Dünya azərbaycanlılarının
Zəfər Qurultayı xatirələrdə əbədi yaşayacaq
Ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci ilin mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzaladı və həmin ilin noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu toplantı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda mühüm addım kimi, gələcək perspektivləri müəyyənləşdirdi. Eyni zamanda, soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyinin əsasını qoydu.
Dahi şəxsiyyətin diaspor strategiyası 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. Dövlətimizin başçısının 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə bu sahənin inkişafında yeni mərhələ başlandı. Bundan sonra adı çəkilən komitə tərəfindən qarşıda duran mühüm vəzifələrdən biri kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında mühüm irəliləyişə nail olundu. Ermənistanın ölkəmizin tarixi torpaqlarını işğal etməsi, milyonlarla soydaşımızın qaçqın və köçkünə çevirməsi və xalqımıza qarşı qətliamlar törətməsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
Diasporumuzun bu fəaliyyəti İkinci Qarabağ müharibəsinin gedişində daha qabarıq nəzərə çarpdı. Xarici ölkələrdə məskunlaşan soydaşlarımız Vətən savaşı günlərində Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində həqiqətləri dünyaya yaydılar, xarici ölkələrdə aksiyalar keçirdilər, müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanladılar.
Bu gün beynəlxalq ictimaiyyətinin diqqət mərkəzində olan və Şuşada keçirilən Dünya Azərbaycanlarının V Qurultayında çıxış edən Prezident İlham Əliyev bu deyilənlər barədə ətraflı məlumat verdi. Dövlətimizin başçısı dedi: “Mən bilirəm ki, siz və sizin kimi xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyirdiniz, eyni zamanda, öz çıxışlarınızda, öz şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız...”.
Ölkə rəhbəri fikirlərinə əlavə edərək, bildirdi ki, Azərbaycanın haqq səsinin dünyaya yayılmasına bu gün də zəruri ehtiyac duyulur, çünki müharibə bitsə də, Ermənistanın ölkəmizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb.
Ölkə rəhbəri nitqində xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına öz dəyərli tövsiyələrini də verdi, soydaşlarımızın öz tarixi Vətəni ilə daha sıx bağlı olmalarının zəruriliyini diqqətə çatdırdı: “Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. İndi bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəlişgediş çox rahat olacaq”.
Möhtərəm Prezidentimizin çıxışında bir məqam da ürəyimcə oldu. Belə ki, dövlətimizin başçısı ikinci, üçüncü nəsil azərbaycanlıların öz mədəniyyətinə bağlı olmalarının son dərəcə əhəmiyyətli bir məsələ kimi unudulmamasını xatırlatdı. Bunun üçün onların, ilk növbədə, Azərbaycan dilini bilmələrinin, diaspor təşkilatlarının Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində fəaliyyətlərini gücləndirməyin vacibliyini vurğuladı. Belə olarsa, gənc nəsil İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilər, soydaşlarımızın birləşməsində, təşkilatlanmasında nəzərə çarpan çətinliklər də asanlıqla aradan qalxar. Əlbəttə, lazım gələrsə, Azərbaycan hökuməti də bu məsələyə dəstək göstərər.
Sonda Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultaydakı nitqində diqqətçəkən bir məqamı da xatırlatmaq istərdim. Dövlətimizin başçısı bildirdi ki, bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.
Hidayət BƏŞİROV,
Lerik Rayon Veteranlar Təşkilatının
sədri,
təqaüddə olan dövlət
qulluqçusu
Xalq qəzeti
2022.- 23 aprel.- S.6.