Qarabağın işğaldan
azad edilməsi xaricdə yaşayan
soydaşlarımıza da böyük
xoşbəxtlik bəxş edib
Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı azad Qarabağda, azad Şuşada keçirilən bu möhtəşəm toplantının adının Zəfər qurultayı adlandırıldığını bildirib və bunun təbii olduğunu vurğulayıb: “Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”.
Qurultayın bu qədim mədəniyyət paytaxtımızda gerçəkləşməsi də təsadüfi deyil. Ona görə ki, əvvəla iyirmi səkkiz il yarımlıq bir zaman ərzində işğalda olan bu şəhərin azad edilməsi ilə tarixi qələbəmiz təsdiqini tapdı. Həmin gün – 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.
Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Bu gün isə dünyanın yaxın-uzaq guşələrində yaşasalar da, ürəkləri, qəlbləri ilə Azərbaycana bağlı olan soydaşlarımız Şuşaya gələrək, bu əzəli-əbədi mədəniyyət paytaxtımızda, Qarabağın incisi sayılan məkanda sevinclərini bölüşürlər, uzun illik həsrət zamanı Qarabağı unutmadıqlarını, qürbətdə olsalar da belə, Vətənin ayrılmaz bir parçası ilə daim nəfəs aldıqlarını, ən ağır vaxtlarda ölkəmizin haqq səsini bütün dünyaya yaydıqlarını bildirirlər. Eyni zamanda, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə xalqımıza bu bəxtəvərliyi, xoşbəxtliyi yaşatdığına görə sonsuz minnətdarlıqlarını çatdırırlar.
Xatırladım ki, Qarabağın, o cümlədən Şuşanın qəsbkarın tapdağı altından xilas edilməsi təkcə Azərbaycanda yaşayan insanlarımızın deyil, həm də Vətəndən uzaqlarda məskunlaşan soydaşlarımızın ən müqəddəs arzusu idi. Hamımız kimi, onlarda da Şuşa şəhərinin işğaldan xilas olunacağı günün tezliklə gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” düşməndən təmizlənəcəyinə, dədə-baba ocaqlarına dönəcəklərinə qəti əminlik vardı. Bu inamı, ümidi isə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrəti yaratmışdı.
2020-ci il sentyabrın 27-də başlanan əks-həmlə əməliyyatları ilə müzəffər ordumuz addım-addım Şuşaya yaxınlaşırdı, bu, dövlətimizin başçısının dediyi kimi, uğura bir nəfəs qədər yaxın olduğumuzdan xəbər verirdi, Ali Baş Komandanımızın Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” – söyləməsi də bu parlaq qələbəyə yönələn ümid və əminliyimizi daha da artırırdı.
Bəli, o gün, o qələbə xalqımızın birliyi, qalib Prezidentinə və qəhrəman ordumuza inamı ilə reallaşdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqini tapdı.
Bir sözlə, Vətən müharibəsi Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Silahlı Qüvvələrimiz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi və adını tarixə müzəffər ordu kimi yazdırdı. Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı dedi: “Bundan sonra Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir”.
Dövlətimizin başçısı nitqində daha sonra bu tarixi missiyanı həyata keçirən qəhrəmanlarımızın tarix, xalq və Vətən qarşısında misilsiz xidmətlər göstərdiklərini, müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərin bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdiklərini də minnətdarlıqla vurğuladı: “İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir…”.
Şuşa yenə də əvvəlki xoş günlərini yaşayır, sevinc dolu sabahların ümidi ilə neçə-neçə uğura imza atır. Şəhərin abadlıq- quruculuq işləri geniş vüsət alır, buradakı müqəddəs ocaqlar, mədəniyyət və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi yenə də ziyarətgahlara dönür, erməni vandalizminin qurbanına çevrilən tarixi, mədəni abidələrə həqiqi sahiblərinin – sakinlərin gücü və əzmi ilə yenidən “nəfəs” verilir. Şuşa dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olaraq Dünya Azərbaycanlılarının V Qurultayı kimi tarixi mərasimlərə uğurla evsahibliyi edir.
Sevinc HÜSEYNOVA,
Milli Məclisin deputatı
Xalq qəzeti
$g 2022.- 23 aprel.- S.7.