Şərqi Zəngəzur iqtisadi
rayonunun yaradılması tarixi
həqiqətdən qaynaqlanan zəruri
addımdır
Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və “Şərqi Zəngəzur iqtisadi rayonu”nun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması, heç şübhəsiz, 2021-ci ilin əlamətdar hadisələrindən biri oldu. 1933-cü ildə Azərbaycanın coğrafi xəritəsindən silinmiş Zəngəzur adının yenidən coğrafi, siyasi anlamda bərpası xalqımızın, dövlətimizin ictimai-siyasi, mənəvi həyatında mühüm hadisəyə çevrildi.
Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan eyniadlı yaylanın şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi vaxtında verilmiş qərar oldu. Dövlət başçımızın bu növbəti müdrik, uzaqgörən qərarı həm də qarşımızda bizi tarixi ədalətin bərpası - minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsi, birləşib biri-birinə və Azərbaycana qovuşması kimi mənəvi borcumuzun gerçəkləşməsinə aparan yola işıq salır, mənəvi-siyasi mayakdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri artıq strateji yol xəritəsidir: “Qərbi Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir”. Möhtərəm Prezidentimizin siyasi iradəsi sayəsində gerçəkləşən bir çox taleyüklü məsələlər daim ümummillili lider Heydər Əliyevi də ciddi narahat etmişdi: “XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı, Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Meğri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.
Böyük siyasət, dövlət adamı Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bir qərinəlik dövrdə heç zaman qədim Azərbaycan torpağı Zəngəzurun unudulmasına, Azərbaycanla mənəvi, iqtisadi əlaqələrinin qırılmasına imkan verməmişdi. O, deyirdi: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indiki Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”. Artıq həmin yol qəti surətdə açılıb. 2021-ci il sentyabrın 27-də başlayıb 44 gün davam edən, hər günü xalqımıza qələbə sevinci, qürur yaşadan İkinci Qarabağ savaşının sonunda tarixi Zəngəzurun şərq hissəsi işğaldan azad edilərək yenidən Ana Vətənə – Azərbaycana qovuşdu. İndi o yerlərdə genişmiqyaslı dirçəliş, bərpa, tikinti-quruculuq işləri aparılır.
Vətən müharibəsində hərbi əməliyyatlara, döyüşlərə yüksək komandanlıq məharəti ilə rəhbərlik edərək, ümumxalq sevgisinin təcəssümü olan “Müzəffər Ali Baş Komandan” titulunu qazanan ölkə rəhbəri İlham Əliyev, şübhəsiz ki, “Qarabağ və Şərqi Zəngəzurun Qurucu Prezidenti” kimi də tarixdə əbədi qalacaqdır. Azərbaycan Prezidentinin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi bir daha göstərdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır, Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşanın azad edilməsi tariximizə 8 Noyabr Zəfər gününü bəxş edib. Bu Zəfərin davamı Qarabağın, Şərqi Zəngəzurun dirçəlişi, yenidən məskunlaşdırılmasından keçir. Bu hədəf qarşıdakı dövrdə dövlətimizin və xalqımızın ən ümdə fəaliyyət istiqamətidir. Yəni söhbət təkcə Şuşadan getmir, Şuşa rəmzdir, vətənpərvərlik dəyərlərinin təcəssümüdür.
Prezident İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına geniş müsahibəsində dövlət siyasətinin bütün əsas aspektləri barədə dolğun məlumat verərkən Zəngəzurla bağlı olduqca maraqlı tarixi, siyasi bilgilərini də paylaşdı. Ölkə rəhbəri bu qədim torpağa dərin sevgisinin həm də soy, nəsil, ailə yaddaşından gəldiyini, özünün də qırılmaz mənəvi tellərlə o yerlərə bağlılığının, mərhəm duyğularının dərin səbəblərini də səmimiyyətlə bölüşdü: “Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir. Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik”.
Prezidentin bu yöndə gerçəkləşdirdiyi tarixi tədbirlər belə bir qəti inam yaradır ki, biz ata-babalarımızın min illər boyu yaşadığı, tikib qurduğu, torpağına qarışdığı, ruhları dolanan o yerlərə mütləq qayıdacağıq. Bu müsahibədə siyasi uzaqgörənliyini, yetkin elmi, tarixi savadını, məntiqli diplomatik konsepsiyalarını da ortaya qoyan dövlət başçımızın Zəngəzur dəhlizi ilə bağlı bu müsahibədə xatırlatmaları əhəmiyyətli olmağı ilə yanaşı, tarixi həqiqəti də əks etdirir: “Bildiyiniz kimi, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin – təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm. Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, – hansı ki, ermənilər indi Razdan adlandırırlar, – Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin...Onu da bildirməliyəm ki, bizim səylərimiz nəticəsində artıq bu 6 termin beynəlxalq leksikona da daxil edilib. Hətta qeyd etdiyiniz kimi, xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur. Hər dəfə təxmin edirəm ki, Ermənistan tərəfi yəqin, yenə də başını divara vurur. Ona görə ki, bu, artıq beynəlxalq leksikona daxil edildi və əlbəttə, həyata keçiriləcək.”
44 günlük Vətən müharibəsindəki qətiyyəti ilə dünya birliyinə, bədnam qonşularımızın arxasında duran beynəlxalq güclərə əməli və siyasi, diplomatik dərs verən Prezidentimizin qarşıdakı illərdə bu zəfərin davamı olaraq yeritdiyi siyasətin də, şübhəsiz, qalibiyyətlə başa çatacağı indidən görünür: “Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq”.
Azərbaycan rəhbəri daha sonra bildirdi ki, hazırda əsas məqsəd Şərqi Zəngəzurun ayrı-ayrı bölgələrinin və bütövlükdə, Zəngəzur mahalının tarixi keçmişi, hazırda işğaldan azad edilmiş bölgələrdə aparılan geniş miqyaslı tikinti, quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsidir. Məhv edilmiş mülki, sosial obyekt və infrastrukturların yenidən dirçəlişi, Şərqi Zəngəzurun gələcək mənzərəsi, inkişaf perspektivlərinin fakt, sənədlərlə ictimaiyyətin diqqətinə çatdırılması qarşıda bizi gözləyən çox məsul, şərəfli ümumxalq, ümumdövlət işidir. Hədəf məcburi köçkünlərin yenidən doğma yurd yerlərinə – Şərqi Zəngəzur ellərinə qayıdışına mənəvi dəstəyinin təmini, təşviqi, təşkilidir.
Biz ziyalılar, vətəndaş cəmiyyəti fəalları qədim yurd yerlərimizin uzaq, yaxın tarixi keçmişi, İkinci Qarabağ müharibəsində ərazidə gedən şiddətli döyüşlər, bu gün o torpaqlarda aparılan işlər, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağa və Zəngəzura davamlı səfərləri, bölgənin gələcək inkişaf perspektivləri, bu sahədə hər birimizin vəzifələri, verə biləcəyi töhfələr barədə xalqımıza və dünya ictimaiyyətinə ətraflı bilgilər çatdırmalıyıq. 44 günlük Vətən müharibəsi günlərində və ondan sonra da xalqımızın ictimai-siyasi fəallığı yüksək olub, onlar qələbəmizə mümkün olan dəstəyi göstəriblər.
Həmin günlərdə Ali Baş Komandana, Milli Ordumuza, ön cəbhədə döyüşən əsgər və zabitlərimizə, xarici ölkə liderlərinə ünvanlanmış çoxsaylı bəyanatlar, müraciətlər, analitik məqalələr bu fəallığın əyani ifadəsidir. Bütün bunlar yazılası, həm də kitablarda qalası məsələlərdir, həm də ona görə ki, yazılan, yaddaşlara həkk olan sözlər tarixdə yaşayır. Zəngəzur bölgəsinin tarixi ilə bağlı arxiv materiallarına, sənədlərə istinadla bu yurd yerlərimizin tarixi keçmişinin ümumi mənzərəsi yaradılmalı, əhalisinin son iki əsrdə məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi fakt və sənədlərlə araşdırılmalıdır.
Son iki əsrdə Zəngəzurda yerli əhalinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak işğalına qarşı mübarizəsi, bu ulu torpağın Azərbaycan, Qafqaz, Türk dünyasına bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında çoxsaylı materiallar daha geniş yayılmalıdır.
İkili standartlarla, xristian təəssübkeşliyi ilə siyasət yürüdən böyük dövlətlərin hərbi-siyasi planlarının bütün Qafqazda xalqların təhlükəsizliyinə və əmin-amanlığına nə qədər böyük zərbə vurduğu faktlarla açılmalıdır. AMEA Tarix İnstitutunun və universitetlərin elmi şuralarının qərarları ilə nəşr olunan bir çox dəyərli kitablar dünyanı idarə edən güclərin bir əsr əvvəl tarixi Azərbaycan torpaqlarında qurduğu Ermənistan adlanan dövlətin regionda başlıca gərginlik, münaqişə ocağı olduğunu sübut edən elmi ittihamnamədir. Bu tədqiqatlar həm də Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan həqiqətlərin, müvəqqəti itirdiyimiz, əlimizdən zorla qoparılmış torpaqlar məsələsinin elmi-tarixi mənbələrə istinadla yazılması ilə davam etdirilməli, ilk növbədə, xarici auditoriyaya çatdırılmalıdır.
Dövlət başçısının söylədiyi həqiqəti bütün dünya bilməli və qəbul etməlidir: “Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi”.
Alimlər, tədqiqatçılar, jurnalistlər Prezident İlham Əliyevin davamlı olaraq Zəngəzur probleminə göstərdiyi bu ciddi diqqətə cavab olaraq tarixi həqiqətləri sonadək aşkara çıxarıb, geniş yayılmasına çalışmalıdırlar. Qalib Azərbaycan liderinin dediyi kimi: “Hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilinməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır”.
Əliağa CƏFƏROV,
Zəngəzur–Qubadlı Strateji
Araşdırmalar Mərkəzinin direktoru,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti
2022.- 16 aprel - S.8.