Qarabağ və Şərqi Zəngəzurun bərpası daim diqqətdə saxlanılır

 

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 21-də Qarabağa səfəri çərçivəsində Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolununbu magistralda tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olması ölkə rəhbərinin işğaldan azad edilən ərazilərimizin bərpasına göstərdiyi diqqətin parlaq ifadəsidir.

 

Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda indiyədək həyata keçirdiyi infrastruktur layihələrini daxili maliyyə mənbələri hesabına həyata keçirib, xaricdən hər hansı maliyyə yardımı almayıb. Respublikamızın maliyyə resursları işğaldan azad edilən ərazilərdə tikinti-quruculuq tədbirlərini davamlı şəkildə gerçəkləşdirməyə imkan verib.

 

Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində reallaşdırılan bərpa işləri bu ilin ötən aylarında da uğurla davam etdirilib. Yaxın vaxtlarda Böyük Qayıdışa başlanılması nəzərdə tutulub. Prezident İlham Əliyevin vurğuladığı kimi, ilk məskunlaşmanın Zəngilanın “ağıllı kənd”ində həyata keçiriləcəyi planlaşdırılıb.

 

Füzuli rayonunda ikinci “ağıllı kənd”in inşası ilə bağlı da müəyyən tədbirlərin həyata keçirilməsinə start verilib. Sənaye parklarının yaradılması ilə bağlı işlər artıq sürətləndirilib.

 

Onu da deyək ki, Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyatlogistika dəhlizlərinin artan potensialı respublikamızın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyattranzit, turizm imkanları və s. düşməndən təmizlənən ərazilərimizə investor marağını da artırır. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

 

Bundan başqa, bölgədə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı və Ağdam Sənaye Parkının fəaliyyətə başlaması aqrar emal sənayesinin inkişafını təşviq edəcək. Bu sənaye parklarında yaradılacaq aqrar emal müəssisələri bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması respublikamızda hazırda geniş miqyas alan sənayeləşdirmə siyasətinin Qarabağın bərpasında da xüsusi yer tutmasının bariz ifadəsidir. Çünki bu sahənin – sənayenin qeyri-neft sektorunun bölgədə inkişafı həm düşməndən təmizlənən ərazilərin canlandırılmasını sürətləndirir, həm də yeni yerlərinin yaradılmasını, burada məskunlaşan əhalinin məşğulluğunun təmin olunmasını şərtləndirir.

 

Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı yeni iqtisadi model müasir standartlara uyğun qurulub. Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bərpa və yenidənqurma işlərinin bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılması diqqətdə saxlanılıb. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiya olunması ilə əlaqədar layihələrin Böyük Qayıdışın tərkib hissəsinə çevrilməsinə mühüm önəm verilib. Prezident İlham Əliyevin Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanışlıq da göstərdi ki, qeyd edilən məsələ prioritet vəzifə kimi qarşıya qoyulub.

 

Azərbaycan Prezidentinin azad edilən ərazilərimizlə bağlı qarşıya qoyduğu ilk vəzifələrdən biribu torpaqların əkilibbecərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən düşməndən təmizlənən sahələrdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Tapdaq altından çıxarılan ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, dağıdılan kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq istiqamətində indiyədək həyata keçirilən layihələr zamanı ən müasir aqrar innovasiyalar tətbiq olunub. Bunu aqrar sahədə daha uğurlu nəticələr əldə etməklə bərabər, həm də qlobal iqlim dəyişikliyinin təbiətə, kənd təsərrüfatına mənfi təsirlərini minimuma endirmək zəruri edib.

 

Dövlət başçımızın bu su anbarı ilə tanışlığı zamanı bildirilib ki, işğal dövründə on minlərlə hektar əkinəyararlı torpaq sahələrinin suvarılmaması faktiki olaraq sahələrin təsərrüfat dövriyyəsindən çıxarılmasına gətirib çıxarıb. Ermənistan tərəfindən mövcud su anbarlarının qəsdən məhv edilməsi isə işğalçının Qarabağda aqrar sahənin tamamilə dağıdılması planının bir hissəsi olub.

 

Köndələnçay su anbarında təmir işlərinin aparılması Qarabağda kənd təsərrüfatının inkişafını sürətləndirəcək. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

 

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə tikilən və ya təmir olunan 9 su anbarı, eləcə də zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə edilməsi bütövlükdə regionun iqtisadi tərəqqisinə dinamik xarakter, aqrar sahənin inkişafına böyük töhfə verəcək.

 

Azərbaycan Prezidenti İlham Əliyevin strateji kursuna əsasən, bərpa prosesinin əvvəlindən başlayaraq, sudan məqsədyönlü istifadə üçün infrastruktur imkanlarının təkmilləşdirilməsi məsələsi diqqətdə saxlanılıb. Bu, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.

 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrinin icrasına da xüsusi önəm verilir. Dövlətimizin başçısının səfər çərçivəsində Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli–Füzuli– Şuşa avtomobil yolununbu magistralın üzərindəki tunellərin inşası ilə tanış olması da bunun bariz ifadəsidir.

 

Qeyd edək ki, Əhmədbəyli–Füzuli– Şuşa avtomobil yolunun əhəmiyyətli cəhətlərindən biri onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir. Bu infrastruktur obyekti ilə tanış olan dövlətimizin başçısına verilən məlumata görə, yolun uzunluğu 81,6 kilometr, hərəkət zolaqlarının sayı 4-6, hərəkət zolağının eni isə 3,5 metrdir. Yolboyu 7 tunelin tikintisi aparılır. Bir neçə tuneldə qazma işləri artıq tamamlansa da, digərlərində isə qazma, partlatma və qırma üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır.

 

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı, yolboyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçidsuötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur.

 

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol-nəqliyyat infrastrukturu işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Planlaşdırılmaya əsasən, Əhmədbəyli– FüzuliŞuşa avtomobil yolunun tikintisi 2024-cü ildə başa çatdırılacaq.

 

Göründüyü kimi, dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində, o cümlədən Şuşa şəhərində bərpaquruculuq işləri sürətlə həyata keçirilir. Ölkə rəhbərinin 2021-ci ildə təkcə Şuşa şəhərinə 7 dəfə səfər etməsi də bu qayğı və diqqətin parlaq nümunəsidir.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2022-ci ilinŞuşa İlielan edilməsi Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini bütün dünyaya nümayiş etdirməklə bərabər, həm də bu qədim mədəniyyət paytaxtımızın daha sürətlə bərpasını, şəhərə Böyük Qayıdışıın reallaşmasını şərtləndirmək məqsədi daşıyır. Sərəncamda Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanıldığı, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirildiyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradıldığı deyilir.

 

Qısa müddət ərzində Şuşanın əsl tarixi simasının bərpası yönündə genişmiqyaslı işlər görülüb. Şəhərin Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyininÜzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsi kimi diqqət çəkib. Bütün bunlarla yanaşı, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinə başlanılıb. Bu istiqamətdə Heydər Əliyev Fondu səmərəli fəaliyyət göstərib. Fondun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Şuşada, eləcə də regionda icrasına başlanılan layihələrə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də cəlb edilib.

 

Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri dini təmayülündən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə mütərəqqi üsullar tətbiq edilir.

 

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” (MESD) proqramının tətbiqinə başlayıb.

 

Prezident İlham Əliyev səfər çərçivəsində Şuşa şəhərində aparılan bərpa-quruculuq işlərinin gedişi ilə də tanış olub. Dövlətimizin başçısına tullantıların idarə olunması poliqonu ilə bağlı verilən məlumatda bu obyektdə məişət tullantılarının Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcəyi bildirilib. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika yerləşdirilməsi nəzərdə tutulub.

 

Məlum olduğu kimi, aparılan kompleks işlər çərçivəsində Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpaquruculuq işləri sürətlə davam etdirilir.

 

Prezident İlham Əliyevin Şuşa şəhərində tikintisi ilə tanış olduğu inzibati binanın əsaslı təmiri və konfrans zalının inşası sürətlə davam etdirilir. Hazırda burada işlər tamamlanmaq üzrədir. Şəhərin arxitekturasına uyğun tikilən binada hər cür şəraitin yaradılması nəzərdə tutulur.

 

Vaqif BAYRAMOV,

 

Xalq qəzeti 2022.- 23 aprel.- S.7.