Azərbaycanın nüfuzu
durmadan artır
Biz heç
vaxt imkan verə bilmərik
ki, xalqımıza, dövlətimizə, ərazi
bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə
hüdudlarından kənarda olsa da, əgər bu təhdidi
biz görsək, heç
kim bizi dayandıra
bilməz.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə
yanaşması, hadisələri
düzgün qiymətləndirmək
qabiliyyəti həyata
keçirilən xarici
siyasətin uğurlarını
şərtləndirən əsas
faktorlardan biridir. Azərbaycan XXI əsrdə ilk Qələbə
paradı keçirən
dövlət kimi adını dünya tarixinə yazıb. Bu, dövlət başçımızın
təcrübəli siyasətçi,
qlobal məsələləri
böyük peşəkarlıqla
həll edən lider olmasından və mürəkkəb situasiyalarda düzgün seçim etməsindən
xəbər verir.
Azərbaycan tarixinin şanlı
səhifələrindən olan tarixi Qələbə
dövlət başçımızın
liderlik keyfiyyətlərini,
eyni zamanda, ölkəmizin sosial-iqtisadi,
siyasi, mədəni, hərbi sahələrdəki
nailiyyətlərini dünyaya
nümayiş etdirdi.
Vətən müharibəsində
şanlı Zəfərin
əldə olunması
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində apardığı
ardıcıl, qətiyyətli
diplomatik mübarizənin,
eyni zamanda, ordu quruculuğuna xüsusi önəm verməsinin nəticəsidir.
Artıq
19-cu ildir ki, Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsi
və milli maraqlarının təmin
olunması sahəsində
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq
aləmdə etibarlı
tərəfdaş ölkə
kimi tanıdır.
Ermənistan üzərindəki tarixi Qələbəmizdən
sonra Azərbaycanla əməkdaşlıq etmək
istəyən dövlətlərin
sayı da artır. Çünki bu Zəfər
ölkəmizin Cənubi
Qafqazın aparıcı
dövləti kimi dünya birliyində mövqeyini möhkəmləndirdi
və reytinqini yüksəltdi. Dövlət başçımızın siyasi
kursunun qayəsini ölkələrin suverenliyinə,
ərazi bütövlüyünə
və daxili işlərinə qarışmamaq
prinsipi təşkil edir. Bu siyasət
ölkəmizin dünya
dövlətləri arasında
qarşılıqlı faydalı
və bərabərhüquqlu
əməkdaşlığını daha da möhkəmləndirir.
Ötən həftə
Brüsseldə Azərbaycan
Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının
prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan
ilə görüşü
və həmin görüşdə ölkəmizin
təklif etdiyi 5 baza prinsipinin Ermənistan tərəfindən
qeyd-şərtsiz qəbul
edilməsi növbəti
diplomatik uğurumuz kimi qiymətləndirilir. Bundan əvvəl isə ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə
Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi
münasibətilə dövlət
başçımızı təbrik etməsi, İran İslam Respublikasının Prezdenti
İbrahim Rəisinin təbrik məktubu, Polşanın xarici işlər naziri,
ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi
nümayəndə heyəti,
eləcə də Avropa Şurasının baş katibi xanım Mariya Peyçinoviç Buriçin
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə keçirilən
yüksək səviyyəli
görüşlər respublikamızın
beynəlxalq aləmdəki
reytinqinin daha da yüksəldiyindən xəbər verir. Həmin məktublardakı bəzi
faktları, eləcə
də avropalı diplomatlarla keçirilən
görüşlərdəki zəruri məqamları diqqətə çatdırmaqla
Azərbaycanın dünya
birliyindəki nüfuzunun
artdığını təsdiqləmiş
olarıq.
Təbii ki,
ABŞ Prezidenti də
çox yaxşı bilir ki, hazırda
Azərbaycan Cənubi
Qafqazda, Xəzər hövzəsində mühüm
oyunçu, Qarabağda
həyata keçirilən
anti-terror əməliyyatının, daha dəqiq desək, Ermənistanın
ölkəmizə qarşı
başladığı müharibənin
qalibidir. Prezident Bayden, eləcə də dünya birliyi Azərbaycanın güclü və qalib dövlət olduğunu etiraf edir. Həmçinin ölkəmiz bölgədə
həyata keçirilən
iri infrastruktur layihələrinin müəllifi
kimi, həm də bu layihələrin
həyata keçirilməsində
aparıcı rol oynayır. Bütün bunlara rəğmən
ABŞ-ın milli təhlükəsizlik və
strateji maraqları Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı
diktə edir. Prezident Baydenin məktubunun məğzini də məhz bu amillər
təşkil edir.
Prezident Co Baydenin
dövlət başçısı
İlham Əliyevə
ünvanladığı təbrik
məktubu ABŞ-ın
yeni Administrasiyasının
Azərbaycanla əməkdaşlığın
daha da inkişaf
etdirilməsində maraqlı
olduğunu, iki ölkə arasında əlaqələrin strateji
əhəmiyyət kəsb
edən münasibətlər
səviyyəsinə yüksəldiyini,
dostluq və tərəfdaşlıq xarakteri
daşıdığını nümayiş etdirir: “Mənim administrasiyam təhlükəsizliklə bağlı
ümumi narahatlıqlar
və regional barışıq
məsələlərinin həlli
istiqamətində Azərbaycanla
birgə çalışacaqdır…
Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi
və Xəzər dənizində enerji imkanlarının inkişafı
ilə bağlı səylərinizi dəstəkləyirik.
Amerika Birləşmiş Ştatları
iqtisadi əməkdaşlıq
üçün yeni imkanları nəzərdən
keçirmək arzusundadır”.
Rusiya Prezidenti Vladimir Putinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda da son onilliklər ərzində Rusiya – Azərbaycan münasibətlərinin yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığı qeyd edilir. İki ölkə arasında konstruktiv siyasi dialoqun genişlənməsi, ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq ölkəmizin etibarlı tərəfdaş olmasından xəbər verir. Rusiya Prezidenti keçən il və daha öncə bağlanmış üçtərəfli sazişlərə əsasən, rəsmi Bakı və Moskvanın Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə işləməsi zərurətini ön plana çəkir.
Belə faktlar İran İslam Respublikasının Prezdenti İbrahim Rəisinin də təbrik məktubunda öz əksini tapıb. Bu, ölkəmizin qonşu dövlətlərlə qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Artıq nüfuzlu beynəlxalq qurumlar da Azərbaycanın haqq-ədalət tərəfdarı olduğunu, postmüharibə dövründə Cənubi Qafqazda yaranmış reallıqları etiraf edirlər. Bu günlərdə Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətinin dövlət başçımızla keçirdiyi görüş zamanı “Azərbaycanın hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini” vurğulaması postmüharibə dövründə ölkəmizin inkişafına verilən yüksək dəyərdir. Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini də diqqətə çatdırdı.
Zbiqnev Raunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətlərinin də maraqlandığını vurğulaması ölkəmizlə əməkdaşlığa hazır olduqlarını bildirməsidir. Bütün bunlar xarici siyasətimizin uğurlarının təcəssümüdür. Dövlət başçımızın bir neçə gün əvvəl Avropa Şurasının baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüş zamanı səsləndirilən fikirlər də ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla yüksək səviyyəli əməkdaşlığından xəbər verir. Görüş zamanı Mariya Buriçin Azərbaycanın Avropa Şurasında üzvlüyünü yüksək dəyərləndirmiş, ölkəmizin AŞ-ın çox sayda konvensiya və müvafiq sənədlərinə qoşulduğunu, həmçinin, bu istiqamətlərdə işin aparıldığını diqqətə çatdırdı.
Azərbaycanın sülh tərəfdarı olması, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi, keçmiş Dağlıq Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə son illərdə dolğun məlumatlar çatdırılıb. Dövlət başçımız hər dəfə Azərbaycanın prinsipial mövqeyini BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq və regional təşkilatların tribunalarından səsləndirib, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, dünya dövlətlərini isə problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb. Lakin dünyada baş alıb gedən ikili standart, siyasi riyakarlıq, islomofobiya və bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqeyi, işğalçılara isə himayədarlığı erməniləri daha da şirnikləndirib. Bu havadarlıqdan istifadə edən Ermənistan 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı müharibəyə başladı. Təbii ki, düşmənin azğınlığı və torpaqlarımızın işğalda qalması əbədi ola bilməzdi. Ölkəmizə qarşı genişmiqyaslı təxribatlara, sonra isə müharibəyə başlayan işğalçı Ermənistan qoşunları rəşadətli ordumuz qarşısında cəmi 44 gün davam gətirə bildi. 2020-ci il noyabrın 10-da Ermənistan rəhbərliyi Azərbaycan Ordusu qarşısında diz çökdü və təslim olduğunu rəsmən təsdiqlədi.
Tarixi Qələbəmiz regionda
yeni reallıqlar yaradıb. Qələbədən sonra ölkəmizin
müdafiə qüdrətinin
daha da artırılması
istiqamətində mühüm
əhəmiyyətli tədbirlər
həyata keçirilir.
Artıq
dünyanın əksər
dövlətəri Azərbaycanla
əməkdaşlığa maraqlı olduqlarını
gizlətmirlər. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı
yenidənqurma, abadlıq-quruculuq
işlərinə xarici
şirkətlərin qoşulması
da bundan xəbər verir.
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin göstərişinə əsasən
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
daha da artırılması
istiqamətində görülən
işlər davam etdirilir. Müharibədən sonra ölkə
Prezidentinin tapşırığı
ilə müharibənin
nəticələri təhlil
edilərək yenidən
Azərbaycan Ordusunda təşkilat tədbirləri
həyata keçirilir.
İşğaldan azad edilmiş
ərazilərdə yeni
yaradılan komando hərbi hissəsi peşəkar hərbçilərdən
təşkil olunub.
Haqqında danışılan yeni hərbi hissələrdə xidmət
edənlər Türkiyədə
təlim keçərək
bu sahədə təcrübə toplayıblar.
Onlar artıq hərbi hissələrimizdə fəaliyyətə
başlayıblar. Prezident, Ali Baş
Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə hərbi
hissələrin yaradılmasını
yüksək dəyərləndirib.
Dövlət başçımız
həmin hərbi hissələrdən birinin
açılış mərasimindəki
çıxışında deyib: “Bu gün Hadrutda yeni hərbi
hissənin açılması,
bir daha demək istəyirəm ki, çox əlamətdar hadisədir.
Həm ona görə ki, bu, bölgə
strateji əhəmiyyət
daşıyır. Hadrutda
bizim güclü silahlı birləşməmiz
təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini
qoruyacaq, - digər tərəfdən ona görə ki, bu, azad edilmiş
keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinə aid olmuş
yerdə yerləşir.
Eyni zamanda, bu hərbi
hissənin ən böyük əhəmiyyəti
ondan ibarətdir ki, biz müharibədən
sonra ordu quruculuğu prosesini dayandırmamışıq və
orduya ayrılan xərcləri azaltmamışıq,
əksinə, artırmışıq”.
Azərbaycan yenə də nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi
edir. Bu, ölkəmizin uğurlu diplomatiyasının
göstəricisidir. Düşünülmüş xarici siyasət
nəticəsində əldə
olunmuş nailiyyətlər
Azərbaycanın müstəqil,
demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına mühüm
təsir göstərir.
Hazırkı dövrdə, necə
deyərlər, dünyanın
nizamı pozulduğu bir vaxtda, beynəlxalq
aləmdə baş verən geosiyasi ziddiyyətlərə, qloballaşmanın
özü ilə gətirdiyi çətinliklərə
baxmayaraq, Azərbaycan
davamlı inkişaf yolu ilə irəliləyən
dövlət kimi dünya ölkələri
arasında özünə
layiqli yer tutur. Milli maraqlara və
praqmatizmə əsaslanan
xarici siyasətin aparılması beynəlxalq
ictimaiyyətdə Azərbaycana
böyük inam və etimad qazandırır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti
2022.- 16 aprel - S.4.