Yevlaxda “Biz Vətən
üçün doğulduq”
kitabının təqdimatı
Vətən müharibəsində şəhid olmuş yevlaxlılara həsr edilmiş “Biz Vətən üçün doğulduq” nəşrinin ikinci kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının rəhbərliyi, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Qələbə qazandığımız 44 günlük Vətən müharibəsində Yevlaxın yüzlərlə qəhrəman övladı döyüşə atılıb. Onlar Suqovuşandan Şuşayadək zəfər yolu keçiblər. Vətən müharibəsində Yevlaxdan 65 igidimiz şəhadətə yüksəlib. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Bu gün hər birimizin qəlbində böyük qürur və iftixar hissi vardır. Çünki yad etdiyimiz hər bir şəhidimiz öz şəhadəti ilə Vətən tarixinin ən şanlı səhifələrinin müəlliflərindən olub. Onlar elə böyük qəhrəmanlıqlara imza atıblar ki, xalqımız əsrlər boyu bu igidlərin adlarını yaddaşlarda saxlayacaq, daim nümunə kimi qəbul edəcək: “Onilliklər keçəcək, biz həyatda olmayacağıq və bəlkə də unudulacağıq. Ancaq bu gün xatirəsini yad etdiyimiz doğma şəhidlərimiz daim xatırlanacaq, onlar bütün dövrlərdə Azərbaycanın, Yevlaxın qürur mənbəyi olacaqlar”.
Anar Tağıyev daha sonra qeyd edib ki, bizim borcumuz şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktlarla çatdırmaqdır: “Bu gün təqdimatına toplaşdığımız “Biz Vətən üçün doğulduq” adlı ikinci kitab da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb”.
Kitabın müəllifi, Yevlaxın “Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı, şəhid kapitan Kamran İsmayılovun anası Şərafət Mehdiyeva, Milli Məclisin deputatı İlham Məmmədov, Vətən müharibəsi veteranı Faiq Rəhimov və başqaları qazanılan Qələbə və onun əhəmiyyəti, şəhidlərimizin xatirəsinin yaddaşlarda saxlanılması və gənc nəslin vətənpərvər ruhda tərbiyəsi işində belə əsərlərin əhəmiyyətindən danışıb və kitabın hazırlanmasında əməyi olanlara təşəkkür ediblər.
Çıxış edən Əməkdar jurnalist Əminə Yusifqızı bildirib ki, Azərbaycan tarixində bəlkə də yüzlərlə müharibə olub. “Ancaq 44 günlük İkinci Qarabağ savaşı qədər sürətli və böyük nəticə qazanılan müharibəni xatırlamırıq. Bu müharibə ona görə belə sürətli oldu ki, həmin günlərdə böyüklü-kiçikli bütün azərbaycanlılar Ali Baş Komandanın yanında idilər. Bu müharibə ona görə torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələndi ki, cənab Prezident dünyanın bütün siyasi dairələrini haqq yolunda olduğumuza inandırdı. Mən bir yevlaxlı kimi fəxr edirəm ki, həmin möhtəşəm Qələbə üçün gedən döyüşlərdə bizim gənclərimiz də özünəməxsus rəşadət və ləyaqətlə vuruşublar. Bu kitabın ərsəyə gəlməsinə verilən böyük dəstəyə görə Yevlax Şəhər İcra Hakimiyyəti rəhbərliyinə minnətdarıq”.
Sonda tədbir iştirakçılarına “Biz Vətən üçün doğulduq” kitabının nüsxələri təqdim olunub.
İlqar HƏSƏNOV
Xalq qəzeti
2022.- 9 aprel.- S.11.