Yüksək əqidə paklığının MÜCƏSSƏMƏSİ

 

Hər bir ölkəni, milləti tanıdan əbədiyyət üfüqlərindən boy göstərən böyük şəxsiyyətlərdir. Onların ibrətamiz həyatı, işıqlı amalları daim tariximizə nur saçır, milli-mənəvi xarakteristikamızı şərəfləndirir. Belə əbədiyaşar şəxsiyyətlərdən biri də zəmanəsinin görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əziz qızı Əliyevadır.

 

Ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, fəal ictimai xadim kimi ürəklərdə yaşayan Zərifə xanım Əliyevanın anım günləri onun ruhuna böyük ehtiramla qeyd edilir. Hər dəfə Bakıda onun adını daşıyan istirahət parkında olarkən böyük məhəbbətlə ucaldılmış abidəsinin qarşısında durub ölməz xatirəsinə baş əyirik. Ümummilli liderin abidə ilə kövrək, səssiz həsb-halını əks etdirən həzin musiqili videokadrları yada salırıq. Veteran sənayeçilər Zərifə xanımın tez-tez Sumqayıt şəhərinə, buradakı Peşə Xəstəlikləri İnstitutuna gəldiyini, o zamanlar ekoloji problemləri əskik olmayan kimya müəssisələrinin fəhlələrini müayinədən keçirdiyini, onların sağlamlıqları üçün necə yorulmaz səylər göstərdiyini, habelə sexlərdə laboratoriya şəraitində elmi təcrübələr apardığını yaxşı xatırlayırlar. Beləcə, həkim peşəsini vicdanla yerinə yetirmiş, xəstəliklərin qarşısının alınmasında fədakar səylər göstərmiş, daim öz həmvətənlərinin qayğısına qalmış humanist insanın işıqlı obrazı gözlər önündə canlanır.

 

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Öz dövrünün qabaqcıl düşüncəli insanlarının, cəmiyyətə təmənnasız xidmət etmiş şəxsiyyətlərin ailəsində böyüyüb, tərbiyə alıb. Bu mühit onu da əsl tarixi şəxsiyyət kimi formalaşdırıb. Atası – Azərbaycanın tanınmış ictimai-siyasi və dövlət xadimi Əziz Əliyev ixtisasca həkim idi. Çalışdığı bütün vəzifələrdə daim xalqımıza, dövlətimizə ləyaqətlə xidmət göstərib və həyat yoldaşı Leyla xanımla birgə ailə ocağında yüksək insani keyfiyyətlərə malik övladlar böyüdərək tərbiyə edib. Akademik Mustafa bəy Topçubaşov onu “cəmiyyəti müalicə edən həkim” kimi xarakterizə etmişdir.

 

Zərifə xanım məhz atasının sayəsində uşaqlıqdan tibb sahəsinə könül verib. Onun yeniyetməlik və gənclik çağları İkinci Dünya müharibəsinə təsadüf edib. Oxuduğu orta məktəbdə dərsləri bitəndən sonra hər gün şagird rəfiqələri ilə birgə yaxınlıqdakı hərbi hospitala gedir, həkimlərə, tibb bacılarına kömək etməyə çalışır, yaralı hərbçilərə öz ailələrinə məktub yazmaqda kömək göstərirdi. Elə o vaxtdan qayğıya, diqqətə ehtiyacı olanlara pasibanlıq etmək onun ömür amalına çevrilib. 1942-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. Özünün dərin zəkası, dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə müəllimlərinin və tələbə yoldaşlarının dərin rəğbətini qazanıb. İnstitutda təşkil olunan tələbə elmi toplantılarında məruzələrlə çıxışlar edən gələcək həkim cəsarətli fikirlər irəli sürür, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq, tanınmış alimlərlə fikir mübadiləsi aparırdı.

 

Zərifə Əliyeva oftalmoloq ixtisasına yiyələnmişdir. Ötən əsrin ortalarında dünyada traxoma xəstəliyi geniş yayılmışdı, 400 milyona qədər insan bu infeksion xəstəlikdən əziyyət çəkirdi və onların bir qismi fiziki korluğa düçar olmuşdu. Elmin oftalmologiya sahəsi isə o qədər də inkişaf etməmişdi, ixtisaslı kadrlar çatışmırdı. Buna görə də Zərifə xanım görmə orqanlarını sıradan çıxaran bu xəstəliyə qarşı mübarizə aparmağı qərara almışdı. İnsanların dünyada ən böyük nemət olan işığa həsrət qalması ilə barışmaq istəmirdi, onların xilası naminə əlindən gələni edirdiömrünün sonuna qədər bu əqidədə qaldı.

 

Zərifə xanım Əliyevanın üstünlüyü onun biliyi, təcrübəsi, əli yüngül olan bir həkim kimi şəfa vermək bacarığı onun əsl insani keyfiyyətləri ilə daha da dolğunlaşaraq, böyük azərbaycanlı qadın alimin ideal obrazını yaradıb. Müharibədən sonra da Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin səmərəli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm önəm daşıyır.

 

Gənc həkim Azərbaycan Tibb İnstitutunda təhsilini başa vurandan sonra iki il Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçib. Vətənə qayıdınca Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1950-ci ildə aspiranturaya daxil olaraq praktik həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlar aparıb. Bu sahədə çalışmalarının ilk mərhələsini məhz traxoma xəstəliyinin müalicəsinə həsr edib. Eyni zamanda, digər göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olub. Konkret müalicə təcrübəsindən əlavə, tez-tez rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali arasında geniş maarifləndirmə işləri aparıb. Bütün bunlara ciddi tələbat olduğuna görə Zərifə xanım elmi axtarışlarını əzmlə davam etdirib. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. Böyük alimlər bu günetiraf edirlər ki, Zərifə xanım traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən “Sintomisin”dən isifadə etməklə, yeni üsul tətbiq etmiş, uğurlu nəticələrə nail olmuşdur.

 

Altmışıncı illərdə Zərifə xanım bir müddət Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji aparıb, elmi tədqiqatları üzərində çalışıb. Xüsusilə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı mühüm elmi nəticələr əldə edib. Sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti olub. Eyni zamanda, ona qədər çox az tədqiq olunmuş bir mövzunu – görmə orqanının patologiyası məsələlərini araşdırıb. Görkəmli alim gözün peşə xəstəliyi problemləri ilə ömrü boyu məşğul olub. Neft-kimya zavodlarında, yod-sənaye müəssisələrində çalışan şəxslərin görmə orqanına təsir edən amillərə xüsusi diqqət yetirib.

 

Bu illərdə Zərifə Əliyeva praktik həkimlik fəaliyyətini də unutmayaraq, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirdi. İllərcə diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlayaraq həyata keçirirdi. Əldə etdiyi nəticələr də həmişə sanballı olurdu.

 

Görkəmli alim çoxillik elmi araşdırmalarının nəticəsi olaraq, kimya sənayesi işçilərinin göz xəstəliklərinin tədqiqini ümumiləşdirən, ciddi elmi nəticələr doğuran “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı doktorluq dissertasiyasını 1976-cı ildə H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edib. O, tədqiqatı zamanı şinyod istehsalı sahəsində çalışan 1500-dən çox insan üzərində müşahidələr aparıb, spesifik şəraitinin, sanitar-gigiyenik durumun görmə orqanına mənfi təsirini elmi dəlillərlə sübuta yetirib. Dissertasiya işi ünlü alim-oftalmoloqların yüksək qiymətini almış, bu sahədə ilk fundamental tədqiqatlardan biri kimi dəyərləndirilmişdir.

 

Zərifə Əliyevanın pedaqoji fəaliyyəti geniş olmuşdur. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dosent kimi fəaliyyətə başlamış, çox keçmədən professor, daha sonra kafedra müdiri vəzifəsində çalışmışdır. Onun təşəbbüsü ilə 1977-ci ildə Bakıda böyük uğurla Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması ilə bağlı professor Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyənmiş və iki il sonra AEA-nın Fiziologiya İnstitutunda həmin laboratoriya təşkil edilmişdir. Laboratoriyanın tədqiqat bazası Bakı Məişət Kondisionerləri zavodu idi. Burada elmi tədqiqatlarla yanaşı, müalicə işləri də aparılırdı. Zərifə xanım özünün kəşf etdiyi görmə aparatı vasitəsilə kompleks diaqnostika və erkən cərrahi müalicə üsullarını uğurla tətbiq edirdi.

 

“Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukomagözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və digər əsərləri Zərifə xanımın tibb elminə sanballı töhfələridir.

 

Alim göz yaşı aparatı xəstəliklərinin öyrənilməsinə də xüsusi diqqət yetirmiş, bu mövzuya həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının banisinə çevrilmişdir. Tibb elminin nadir sahələrindən olan iridodiaqnostikairidoterapiya problemlərinə həsr etdiyi “İridodiaqnostikanın əsasları” və “İridodiaqnostika” adlı monoqrafiyaları da qeyd etmək lazımdır. Fərəhli haldır ki, iridodiaqnostikaya dair ilk kitabları məhz akademik Zərifə Əliyeva yazmışdır. Alim müasir dövrdə də həkimlərin əl-əl gəzdirdiyi “Terapevtik oftalmologiya” əsərinin və “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasın müəlliflərindən biridir.

 

Zəhməti, zəkası daim bəhrə verən Zərifə xanım Əliyeva 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına Mükafatına layiq görülmüşdür. O, Sovet İttifaqında belə yüksək mükafata layiq görülən ilk qadın alim idi. 1983-cü ildə görkəmli alim Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Zərifə xanım, həmçinin Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

 

Bütün bu elmi-pedaqojitibbi uğurları ilə yanaşı, Zərifə xanım zərif qadın, qayğıkeş ana, mehriban ömür-gün yoldaşı kimiqürurla anılır. Vətənimiz üçün iki layiqli övlad tərbiyələndirmişdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı olaraq dünyada şöhrət qazanmış İlham Əliyev həyat və fəaliyyətindəki möhtəşəm uğurlarına görə özünü ilk növbədə atası Heydər Əliyevin və anası Zərifə xanım Əliyevanın ruhuna borclu sayır.

 

...Akademik Zərifə xanım Əliyeva günəşli bir aprel günündə dünyaya gəlmişdi. Elə günəşli bir aprel günündə də bu dünyadan köç etdi. Bəlkə də buna görədir ki, hər dəfə onu xatırlayanda üzümüzə Günəş təbəssümü qonur. Yüksək əqidəsi, duyğulu həkim ürəyinin və fikirlərinin paklığı düşüncələrimizə hakim kəsilir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti  2022.- 16 aprel.- S.5.