İkinci Brüssel:
Regionda sülh və
təhlükəsizliyin təmin olunması yolunda
ciddi irəliləyiş
Gündəlikdə
Brüssel, Brüsseldə sülh
gündəliyi...
Elə indicə biz Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa Birliyi üçün olduqca önəmlidir. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”. Bu sözlər Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelə aiddir.
Bəli, aprelin 6-da Brüsseldə Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş oldu. Görüşdən 1 gün öncə İrəvanda Paşinyan əleyhinə, başqa sözlə, Brüssel görüşünə təzyiq yaratmağa xidmət edən mitinq baş tutmuşdu. Həmin “müxalifət mitinqi”nin Brüssel danışıqları öncəsi Paşinyan hakimiyyəti tərəfindən hazırlanmış tamaşa olması şübhə doğurmur. Belə tamaşa ənənəsi Paşinyandan öncədən formalaşıb və necə deyərlər, “erməni dövlətçilik təcrübəsi”ndən irəli gəlir.
Məsələ ondadır ki, əgər dövlət uğursuz dövlətdirsə, başqa dövlətin forpostudursa, onun təcrübəsi nəyə yarayar? Yenə xatırlayaq: Petrosyan o vaxtkı Azərbaycan rəhbərliyi ilə danışıq apararkən Qarabağda işğal tam sürətlə davam edir, Petrosyan da bunu “Dağlıq Qarabağdakılar”ın üzərinə atır, onu dinləmədiklərini söyləyirdi. Köçəryan danışıqlarda dalana dirənəndə, qarnı ağrıyırdı, ardınca da guya yaxın qohumunun vəfatı xəbəri yayılırdı və o, danışıqları yarımçıq qoyub, İrəvana dönürdü. “Yaxın qohum” da kim imiş? Təqribən belə bir cavab: atasının bibisinin baldızı oğlunun kirvəsinin nəyisə... Bu qədər qeyri-ciddi münasibəti adiləşdirmişdi. Sarkisyan Serjik Azatoviçdənsə heç danışmağa dəyməz. Erməni cəmiyyəti Sarkisyan kimi (habelə Köçəryan kimi) bir rəhbəri olduğu üçün özü özünə qiymət versə, yaxşı olardı. Beləliklə, Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini durdurmaq və zaman qazanmaq üçün “əndərəbadi” gedişlərdən istifadə olunub. Amma çifayda!
Ermənistan hərbi-siyasi başbilənləri kainatın ruhunu, dünya nizamını, Azərbaycanın mədəni, tarixi, hərbi irsini, İlham Əliyevin qətiyyətini idrak etməmişdir. İrəvan da bundan sonrakı hər hansı qondarma mitinqlə beynəlxalq ictimai rəyi çaşdıra bilməyəcəklərini anlamalıdır. Guya, “müxalifətin mitinqi”nə əsaslanaraq danışıqlar zamanı özünü çəkingən aparmaq hüququ əldə edəcəyini düşünən Paşinyan, siyasi rəqibləri Köçəryan və Sarkisyan yolundan əl çəkməlidir. Uzun sürən ağır işğal illərində ədalətsiz sülhə, güzəştə razı olmayan Azərbaycan rəhbərliyini indi güzəştə vadar etmək mümkündürmü? Əsla! Bu sadə həqiqətə kor olmaq rəsmi İrəvanın nəyinə lazımdır?
Paşinyan da, onun Qərbdəki, Şərqdəki və daha haralardakı havadarları da qəbul etməlidirlər ki, artıq geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin səmərəsi “sıfır” olacaq. Necə ki, oldu!
Uğursuz dövlətin Baş naziri Nikol Paşinyan müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, ötən il dekabrın 14-dəki Brüssel görüşü zamanı da zərbə almışdı. Buna görə də Paşinyan ikinci Brüssel görüşünə “müxalifət mitinqi” oyunları ilə deyil, rasionallıqla, hadisələrin gedişatını düzgün qiymətləndirərək getməliydi. Paşinyan heç bundan sonrakı görüşlər üçün də öz mənasız maraqlarına xüsusi ümid bəsləməməli və bilməlidir ki, gərəksiz dirəniş cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcəkdir. Azərbaycanın “dəmir yumruğu” da yerindədir, alternativləri də var. Sən isə... “Ermənistan, sən dalansan”...
Beləliklə, 6 aprel Brüssel görüşü üçtərəfli əsasda 4 saat yarımdan artıq davam etdi. Görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş açıqlamada təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında Sülh Anlaşması üzrə danışıqlar başlayır. Hər iki ölkənin xarici işlər nazirliklərinə bununla bağlı təlimat verilir. Xatırladığımız kimi, bir qədər öncə Azərbaycan Ermənistan tərəfinə 5 maddədən ibarət təməl sülh təklifləri göndərmişdi. Brüsseldə əldə edilmiş razılıq Azərbaycanın irəli sürdüyü həmin maddələrdən ibarət təklifin qəbulu və danışıqların o maddələr əsasında aparılmasının ifadəsidir. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Brüssel sülh gündəliyinin müəllifləri Prezident İlham Əliyev və Şarl Mişeldir. Paşinyan isə hər nə qədər daxili və beynəlxalq ictimai fikirlə oynamaq istəsə də, gündəliyə qoşulmağa məcbur oldu. Necə deyərlər, “başqa yolu yox artıq”... Beləliklə, 14 dekabrdan sonra Şarl Mişellə İlham Əliyev arasında intensiv təmaslar aparıldı, telefon danışıqları keçirildi və budur, ilkin nəticə əldə olundu: Brüsseldə ikinci üçtərəfli görüş, 4 saat yarımdan artıq müzakirə və müəyyən razılaşmalar!
AB Şurası Prezidentinin açqılamasında bildirildiyi kimi, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və ilk növbədə, sərhəd delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.
AB-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bu, çox önəmli məqamdır. Bu, ilk növbədə, iki respublika arasında münasibətlərin normallaşdırılmasına xidmət edir. Bəs bu normallaşma alınacaqmı? Öncə, onu vurğulayaq ki, hər iki tərəfin AB-yə, onun vasitəçiliyi ilə əldə olunmuş razılığa, mexanizmlərə güvəni var. Hər iki tərəf AB-ni bu mövzuda qərəzsiz tərəf olaraq qəbul edir. Burada özəlliklə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları önəm kəsb edir. Əgər Paşinyan öz sələfələrinin yolundan birmənalı şəkildə imtina etməyi bacarsa, gələcək müzakirələrin yalnız iştirakçısı olmaz, gündəliyin müəyyənləşməsində də iştirak edər...
Burada bir məqama diqqət çəkək: biz daha öncələr, işğalçı (Ermənistan) ilə işğala məruz qalan tərəfi (Azərbaycanı) bərabər tutan müxtəlif “vasitəçilər”i çox görmüşük. 44 günlük müharibədən sonra isə hər hansı dəstəkdən, diqqətdən söhbət düşərkən, bir çox halda, məğlub Ermənistanın diqqət mərkəzində olduğunu görürdük. I Qarabağ müharibəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların taleyi, Azərbaycanın dağıdılan şəhərləri, bizim ərazilərimizə basdırılmış – Ermənistan silahlı qüvvələri mənsublarının sayından bir neçə dəfə çox minalar “unudulurdu”... İndi isə budur, AB-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur.
Öz təsdiqini tapan başqa önəmli məsələ nəqliyyat-kommunikasiya xətləri ilə bağlıdır: dəmir yolunun, avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur. Bu yerdə xatırlatmaq yerinə düşər ki, Zəngəzur dəhlizinin çəkilməsi yubadılınca Azərbaycan Ermənistandankənar alternativ dəhlizlə bağlı müvafiq razılaşmaya nail oldu. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı bundan sonra da heç bir manipulyasiya edə bilməz: bizim üçün əlahiddə önəmi yoxdur, necə deyərlər, açılır açılsın, açılmır açılmasın. Açılacaqsa, oradakı stanadartlar, mexanizmlər Laçın dəhlizində də tətbiq olunacaq. Açılmayacaqsa və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəlik daşımırsa, biz Laçın dəhlizi ilə bağlı hər hansı öhdəlik daşımaq məcburiyyətində deyilik. Əlbəttə, Zəngəzur dəhlizi də, Laçın dəhlizi də bizi əzəli, əbədi torpaqlarımıza aparır, dəhlizlərdə giriş-çıxış, gömrük məsələlərində eyniyyət olsa da, biz bizə məxsus olanlarımızdan əl çəkəsi deyilik. Bizim Ermənistana ən böyük güzəştimiz odur ki, qalib ölkə olaraq, danışıqlardan imtina etmirik, bundan sonrakı məsələlərin məhz sülh yolu ilə həllinə tərəfdarıq. Ermənistan bu tərəfdarlığın, bu tutumun dəyərini bilməlidir.
Nəhayət, sözügedən sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan “Minsk qrupu həmsədrlik institutu”na istinad yoxdur. Azərbaycan Prezidenti hələ 2020-ci ildə onun gorbagor təyinini işlətmişdi. Bir daha görürük ki, Prezidentin sözü imzası qədər keçərlidir.
Dövlətimiz zaval görməsin!
Əkbər QOŞALI
Xalq qəzeti
2022.- 9 aprel.- S.7.