar, sözsüz ki, olduqca prinsipial əhəmiyyət daşıyır. Brüsseldə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq edilib. Obyektivlik naminə deyək ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna istinad yoxdur. Münaqişə həll olunduğuna görə, o, lazımsız bir təsisata çevrilib.
Görüşlər göstərdi ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi, ilk növbədə, qarşılıqlı münasibətlərin normallaşdırılmasıdır. Güclənən ehtimal budur ki, müxtəlif platformalardakı digər vasitəçilərə nisbətən, dünyanın ən böyük siyasi və iqtisadi mərkəzlərindən biri olan Aİ daha qərəzsiz tərəfdir, bu da ona etimadı artırır. Şarl Mişelin Prezident İlham Əliyevlə davamlı dialoq və təmasları bu baxımdan diqqətəlayiqdir. Əlbəttə, burada hazırkı dövrdə Avropanın daha çox ehtiyac duyduğu Azərbaycan nefti və qazının rolu da böyük önəm kəsb edir.
Şarl Mişellə ikitərəfli görüşlərdə ötən il dekabrın 14-də keçirilmiş eyni formatlı görüşdəki razılaşmaların icrası sərf-nəzər edilib. Ümid ifadə olunub ki, bu dəfəki görüşlər daha effektiv olacaq və sabitliyə, problemin hərtərəfli tənzimlənməsinə xidmət edəcək. Bütün bunlar nikbinlik yaradan amillərdir. Amma danışıqların və əldə olunan razılaşmaların konkret əməli işlərlə möhkəmləndirilməsi zərurəti nəzərdən qaçırılmamalıdır. Çünki, bildiyimiz kimi, Ermənistan zaman-zaman danışıqlardan sonra irəliyə doğru addım atmayıb, eləcə vaxtı uzadıb.
Məlum olduğu kimi, dekabrda İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində, Şimali Atlantika Şurasının iclasında iştirak etməklə bərabər, Aİ Şurasının prezidenti Şarl Mişellə, NATO-nun baş katibi Yens Stoltenberqlə təkbətək görüşüb. Dövlətimizin başçısının, eyni zamanda, Fransa Prezidentinin təşəbbüsü ilə Nikol Paşinyanla görüşləri olub. Söhbətlər zamanı postmüharibə dövründə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadilələri aparılıb və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirilib. O zaman qarşı tərəflə dövlət sərhədinin delimitasiyası üzrə müvəqqəti işçi qrupun yaradılması razılaşdırılıb, kommunikasiya və nəqliyyat xətlərinin açılması geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiqləyib. Gömrük və sərhəd nəzarəti məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə də razılığa gəlinib. Avtomobil yolu marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələri davam etdirmək nəzərdə tutulub. İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır. Təəssüf ki, Paşinyan hakimiyyətinin söz və əməl ayrılığı müşahidə edilib.
Ötən dəfəki Brüssel görüşlərindən sonra Azərbaycan tərəfi münasibətlərin normallaşması ilə bağlı İrəvana 5 maddədən ibarət sənəd göndərsə də, konkret əməli cavab almayıb. Yalnız Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yekun sülh müqaviləsinin bağlanmasına hazır olduqlarını bildirib. Elə növbəti Brüssel görüşləri ərəfəsində Paşinyanın gizli “xeyir-duası ilə” İrəvanda başlanan kütləvi mitinqlərin məqsədi də həm sülh müqaviləsinin imzalanmasını əngəlləmək, həm də Kremlə göstərməkdir ki, Avropanın deyil, onun dəstəyinə daha çox bel bağlayırlar.
Ermənistan rəhbərliyi öz xislətinə xas manipulyasiyalar etməkdən, nala-mıxa döyməkdən əl çəkmir. Hələ dekabrın 1-də Brüssel Sammiti ərəfəsində Moskvada üçtərəfli işçi qrupunun təmaslarından boyun qaçırmaqla Qərbin qəzəbindən sığortalanmaq xətti götürülmüşdü. Bir ayağı Qərbdə, digər ayağı Şimalda olan ermənilər elə hey ikiüzlü siyasət yürütməkdə, təxribatçı addımlar atmaqda, bax, beləcə vərdişkardırlar.
Siyasi arenada görünməyən ATƏT-in Minsk qrupu həmsədrləri də gözləmə mövqeyindədirlər. Lokal bir qarşıdurmanın iki millət arasında dramatik kolliziyaya çevrilməsini körükləyən ölkələrinin ən azı bitərəfliyinin təşviqindən uzaq olmuş bu “üçayaq” indi oyundankənar vəziyyətə düşüb. 30 ildən bəri təcavüzə məruz qalan Azərbaycan tərəfi, yabançı siyasət dəllallarının “xalq diplomatiyası” kimi amorf fikirlər yoğurub-yapmasından təngə gələrək, nəhayət, öz gücü ilə ədaləti bərpa edib. Hazırda Ermənistan tərəfi özlərinə uğursuz xasiyyətnamə yazdırmış həmsədrləri – beynəlxalq münasibətlər sistemində yeni forma olan “turistik diplomatiya” pionerlərini nə qədər təkidlə yenidən ortaya çəkmək istəsə də, alınmır. Cənab İlham Əliyev deyib ki, artıq münaqişə həllini tapıb və əgər onlar istəsələr və bacarsalar, sülh müqaviləsinin hazırlanıb imzalanmasına, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə, humanitar məsələlərin həllinə kömək edə bilərlər. Buna baxmayaraq, Ermənistan və həmsədr ölkələrin – ABŞ və Fransanın subjektiv davranışlarından belə çıxır ki, artıq iş-işdən keçsə də, Minsk qrupu yenidən əvvəlkitək özünün ilkin funkiyasını yerinə yetirməlidir. Azərbaycanla Ermənistan arasında yekun sülhə nail olunması üzrə danışıqları və çoxdan gündəlikdən çıxaraq arxaikləşmiş “Dağlıq Qarabağın statusu” məsələsini də onlar Minsk qrupu formatına salmağa çalışırlar. Azərbaycan isə cavabında dəfələrlə və qəti olaraq bəyan edib ki, “Dağlıq Qarabağ münaqişəsi” anlayışı artıq mövcud deyil və məhz həmsədrlərlə müzakirə etmək üçün elə bir prinsipial məsələ qalmayıb.
Onu da deyək ki, Azərbaycanla danışıqları hər fürsətdə Minsk qrupu məcrasına salmağa çalışan Ermənistanın bu baxımdan son ümidləri həm də Rusiya – Ukrayna münaqişəsinin başlanması ilə tam olaraq puça çıxıb. Çünki bu savaş Minsk qrupunun həmsədri olan üç ölkənin – bir tərəfdən ABŞ və Fransanın, digər tərəfdənsə Rusiyanın arasında əməkdaşlıq perspektivlərini heçə endirib. Başda ABŞ və Fransa olmaqla əksər Qərb ölkələri artıq Rusiya ilə münasibətlərə son qoyublar və ona qarşı sərt sanksiya paketləri qəbul edirlər. Həmfikir olmayan dövlətlərin həmsədrliyi hansı məntiqi əsasa söykənərdi?
İkibaşlı oyunlar ustası Nikol Paşinyan Brüssel görüşü ərəfəsində İrəvanın mərkəzində polislə heç bir qarşıdurma olmadan Qarabağ haylarına dəstək və Ermənistanın müdafiəsi üçün kütləvi aksiyaların keçirilməsinə rəvac verməklə Kremlyönümlü Koçaryan və Sarkisyan tərəfdarlarının qol-qanadını açıb. Bu ölkənin iqtidar mediası mitinqin informasiya təminatını lazımınca reallaşdırıb. Başqa sözlə, həlledici Brüssel səfəri öncəsi erməni baş nazir Azərbaycanla yekun sülh müqaviləsi bağlamağa hazırlıq ifadə etmiş silahdaşı Ararat Mirzoyanı heç bir güzəşt tanımayan müxalifətin əli ilə hədəfə aldırır.
Digər tərəfdən, mitinqin mütəşəkkillyi göstərdi ki, İrəvandakı dairələr nəinki Azərbaycanla yekun sülhə hazır deyil, üstəlik, onlara Azərbaycana məxsus Qarabağ torpaqlarında separatizmin restavrasiyası uğrunda mübarizə və sırf qisasçılıq ruhu hakimdir. Təbii ki, Paşinyanın özünün kütlə qarşısında Azərbaycanın ərazi bütövlüyü prinsipini şübhə altına qoymaq hünəri yoxdur. O, anlayır ki, separatizmi aşkar dəstəkləməklə Brüsseldə və Moskvada aparılan danışıqlar prosesinə ziyan vura bilər, Azərbaycana isə Qarabağda “antiterror əməliyyatları” aparmaq hüququnu reallaşdırmaq üçün fürsət vermiş olar. Buna görə də hər vasitə ilə patsivizm – saxta sülhpərvərlik göstərir, bizim Qarabağın dağlıq hissəsinə sahiblik hüququmuzu açıq-açığına inkar etmir. İrəvanda öz siyasi rəqiblərini meydana buraxmaqla Kreml və Brüssel arasında ikili oyun oynayır.
Amma öz hakimiyyətini uzatmaq üçün vaxt qazanmaq istəyən Paşinyan onu da gözəl anlayır ki, revanş ritorikasının heç bir perspektivi yoxdur. Buna görə də beli sınmış erməni ordusunun sülhməramlıların müvəqqəti məsuliyyət zonasında – Xankəndi və Ağdərədə qalan tör-töküntülərini bacardıqca tez çıxarmaq, Zəngəzur dəhlizini reallaşdırmaq və yekun sülhü imzalamaq zorundadır. Yaxşı bilir ki, Azərbaycanın onun “naz”ı ilə oynaması, uzun-uzadı danışıqlar prosesini davam etdirməsi də çox çəkməz. Bu limit bitsə, İrəvan üçün çox çətin olacaq.
İndi Ermənistanda gedən müzakirələr də göstərir ki, Azərbaycan rəhbərliyinin siyasi-diplomatik addımları uğurlu olduğu üçün, ermənilərin müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflas etməkdədir. Respublika Partiyasının sədr müavini Armen Aşotyan Brüssel görüşləri ilə bağlı Şarl Mişelin bəyanatında nə “Artsax” və onun gələcəyi, nə də ATƏT MQ həmsədrləri haqqında bir kəlmə də olmadığına diqqət çəkərək qeyd edib ki, Azərbaycanın son Fərrux “təcavüz”ü heç pislənmir, erməni hərbi əsirlərinin məsələsi Birinci Qarabağ müharibəsində itkin düşənlərlə bir tutulur və s. Politoloq Edqar Elbakyan isə Brüssel danışıqlarını “erməni milli maraqlarının Qərb dairələri tərəfindən növbəti dəfn mərasimi” adlandırıb. Digər ekspertlər də bu sayaq vay-şivən qoparır, Paşinyan hökumətinin siyasi basaratının bağlandığını söyləyirlər.
Biz isə böyük fərəhlə qeyd edirik ki, cənab İlham Əliyevin Brüssel səfəri və orada əldə olunmuş nəticələr dövlət başçımızın dünyada artan nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin növbəti uğurudur.
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2022.- 9 aprel.- S.3.